Məhkəmə qərarları › İş №2(103)-5824/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5824/2022

07.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5824/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İlkin iddia üzrə Cavabdeh və onun vəkili X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1094/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

2. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, atası X23 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra onun mülkiyyətində olmuş bir sıra əmlaklar miras qalmışdır. Mərhum atasının qanuni vərəsələri hesab olunacaq o, bacısı Cavabdeh və X2 olmaqla 3 nəfər ailə üzvü olmuşdur. X2 həmişə atası ilə birlikdə yaşamaqla bir həyat yoldaşı kimi onun qulluğunda durmuş, xəstə vaxtlarında isə məhz onunla anası atasının qayğısına qalmışlar. Onlardan fərqli olaraq cavabdeh atasının sözünə baxmamış, həmişə ona qarşı hörmətsizlik etmiş, uzun illər bundan qabaq evdən çıxaraq getmiş, adətənənələrinə uyğun olamayan şəkillə valideynlərinə bildirmədən tanımadıqları bir şəxslə ailə qurub sonradan ayrılmış və tək yaşamağa başlamışdır. Cavabdeh həmişə atasından maddi vəsait tələb edərək mübahisə yaratmış, mübahisə zamanı isə onun, eləcə də digər ailə üzvlərinin ünvanına təhqiredici nalayiq ifadələr işlətmişdir. Mərhum atası cavabdehin düz yolda olmadığını, əlinə düşən əmlakı, yaxud pul vəsaitini müxtəlif qanunsuz işlərə sərf edərək israf etdiyini bildiyindən heç zaman ona hər hansı əmlak və yaxud pul vəsaiti verilməsinin tərəfdarı olmamışdır. Atasının sağlığında cavabdehin israfedici hərəkətlərindən biri də ondan ibarət olmuşdur ki, o, heç bir əxlaq və qanun normasına sığmayan israrlı tələbləri və yalanları ilə atasını məcbur edib onun mülkiyyətində olan mənzili öz adına keçirtməyə nail olduqdan bir neçə gün sonra həmin mənzili də satıb pulunu israf etmiş və kirayə evlərdə yaşamağa başlamışdır. Atası xəstə vaxtında, həyatının son günündə bütün əmlakını ona vəsiyyət etdiyini, hətta bununla bağlı vəsiyyətnamə yazıb qoyduğunu bildirib bacısını olduğu evə çağırsa da, cavabdeh atasının yanına gəlib onu dinləmək əvəzinə onun barəsində nalayiq sözlər işlədərək ona ölüm arzulamışdır. Bu yaxınlarda isə aldıqları məlumata görə o, narkotik cinayətinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdir. Təbii ki, atası ona və onun əmlakına qarşı bu cür israfçı və ləyaqətsiz hərəkətlərə yol verən bir şəxsin onun əmlakına sahib olmasını heç zaman istəməzdi və bu istəyini də o, dəfələrlə yaxınlarının yanında bəyan etmişdir. Təsadüfi deyildir ki, atası hələ sağlığında öz əmlakının idarə edilməsi, onların üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlərini notarial qaydada təsdiq edilmiş etibarnamələr ilə yalnız ona etibar etmişdir. Göründüyü kimi, cavabdeh mərhum atasının sağlığında ona qarşı qeyri-qanuni və qeyri-əxlaqi münasibət göstərərək, atasının vəsiyyətini dinləmək üçün onun çağırışına gəlməməklə, əksinə onun barəsində nalayiq ifadələr işlətməklə son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, bununla da özünün vərəsəliyə çağrılmasma və miras paylarının artırılmasına kömək göstərmişlər. Ona görə də hesab edir ki, cavabdeh məhkəmə qaydasında ləyaqətsiz vərəsə sayılmalıdır. Qeyd edilənlərə əsasən Cavabdeh ləyaqətsiz vərəsə sayılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum X9 qızı Cavabdeh digər ailə üzvlərindən fərqli olaraq atasının sözünə baxmamış, həmişə ona qarşı hörmətsizlik etmiş, uzun illər bundan qabaq evdən çıxaraq getmiş, adət-ənənəyə uyğun olmayan şəkildə valideynlərinə bildirmədən, digər ailə üzvlərinin tanımadığı bir şəxslə ailə qurub sonradan ayrılmış və tək yaşamağa başlamışdır. Hesab edir ki, iddia ərizəsində mərhum X9 xəstə vaxtında, həyatının son günündə bütün əmlakını oğlu İddiaçı vəsiyyət etdiyini, hətta bununla bağlı vəsiyyətnamə yazıb qoyduğunu bildirdiyi, onun mərhumun olduğu evə çağırması və onun yanına gəlib onu dinləmək əvəzinə onun barəsində nalayiq sözlər işlədərək ona ölüm arzulaması cəfəngiyyatdan başqa bir şey deyildir. İşin faktiki halları ondan ibarətdir ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra mülkiyyətində olmuş bir sıra əmlaklar miras qalmışdır. Hesab edir ki, onun ləyaqətsiz vərəsə hesab edilməsi yolverilməzdir. Bundan başqa, qeyd etmək istəyir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin icraatında olmuş İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ölüm haqqında tibbi şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə olmuşdur. İş üzrə zərurət yarandığından "xxxx" MMC-yə müvafiq sorğular verilmiş və sorğulara verilmiş cavablar əsasında müəyyən edilmişdir ki, mərhum X14 xx.xx.2021-ci il tarixdə Təcili və X7 Stansiyasının 22 saylı Bölməsinin təcili tibbi maşını ilə “Covid-19 pozitiv”, ikitərəfli pnevmoniya diaqnozu ilə Modul tipli hospitala daxil olmuşdur. xx.xx.2021 -ci il tarixində təxminən saat 15:00 radələrində müalicədən imtina ilə (mərhumun oğlu İddiaçı müalicədən imtina sənədini imzalamış, ola biləcək ağırlaşmalar barədə məlumatlandırılmış və bütün ağırlaşmalar barədə məsuliyyəti öz üzərinə götürmüşdür) evə buraxılmışdır. Evə getdikdən təxmini 5 saat sonra xəstədə bioloji ölüm qeydə alınmışdır. Göründüyü kimi, atasının vəziyyətinin ağır olduğunu bilə-bilə onu xəstəxanadan çıxararaq İddiaçı bununla da atasının bir başa ölümünə səbəb olmuşdur. Belə olan halda, hesab edir ki, İddiaçı ləyaqətsiz vərəsə hesab edilməlidir. Əlavə olaraq qeyd etmək istəyir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin icraatında olmuş İddiaçı cavabdeh "xxxx" MMCyə qarşı “ölüm haqqında tibbi şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixli, 2(011)-1308/2022 saylı qətnaməyə əsasən əsassız hesab edilərək təmin edilməmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməli və ilk iddia ilə birlikdə baxılmalıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, mərhum X9 ağrı vəziyyətdə xəstəxanadan çıxarılması İddiaçı iradəsi ilə baş vermişdir. Halbuki, onların atası müalicəsini davam etdirsə idi, onun sağlamlığına qovuşma imkanı ola bilərdi.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1094/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Qumru Əliyeva).

5. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ilkin iddia tələbləri üzrə tərəflərin münasibətlərinə ləyaqətsiz vərəsə hesab etmənin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcələsinin 1137-ci maddəsinin tətbiqi məsələsini araşdırarkən nəzərə almamışdır ki, ikin iddia üzrə iddiaçı məhkəmənin sadalıdığı dəlillərlə yanaşı cavabdehin atasının ölüm ayağnda çağırışına gəlməməklə onun vəsiyyətini dinləmək istəməməsi ilə bağlı olmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi dəlil və sübutları ayrıayrılıqda deyil, məcmu halında qiymətləndirməklə cavabdehin əməlini istinad olunan maddədə göstərilən hüquqi şərtlər əsasında ləyaqətsiz vərəsənin hərəkətləri kimi qiymətləndirməli idi. Məhkəmə ilkin iddia üzrə iddiaçının təqdim etdiyi sübutları qanunvericiliyin tələbləri baxımından düzgün tədqiq etməmiş və qiymətləndirməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi, cavabdehin mərhum atasına qarşı törətdiyi qeyri-əxlaqi və qanunsuz hərəkətləri təsdiq edən 1 ədəd diskdə öz əksini tapan cavabdehə məxsus səs yazısını məhkəmə, mötəbər sübut kimi qiymətləndirməyərək qeyd etmişdir ki, söhbət zamanı ancaq Cavabdeh səsi qeyd edilmiş, lakin səs yazısının kimə ünvanlamasını və hansı vaxtda qeydə alınmasını müəyyən etmək mümkün olmamışdır. Əvvala, məhkəmə nəzərə almamışdır ki, diskdə olan səs yazısı qarşılıqlı söhbət zamanı deyil, cavabdehin “votsap” mesajlaşma və mübadilə sistemi vasitəsilə göndərdiyi səsli mesajdan əldə edilmişdir. Cavabdehin özü məhkəmə iclasında həmin mesajı anasına göndərdiyini təsdiq etsə də, məhkəmə, həmin səs yazısının kimə ünvanlamasının müəyyən edilməməsi barədə əsassız dəlil irəli sürmüşdür. Bununla yanaşı səs yazısının məzmunda olan ifadələrdən (“Я от тебя больше нечего не хочу. И от твоего долбаёбского мужа”, “И лицо ребенкаты некогда не увидешь. Потому, что вы не достойны видеть этого ребенка. И еще, блят, сказки рассказывать то, что все будет нормальны, дедушка, он не дедушка, он дермо” və s.) açıq-aşkar müəyyən etmək mükündür ki, həmin səs yazısında əks olunan nitq iddiaçının anasına göndərilmiş, məzmununda olan ədəbsiz sözlər isə anasına və atasına ünvanlanmışdır. Məhkəmə iclasında cavabdeh səs yazısına münasibət bildirərkən guya yalnız onun səsinin qeydə alındığını, həmin vaxt onunla söhbət edən anasının səsinin məzmundan qəsdən çıxarılması barədə mövqeyini ifadə etmişdir. Bununla belə həmin səs yazısı üzrə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilərək cavabdehin mübahisələndiridiyi məsələyə, yəni səs yazısından digər səslərin çıxarılıb çıxarılmamasına və s. aydınlıq gətirilməmişdir. Tərəflərin izahatları:

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh və onun vəkili İ.Əsədov qarşı tərəfin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

8. Kollegiya iclasının vaxtı və yeri barədə ilkin iddiaçıya lazımi qaydada məlumat verilməsinə bamayaraq o kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən ilkin iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

11. Belə ki, iş materiallarında olan 01 noyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 31 avqust 2021ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 noyabr 2021-ci il tarixdə 855 nömrəsi ilə qeyd edilmişdir. Ölümün səbəbi “Törədicisi müəyyən olunmamış digər pnevmoniya”dır.

12. XVİİİ-ЖГ seriyalı, 362692 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1988-ci il tarixdə doğulmuşdur. X3, X2dır;

13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili 28 oktyabr 2009-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda X9 adına qeydiyyata alınmışdır;

14. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən mənzili 19 sentyabr 2009-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda X9 adına qeydiyyata alınmışdır;

15. Hədiyyə verən X13 ilə hədiyyə alan Cavabdeh arasında 05 fevral 2021-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, X13 Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili Cavabdeh bağışlamışdır.

16. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən mənzili 17 fevral 2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh adına qeydiyyata alınmışdır;

17. Mülkiyyətçi Cavabdeh, ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti, borcalan və alıcı (ipoteka saxlayan) X11 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli “alqı-satqı və ipoteka” müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən mənzili X5 74000 manata satmışdır.

18. Bakı şəhəri Nizami Rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05Q-289/69 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş Cavabdeh ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları xx.xx.2021-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” X1 sistemi üzrə yoxlama aparılmış və Cavabdeh nikahı haqqında akt qeydi aşkar edilməmişdir.

19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs Cavabdeh qarşı “ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilmə” tələbinə dair iddiası təmin edilməmişdir.

20. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli MH-0063 saylı məktubundan görünür ki, X13 xx.xx.2021-ci il tarixində Təcili və X7 Stansiyasının 22 saylı Bölməsinin təcili tibbi yardım maşını ilə “Covid-19 pozitiv. İkitərəfli pnevmoniya” diaqnozu ilə Modul tipli hospitla daxil olmuşdur. xx.xx.2022-ci il tarixində təxminən saat 15:00 radələrində müalicədən imtina ilə (oğlu İddiaçı müalicədən imtina sənədini imzalamış, ola biləcək ağırlaşmalar barədə məlumatlandırılmış və bütün ağırlaşmalar barədə məsuliyyəti öz üzərinə götürmüşdür) evə buraxılmışdır. Evə getdikdən təxminən 5 saat sonra xəstədə bioloji ölüm qeydə alınmışdır. Təcili yardım briqadaları ölümü təsdiqləsə də, ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Xəstə yaxını Muradov Yavərin qeydiyyatda olduğu poliklinikadan ölüm haqqında tibbi şəhadətnaməni ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xəstə hospitaldan çıxdıqdan sonra 48 saat müddətində evdə ölüm faktı qeydə alınarsa müalicə aldığı hospital ölüm haqqında tibbi şəhadətləndirilmə verə bilər. Məhkəməyə olunan müraciət ərizəsi hospitalımıza xx.xx.2022ci ildə daxil olmuş və artıq səhəri gün X9 adına ölüm haqqında tibbi şəhadətnamə yaxınlarına təqdim edilmişdir. Qeyd edirlər ki, X9 müalicə həkimi Abduyev Zöhrab xx.xx.2022- ci il tarixindən FHN-nin X19 tipli hospitalında həkim vəzifəsində çalışır.

21. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19101)-943/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X12 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir.

22. Azərbaycan Rerpublikasını Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 X15- Narkoloji Tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 5224 saylı Rəyinin surətindən görünür ki, müayinə zamanı Cavabdeh Kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür.

23. "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında, 9 mərtəbəli binada yerləşən 2 otaqlı 7 saylı məznilin əşyalarla birgə xx.xx.2021-ci il tarixinə bazar dəyəri 90000 manat təşkil edir. Hüquqi dəyərləndirmə:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən yalnız ilkin iddia tələbinə dair hissədə yoxlayır.

27. İş materialları əsasında müəyyən edilmişdir ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı və Muradova X6 Gülya Yaşar qızı ilə mərhum X9 birgə nikahlarından doğulmuş övladlarıdır. 31 avqust 2021-ci il tarxidə ilə X13 vəfat etmişdir. Hal-hazırda hər iki tərəf ləyaqətsiz vərəsə hesab edilmə ilə bağlı qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişlər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

29. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

32. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır.

33. Mülki qanunvericiliyə görə, ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi.

34. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir.

35. Kollegiya yuxarıda qeyd edilən hüquq normalarını hazırki mübahisəyə tətbiq edərək qeyd edir, ilkin iddia üzrə iddiaçı cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsə də, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola biləcək, yuxarıda göstərilən qanunvericilikdə müəyyən edilmiş hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmiş, həmin əsaslar iş materiallarında aşkar edilməmişdir.

36. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində iddia tələblərinin əsası olaraq cavabdehin onlarla əlaqəni kəsməsi, mərhum atasına qayğı göstərməkdən imtina etməsi, atası barəsində təhqiredici və nalayiq sözlər ünvanlaması, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi hallarını göstərsə də, qeyd edilənlənlər ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas sayıla bilməz. Belə ki, qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilməsinin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə ilkin iddia üzrə cavabdehin əməllərində həmin hallar müəyyən edilmir.

37. Bundan başqa, ilkin iddiaçı apellyasiya şikayətində məhkəmənin iş materiallarında olan diskə sübut kimi qiymət verməməsi halına istinad etmişdir. Kollegiya həmin diski nəzərdən keçirərək qeyd edir ki, diskdəki söhbət zamanı ancaq ilkin iddia üzrə Cavabdeh səsi qeyd edilmiş, lakin səs yazısının kimə ünvanlanmasını və hansı vaxtda qeydə alınmasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin diski mötəbər sübut kimi qəbul etməməkdə haqlı olmuşdur.

38. Apellyator həmçinin diskdə başqa şəxsə məxsus səsin olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməli olduğunu qeyd etmişdir. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, diskdəki səs yazısında ikinci bir şəxsə məxsus səs yazısının olmaması aşkardır və müəyyən edilməsi üçün xüsusi bilik tələb edilmir. Apellyator diskdəki səsin bu və ya digər bir şəxsə məxsus olmasını mübahisələndirməmişdir. Bu səbəbdən də kollegiya bununla bağlı ekspertiza keçirilməsinə zərurət görmür.

39. Sadalanan xüsusatlara əsasən, kollegiya hesab edir ki, Cavabdeh qeydə alınmış səs yazısı mötəbər sübut hesab oluna və onun layəqətsiz vərəsə hesab edilməsi üçün əsas ola bilmədiyinə görə, ilkin iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

42. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

43. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1094/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar