Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5825/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı2 nümayəndəsi, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 vəkili Vəkil Kamil oğlunun iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 1401/2020 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Milli Bankının rəsmi məzənnəsinə uyğun olaraq 30000 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2017-ci ilin dekabr ayında “Turbo.az” internet saytında 2015-ci il buraxılışlı “Audi A7” markalı Az **-VG-*** dövlət qeydiyyat nişanlı avtomaşının 53200 ABŞ dollarına satışı barədə elan görmüş və bundan sonra xx xxxxxx 2017-ci il tarixdə həmin avtomaşının satış işləri ilə məşğul olan Şəhriyar İbrahimovla danışığa başlamışdır. Avtomobilin üzərinə mavi rəngli vinil çəkildiyinə görə o, maşının qəza keçirməsini və ya boyanmasını avtomobili satan Şəhriyar İmanovdan soruşmuş, Şəhriyar avtomaşının heç bir vuruğunun olmamasını və avtomobilin heç bir qəza keçirməməsini bildirmişdir. Avtomobil “Audi” (Azərbaycan) servis mərkəzində yoxlanılarkən ona yalnız iki dəfə mühərrik yağının, yağ və hava filtrlərinin dəyişdirilməsi, avtomobilin heç bir probleminin olmadığı və qəza keçirmədiyi bildirilmişdir. Avtomobildə cari tarixədək görülmüş işlərin siyahısını istədikdə ona iki dəfə mühərrik yağının, yağ və hava filtrlərinin dəyişdirilməsi barədə sənəd verilmişdir. Avtomaşının heç bir vuruğunun olmamasına əmin olaraq onu almaq qərarına gəlmiş, avtomaşının alqı-satqısı maşının mülkiyyətçisi Cavabdeh tərəfindən İddiaçı1 əmisi oğlu İddiaçı3 adına notarial qaydada təsdiq olunmuş etibarnamənin verilməsi yolu ilə həyata keçirilmişdir. Avtomaşının dəyəri olan 50000 ABŞ dolları məbləğində pul İddiaçı1 atası İddiaçı2 tərəfindən verilmişdir. xx xxxx 2019-cu il tarixdə İddiaçı1 avtomobilin vinil örtüyünün sökülməsi üçün “Cartpoint” şirkətinə müraciət etmiş, vinil söküldükdən sonra məlum olmuşdur ki, avtomobilin bir çox detalında, o cümlədən arxa sol qapısında, arxa sağ və sol qanadlarda, qabaq sağ qanadda və kapotda boya işləri görülmüş, arxa sol qapı və zərbə sensoru dəyişdirilmişdir. Belə vəziyyətdə olan avtomobilin qiyməti 20000 ABŞ dolları olduğu halda, cavabdeh həmin avtomobili ona 50000 ABŞ dollarına satmışdır. Bu səbəbdən ona 30000 ABŞ dolları məbləğində ziyan dəymişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1401/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən apelyasiya şikayəti verən iddiaçılar onun ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynidir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 vəkili Vəkil Kamil oğlu apelyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apelyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Vəkil izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1401/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh mülkiyyətində olan 2015-ci il buraxılışlı “Audi” markalı A7 seriyalı Az ** VG *** dövlət qeydiyyat nişanlı avtomaşını 53.200 ABŞ dollarına satmaq üçün “Turbo.az” saytında elan yerləşdirmiş, avtomaşının satılmasını qohumu X1 tapşırmışdır. İddiaçı1 avtomaşını bəyənərək almış, alqı-satqı xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh tərəfindən İddiaçı1 qohumu İddiaçı3 adına notarial qaydada təsdiq olunmuş etibarnamənin verilməsi yolu ilə sənədləşdirilmişdir. Avtomobilə görə İddiaçı1 atası İddiaçı2 tərəfindən cavabdehə 50000 ABŞ dolları məbləğində pul ödənilmişdir. Sonradan avtomobil İddiaçı2 adına rəsmiləşdirilərək avtomobilə Az ** OX *** dövlət qeydiyyat nişanı verilmişdir. İddiaçılar öz tələblərini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1 və 587-ci maddələri ilə, yəni satıcının alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borclu olması, lazımi keyfiyyətli olmayan əşya verildiyinə görə alıcının satıcıdan alış qiymətinin mütənasib azaldılmasını tələb etmək hüququnun olması ilə əsaslandırmışlar. İşin faktiki hallarından görünür ki, alıcı ilə satıcı arasında alqı-satqı müqaviləsi bağlanmasa da, satıcı öz mülkiyyətində olan avtomobili notarial qaydada təsdiq olunmuş etibarnamə vermək yolu ilə 50.000 ABŞ dolları məbləğində pula satmışdır. İddiaçıların bildirməsinə görə, avtomaşını alarkən onlar həmin avtomaşında hər hansı təmir işlərinin aparılıb-aparılmasını müəyyən etmək məqsədilə rəsmi adı “xxxxxxxxxxxxx” MMC olan “Audi” Azərbaycan servis xidmətinə müraciət etmiş, həmin servis xidməti tərəfindən onlara avtomaşının iki dəfə mühərrik yağının, habelə hava və yağ filtrinin dəyişdirilməsi barədə arayış verilmiş, avtomaşının heç bir qəza keçirmədiyi və hissələrinin dəyişdirilmədiyi bildirilmişdir. Servis xidmətinin arayışına inanaraq onlar real qiyməti 20.000 ABŞ dolları məbləğində olan avtomaşına görə 50.000 ABŞ dolları məbləğində pul ödəmişlər. Ağ rəngli avtomaşının üzərinə mavi rəngli vinil çəkildiyinə görə onlar avtomaşının əvvəllər boyanmasını və bəzi hissələrinin dəyişdirilməsini bilməmiş, avtomaşının satılmasında vasitəçilik edən Şəhriyar adlı şəxs də onları aldadaraq avtomaşının heç bir qəza keçirmədiyini bildirmişdir. Təxminən il yarımdan sonra iddiaçılar avtomaşında olan qüsurları aşkar etmişlər. Cavabdeh nə birinci instansiya məhkəməsində, nə də apelyasiya məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etmədiyinə görə onun iddiaya münasibətini öyrənmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən müvafiq sorğu əsasında İddiaçı1 avtomaşın alarkən aldadılması barədə ərizəsi əsasında Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Bölməsində toplanmış və cinayət işinin başlanması rədd edilmiş materialın surəti tələb olunub iş materiallarına əlavə olunmuşdur. Materiallardan görünür ki, Cavabdeh 27-ci polis bölməsinə verdiyi izahatda 2015-ci il buraxılışlı “Audi” markalı A7 seriyalı Az ** VG *** dövlət qeydiyyat nişanlı avtomaşını 2016-cı ilin noyabr ayında 77.000 ABŞ dollarına “Audi Bakı Mərkəzi”ndən aldığını, həmin avtomaşını bir il sürdükdən sonra satmaq qərarına gəldiyini, avtomaşını satmağı xalası oğlu X1 həvalə etdiyini, Şəhriyar İbrahimovun həmin avtomaşının 53.200 ABŞ dollarına satılması barədə “Turbo.az” saytında elan yerləşdirdiyini, avtomaşının 50.000 ABŞ dollarına Zaur adlı şəxsə satıldığını, avtomaşın satılmazdan əvvəl servis mərkəzində yoxlandığını, servisdə onlara avtomaşının arxa sağ qapısının dəyişdirilməsinin bildirildiyini, avtomaşını alan şəxsin bununla razılaşaraq avtomobili almaq istədiyini bildirdiyini, avtomobildə olan digər boyaq işləri barədə məlumatının olmadığını, satışdan iki il keçəndən sonra Zaur adlı şəxsin Şəhriyara zəng edərək avtomaşının arxa qanad hissəsinin rənglənməsini aşkar etdiyini və “Audi” Bakı Servis Xidmətini məhkəməyə verəcəyini bildirməsini göstərmişdir. X2 izahatında göstərmişdir ki, avtomaşın satılmazdan əvvəl servis xidmətində yoxlanılmış, avtomobilin alıcısı Zaur adlı şəxsə avtomobilin heç bir zədəsinin olmaması barədə məlumat verilmişdir. 2017-2019-cu illərdə “Audi” Bakı Mərkəzində servis məsləhətçisi vəzifəsində işləmiş X5 təhqiqat orqanına verdiyi izahatında göstərmişdir ki, “Audi” markalı Az ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2017-ci il tarixdə Mərkəzin servis xidmətinə gətirilərək elektron diaqnostika və texniki baxış keçirilməsi xahiş olunmuşdur. Avtomobilə müvafiq xidmətlər göstərilmiş, lakin həmin vaxt avtomobilin mülkiyyətçisi həmin avtomobildə hər hansı rəngsaz işlərinin görülüb-görülməməsi barədə arayış almaq üçün servisə müraciət etməmişdir. Bundan əlavə, Mərkəzdə müştəriyə avtomobildə rəngsaz işlərinin görülməsinə dair məlumat verilməsi xidməti mövcud deyil. Yalnız avtomobildə “Audi” Bakı Mərkəzində əvvəllər rəngsaz işləri görülmüşsə və ya avtomobilin xarici detalı Mərkəzdə dəyişilmişsə, avtomobilin mülkiyyətçisinin və ya onu idarə etməyə səlahiyyətli şəxsin müraciəti əsasında bu məlumat verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə görə, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin maddənin ikinci bəndinə görə, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Mülki Məcəllənin 587.1-ci maddəsinə görə, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması;... İddiaçı tərəfindən bildirməsinə görə onlar avtomaşının alınmasından 1 il 6 ay sonra iddiaçılar avtomaşının vinil örütüyünün sökülməsi üçün müraciət etdikdən avtomaşında bəzi detalların dəyişdirilməsini və boyaq işləri görülməsini aşkar etmişlər. Göründüyü kimi, həmin müddət ərzində avtomaşında hər hansı bir nasazlıq aşkar olunmamış, buna görə də iddiaçılarda avtomaşının keyfiyyətinə dair hər hansı şübhə yaranmamışdır. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmadığına görə müqavilənin şərtlərini, o cümlədən avtomaşının keyfiyyətinin alqı-satqı müqaviləsinə uyğun gəlib-gəlmədiyini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçıların üzərinə düşməsinə baxmayaraq, onlar avtomobilin satıcı ilə razılaşdırdıqları keyfiyyət şərtlərinin avtomobilin real keyfiyyətinə uyğun olmamasını sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1401/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5825/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5825/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver