Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5813/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadından cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin ərizəsi təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamə Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsinə məxsus elektron kabinetə xx.xx.2023-cü ildə yerləşdirilib, bununla da qətnamə rəsmi qaydada verilmiş sayılıb. Apellyasiya şikayəti isə 3 ay 7 gün sonra – xx.xx.2023-cü ildə verilib. Göründüyü kimi, müddət 2 ay 7 gün ötürülüb. Müddətin bərpası barədə ərizə onunla əsaslandırılıb ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminə vaxtında - xx.xx.2023-cü ildə yerləşdirilib, lakin “SİMA” elekron imza sisteminin texniki səhvi üzündən imzalanma həyata keçirilməyib. Texniki səhv müəyyən olunmur. Cavabdehin özünün təqdim etdiyi elektron sistemin skrinşotundan (ekran görüntüsündən) görünür ki, apellyasiya şikayəti xx.xx.2023cü il tarixdə hazırlanıb, lakin imzalanmayıb. Elektron sistem “imzala” sözü yazılmış əməliyyatı açıq (aktiv) saxlamaqla elektron sistemin istifadəçisinə məlumat verib ki, imzalanma həyata keçirilməyib. “Apellyasiya şikayətinin verilməsi” deyiləndə onun yalnız hazırlanması deyil, həm də imzalanması nəzərdə tutulur. İmzalanmaya mane olan texniki problem mövcud olmayıb. Digər tərəfdən, əgər imzalanmaya həqiqətən texniki problem mane olmuşdursa, bu, ağlabatan müddətdə (bir neçə gün ərzində) aradan qaldırılmalı idi. Müddətin bitməsindən 2 ay 7 gün keçib, bu isə onu təsdiq edir ki, apellyasiya şikayətinin imzalanmamasının texniki problemlə heç bir əlaqəsi yoxdur. Beləliklə, Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə buraxılmış müddəti o halda bərpa edir ki, müddətin buraxılmasının səbəbini üzrlü hesab etsin. Apellyasiya şikayəti verilməsi müddətinin buraxılmasının üzrlü səbəbi müəyyən edilmədiyinə görə birinci instansiya məhkəməsi müddətin bərpası barədə ərizəni düzgün olaraq təmin etməyib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5813/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5813/2023
08.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver