Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5807/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkil və nümayədələri Vəkil2 və Vəkil1, cavabdehin nümayəndəsi Aynur Yusubovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Monitorinq İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh X4 Monitorinq İdarəsinin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, iddiaçı cavabdeh təşkilatda əvvəlki vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri ləğv edilsin, iddiaçı cavabdeh təşkilatda mühəndis vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətinə tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Aynur Yusubova apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. X3 cavabdeh təşkilatla əmək müqaviləsi olmasa da o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında “X5 X1” X6 baş hüquq məsləhətçisidir və cavabdeh təşkilat onun adına etibarnamə verib. Həmin Agentlik və cavabdeh təşkilat eyni Nazirliyə aid olduğuna görə Aynur Yusubovanın nümayəndə kimi məhkəmə prosesində iştirakı Mülki-Prosessual Məcəllənin 69.2-ci maddəsinin göstərişinin mahiyyətinə zidd deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkil və nümayədələri Vəkil2 və Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Qətnamənin yoxlanılması: İddiaçı cavabdeh təşkilatda Ətraf Mühit üzrə X2 tərtibatı qrupunda mühəndisi vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi cavabdeh təşkiların rəisinin (işəğötürənin) xx.xx.2022-ci il tarixli 235/k nömrəli əmri ilə ləğv edilib. Ləğvə əsas ştat ixtisarı olub. Əmrin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə istinad olunub. Həmin bəndə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən əmək müqaviləsini ləğv edə bilər. İddiaçının ştatı həqiqətən ixtisar olunub. İşin bu halı əvvəlki ştat cəvəli (iş v. 74) və yeni ştat cədvəlinin (iş v. 73) müqayisəsindən görünür. Belə ki, əvvəlki ştat cədvəlinə görə iddiaçının ştatı “Hesabatların tətibatı qrupu”na aid olub, lakin yeni ştat cədvəlində “Hesabatların tətibatı qrupu” ümumiyyətlə nəzərdə tutulmayıb. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsində qeyd olunub: “Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir”. Həmin maddənin tələbi baxımından, yeni ştat cədvəlindəki vakant vəzifələrin tutulması zamanı iddiaçının hüququ pozulmayıb. Belə ki, iddiaçının əvvəlki ştat üzrə əmək funksiyaları yeni ştat cədvəlindəki “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”ndakı mühəndis ştatının əmək funksiyalarına uyğun gəlir. Həmin qrupda 7 mühəndis ştatı müəyyən edilib. İddiaçının öz ixtisasına və peşəkarlıq səviyyətinə görə həmin 7 mühəndis ştatını tutan işçilərdən üstün olması müəyyən edilmir. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur: Birinci: Yeni ştat cədvəlindəki vakant vəzifələrin tutulması zamanı işəgötürən işçilərin peşəkarlıq səviyyəsini müəyyən etmək məqsədilə imtahan təşkil edib, keçid balı 51 faiz müəyyən edilib. İddiaçının imtahan nəticəsi 28,3 faiz (uğursuz) olub. Yeni ştat cədvəlində göstərilən “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”ndakı 7 mühəndis ştatıtını tutan şəxslərin imtahan nəticəsi 51 faizdən yüksək olub. Onlar aşağıdakılardır: 1) Aytən Hümbətova: 51,7 faiz; 2) Xuraman Musayeva: 75 faiz; 3) Leyla Əzəmmədova: 66,7 faiz; 4) Xədicə Qasımova: 78,3 faiz; 5) Günel Sadıqova: 76,7 faiz ; 6) Vüsalə Süleymanova: 51,7 faiz; 7) Minəxanım Şirinli: 51,7 faiz. Əlavə 2 işçi – Humay Səlimzadə və Təranə Abdullayeva sosial məzuniyyətdə olduqlarına görə həmin şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğvi qanunla qadağan olunub, bu səbəbdən onlar imtahanda iştirak etməyib və onların ştatı “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”nda nəzərdə tutulub. Bundan başqa, 1 işçinin – Səda Əliyevanın imtahan nəticəsi 26,7 faiz olmaqla iddiaçının imtihan nəticəsindən aşağıdır. X7 başqa işçi - Humay Səlimzadə sosial məzuniyyətdə olduğu dövrdə onun ştatında müddətli əmək müqaviləsi əsasında çalışır, məcburi köçkündür, 16 yaşınadək 2 uşağı var. İkinci: Yeni ştat cədvəlində müəyyən edilmiş “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”ndakı 7 mühəndis ştatını tutan şəxslərin əksəriyyətinin ixtisası iddiaçı ilə müqayiısədə həmin vəzifəyə daha uyğundur. Belə ki, iddiaçı “Təfəkkür” Universitetində ali təhsilin birinci səviyyəsini (bakalavriatı) bitirib və ona “maarif” (ibtidai təhsilin pedaqogikası və metodikası) ixtisası üzrə bakalavr dərəcəsi verilib. 7 mühəndis ştatını tutan şəxslərin ixtisası isə aşağıdakı kimidir: 1) Aytən Hümbətova: Bakı Dövlət Universiteti “fizika” ixtisası; 2) Xuraman Musayeva: X8 Universitet “filologiya” ixtisası; 3) Leyla Əzəmmədova: Bakı Dövlət Universiteti “coğrafiya” ixtisası; 4) Xədicə Qasımova: Bakı Dövlət Universiteti “ekoloji kimya” ixtisası; 5) Günel Sadıqova: Azərbaycan Dövlət Pedoqoji Universiteti “kimya” (bakalavr) və “qeyri-üzvi kimya” (magistratura) ixtisası; 6) Vüsalə Süleymanova: Gəncə Dövlət Universiteti “kimya-biologiya” (bakalavr) və “insan və heyvan fiziologiyası” (magistratura) ixtisası; 7) Minəxanım Şirinli: Azərbaycan Dövlət İqtisad Universiteti “Qida məhsulları mühəndisliyi” (bakalavr) və “İaşə məhsullarının texnologiyası və iaşənin təşkili” (magistratura) ixtisası. Bundan başqa, iddiaçının məcburi köçkün olması, habelə öhdəsində 16 yaşına çatmayan 2 uşağın olması ştat ixtisarı zamanı işdə saxlanılmaq üçün üstünlük vermir. Belə ki, həmin hal iddiaçıya o halda üstünlük verə bilərdi ki, “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”ndakı 7 mühəndis ştatını tutan şəxslərlə iddiaçının ixtisası və peşəkarlıq səviyyəsi eyni olsun (Əmək Məcəlləsi, maddə 78, hissə 2). Lakin belə eynlik yoxdur. Beləliklə, əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilməsi barədə əmr Əmək Məcəlləsinin tələblərinə uyğundur. Ona görə də qətnamə ləğv olunmalı və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 Monitorinq İdarəsinə qarşı “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5807/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5807/2023
06.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver