Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5811/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2126/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmrin ləğv edilməsi və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onunla olan əmək müqaviləsini ləğv etməsi barədə əmrinin ləğv edilməsi, işə bərpa olunması, məcburi buraxdığı iş günlərinin əmək haqqının ona ödənilməsi və 28 yanvar 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə onun tərəfindən vəkilə ödənilmiş 1.200 (bir min iki yüz) manatın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2126/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. İddiaçı apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsinin qətnaməni qəbul edərkən məsələyə birtərəfli yanaşmış, hüquqi əsaslandırmanı isə cavabdehi xeyrinə edərək əsassız və qanunsuz qətnamə çıxarmışdır. Belə ki Məhkəmə, protokolun əmr (qərar) mahiyyətində bir sənəd olmamasına, çıxarış üzrə cavabdeh tərəfindən əsas protokolun məhkəməyə təqdim edilməməsinə, çıxarışda qeyd olunan iclasda səlahiyyətli şəxslərin iştirak etməməsinə, protokolun səlahiyyətli şəxslər tərəfindən imzalanmamasına, protokolu imzalayan şəxslərdən birinin protokolda qeyd olunan tarixdə Azərbaycanda olmamasına, iclasın “Zoom” platformasında keçirilməsinin cavabdeh tərəfindən sübuta yetirilə bilməməsinə baxmayaraq xx.xx.2021-ci il tarixli İclasının 05 saylı protokolunu mötəbər sübut kimi nəzərə almışdır.
4. Cavabdeh eyni zamanda Əmək Məcəlləsinin bir neçə normasını pozmuşdur belə ki, işdən çıxma barədə əmr əsaslandırılmayıb, ştatların ixtisarını əsaslandıracaq şirkətdaxili hər hansı sənəd sübut kimi məhkəməyə təqdim edilməyib, eyni zamanda işçi ixtisar edilərkən də ixtisar zamanı onun işdə qalma üstünlüyü nəzərə alınmayıb ancaq məhkəmə bu əsasların hər birini rədd etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Kərimov apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, iddiaçının əmək müqaviləsinə ştat ixtisarı ilə xitam verilmiş, bununla bağlı işçiyə müvafiq kompensasiya da ödənilmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
7. Mülki iş materiallarında olan ******* nömrəli əmək kitabçasında edilmiş 15 və 16 nömrəli qeydlərdən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “ƏM A0154/1”-ə əsasən, Cavabdeh MMC-yə Maliyyə Nəzarətçisi işinə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə 004/22-k nömrəli əmrlə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə), əmək müqaviləsinə xitam verilmişdir.
8. xx.xx.2019-cu il tarixli A0154/1 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də maliyyə nəzarətçisi işinə qəbul edilmişdir. Əmək müqaviləsini işəgötürənin adından Kadrlar və inzibati işlər üzrə direktor Andrey Sipilin imzalamışdır.
9. xx.xx.2021-ci il tarixli 66/h nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-nin direktoru Randolph Decker xx.xx.2021-ci il tarixdən başlayaraq cəmiyyətin adından çıxış etmək, işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bütün digər əmək və inzibati münasibətlərə aid məsələlərlə bağlı qərar qəbul etmək və bununla əlaqədar əmr, müqavilə və digər aidiyyəti sənədləri imzalamaq, cəmiyyətin fəaliyyəti ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyətinin İnsan Resursları üzrə direktor X3 həvalə edilməsinə dair əmr vermişdir.
10. Məhkəmə araşdırmaları nəticəsində əldə olunan məlumata əsasən, Cavabdeh MMC-nin qanuni təmsilçisi (direktoru), həqiqətən də, X5.
11. Cəmiyyətin xx.xx.2021-ci il tarixli iclasının 05 saylı protokolundan çıxarışdan görünür ki, iclasın gündəliyində duran məsələ Cavabdeh MMC-nin strukturunun optimallaşdırılmasının davam etdirilməsi tədbirləri olmuşdur. İnsan Resursları üzrə direktor Fəxri Qurbanov çıxışında hazırda Cavabdeh MMC-nin Əməliyyat bölümünün fəaliyyət növlərinə görə iki biznes qrupdan – Ticarət mərkəzlərinin idarə olunması qrupu və Kommersiya və yaşayış təyinatlı daşınmaz əmlakın idarə olunması qrupundan ibarət olması, COVİD-19 pandemiyası dövründə Ticarət mərkəzlərinin kommersiya fəaliyyətinə bir ildən artıq məhdudiyyətin qoyulması ilə bağlı gəlirlərin kəskin surətdə azalması, korporativ sosial məsuliyyət siyasəti nümayiş etdirilərək pandemiya dövründə bütün işçilərin əmək haqlarının davamlı olaraq ödənilməsi barədə təsisçi "xxxx" MMC tərəfindən verilən göstərişin yerinə yetirilməsi, ötən dövrdə Cavabdeh MMC-də strukturun optimallaşdırılmasının həyata keçirilməsinə, Ticarət mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına baxmayaraq, pandemiyadan əvvəlki dövrlərə münasibətdə gəlirlərin hələ də çox aşağı səviyyədə olmasının müşahidə olunmasını bildirərək, 2022-ci il üçün kommersiya proqnozları nəzərə alınmaqla Cavabdeh MMC-də vəzifələrin (ştatların) optimallaşdırılmasının davam etdirilməsinə kəskin ehtiyac olduğunu qeyd etmişdir. Ticarət mərkəzlərinin idarə olunması qrupunda Maliyyə nəzarətçisi vəzifəsi ilə yanaşı, Maliyyə meneceri vəzifəsinin, bu qrupun daxil olduğu Əməliyyat bölümündə iki ştat vahidi Maliyyə nəzarətçisi vəzifəsinin mövcud olmasını, iş həcminin bir Maliyyə nəzarətçisi vəzifəsi tərəfindən yerinə yetirilməsi imkanlarını nəzərə alaraq, şirkətdaxili vəzifə cədvəlinə əsasən daha yüksək vəzifə sayılan və müvafiq olaraq daha yüksək əmək haqqı ödənilən Maliyyə nəzarətçisi vəzifəsinin birinin ixtisar olunması, yaranmış vəziyyətdə biznesin səmərəliliyi mövqeyindən qaçılmaz qərar hesab edilmişdir. İştirak edənlərdən məsələyə dair münasibət bildirilməsi xahiş edilmişdir. İnsan resursları Səriştə mərkəzinin direktoru məsələyə müsbət yanaşması ilə bağlı fikrini bildirmiş, iclasın sədri Daşınmaz Əmlakın İdarəedilməsi üzrə İcraçı direktoru Özgür Geter məsələni səsə qoymuş və yekdilliklə qərara alınmışdır ki, Ticarət mərkəzlərinin idarə olunması qrupunun daxil olduğu Əməliyyat bölümündə Maliyyə nəzarətçisi vəzifəsinin birinin ixtisar edilməsi ilə struktur optimallaşdırılsın və bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayət olunmaqla İddiaçı ştat vahidinin ixtisar edilməsi ilə bağlı rəsmi xəbərdarlıq bildirişi təqdim edilsin.
12. xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmrdən görünür ki, Cavabdeh MMCdə iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı struktur dəyişikliyindən dolayı işçi sayının optimallaşdırılmasını nəzərə alaraq, xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də Əməliyyat bölməsində Maliyyə nəzarətçisi vəzifəsinin (ştatının) ləğv olunması ilə əlaqədar Cəmiyyətdə Maliyyə nəzarətçisi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, tutduğu Maliyyə nəzarətçisi vəzifəsindən azad olunması və əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçiyə qanunvericiliklə nəzərdə tutulan təminatların ödənilməsi barədə əmr verilmişdir. X8 üzrə direktor X6 tərəfindən imzalanmış və İddiaçı xx.xx.2022-ci il tarixdə əmrlə tanış olması barədə həmin əmrdə imza etmişdir.
13. xx.xx.2021-ci il tarixli ştat vahidinin ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi xəbərdarlıq bildirişində qeyd edilmişdir ki, Cavabdeh MMC-də iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı struktur dəyişikliyindən dolayı işçi sayının optimallaşdırılması həyata keçirilir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə əsasən, Maliyyə nəzarətçisi vəzifəsinin (ştatının) ixtisar edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bununla əlaqədar həmin bildirişlə İddiaçı ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Həmçinin, xəbərdarlıq məktubu İddiaçı təqdim edildikdən sonra AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, əmək stajının bir ildən beş ilədək olduğu nəzərə alınaraq, dörd təqvim həftəsi xəbərdarlıq müddəti gözlənilməklə, onunla xx.xx.2019-cu il tarixində bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam veriləcəyi bildirilmişdir. AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən, onunla bağlanılmış əmək müqaviləsinə uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq onun orta aylıq əmək haqqının 1.4 misli miqdarında müavinət ödənilməsi nəzərdə tutulması ona bildirilmişdir. Bundan əlavə, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə o, bir iş günü ərzində əmək funksiyalarının icrasından azad olunmuş, həmçinin, AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq ərizə ilə razılığını bildirdiyi təqdirdə müəyyən edilmiş dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli ödənilməklə əmək müqaviləsinə dərhal xitam verilə bilməsi də ona izah edilmişdir. Bildirişi işəgötürənin adından İnsan Resursları üzrə direktor X6 imzalamış, İddiaçı isə “ƏM 77-ci maddəsinin 4-cü bəndindən imtina edirəm” qeydini etməklə, xx.xx.2021-ci il tarixdə əmrlə tanış olması barədə həmin əmrə imza etmişdir.
14. xx.xx.2022-ci il tarixli 004/22-k nömrəli əmrdən görünür ki, Kommersiya və Daşınmaz Əmlak bölməsində maliyyə nəzarətçisi vəzifəsini tutan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70- ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, xx.xx.2021-ci il tarixli bildiriş və 540/21-k saylı əmrlə xitam verilmişdir.
15. xx.xx.2022-ci il tarixli xxxxxxx0011X0 saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 004/22-k nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
16. Cavabdeh MMC-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminin ştat cədvəli bölməsindən olan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 004/22-k nömrəli əmrlə ştat vahidinin ləğv edilməsi həyata keçirilmişdir.
17. 10.02.2022-ci il tarixli MSB/5-00374 ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında ilkin müzakirələr apardıqdan sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər.
18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2022-ci il tarixli **********9 saylı cavab məktubundan görünür ki, İddiaçı Cavabdeh MMC-nin əməliyyatlar bölməsində maliyyə nəzarətçisi vəzifəsinin ixtisarı barədə mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə baxış keçirilərkən əməliyyatlar bölməsində maliyyə nəzarətçisi vəzifəsinin ixtisarı barədə məlumatlar aşkar edilməmişdir.
19. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli 01/3-1604 saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı vəzifələr (peşələr) üzrə ştat vahidlərinə dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə tərəfindən sorğu edilmiş məlumatların təqdim edilməsinin mümkün olmaması bildirilmişdir.
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 xx.xx.2022-ci il tarixli **********4 saylı cavab məktubundan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində Cavabdeh MMC-yə məxsus “maliyyə nəzarətçisi” istiqamətində vakansiya aşkar edilməmişdir. Mövcud olan vakansiyalar isə xx.xx.2021ci il tarixindən “bağban” və xx.xx.2021-ci il tarixindən isə “təmizlik işçisi” vakansiyalarıdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
21. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
22. Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
29. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
31. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə maliyyə nəzarətçisi vəzifəsinə qəbul edilmişdir. Cəmiyyətin xx.xx.2021-ci il tarixli onlayn qaydada keçirilmiş iclasında Ticarət mərkəzlərinin idarə olunması qrupunun daxil olduğu Əməliyyat bölümündə Maliyyə nəzarətçisi vəzifəsinin birinin ixtisar edilməsi ilə struktur optimallaşdırılması və bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə riayət olunmaqla İddiaçı ştat vahidinin ixtisar edilməsi ilə bağlı rəsmi xəbərdarlıq bildirişi təqdim edilməsi yekdilliklə qərara alınmışdır. Bununla bağlı xx.xx.2021-ci il tarixli 540/21-k nömrəli əmr verilmiş və İddiaçı xx.xx.2022-ci il tarixdə əmrlə tanış olması barədə həmin əmrdə imza etmişdir. xx.xx.2021-ci il tarixli ştat vahidinin ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi xəbərdarlıq bildirişi ilə İddiaçı ştatının ixtisara düşməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 004/22-k nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verilmişdir. Beləliklə, Cavabdeh MMCdə xx.xx.2022-ci il tarixdə 004/22-k nömrəli əmrlə ştat vahidinin ləğv edilməsi həyata keçirilmişdir.
32. Kollegiya qeyd edir ki, Cavabdeh MMC-nin qanuni təmsilçisi (direktoru), həqiqətən də, X5 və Randolph Decker xx.xx.2021-ci il tarixdən başlayaraq cəmiyyətin adından çıxış etmək, işçilərin işə qəbulu və işdən azad edilməsi, habelə bütün digər əmək və inzibati münasibətlərə aid məsələlərlə bağlı qərar qəbul etmək və bununla əlaqədar əmr, müqavilə və digər aidiyyəti sənədləri imzalamaq, cəmiyyətin fəaliyyəti ilə bağlı üçüncü şəxslərə etibarnamə vermək səlahiyyətini İnsan Resursları üzrə direktor X3 həvalə etmişdir.
33. Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin “b” və “ə” bəndlərinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.
34. Qeyd edilən maddənin mahiyyətindən göründüyü kimi, əmək qanunvericiliyi işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək hüquqlarını işəgötürənin əsas hüquqları kimi tanıyır.
35. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə görə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
36. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci və 3-cü hissələrinə müvafiq olaraq, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
37. Beləliklə, Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri olaraq işçilərin sayı və ya ştatlarının ixtisar edilməsi müəyyən edilmiş və bu və ya digər əsasla əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin zəruriliyinin əsaslandırılmalı olduğu təsbit edilmişdir. Hazırki mübahisə üzrə Cavabdeh MMC-nin maliyyə nəzarətçisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi kimi “Cavabdeh MMCdə iş həcminin bölmələr üzrə paylaşdırılması ilə bağlı struktur dəyişikliyindən dolayı işçi sayının optimallaşdırılması” qeyd olunmuşdur.
38. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-2-ci hissələrində qeyd olunmuşdur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
39. Hazırkı mübahisə üzrə məhkəmə tərəfindən tədqiq edilən sübutlar əsasında belə qənaətə gəlinmişdir ki, işəgötürən tərəfindən yuxarıda istinad edilən normanın tələblərinə əməl olunmuş və işəgötürənin hərəkətlərində qeyri-qanuni fakt aşkar olunmamışdır.
40. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-4-cü hissələrinə müvafiq olaraq, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq, bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi, bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi, beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi, on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi ərzində rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında, on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödənilir. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
41. Məhkəməyə sübut qismində təqdim edilən sənədlər araşdırılmış və belə qənaətə gəlinmişdir ki, işəgötürən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə müvafiq qaydada hərəkət etmiş və bununla bağlı qanun pozuntusuna yol verməmişdir.
42. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsində qeyd edilmkişdir ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
43. İşəgötürən tərəfindən 78-ci maddənin 1-ci hissəsinin pozuntusu da məhkəmə tərəfindən aşkar edilməmişdir. İddiaçının həmin vəzifə üzrə 2 ştat olduğu halda məhz onun tutduğu ştatın ləğv edilməsi məsələsini mübahisələndirməsi ilə əlaqədar məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsini işəgötürənin müəyyən etməsi qanunla müəyyən edilmişdir və hansı işçinin tutduğu vəzifənin ixtisar edilməsinə işəgötürən tərəfindən qərar verilərkən onun qeyri-qanuni hərəkəti aşkar olunmamışdır.
44. Əmək Məcəlləsinin 83-cü maddəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
45. Mülki iş materiallarında olan müvafiq sənədlərdən də göründüyü kimi, işəgötürənin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər və bunların sənədləşdirilməsi qanunvericiliyə uyğun qaydada aparılmışdır. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
46. İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə də riayət edilməsi məhkəmədə müvafiq sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçı cavabdeh tərəfindən ştatın ixtisar edilməsi səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdarlıq edilmişdir.
47. Bundan başqa iddiaçı ilə son haqq-hesab aparılmış, əmək kitabçası təqdim edilmişdir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
50. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
51. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı əmrin qanunsuz olması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Nəticə:
52. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-2126/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev