Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5810/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə2 və nümayəndəsi vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)-599/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehi və qızı 24.03.2010-cu il təvəllüdlü X1 iddiaçıya məxsus mənzildə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla X4 arasında 22 avqust 2020ci il tarixdə 03 saylı Bakı Asan Xidmət Mərkəzində reyestrdə 4Ə933 nömrə ilə qeyd edilməklə alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Alqı-satqı müqaviləsinə əsasən o, R.Abbasova məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 47 kv.m, yaşayış sahəsi 31,5 kv.m olan iki otaqlı mənzili satın almışdır. Mənzillə əlaqədar alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra o, həmin mənzili dövlət qeydiyyatına aldıraraq reyestrdən çıxarış əldə etmək istəmişdir. Lakin həmin mənzildə başqa şəxs Cavabdeh və onun qızı 24.03.2010-cu il təvəllüdlü X3 qeydiyyatda olduqlarına görə adına reyestrdən çıxarış verilməmişdir. Cavabdehə dəfələrlə təklif olunmasına baxmayaraq mənzildən qeydiyyatdan çıxmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)-599/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, daşınmaz əmlakın alqı-satqı barədə AN-İ № ******* saylı müqavilənin 7-8-ci bəndlərinin tələbləri yerinə yetirilməmiş, iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad yaşayış sahəsi təqdim edilməmişdir. Cavabdehə dəfələrlə təklif olunmasına baxmayaraq o, iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxmaq istəmir. İddiaçı həmin əmlakla əlaqədar sərəncam vermək hüquqlarından məhrum olmuşdur. Apellyasiya baxışı zamanı iddiaçı və onun təmsilçiləri apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər və bildirdilər ki, alqı-satqı müqaviləsi bağlanan zamanı həmin mənzildə olan bütün şəxslərdən, o cümlədən cavabdehdən notarial qaydada razılıq ərizələri alınmışdır. 25.08.2020-ci il tarixdən mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə çıxarış verilmişdir. Məhkəmədə hazırkı iddia tələbini qaldırmazdan əvvəl Cavabdeh ilə əlaqə saxlanılmış, o, həmin mənzili satan şəxsin qardaşı qızı olduğunu, mənzildə yaşamadığını, yalnız qeydiyyatda olduğunu bildirmiş və qeydiyyatdan çıxacağına söz versə də vədinə əməl etməmişdir. Sonradan onu tapa bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)-599/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 118 saylı evin 13 saylı mənzili Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi MH serialı, №0088812 saylı çıxarışla tam mülkiyyət hüququ ilə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, 22 avqust 2020-ci il tarixli, №0827909 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 tərəfindən İddiaçı satılmışdır. Cavabdeh 17.07.2020-ci il tarixdə Bakı şəhəri 42 saylı notariat ofisində təsdiq edilmiş ərizəsində həmin mənzilin satılmasına etiraz etmədiyini, razı olduğunu bildirmişdir. 25.08.2020-ci il tarixdə mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 118 saylı evin 13 saylı mənzilində İddiaçı, Cavabdeh və X3 qeydiyyatdadırlar. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini cavabdehin mübahisəli mənzilə istifadə hüququnun mövcud olmasını təsdiq edən sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi əsası ilə rədd etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bədinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin mənzildə istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə posessual qənaət prinsipinə xidmət etməklə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur, beləliklə də, cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Hazırkı iddia mahiyyətinə görə “istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə tələb” kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehin həmin mənzilə istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmənin gəldiyi nəticə iddianın tələbindən kənara çıxmır, iddia qismən təmin olunmuş sayılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)-599/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh və onun yetkinlik yaşına çatmayan qızı 24 mart 2010-cu il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 118 saylı evin 13 saylı mənzilinə istifadə hüquqlarının olmadığı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5810/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5810/2021
06.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver