Məhkəmə qərarları › İş №2(103)-5806/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5806/2022

31.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5806/2022 31.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: aliment tələbi, müalicə pulunun tutulmasından azad edilməsi və pulun qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması, müalicə pulunun tutulmasından azad edilməsi və pulun qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-284/2022 saylı 27 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 31 avqust 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1998ci il təvəllüdlü X4, xx.xx.1999-cu il təvəllüdlü X7 və xx.xx.2003-cü il təvəllüdlü X8 doğulmuşdur. Tərəflər arasında olan nikah xx.xx.2016-cı il tarixdə pozulmuş və uşaqlardan Gülmira Çərkəzli anasının, Emin Çərkəzli və Elmir Abdunov isə atalarının himayəsində saxlanılmışdır.

2. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1310/2017 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh tərəfindən tərəfindən verilmiş ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(13)- 4921/2016 saylı qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv olunub, ilkin iddianın qismən təmin edilməsi, xx.xx.1998-ci il təvəllüdlü X2 müalicəsi məqsədilə hər ay 150 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-6334/2017 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1310/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-1310/2017 saylı saylı qərardadına əsasən, xx.xx.2017-ci il tarixli 2(104)-1310/2017 saylı qətnaməyə, onun “qət etdi” hissəsində xx.xx.1998-ci il təvəllüdlü X2 müalicəsi məqsədilə hər ay 150 manat miqdarında pulun İddiaçı xx.xx.2016-cı il tarixdən hesablanması kimi anlaşılması qərara alınmışdır.

5. Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(13)-1128/2018 saylı qətnaməsinə əsasən, İddiaçı himayəsində olan xx.xx.2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(104)-2434/2018 saylı qətnaməsinə əsasən təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-7143/2018 saylı qətnaməsinə əsasən İddiaçı xx.xx.1998-ci il təvəllüdlü X1 üçün hər ay 173 manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi qət edilmiş, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(103)-7915/2019 saylı qətnaməsinə əsasən təmin edilməmiş, həmçinin həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-7528/2019 saylı qərarı ilə ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)- 4213/2019 saylı qətnaməsindən görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-585/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı müalicə xərcinin azaldılması barədə iddiası təmin edilməmiş, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu il tarixli 2(104)-744/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir.

8. İddiaçı sosial arayışından görünür ki, ona ümumi xəstəlik səbəbi ilə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə - xx.xx.2021-ci il tarixə növbəti müayinə tarixinədək 3-cü dərəcə əlillik verilmişdir.

9. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 5 saylı Ağdam rayon qəbul şöbəsinin 22.0.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 3-cü qrup əlilliyinə görə xx.xx.2021-ci il tarixədək 110 manat sosial müavinət müəyyən edilmişdir.

10. 22.02.2021-ci il tarixli arayışdan görünür ki, X4 1-ci qrup əlilliyinə görə daimi 150 manat sosial müavinət və 130 manat Prezident təqaüdü alır. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən sabit pul məbləğində 175 manat aliment tutularaq xeyrinə ödənilməsi, cavabdehin xeyrinə X2 müalicəsi məqsədilə hər ay ondan alınan 150 manat pulu ödəməkdən azad edilməsi və həmin məbləğin tərəfindən ödənilməsinə xitam verilməsi, X2 müalicəsi məqsədilə xx.xx.2016-cı il tarixdən hesablanmaqla 2022-ci ilin yanvar ayına qədər cavabdehin xeyrinə ödənilmiş pulun ümumi məbləğin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, heç bir yerdə işləmir, özü İİİ qrup əlildir və əlilliyi ilə bağlı hər ay 110 manat müavinət alır. Məhkəmə qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən hesablanmaqla hazırkı vaxtadək hər ay 150 manat qızı Gülmiranin müalicəsi məqsədi ilə ondan alınaraq cavabdehə verilir. Buna əlavə olaraq, qızı Gülmira Çərkəzliyə İ qrup əlilliyə görə hər ay 150 manat sosial müavinət, 130 manat Prezident təqaüdü olmaqla, dövlət tərəfindən ümumilikdə 280 manat pul ödənilir. Eyni zamanda, qızına baxdığı üçün məhkəmə qətnaməsinə əsasən hər ay 173 manat ondan tutularaq, cavabdehə ödənilir. Həmçinin qızı Gülmirə Çərkəzliyə baxdığı üçün hər ay 100 manat pul dövlət tərəfindən Cavabdeh ödənilir. Hazırda səhhətində problemlər var və xəstəliyi ilə bağlı əmək qabiliyyəti məhdudlaşmış, ödəniş etməkdə, eyni zamanda himayəsində olan sonrakı ailəsini və övladlarını saxlamaqda çox çətinlik çəkir. Həyat yoldaşı heç yerdə işləmir, ailənin gəlir mənbəyi və dolandırmaq onun öhdəliyindədir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə sözügedən müalicə pulunun hansı vaxta qədər ödənilməli olduğu göstərilməmişdir. Belə ki, qızı İ qrup müddətsiz əlildir, yəni onun sağalması üçün hər hansı müalicə olunmur, ümumiyyətlə xəstəliyinin müalicəsi nəinki Azərbaycanda, hətta dünyanın heç bir ölkəsində mümkün deyil. Ata kimi hər zaman övladlarının qayğısına qalır, cavabdeh ilə birgə nikahda olan zaman Gülmiranin sağalması üçün ölkədə və ölkədən kənarda müalicəsinə təxminən 70.000 manatdan çox pul xərcləmiş, lakin daha sonra Gülmiranin xəstəliyinin müalicəsinin mümkün olmadığı bildirilmiş və həmin vaxtdan sonra müalicəsi dayandırılmışdır.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 may 2022-ci il tarixli 2(008)-284/2022 saylı qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək (xx.xx.2021-ci il tarixədək) saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulma müddətinin xx.xx.2021-ci il tarixdən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müalicə pulunun tutulması ilə bağlı nə sözügedən qətnamədə, nə də ona izahda (hər ikisi hazırda qüvvədədir) İddiaçı tutulmalı olan pul məbləğinin hesablanmasının başladıldığı vaxt dəqiq göstərilsə də, hansı tarixədək ödənilməli olması göstərilməmişdir. Belə olan halda, hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malik həm Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)- 1310/2017 saylı qətnaməsi, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-6334/2017 saylı qərarına əsasən iddiaçının iddia tələbinin cavabdehin xeyrinə X2 müalicəsi məqsədilə hər ay ondan alınan 150 manat pulu ödəməkdən azad edilməsi və həmin məbləğin tərəfindən ödənilməsinə xitam verilməsi, habelə həmin hissə ilə bağlı olan X2 müalicəsi məqsədilə xx.xx.2016-cı il tarixdən hesablanmaqla 2022-ci ilin yanvar ayına qədər cavabdehin xeyrinə ödənilmiş pulun ümumi məbləğin geri qaytarılmasına dair hissəsi təmin edilə bilməz.

15. Tələbin digər hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, X6 xx.xx.2021-ci il tarixdə yetkinlik yaşına çatmışdır. Ona görə də, iddiaçı Elmir Çərkəzlinin yetkinlik yaşına çatdığı xx.xx.2021-ci il tarixədək Cavabdeh aliment tələb etməkdə haqlıdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 fevral 2020-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 34.7 maddəsinə, Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 80.1 və 80.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

17. Qətnamədən iddiaçı və cavabdeh apelyasiya şikayəti vermişdir.

18. İddiaçı apelyasiya şikayətində qətnamənin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin istinad etdiyi qətnamə ilə bağlı iddia tələbi qaldırılarkən qızı Gülmiranın 18 yaşı tamam olmadığından Cavabdeh onun qanuni nümayəndəsi kimi müraciət etmişdir. Həmin qətnamədə qətnamənin hansı müddətə icra edilməli olması göstərilməmişdir. Gülmiranın 18 yaşı tamam olduğu vaxtda qətnamənin icrası dayandırılmalı idi. İndiyə qədər ondan tutulan pulun qızının müalicəsi üçün sərf etdiyini təsdiq edən sübut təqdim edilməmişdir.

19. Cavabdeh apelyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Alimentin alınmasına dair ona edilmiş müraciətlər və onun alimenti ödəmədiyinə dair sübutlar təqdim edilmədiyi halda məhkəmə əsassız olaraq aliment tutmuşdur. 2021-ci ilin sentyabr ayından həqiqi hərbi xidmətə çağırılmış və 10 aydan artıqdır hərbi xidmətdə olan yetkinlik yaşına çatmış şəxsə köhnə aylar üçün aliment tutulmuşdur.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh öz apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

22. Məhkəmə Kollegiyası tərəfindən üçüncü şəxs qismində işə cəlb olunmuş X4 da iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

23. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

24. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

25. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

26. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

27. Maddə 80. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.

28. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarında göstərilir ki, ... Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. ...

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 384.0.3. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

36. Qətnamədən iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddia tələbinin rədd edilmiş hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməli, alimentin məbləğinə aid hissədə isə dəyişdirilməlidir.

38. Göründüyü kimi cavabdeh işləmir və himayəsində olan uşaq “köndələn mielit” xəstəliyindən əziyyət çəkir və bu diaoqnoz ilə müalicə alır, iflic vəziyyətində olmaqla yataq xəstəsidir. Onun xəstəliyi ömürlükdür və mütəmadi müalicə tələb edir.

39. Bu halları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə Elmir Çərkəzlinin yetkinlik yaşına çatdığı xx.xx.2021-ci il tarixədək tutulan alimentin məbləği dəyişdirilərək 100 manat məbləğində müəyyən edilməlidir.

40. Cavabdehin alimentlə bağlı dəlillərini əsassız hesab etməklə Kollegiya qeyd edir ki, göründüyü kimi Elmir Çərkəzli xx.xx.2021-ci il tarixdə yetkinlik yaşına çatmışdır, məhkəmə tərəfindən də haqlı olaraq iddia ərizəsinin qaldırıldığı xx.xx.2021-ci il tarixdən uşağın yetkinlik yaşına çatdığı xx.xx.2021-ci il tarixədək aliment tutulmuşdur. 41.İddia tələbinin digər hissəsində isə məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-1310/2017 saylı qətnaməsini, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-6334/2017 saylı qərarını preyudisial hesab edərək iddianı rədd etmişdir.

42. Kollegiya qeyd edir ki, həmin vaxt Gülmira Çərkəzli yetkinlik yaşına çatmadığı üçün anası Cavabdeh qanuni nümayəndəsi qismində çıxış etmiş və qətnamə ilə sonuncunun xeyrinə həmin məbləğ tutulmuşdur. Hazırda isə Gülmira Çərkəzli yetkinlik yaşına çatmaqla prosessual fəaliyyət qabiliyyəti əldə etmişdir. Odur ki, hazırki tələb üzrə iddiaya cavab verməli olan şəxs Gülmira Çərkəzli olmalıdır. İddiaçı hazırki tələblə cavabdeh qismində Gülmira Çərkəzlini cəlb etməli olduğu halda, həmin tələbə cavab verməli olmayan Cavabdeh qarşı iddia qaldırmışdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-284/2022 saylı iş üzrə 27 may 2022-ci il tarixli qətnaməsi qismən – iddianın təmin edilməmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia rədd edilsin. Həmin qətnamə Cavabdeh İddiaçı xeyrinə xx.xx.2003-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək (xx.xx.2021-ci il tarixədək) saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay 100 manat məbləğində müəyyən edilsin. Qətnamədən iddiaçı iddiasının təmin olunmamış (müalicə pulunun tutulmasından azad edilməsi və pulun qaytarılması) hissəsindən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamənin alimentə aid hissəsindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar