Məhkəmə qərarları › İş №2(103)-5806/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5806/2025

13.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5806/2025 13.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh firmasına qarşı mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların etibarsız hesab edilməsi və dəyişikliyin aparılması) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh firmasına qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə məlumatların etibarsız hesab edilməsi və dəyişikliyin aparılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1290/2025 saylı 4 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, xx.xx.2015-ci il tarixdən sürücü vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmişdir.

3. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən görünür ki, xx.xx.2015-ci il tarixdən sürücü vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmişdir.

5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, xx.xx.2016-cı il tarixdən sürücü vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmişdir.

7. Müsəssisənin əmrləşmə kitabından çıxarışlardan görünür ki, iddiaçının əmək müqaviləsi xx.xx.2015-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci hissəsinin “ç” bəndinə əsasən ləğv edilməsi barədə əmr kitaba işlənmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən iddiaçıya göndərilmiş məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə Cavabdeh Firmasının işəgötürəni arasında xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2015-ci il tarixində, xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyi məlum olmuşdur.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/595 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 67-ci vərəqəsində xx.xx.2015-ci il tarixli ərizənin yuxarı hissəsində İddiaçı Balarza.. ***-***-**-**, 7-14-04” yazıları, “İmza” qrafasındakı imza və həmin imza qarşısındakı yazılar; 68-69-cu vərəqələrində olan xx.xx.2015-ci il tarixli 435 nömrəli əmək müqaviləsinin sonuncu səhifəsində “İmzası” qrafasındakı imza; 71 -ci vərəqində tərcümeyi-haldakı yazılar və imza; 74-cü vərəqində xx.xx.2015-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza və yazılar; 75-76-cı vərəqələrində olan xx.xx.2015-ci il tarixli 613 nömrəli əmək müqaviləsinin sonuncu səhifəsində “İmzası” qrafasındakı imza; 78-ci vərəqində tərcümeyi-haldakı yazılar və imza və 87-ci vərəqində olan xx.xx.2016- cı il tarixli “Avtobioqrafiya” adlı sənəddəki yazılar və imza – İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 80-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli ərizədə “İmza” qrafasındakı imzanın və 81-82-ci vərəqələrində olan 653 nömrəli xx.xx.2016-cı il tarixli əmək müqaviləsində “işçi” qrafalarındakı imzaların - İddiaçı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Firmasının Əmək və Məşğulluq Alt sisteminə barəsində üç dəfə daxil edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına dair məlumatların etibarsız hesab edilərək portalda müvafiq düzəlişlərin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, ev 6, m2 olan Cavabdeh Firmasında məşğulluq təsnifatına müvafiq olaraq sürücü vəzifəsində çalışmışdır. 2024-cü ilin aprel ayında başqa bir müəssisəyə işə düzəlmək üçün müraciət etdiyi zaman yekun mərhələdə sənədlərini təqdim edərkən əvvəlki iş yerində əmək münasibətlərinə qanunvericilik normalarının tələblərinə zidd olaraq Azəraycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyi məlum olmuşdur. Belə ki, adıçəkilən müəssisə ilk dəfə xx.xx.2015-ci il tarixdə rəsmi olaraq ƏMAS portalı üzərindən əmək münasibətləri rəsmiləşdirmiş, qanunsuz olaraq xx.xx.2015-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam vermişdir. Bundan sonra cavabdeh xx.xx.2015-ci il tarixdə yenidən işə götürmüş və eyni maddə ilə xx.xx.2016-cı il tarixdə işdən çıxarmışdır. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdə işə götürmüş və xx.xx.2016-cı il tarixdə yenə də həmin maddə ilə işdən çıxarmışdır. Məsələ ilə bağlı ilk növbədə bildirmək istəyir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək münasibətlərinə xitam verilməsinə baxmayaraq eyni müəssisənin həmin işçini bir neçə dəfə işə götürməsinin özü ziddiyyətli məqam yaradır və həmin maddəyə istinad edərək işdən çıxarılmanı əsassız edir. xx.xx.2016-cı il tarixdə ehtiyatsızlıqdan yol hərəkəti qaydaları əleyhinə törətmiş olduğu əmələ görə cinayət işi üzrə icraatın aparılması ilə əlaqədar olaraq məsuliyyətə cəlb edilmiş, xx.xx.2021-ci il tarixinə kimi müvafiq sanksiya ilə tətbiq edilən cinayət-hüquqi tədbir mövcud olmuşdur. Belə olan halda, məsuliyyətə cəlb edildiyi gün tarixində, yəni xx.xx.2016-cı il tarixdə cavabdehin onu işə götürməsi qanunvericiliyin tələblərinin bariz şəkildə pozulmasının göstəricisidir. Çünki əmək münasibətləri işçi və işəgötürənin sərbəst mülahizəsi və iradəsi əsasında tənzimlənən, eləcə də qanunvericiliyin normaları gözlənilməklə rəsmiləşdirilən ictimai münasibətlərdir. 2024-cü ilin aprel ayında işə düzələn zaman portal üzərində əmək münaisbətlərini kobud şəkildə pozduğuna dair əsassız maddə ilə işdən azad edildiyini bildiyi andan etibarən müəssisə rəhbəri X3 ilə əlaqə saxlamış, lakin o məsələyə etinasız yanaşaraq əhəmiyyətsiz bir məsələ kimi baxmışdır. Halbuki qanunsuz əmrləri və səlahiyyətləri çərçivəsində sistem üzərində aparılmış olan əməliyyatların bir insanın hüquqlarına hansı zərəri yetirdiyini və sonrakı həyatını necə bir təsir və çətinlik altında qoyduğunu dərk etməmişdir. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidmətinə xx.xx.2024-cü il tarixdə hüquqlarının pozulduğunu bildiyi andan etibarən dərhal şikayət etmiş, lakin müraciəti üzrə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamaların xx.xx.2025-ci il tarixinədək dayandırılması səbəbindən yerində araşdırılma aparılması mümkün olmamışdır. Bundan sonra cavabdehi mediasiya vasitəsilə danışıqlara dəvət etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bundan əlavə, 30 sentyabr tarixində məsələ ilə bağlı Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna şikayət etmiş, sonuncu dəfə bununla bağlı araşdırmanın aparılması mümkün olmamışdır.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1290/2025 saylı, 4 avqust 2025ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı barəsində informasiya sisteminə yerləşdirilmiş məlumatların əsası işəgötürən – cavabdeh tərəfindən tərtib edilmiş Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə əmrlərdir və bu əmrlər mübahisələndirilməmiş, ləğv edilməmişdir. Bu halda həmin məlumatların etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Digər tərəfdən işin məhkəmə araşdırması zamanı təqdim edilən sübutlardan görünür ki, işlədiyi ərəfədə cavabdeh bir neçə dəfə tam iş günü işə çıxmamış, cavabdeh tərəfindən bu faktlar rəsmiləşdirilmiş, əmək müqaviləsi qeyd olunan əsaslarla ləğv edilmiş, iddiaçı isə hər dəfə yenidən ərizə təqdim edib, əmək müqaviləsi bağlayaraq yenidən işə başlamışdır.

14. İddiaçı məhkəmə iclaslarında cavabdeh tərəfindən təqdim edilmiş ərizələrin, əmək müqavilələrinin onun tərəfindən yazılıb-imzalanmadığını qəti surətdə bildirsə də, təyin edilmiş ekspertiza tədqiqatının nəticələri barədə rəydən görünür ki, xx.xx.2015-ci il tarixli yenidən işə qəbul edilmə barədə ərizədəki, xx.xx.2015-ci il tarixdəki əmək müqaviləsindəki imza, xx.xx.2016-cı il tarixdəki avtobioqrafiya adlı mətn iddiaçı tərəfindən icra edilmişdir. Bu isə onu göstərir ki, iddiaçı hər dəfə işdən azad edilməsindən məlumatlı olmuş, sonradan öz təşəbbüsü ilə yenidən işə başlamışdır. İddiaçı barəsində tərtib edilən sonuncu əmr zamanı ümumiyyətlə azadlıqda olmadığı, iş vaxtı yol-nəqliyyat hadisəsi törədərək azadlıqdan məhrum edildiyini irəli sürsə də bu barədə hər hansı sübut – rəsmi qərar, məhkəmə aktı və s. təqdim etməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9, 10, 11, 12, 16, 42.1, 49, 70 və 296-cı maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarına maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1290/2025 saylı, 4 avqust 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi icraatı zamanı ilk növbədə, yuxarıda qeyd etdiyi yol-nəqliyyat hadisəsi barədə məlumatı məhkəmənin diqqətinə çatdırmış, xx.xx.2016-ci il tarixdə 15:08 radələrində yol-nəqliyyat hadisəsinin baş verdiyi halda elə həmin tarixdə Əmək və X5 saat 16:33-də əmək müqaviləsinin rəsmiləşdirilməsinin nə dərəcədə əsaslı və qanunauyğun olmasını sorğulamışdır. Bununla belə, yol-nəqliyyat hadisəsinin baş verdiyini və həmin tarixdə faktiki olaraq əmək münasibətlərini rəsmiləşdirmədiyini sübuta yetirmək üçün xx.xx.2025-ci il tarixli məhkəmə iclasında olarkən müvafiq məhkəmə hökmünü kağız daşıyıcıda birinci instansiya məhkəməsinin diqqətinə çatdırsa da, yekun məhkəmə qətnaməsində həmin sübutu təqdim etmədiyi qeyd edilmişdir. Müvafiq iclasın video müşahidə əsasında aparıldığını nəzərə alaraq həmin sənədi təqdim etdiyini aidiyyəti qeydlərdən də görmək mümkündür. Digər tərəfdən məhkəmə qətnaməsinə görə cavabdeh öz ifadəsində bildirmişdir ki, işçi işə başlamazdan 2-3 gün öncə artıq ona ərizə yazdırılır. Lakin iş materiallarından göründüyü kimi, xx.xx.2016-cı il tarixdə “işə qəbul”unu rəsmiləşdirərkən adından saxta olaraq yazılmış ərizədəki tarix məhz xx.xx.2016-cı il tarixidir. Belə olan halda, birinci instansiya məhkəməsinin sözügedən ziddiyyətli məqamları gözardı edərək yekun məhkəmə aktında iddia tələbinin rədd edilməsinə dair qənaətə gəlməsi səbəbi ona aydın deyildir. Cavabdehlə arasında yaranmış qeyd edilən mübahisə lazımi qaydada araşdırma tələb edən ciddi bir məsələdir. Lakin məhkəmə mübahisənin ədalətli həllini ciddi şəkildə nəzərə almayaraq müvafiq dəlillərə istinad etmədən qanunvericilik normalarını formal qeyd etməklə kifayətlənmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsinə Səbail Rayon Məhkəməsinin müvafiq hökmünün surətini təqdim etdiyi halda, məhkəmə öz qətnaməsində belə bir sübut təqdim etmədiyini bildirmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin

24. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

25. 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

26. 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.

27. 12-ci maddəsinin 1-ci hissəsinin k) bəndinə görə elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir.

28. 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz.

29. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

30. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

31. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

32. 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

33. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

34. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

35. 87.1-ci maddəsinə əsasən bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır.

36. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

37. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

38. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

39. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. İş materiallarından göründüyü kimi, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək və xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək iddiaçı Cavabdeh firmasında sürücü vəzifəsində işləmiş, tərəf olduğu əmək münasibətlərinə xitam verilməsi hər dəfəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla həyata keçirilmişdir. Bu barədə məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “X1 Sistemi”nə daxil edilmişdir. İddiaçı həmin sistemə daxil edilmiş əmək müqavilələrinin qüvvədən düşməsi barədə məlumatların etibarsız hesab edilərək portalda müvafiq düzəlişlərin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

42. İşin mübahisəli hallarını araşdıran birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/595 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 67-ci vərəqəsində xx.xx.2015-ci il tarixli ərizənin yuxarı hissəsində İddiaçı Balarza. ***-***-**-**, 7-14-04” yazıları, “İmza” qrafasındakı imza və həmin imza qarşısındakı yazılar; 68-69-cu vərəqələrində olan xx.xx.2015-ci il tarixli 435 nömrəli əmək müqaviləsinin sonuncu səhifəsində “İmzası” qrafasındakı imza; 71-ci vərəqində tərcümeyihaldakı yazılar və imza; 74-cü vərəqində xx.xx.2015-ci il tarixli ərizədə “İmza:” qrafasındakı imza və yazılar; 75-76-cı vərəqələrində olan xx.xx.2015-ci il tarixli 613 nömrəli əmək müqaviləsinin sonuncu səhifəsində “İmzası” qrafasındakı imza; 78-ci vərəqində tərcümeyi-haldakı yazılar və imza; 87-ci vərəqində olan xx.xx.2016- cı il tarixli “Avtobioqrafiya” adlı sənəddəki yazılar və imza – İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir

43. Həmin ekspert rəyində həmçinin ekspertizaya təqdim edilmiş mülki işin 80-ci vərəqəsində olan xx.xx.2016-cı il tarixli ərizədə “İmza” qrafasındakı imzanın və 81-82-ci vərəqələrində olan 653 nömrəli xx.xx.2016-cı il tarixli əmək müqaviləsində “işçi” qrafalarındakı imzaların - İddiaçı tərəfindən icra olunub-olunmamasının tədqiqat prosesinin təsviri hissəsinin göstərilən səbəblərdən müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir.

44. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(094)-18/2021 saylı qanuni qüvvəyə minmiş hökmünə əsasən araşdırılan və hazırda iddiaçının istinad etdiyi yolnəqliyyat hadisəsi törədilən zaman onun idarə etdiyi avtomobil Cavabdeh firmasına məxsus olmuş, həmin hüquqi şəxsin verdiyi yol vərəqəsinə əsasən tərəfindən idarə edilmişdir.

45. İşdə olan sübutlardan göründüyü kimi, iddiaçı hər dəfə işə qəbul edilərkən həmin tarixədək mövcud olmuş əmək münasibətlərinə xitam verildiyi barədə məlumatlı olmuş, yol-nəqliyyat hadisəsi törədilən zaman Cavabdeh firmasının işçisi olmuş, onunla sonuncu dəfə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla xitam verilməsi də əsassız olmamışdır. İddiaçı tərəfindən ümumiyyətlə əmək münasibətlərinə həmin əsasla xitam verilməsinin əsassız olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

46. Halbuki elektron informasiya sisteminə daxil edilmiş məlumatlar müstəqil hüquqi nəticə doğurmur, yalnız işəgötürən tərəfindən qəbul edilmiş əmr və digər hüquqi aktların əks etdirilməsi xarakteri daşıyır. İş materiallarında iddiaçının işdən azad edilməsi barədə müvafiq əmrlərin mövcudluğu müəyyən edildiyindən və həmin əmrlərdə göstərilmiş xitam əsaslarının qanunvericiliyə uyğun olmaması təsdiq edilmədiyindən, elektron sistemdə aparılmış və hazırda mübahisələndirilən qeydlərin də bu əmrlərin məzmununa müvafiqliyi təsbit edilməlidir.

47. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin k) bəndinə görə elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil edilən məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindəndir.

48. Hazırkı halda da cavabdeh tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza ilə daxil edilmiş, iddiaçının tərəf olduğu əmək müqavilələrinin qüvvədən düşməsi, yəni əmək fəaliyyəti barədə məlumatların natamam və qeyri-düzgün olması, cavabdeh tərəfindən təhrif edilməsi hallarını işdə olan sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

51. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlillər işdən çıxma barədə ərizənin iddiaçının iradə ifadəsini əks etdirməməsi barədə işin faktiki halları ilə bağlıdır ki, həmin dəlillərə də qeyd edildiyi kimi işə mahiyyəti üzrə baxan məhkəmə qiymət vermişdir.

52. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1290/2025 saylı, 4 avqust 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar