Məhkəmə qərarları › İş №2(103)-5808/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5808/2024

25.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5808/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-1846/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev № 15-də yerləşən 57 №-li mənzildən istifadə ilə bağlıdır (bundan sonra – mənzil). Mənzil İddiaçı mülkiyyətindədir. Bundan əvvəl mənzil onun əri X1 mülkiyyətində olub. Belə ki, mənzil əvvəlcə dövlət mənzil fonduna aid olub, mənzilə dair X1 adına order verilib, xx.xx.2002-ci ildə mənzil onun adına özlləşdirilib, o, vəfat etdikdən sonra vərəsəlik qaydasında İddiaçı mülkiyyətinə keçib və onun mülkiyyət hüququ xx.xx.2016-cı ildə dövlət reyestrində qeydə alınıb. 2.Cavabdeh1 mülkiyyətçinin keçmiş gəlinidir, Cavabdeh2 isə mülkiyyətçinin nəvəsidir. Belə ki, Cavabdeh1 xx.xx.2004-cü ildə mülkiyyətçi İddiaçı övladı X3 ilə nikaha daxil olub, bu nikahdan iki uşaq doğulub: Cavabdeh2 (xx.xx.2004-cü il təvəllüdlü olmaqla yetkinlik yaşına çatıb) və X5 (xx.xx.2007-ci təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayıb). Həmin nikah məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulub. 3.Cavabdeh1, Cavabdeh2 və X5 mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh1 bildirib ki, mənzilə mərhum qayınatası X1 ərizəsinə əsasən qeydiyyata alınıb, ailə qurduqdan sonra boşanana kimi mənzildə yaşayıb. Birinci instansiya məhkəməsində icraat 4.İlk iddia ərizəsində tələb olunub ki, Cavabdeh1 və onun iki övladının - Cavabdeh2 və X2 mənzildən istifadə hüququ itirilmiş hesab olunsun. 5.Qarşılıqlı iddia ərizəsində tələb olunub ki, Cavabdeh1 və onun yekinlik yaşına çatmayan övadı X5 mənzilə köçürülsün. 6.Qətnamə ilə qət olunub ki, ilk iddia təmin edilsin, Cavabdeh1, Cavabdeh2 və X2 mənzildən istifadə hüququ itirilmiş hesab olunsun, qarşılıqlı iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, qarşılıqlı iddia təmin olunsun. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, mülkiyyətçi (iddiaçı) istifadə hüququna xitam verilməsi barədə iddia qaldırıb, bununla da cavabdehin istifadə hüququnun olduğunu etiraf edib. Odur ki, istifadə hüququna kompensasiya ödənilməklə xitam verilə bilər. Lakin birinci instansiya məhkəməsi cavabdehin kompensasiya almaq hüququnu pozub. 8.Tərəflər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Cavabdeh1, Cavabdeh2 və X5 mənzildə qeydiyyatda olsalar da, mənzildən istifadə hüquqları yaranmayıb. Belə ki, həmin şəxslər mənzildə yaşadıqları müddətdə mənzil xüsusi mülkiyyətdə olub, lakin onlar nə keçmiş mülkiyyətçinin, nə də hazırkı mülkiyyətçinin ailə üzvləri olmayıblar. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin 1-ci cümləsində qeyd olunub: “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər”. Göründüyü kimi “ailə üzvləri” deyiləndə ər, arvad, valideynlər və uşaqlar nəzərdə tutulub. Lakin Cavabdeh1, Cavabdeh2 və X5 mülkiyyətçinin ailə üzvləri deyillər. 11.Mülki Məcəllənin 228.5-ci maddəsinin 2-ci cümləsində qeyd olunub: “ Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər”. Göründüyü kimi, bu ixtiyar mülkiyyətçinin ailə üzvünə məxsusdur. Cavabdeh1 mülkiyyətçinin ailə üzvü olmadığına görə öz yetkinlik yaşına çatmayan övladı X4 mənzilə köçürə bilməz. 12.Mülki Məcəllənin 228.5-ci maddəsinin 3-cü cümləsində qeyd olunub: “Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir”. Bu zaman “digər ailə üzvləri” deyiləndə mülkiyyətçinin ailə üzvü deyil, mülkiyyətçinin ailə üzvünün (məs., mülkiyyətçinin oğlunun) ailə üzvü (arvadı) nəzərdə tutulur. Lakin razılıq notariat qaydasında olmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarında qeyd olunub ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı qaydada bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Cavabdeh1 və Cavabdeh2 mənzilə köçürülməsinə dair notariat qaydasında razılaşma yoxdur. 13.Beləliklə, qətnamə həm ilk iddiaya, həm də qarşılıqlı iddiaya aid hissədə ləğv edilməlidir. İlk iddiaya aid hissədə qətnamə ona görə ləğv edilməlidir ki, hər hansı hüququn itirilməsinin qət olunması üçün əvvəlcə həmin hüququn yarandığı müəyyən edilməlidir, çünki mövcud olmayan hüquq itirilə bilməz. İlk iddianın əsası nəzərdə alınmaqla itifadə hüququnun mövcud olmadığı qət edilməldir. Qarşılıqlı iddiaya aid hissədə qətnamə ona görə ləğv olunmalıdır ki, mənzilə köçürülmə barədə tələbin təmin edilməsi istifadə hüququ itirildiyinə görə deyil, istifadə hüququ yaranmadığına görə mümkün deyil. 14.“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İstifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və qeydiyyatdan çıxarılmaya əsas verir. Bu əsasın qətnamənin nəticə hissəsində yazılması qeydiyyat məsələsi ilə məşğul olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin aidiyyəti şəxslərə izah edilməsidir. Əgər müvafiq dövlət orqanı şəxsi qeydiyyatdan çıxarmaqdan imtina edərsə həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 1846/2024 nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı ilk iddiası qismən təmin olunsun. Cavabdeh1, Cavabdeh2 və X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev № 15-də yerləşən 57 №-li mənzildən istifadə hüququnun olmadığı müəyyən edilsin. İlk iddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh1 qarşılıqlı iddiası təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh1, Cavabdeh2 və X2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1594-cü keçid, ev № 15-də yerləşən 57 №-li mənzildən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin göstərişinə uyğun olaraq qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar