Məhkəmə qərarları › İş №2(103)-5822/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5822/2022

27.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5822/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakları ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 oğluna qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Yuxarıda qeyd edilən mənzil cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir, cavabdehlərə mənzilin boşaldılmasına dair dəfərlərə müraciət etməsinə baxmayaraq onlar mənzili boşaltmamışlar, bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 üzərinə ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması, mənzilin əvvəlki vəziyyətə gətirilməsi, cavabdehlər tərəfindən mənzildən istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Nizami Rayon Məhkəməsinin 2(007)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil boşaldılaraq, İddiaçı təhvil verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələrin qadağan edilməsi, iddianın verildiyi xx.xx.2022-ci il tarixdən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı faktiki təhvil veriləcəyi günədək aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq, İddiaçı ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermiş, digər cavabdehlər qətnaməni mübahisləndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdeh3 qətnamədən apellyasiya şikayət verib və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, nə o, nə də bacısı Cavabdeh1 həmin mənzilidə yaşamamışlar. Həmçinin işə baxılarkən ona və bacısı Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Bu səbəbdən, qətnamənin iddia tələbinin Cavabdeh3 aid təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, şikayət Cavabdeh3 tərəfindən verilsə də, mahiyyət etbarı ilə Cavabdeh2 mövqeyini əks etdirir. Qətnamə qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, rayon məhkəməsinin qətnaməsi çıxana kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 onunla yaşayırdı, qətnamə qəbul edilən vaxtdan onlar orada yaşamırlar.

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız Cavabdeh3 bir dəfə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, onun vəsatəti ilə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təxirə salınmış, daha sonra isə xx.xx.2022-ci il tarixdə Cavabdeh3 vəkili Vəkil2 apellyasiya baxışında iştirak edə bilməyəcəyini bildirmiş işə onun iştirakı olmadan baxılaraq şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:

8. "xxxx" MMC ilə X1 və İddiaçı arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, mülkiyyətçi, ünvan 2 ünvanında yerləşən Cəmiyyətə məxsus çoxmərtəbəli yaşayış binasının blok- K, 18-ci mərtəbəsindəki, özünə məxsus, ümumi sahəsi- 87.56 kv.m olan, 2 otaqlı, 689 saylı mənzili yeni mülkiyyətçiyə verir. Cəmiyyət mənzilin yeni mülkiyyətçisinin adına rəsmiləşdirilməsi üçün zəruri sənədləşmə işlərini həyata keçirir. Yeni mülkiyyətçi mənzili mülkiyyətinə qəbul edib mənzilin istismarı ilə bağlı yaranan xərcləri bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir.

9. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının blok-K, 18-ci mərtəbəsindəki, ümumi sahəsi 87.56 kv.m olan, 2 otaqlı, 689 saylı mənzilin sahibi X1 həmin mənzili həyat yoldaşı İddiaçı adına rəsmiləşdirmiş və həmin mənzilə görə borc yoxdur.

10. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, xx/xx-2022 saylı arayışının surətindən görünür ki, Cavabdeh2, övladları Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən binanın “K” girişindəki 689 saylı mənzildə müvəqqəti olaraq qeydiyyatsız yaşayır.

11. 30.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

12. "xxxx" MMC Qiymətləndirmə şirkətinin xx.xx.2022-ci il tarixli, MB 15/0006 saylı arayışından görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin və ətraf ərazidə yerləşən eyni vəziyyətdə olan mənzillərin 1 aylıq orta bazar kirayə qiyməti 400-500 manat arası təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:

13. Azərbaycan Respublikasının Konstitusiyası

14. Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

15. Maddə 29. Mülkiyyət hüququ Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;

18. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

19. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (2018-ci ilin 01 iyul tarixinə kimi qüvvədə olmuşdur). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

27. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

29. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 şikayətinə əsasən yalnız ona aid hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə Kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin onun həmin mənzildə yaşamaması barədə dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh3 bununla bağlı hər hansı sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə məhkəmə kollegiyaının iclasında Cavabdeh2 da rayon məhkəməsində qətnamə qəbul edilənə kimi Cavabdeh3 həmin mənzildə yaşadığını bildrmişdir. Eyni zamanda, hazırkı qətnamənin 10-cu bəndində qeyd olunan "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli, xx/xx-2022 saylı arayışının surətindən görünür ki, Cavabdeh2, övladları Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən binanın “K” girişindəki 689 saylı mənzildə müvəqqəti olaraq qeydiyyatsız yaşayır.

32. Məhkəmə kollegiyası Cavabdeh3 apellyasiya şikayətinin hazırkı iş barəsində ona məlumat verilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, mülki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına məhkəmə iclasları barədə bildirişlər qanunla müəyyən edilmiş qaydada göndərilmişdir, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır (i/v 55, 63, i/v 82-83). Nəticə:

33. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh3 özünə aid edilməlidir.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-601/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh3 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar