Məhkəmə qərarları › İş №2(103)-5819/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5819/2022

01.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5819/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Səbail rayon İcra Şöbəsinə və "xxxx" MMC-nə qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) iddia tələblərinə dair iş üzrə (Açar sözlər: hərracın etibarsız sayılması, ipotekaya xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, cavabdeh - "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna, Səbail rayon İcra şöbəsinə və "xxxx" MMC-nə qarşı “ipoteka yüklülüyünə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın qaytarılması, hərracın qanuna zidd və etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" ASC (bank) ilə X11 arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli kredit müqaviləsinə əsasən, Lalə Əliyevaya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 60 000 manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı, bank və X11 arasında eyni tarixdə ipoteka müqaviləsi bağlanmış, İddiaçı məxsus olan ünvan 6 mənzili ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir.

2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair iddiası təmin edilmiş, bankla X11 arasında bağlanmış 03 oktyabr 2013-cü il tarixli 4506F kredit müqaviləsi üzrə yaranmış 49 130 manat məbləğində əsas, xx.xx.2017-ci il tarixə olan 38 229 manat faiz, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə olan və illik 5 faiz dərəcəsi ilə hesablanmış 2614 manat faiz borcu olmaqla ümumilikdə 89 973 manat kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, müqavilələrin və yüklülük çıxarışlarının təsdiqi üçün ödənilmiş 26 manat rüsumun X4 tutulub banka ödənilməsi, ödəmənin "xxxx" ASC (ipoteka saxlayan) ilə İddiaçı (ipoteka qoyan) arasında bağlanılmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus ünvan 1 ünvanından yerləşən 22 saylı mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 130 000,0 manat müəyyən edilməsi, mənzilin həmin ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, satışdan əldə edilən pul vəsaitinin yuxanda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində banka ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin İddiaçı verilməsi, ipoteka predmeti olan mənzilin açıq hərrac yolu ilə satılmasından sonra 1 (bir) ay ərzində cavabdehlər İddiaçı, X6, X3 və X7 ən gec bir ay ərzində həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq yeni mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2021-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir.

4. Səbail rayon İcra şöbəsi tərəfindən icra sənədinin icrası ilə əlaqədar hərracın keçirilməsini təşkil etmək üçün xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” MMC-yə müraciət olunmuş, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində zərurət aradan qalxdığından MMC-dən hərracın dayandırılması xahiş edilmiş, buna baxmayaraq “X1 Mərkəzi” MMC tərəfindən 28 iyul 2021-ci il tarixdə saat 11:00-da hərracın keçiriləcəyi barədə elan verilmiş, xx.xx.2021-ci il tarixdə LPO "xxxx" ASC-yə “İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə” bildiriş göndərilmiş və İddiaçı məxsus əmlakı xx.xx.2021-ci il tarixinədək əldə etməsi təklif olunmuş, xx.xx.2021-ci il tarixdə isə banka ünvanlanmış məktuba cavab verilmədiyi əsas gətirilməklə icra sənədi Səbail rayon İcra şöbəsinə geri qaytarılmışdır. Bununla belə iş materiallarından görünür ki, “X1 Mərkəzi” MMC-nin LPO "xxxx" ASC-nə göndərdiyi bildirişə bank tərəfindən cavab verilmiş, MMC-dən mənzilin ləğv prosesində olan "AtaBank” ASC tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir.

5. “X1 Mərkəzi” MMC-dən hərracın dayandırılmasını xahiş etmiş Səbail rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət edilmiş, MMC-dən icra sənədi üzrə ipoteka predmeti olan ünvan 6 mənzilinin satışının təmin olunması xahiş edilmişdir.

6. "xxxx" MMC tərəfindən təkrar hərracın baş tutmadığı barədə “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışında elan verildikdən sonra ipoteka müqaviləsi üzrə ipoteka saxlayan qismində çıxış edən LPO "xxxx" ASC xx.xx.2021-ci il tarixli məktubla MMC-dən Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi 19 saylı evin 22 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 82 875 manata əldə olunması üçün müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsini xahiş etmiş, "xxxx" MMC ilə LPO “Atabank" ASC arasında “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna, Səbail rayon İcra şöbəsinə və "xxxx" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 6 mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlakın üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qaytarılması və "xxxx" MMC-də keçirilmiş hərracın qanuna zidd və etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. İddia tələbləri belə əsaslandırılmışdır ki, "xxxx" ASC ilə bağlanmış 03 oktyabr 2013-cü il tarixli 4506F kredit müqaviləsinin təminatı kimi ünvan 1 ünvanında yerləşən 22 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X4 ümumilikdə 89 973 manat kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ödənilmiş 31 manat dövlət rüsumunun və müqavilələrin və yüklülük çıxarışlarının təsdiqi üçün ödənilmiş 26 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus həmin mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 130 000 manat müəyyən olunması və mənzilin açıq hərracdan satılaraq tələbin ödənilməsi qət olunmuşdur. İcra sənədi icraya yönəldilmiş və Səbail rayon İcra şöbəsi tərəfindən əmlaka qoyulan 130 000 manat satış qiyməti ilə "X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir. Əmlakla bağlı "X1 Mərkəzi” MMC tərəfindən hərraclar keçirilmiş, təkrar hərrac baş tutmadığı üçün ipoteka saxlayana əmlakın əldə edilməsi üçün təklif göndərilmiş, “İpoteka haqqında” AR Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka predmetinin 30 təqvim günü ərzində əldə olunması üçün LPO "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2021-ci il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildiriş verilmişdir. Hərrac təşkilatı tərəfindən ipotekasaxlayana göndərilən təklifin üzərindən bir aydan çox müddət keçməsinə baxmayaraq ipoteka predmeti ipotekasaxlayan tərəfindən əldə edilməmiş, əmlak hərracda satılmadığına və ipoteka saxlayan tərəfindən əldə edilmədiyinə görə, icra sənədi “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla Səbail rayon icra şöbəsinə geri qaytarılmışdır. İş üzrə daha bir mübahisəli məqam ondan ibarətdir ki, ipoteka predmeti olan mənzilin hərracda satılması üçün Səbail rayon İcra şöbəsi tərəfindən 34223/21-xx-xx/5577 saylı sifariş məktubuna əsasən digər bir hərrac təşkilatı olan "xxxx" MMC-yə də sifariş verilmiş, "xxxx" MMC də öz növbəsində 18 avqust 2021-ci il və 06 sentyabr 2021-ci il tarixlərində ünvan 6 mənzilinin açıq hərracda satılması üçün KİV-də müvafiq elanlar dərc etmiş və hərrac bildirişlərini tərəflərə göndərmişdir. "xxxx" MMC-də keçirilən hərrac öz-özlüyündə etibarsızdır. Belə ki, göründüyü kimi bir ipoteka predmeti barəsində müxtəlif hərrac təşkilatlarında 4 hərrac keçirilmişdir.

9. Ləğv prosesindəki “AtaBank" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixli 049 nömrəli bildirişi banka xx.xx.2021-ci il tarixdə daxil olmuş, Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə Edilməsi Departamentinin direktoru Ömər Cəfərov tərəfindən “X1 Mərkəzi” MMC-in direktoru Əliheydər Ələsgərova ünvanlanmış 22 sentyabr 2021-ci il tarixli **********499 nömrəli məktubda, Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsində yerləşən 19 nömrəli evin 22 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25 % dən az olmayan qiymətlə, yəni 82 875 manata bank tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın yekunları haqqında yekun protokolun tərtib olunması və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi ilə bağlı razılıq verilmişdir. Sözügedən məktub “X1 Mərkəzi” MMC tərəfindən ştamp vurulmaqla xx.xx.2021-ci il tarixdə alınmış, beləliklə də bank tərəfindən qanunvericiliklə nəzərə tutulmuş müddət ötürülmədən hərracı həyata keçirən müəssisəyə vaxtında məlumat verilmişdir. Ona görə də ipoteka yüklülüyünə xitam verilə bilməz. Digər tərəfdən iddiaçı hesab edir ki, bir ipoteka predmeti barəsində müxtəlif hərrac təşkilatlarında ("X1 Mərkəzi MMC-də və "xxxx" MMC-də) 4 hərrac keçirilmişdir, ona görə də "xxxx" MMC-də keçirilən hərrac etibarsız sayılmalıdır. Halbuki, Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən “X1 Mərkəzi MMC-yə göndərilmiş 16 iyul 2021-ci İİ tarixil məktubdan görünür ki, zərurət aradan qalxdığından hərracın dayandırılması xahiş olunmuş, icra şöbəsi tərəfindən yeni hərracın keçirilməsi üçün "xxxx" MMC-nə sifariş verilmişdir. "xxxx" MMC tərəfindən hərrac keçirilərək alıcı olmadığından 10 sentyabr 2021-ci il tarixli 298/21 nömrəli məktubla ipoteka predmeti olan əmlakı almaq üçün müqavilə bağlanması barədə təklif göndərilmiş, Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə Edilməsi Departamentinin direktoru Ömər Cəfərov tərəfindən 29 sentyabr 2021-ci il tarixli **********648 nömrəli məktubla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə razılıq verilərək Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi 19 saylı evin 22 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 82 875 (səksən iki min səkkiz yüz yetmiş beş) manata bank tərəfindən əldə olunması məqsədilə müvafiq alqğı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və ipoteka predmetinin bankın adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir. Həmin məktub hərrac mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə ştamp vurularaq alınmışdır və yekun olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixli "ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” müqavilə və 298/21 nömrəli protokol bağlanmışdır. Göstərilənlərə görə, ipoteka yüklülüyünə xitam verilə və həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatı ləğv oluna bilməz, çünki LPO "AtaBank” ASC tərəfindən hər iki halda hərrac mərkəzləri tərəfindən verilən təklifə qanunvericiliklə müəyyən olunmuş müddətdə, yəni 30 (otuz) gün müddətində cavab verilmişdir. Həmçinin, “Bakı Hərrac Mərkəzi" MMC ilə bağlanmış hərracın yekunlarına dair müqavilə və protokol etibarsız hesab oluna bilməz - çünki faktiki olaraq “X1 Mərkəzi” MMC-yə hərracın dayandırılmasına dair Səbail rayon İcra şöbəsi tərəfindən 16 iyul 2021ci il tarixli məktub göndərilmişdir. İddiaçının üçüncü tələbi mülkiyyət hüququnu təsdiq edən çıxarışın geri qaytarılması barədədir ki, iddiaçı həmin çıxarışın həqiqətən də bankda olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hal heç bir sübutla təsdiq olunmadığına görə iddia bu hissədə də təmin oluna bilməz.

10. Səbail rayon İcra şöbəsinin nümayəndəsi X12 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, ilk dəfə tərəflərindən "X1 Mərkəzi” MMC-yə verilən məktubda texniki səhv olduğuna görə hərracın keçirilməsinin dayandırılması xahiş olunmuş, lakin sonradan məlum olmuşdur ki, rəhbərlik adı çəkilən MMC ilə müqaviləni ləğv etmiş, başqa bir hərrac mərkəzi ilə müqavilə bağlamışdır. Bu səbəbdən də ikinci dəfə də eyni gündə hərracın keçirilməsinin dayandırılması barədə “X1 Mərkəzi” MMC-yə məktub ünvanlamışlar. Sonradan həmin əmlakın hərrac yolu ilə satılmasını təşkil etmək üçün “Bakı Hərrac Mərkəzi" MMC-yə sifariş göndərmişlər. Keçirilmiş hərracla bağlı "X1 Mərkəzi” MMC tərəfindən onlara hər hansı məlumat verilməmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

12. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən, "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarlı olub-olmamasını müəyyən etməzdən əvvəl, “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixdə keçirdiyi ilkin hərracın, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə ünvanladığı “İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə” bildirişin və xx.xx.2021-ci il tarixdə hərraca çıxarılmış əmlakın məhz alıcı olmadığı səbəbilə Səbail rayon İcra şöbəsinə geri qaytarmasının legitimliyinin müzakirə edilməli olduğunu vurğulamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar hərracın keçirilməsinə zərurət aradan qalxdığına dair məktubun xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində “X1 Mərkəzi” MMC-yə göndərilməsinə baxmayaraq həmin hərrac təşkilatı tərəfindən xx.xx.2021-ci il tarixdə ilkin hərrac keçirilməsini, xx.xx.2021-ci il tarixdə LPO "Atabank” ASC-nə ipoteka predmetinin alqı-satqısı müqaviləsinin bağlanılması barədə bildiriş göndərilməsini və daha sonra İddiaçı məxsus əmlakın keçirilən hərrac zamanı satılmadığı üçün xx.xx.2021-ci il tarixində Səbail rayon İcra şöbəsinə geri qaytarılmasını, hərracın ixtisaslaşdırılmış müəssisələri tərəfindən yalnız icra məmurunun sifarişi əsasında keçirilməsinin mümkünlüyünü, mübahisəli əmlakın satılması üzrə hərracın təşkil edilməsi üçün "X1 Mərkəzi” MMC-yə verilmiş sifarişin Səbail rayon İcra şöbəsi tərəfindən geri çəkildiyini nəzərə alaraq hesab etmişdir həmin hərrac təşkilatı tərəfindən keçirilmiş hərrac və göndərilmiş məktublar əsassız olduğundan etibarsız sayılmalıdır.

13. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər-hansı hüquqi əsas yoxdur. Çünki hərracın etibarsızlığına səbəb hərracın keçirilməsi qaydalarının pozulması halının aşkar edilməsindən ibarətdir. Mülki Məcəllədə müəyyən edilmiş hərracın keçirilməsi qaydaları imperativ xarakter daşıyır və onların pozulması ilə keçirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Etibarsız sayılmış hərracda bağlanmış müqavilə də öz növbəsində etibarsız hesab olunur.

14. Məhkəmə vurğulamışdır ki, qeyd olunan məsələlər “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələri ilə tənzimlənir. Qanunun 43.7-ci maddəsinddə subyektiv hüquq, 43.8-ci maddəsində isə həmin hüququn həyata keçirilməsi qaydası müəyyən olunub. Subyektiv hüququn mahiyyəti bundan ibarətdir ki, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Hüququn həyata keçirilməsi qaydası isə belədir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İpoteka saxlayan (tələbkar) hərracın baş tutmamış hesab edilməsi barədə “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışında verilmiş elana xx.xx.2021-ci il tarixli məktubla cavab verməklə mənzilin təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə almağa etiraz etmədiyini bildirmişdir. O cümlədən tələbkar həmin məktubla ipoteka predmetinin onun mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedurun başlanmasını xahiş etmişdir. Nəticədə isə ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirmiş, "xxxx" MMC ilə bank arasında “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli müqavilə bağlanmışdır. Beləliklə, iddiaçının iddianın əsası kimi istinad etdiyi əsaslarla "Bakı Hərrac Mərkəzi” MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. ... "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələri etibarsız hesab edilmədiyindən, əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması üçün hüquqi əsaslar mövcud olmadığından, iddia digər hissələrdə də rədd edilməlidir.

15. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “İcra haqqında” Qanunun 61.2-ci, “İpoteka haqqında” Qanunun mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olmuş 33-cü, 43-cü, 48-ci, Mülki Məcəllənin 337.1-ci, 415.2-ci, 416-cı maddələrinə istinad etmişdir.

16. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh - "xxxx" ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi şikayətin əsassız olduğunu bildirmiş, Səbail rayon İcra şöbəsi və "xxxx" MMC isə nümayəndələrini məhkəməyə göndərməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 319.5. Əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.

19. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

20. Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada)

21. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir.

22. Maddə 43. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

23. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

24. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər.

25. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

31. iş materiallarından göründüyü və birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, Bakı şəhəri Səbail rayon İcra şöbəsi xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası istiqamətində icra hərəkətlərinə başlamış, xx.xx.2021-ci il tarixdə hərracın keçirilməsi üçün “X1 Mərkəzi” MMC-yə sifariş vermiş, həmin MMC tərəfindən xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində tələbkar "xxxx" ASC-nə, borclu İddiaçı, X9, X5, X10 və X8 bildirişlər ünvanlanaraq, ünvan 6 mənzilinin satılmaq üçün açıq hərraca çıxarıldığı, hərracın 28 iyul 2021-ci il tarixdə, saat 11:00-də keçiriləcəyi göstərilmişdir.

32. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon İcra şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-nə ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məktublarda zərurət aradan qalxdığından hərracın dayandırılması xahiş edilmiş, bununla belə “X1 Mərkəzi” MMC tərəfindən "Atabank” ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli “İpoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə” bildirişdə, İddiaçı məxsus əmlakın keçirilən hərraclar zamanı satılmadığı və xx.xx.2021-ci il tarixinədək sözügedən əmlak Bank tərəfindən alınmadığı halda işin sifarişçi icra şöbəsinə geri qayatrılacağı bildirilmişdir.

33. LPO "xxxx" ASC-nin "X1 Mərkəzi” MMC-nin direktoru Əliheydər Ələsgərova ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsində yerləşən 19 nömrəli evin 22 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 82.875 (səksən iki min səkkiz yüz yetmiş beş) manata ləğv prosesində olan "AtaBank” ASC-nin tərəfindən əldə olunması məqsədilə müvafiq alqı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan "xxxx" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir.

34. “X1 Mərkəzi” MMC tərəfindən Bakı şəhəri Səbail rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 69 saylı məktubda göstərilmişdir ki, hərrac mərkəzi tərəfindən keçirilən hərraclar zamanı alıcı olmadığı üçün əmlak satılmamışdır və buna görə də, qanunvericiliyə uyğun olaraq qərar qəbul etmək üçün əmlak Səbail İcra şöbəsinə geri qaytarılır.

35. Bakı şəhəri Səbail rayon icra şöbəsi tərəfindən "Bakı Hərrac Mərkəzi” MMCyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, MMC-dən icra sənədi üzrə ipoteka predmeti kimi qoyulmuş ünvan 6 mənzilinin satışının təmin olunması xahiş edilmişdir.

36. "xxxx" MMC tərəfindən xx.xx.2021-ci tarixində tələbkar "xxxx" ASC-nə, sifarişçi Səbail rayon icra şöbəsinə, borclu İddiaçı, X9 və X5 ünvanlanmış bildirişdən görünür ki, ünvan 6 mənzili satılmaq üçün açıq hərraca çıxarılmışdır. Hərracın tarixi və vaxtı: 18 avqust 2021-ci il, saat 11:00-dır.

37. "Неделя” qəzetinin 23 iyul 2021-ci il tarixli buraxılışının çıxarışından görünür ki, ünvan 6 mənzilinin ilkin satış qiyməti 130 000 manat müəyyən edilməklə, açıq hərracın 18 avqust 2021-ci il tarixdə, saat 11:00-da keçiriləcəyi qeyd edilmişdir.

38. "Bakı Hərrac Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci tarixində tələbkar "xxxx" ASC-nə, sifarişçi Səbail rayon icra şöbəsinə, borclu İddiaçı, X9 və X5 ünvanlanmış bildirişdən görünür ki, ünvan 6 mənzili satılmaq üçün açıq hərraca çıxarılmışdır. Hərracın tarixi və vaxtı: 6 sentyabr 2021-ci il, saat 11:00-dır.

39. "Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışının çıxarışından görünür ki, ünvan 6 mənzilinin təkrar hərracdakı satış qiyməti 110 500 manat müəyyən edilməklə, açıq hərracın 6 sentyabr 2021-ci il tarixdə, saat 11:00-da keçiriləcəyi barədə elan verilmişdir.

40. “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışında isə, ünvan 6 mənzilinə dair 6 sentyabr 2021-ci il tarixdə, saat 11:00-da keçirilən təkrar hərracın baş tutumadığı barədə elan yerləşdirilmişdir.

41. LPO "xxxx" ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, 19 saylı evin 22 saylı mənzilinin təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə, yəni 82 875 (səksən iki min səkkiz yüz yetmiş beş) manata bank tərəfindən əldə olunması məqsədilə müvafiq alğı-satqı müqaviləsinin bağlanması, hərracın nəticələri haqqında yekun protokolun tərtib olunması və həmin ipoteka predmetinin ləğv prosesində olan "xxxx" ASC-nin adına rəsmiləşdirilməsi ilə bağlı göstəriş verilməsi xahiş edilmişdir.

42. "Bakı Hərrac Mərkəzi” MMC-nin "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 298/21 nömrəli protokolunun surətindən görünür ki, Səbail rayon İcra şöbəsinin sifarişi, "Bakı Hərrac Mərkəzi” MMC-nin təşkilatçılığı ilə 5 oktyabr 2021-ci il tarixdə İddiaçı məxsus ünvan 6 mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzil ilkin satış qiyməti 130 000 manat və son qiyməti 82.875 manat olmaqla LPO "xxxx" ASC-yə satılmışdır.

43. "xxxx" MMC ilə LPO "xxxx" ASC arasında bağlanmış "İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, alıcı ünvan 6 mənzili 82 875 manata əldə etmişdir.

44. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər-hansı hüquqi əsas yoxdur. Belə ki, bank hərracın baş tutmamış hesab edilməsi barədə “Market” qəzetinin xx.xx.2021-xx.xx.2021-ci il tarixli buraxılışında verilmiş elana xx.xx.2021-ci il tarixli məktubla cavab verməklə mənzilin təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətə almağa etiraz etmədiyini bildirmiş, ipoteka predmetinin mülkiyyətinə keçirilməsi üçün müvafiq prosedurun başlanmasını xahiş etmiş, beləliklə də “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirmişdir.

45. Əmlakla bağlı 4 dəfə hərracın keçirilmiş olmasının qanunvericiliyin pozuntusu olduğu barədə irəli sürülən dəlilə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi, əmlakın satılması üzrə hərracın təşkil edilməsi üçün "X1 Mərkəzi” MMC-yə verilmiş sifarişin Səbail rayon İcra şöbəsi tərəfindən geri çəkildiyini nəzərə alaraq həmin hərrac təşkilatı tərəfindən keçirilmiş hərracın və göndərilmiş məktubların etibarsız sayıldığını vurğulamaqla həmin dəlilə qiymət vermişdir.

46. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-641/2022 saylı iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar