Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5820/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərə cəlb olunma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 24.08.2000-ci il tarixdə rəsmi nikaha daxil olduğunu, nikahlarından 21.11.2011-ci il tarixdə Elmir, 16.11.2004-cü il tarixdə İsa adını verdikləri uşaqlarının doğulduğunu, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla cəmi 308 manat sabit pul məbləğində alimentin cavabdehdən xeyrinə tutulmasının qət edildiyini, Elmir İsmayılov yetkinlik yaşına çatdığı üçün ona tutulan alimentin 2019-cu il noyabr ayından dayandırıldığını, 05.07.2019-cu il tarixdə övladları X1 dünyaya gəldiyini, oğlu Elmirin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Məşq və Fiziki hazırlıq” fakültəsinin əyani şöbəsinin ikinci tədris ilində təhsil aldığını və illik təhsil haqqının 2 200 (iki min iki yüz) manat təşkil etdiyini, kiçik oğlu İsanın görmə qabiliyyətinin 10 faiz olduğunu, cavabdehlə rəsmi nikahda olsalar da, bir yerdə yaşamadıqlarını, cavabdeh ailəyə maddi yardım göstərmədiyindən övladlarına məhkəmə tərəfindən tutulan 154 manat alimentlə yaşadıqlarını, heç bir yerdə işləmədiyini və tənha ana kimi azyaşlı uşaqlarının saxlanmasında maddi cəhətdən çox çətinlik çəkdiyini bildirmiş, buna görə də Cavabdeh 21.11.2001-ci il təvəllüdlü X2 2 (iki) illik təhsil haqqını, əmək qabiliyyəti olmadığı üçün onun universiteti bitirməsinə qədər 175 manat, 16.11.2004-cü il təvəllüdlü X5 Suraxanı Rayon Məhkəməsinin qətnaməsinə əsasən tutulan alimentin artırılaraq 175 manat, 05.07.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 175 manat, 05.07.2019-cu il təvəllüdlü X1 3 yaşına çatana qədər 100 manat məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılması və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 16.11.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, habelə Cavabdeh 27.01.2021-ci il tarixdən hesablanmaqla 05.07.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddiasının tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyi, oğlu Elmir İsmayılovun əmək qabiliyyətsiz olmasını və cavabdehin yüksək gəlir əldə etdiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını istəmiş, cavabdeh isə uşağın təhsil haqqını könüllü olaraq ödədiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh ümumiyyətlə mübahisələndirməmiş, iddiaçı isə apellyasiya şikayətində qətnamənin ləğvini istəsə də, şikayətinin mahiyyətindən və məhkəmə iclasında verdiyi izahatdan iddiasının təmin olunmayan hissəsi üzrə qətnamədən narazı qaldığı aydın olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini bu kontekstdə müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, tərəflər 24.08.2000-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahlarından 21.11.2001-ci il tarixdə Elmir, 16.11.2004-cü il tarixdə İsa adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün 27.06.2018-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 308 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmiş, 05.07.2019-cu il tarixdə Xanım adını verdikləri uşaqları doğulmuşdur. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, tərəflərin nikahları pozulmamışdır və X6 yetkinlik yaşına çatmaqla hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Məşq və fiziki hazırlıq” fakültəsinin əyani şöbəsinin birinci tədris ilində təhsil alır. İddiaçı məhz Suraxanı Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləğinin artırılmasını, Elmir İsmayılovun iki illik təhsil xərcinin cavabdeh tərəfindən ödənilməsini, habelə Elmir İsmayılovun əmək qabiliyyətsizliyi ilə bağlı cavabdehdən müəyyən pul vəsaitinin, eləcə də 05.07.2019-cu il təvəllüdlü Xanım İsmayılova və onun 3 yaşına çatmasına qədər özü üçün alimentin tutulmasını xahiş etməkdədir. Başqa sözlə iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından, sonradan doğulan uşaq və həmin uşaq 3 yaşına çatanadək özü üçün aliment müəyyənləşdirilməsindən, habelə uşaqdan ayrı yaşayan valideynin əlavə xərclərə cəlb olunmasından ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci, 81-ci və 84-cü maddələri təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, qətnamənin Suraxanı Rayon Məhkəməsinin 03.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin məbləğinin artırılması ilə bağlı hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Ailə Məcəlləsinin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 84.2-ci maddəsinə görə isə, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Kollegiya, iddiaçının “Cavabdeh 21.11.2001-ci il təvəllüdlü X2 2 (iki) illik təhsil haqqının və əmək qabiliyyəti olmadığı üçün onun universiteti bitirməsinə qədər 175 manatın tutulması” tələbi üzrə gəldiyi nəticəni qanuni hesab edir. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını təşkil edən Ailə Məcəlləsinin 81-ci maddəsinin məzmunundan göründüyü kimi, valideynlər əlavə xərclərin ödənilməsinə o halda cəlb edilə bilərlər ki, bu xərclər ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə və digər hallarla əlaqədar olsun. Başqa sözlə, valideynin əlavə xərclərin çəkilməsinə cəlb edilməsi üçün əsas, müstəsna halların – ağır xəstə və şikəst uşaqların, habelə əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların mövcudluğudur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun da mövqeyi belə olmuşdur ki, “Ailə Məcəlləsinin 81-ci maddəsində ... valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun”. İş materiallarından göründüyü kimi, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmış Elmir İsmayılovun ağır xəstə, yaxud əmək qabiliyyətsiz olduğuna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Ağır xəstəliyi və ya şikəstliyi olmayan uşağın saxlanılması ilə bağlı əlavə xərclərdə iştiraka valideynlərin cəlb olunması isə onların hüquqi öhdəliyi kimi qanunla nəzərdə tutulmamışdır və valideynlər bu cür iştirakı könüllü icra edə bilərlər. Bu qənaətə gələrkən kollegiya onu da nəzərə alır ki, apellyasiya baxışı zamanı cavabdehin təqdim etdiyi ödəniş qəbzləri ilə onun, oğlunun təhsil haqqını ödəmiş olduğu müəyyənləşdirilmiş, iddiaçı da bu halı təsdiq etmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən qərarında da şərh etdiyi kimi, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Kollegiya, iddiaçının “05.07.2019-cu il təvəllüdlü X1 3 yaşına çatana qədər 100 manat məbləğində alimentin xeyrinə tutulması” tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir: Belə ki, Ailə Məcəlləsinin 84.2-ci maddəsinin məzmununa görə, arvadın ərdən aliment tələb etməsi bir-neçə şərtin – xüsusilə ərin zəruri vəsaitə malik, eləcə də arvadın maddi vəziyyətinin ona bunu tələb etməyə haqq qazandıracaq qədər aşağı olmasının mövcudluğundan asılıdır. Yəni aliment tələb olunan ərin gəlirləri, qazancı elə həddə olmalıdır ki, onun və ailəsinin minumum dolanışığını təmin etsin, eyni zamanda arvada bu gəlirdən aliment tutmaq mümkün olsun, həmçinin arvad işləmədiyi və uşağa baxdığı üçün müstəqil qazanca sahib olmasın. Hazırkı iş üzrə Cavabdeh qeyd olunan zəruri vəsaitə malik olduğu sübuta yetirilmir və kollegiyanın qənaətinə görə, ondan iki uşaq üçün cəmi 350 manat aliment tutulması, eləcə də oğlunun təhsil haqqını ödədiyi nəzərə alındığında, arvadının saxlanılması üçün əlavə 100 manat da tutulması ədalətli olmayacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1372/2021 saylı iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “Cavabdeh 21.11.2001-ci il təvəllüdlü X2 2 (iki) illik təhsil haqqını, əmək qabiliyyəti olmadığı üçün onun universiteti bitirməsinə qədər 175 manatın, 05.07.2019-cu il təvəllüdlü X1 3 yaşına çatana qədər 100 manat məbləğində alimentin xeyrinə tutulması” tələblərinin təmin edilməməsi ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5820/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5820/2021
17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver