Məhkəmə qərarları › İş №2(103)-5827/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5827/2023

30.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5827/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: özbaşına tikiliyə köçürülmə) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X6, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikiliyə köçürülmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1495/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X14 Həmkarlar İttifaqı Komitəsi X15 birgə yığıncağının xx.xx.1992-ci il tarixli protokoluna və protokol üzrə qəbul edilmiş qərara əsasən sovxozda sağıcı işləyən X12 ev tikməsi üçün 0,08 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.

2. İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “evlərin alqı-satqı müqaviləsi”nə əsasən Cavabdeh1 Bakı şəhəri, Binə qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evini 24.300 manat məbləğə İddiaçı satmışdır.

3. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli bildirişinə əsasən ünvan 2 ünvanı üzrə İddiaçı işıqdan istifadəyə görə 10,72 manat məbləğində ödəniş etmişdir.

4. Cavabdeh1 xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilən ərizəsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Abşeron rayon X18” ünvanında faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı satmışdır. Həmin torpaq sahəsinə və tikiliyə dair heç bir iddiası və tələbi olmayacaq. Hər hansı bir mübahisə yaranarsa, şəxsən özü məsuliyyət daşıyacaq.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 ha torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, özünə fərdi yaşayış evi almaq üçün evlərin alqı-satqısı ilə məşğul olan şəxs vasitəsilə cavabdeh ilə tanış olmuşdur. Cavabdeh tərəfindən ona bildirilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində, faktiki istifadəsində olan 0.02 ha torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan, 3 otaqlı fərdi yaşayış evini satır. Cavabdehlə fərdi yaşayış evinə baxış keçirilmiş və mətbəx mebeli də daxil olmaqla fərdi yaşayış evinin 24.300 manata alqısatqısına razılıq əldə edilmişdir. Fərdi yaşayış evinə dair hüquq-müəyyənedici sənəd olmadığından alqı-satqı prosesi vasitəçi Hüseyn Malikovun işlədiyi ofisdə həyata keçirilmiş, alqı-satqı prosesi, razılıq və pulun verilməsi videoya yazılmışdır. Onun tərəfindən cavabdehə 24.300 manat pul tam şəkildə verilmiş, alqı-satqı xx.xx.2022-ci il tarixli “evlərin alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********997 saylı ərizə ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Abşeron rayon X18” ünvanında faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı satmış, həmin torpaq sahəsinə və tikiliyə dair heç bir addım və tələbi olmayacaqdır. Eyni zamanda, ərizə ilə hər hansı bir mübahisə yaranarsa, şəxsən özünün cavabdehlik daşıyacağını etiraf etmişdir. Cavabdeh ondan 1 ay möhlət istəmiş və onun tərəfindən vaxt verilmişdir. Qeyd edilən müddət bitdikdən sonra evə köçmüşdür. Lakin evə köçdükdən bir neçə gün sonra evdə olmadıqlarından istifadə edən cavabdehin həyat yoldaşı hasardan həyətə keçərək evə daxil olmuş və evdən çıxmamışdır. Nəticədə, bu gün o, min bir əziyyətlə, manat-manat topladığı və əlində olmuş yeganə pul vəsaitini verib aldığı evə girib yaşaya bilmir. Baxmayaraq ki, ona məxsus olan bütün əşyalar həmin evdədir. İndi isə getməyə başqa yeri yoxdur. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də, cavabdehin bu cür qanunsuz hərəkətlərinə son qoyulmalı və o, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində faktiki istifadəsində olan 0.02 ha torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan, 3 otaqlı fərdi yaşayış evinə köçürülməlidir. O, yeganə yaşayış yerindən məhrum edilmişdir və məhrumedilmə qanunsuzdur. Ona məxsus olan bütün əşyalar da mübahisəli mənzildədir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-539/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir.

8. Bundan sonra İddiaçı ərizəsinə əsasən Cavabdeh2 və Cavabdeh3 cavabdeh qismində mülki işə cəlb edilmişdilər.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1495/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “özbaşına tikintiyə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X5)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçı mübahisəli evə dair sərəncam vermək, o cümlədən yaşayış evinə köçürülməsini tələb etmək hüququna malik deyildir. Bu səbəbdən, məhkəmə belə qənaətə gəlmişdir ki, özbaşına inşa edilmə nəticəsində yeni yaranmış əmlak olan mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehlərin adına qeydə alınmadığından, iddiaçının mübahisəli evə hər hansı bir hüququ əmələ gəlməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan iddia rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci, 178.2-ci, 180.1-ci,180.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci, 67.4cü, 68-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci, 14.2-ci, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 məhkəmə prosesində mübahisəli evin atasına məxsus olmasını, həmin evin atası tərəfindən 2017-ci il tarixdə yarı tikili vəziyyətdə Sofiya adlı şəxsdən alındığını və sonradan tikintini davam etdirdiyini bildirmişdir. Lakin məhkəmə prosesləri zamanı bu halı sübut edən faktlar, sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə də cavabdehin heç bir fakta dayanmayan arqumentlərini təkzibedilməz sübut olaraq dəyərləndirmişdir. Eyni zamanda, cavabdehdən etirazının əsasını təşkil edən halları sübut edəcək sənədlər məhkəmə tərəfindən tələb edilməmişdir. Cavabdehin atası Cavabdeh3 isə cavabdeh olduğu məhkəmə prosesləri barədə məlumatlı olsa da, məhkəmə proseslərində iştirak etməmiş, qeyd edilən arqumenti sübut edən faktları (sənədləri) məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikası ərazisində ən üstün hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 43.1-ci maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrum etmələrin əsasında qanun dayanmalıdır. Odur ki, məhkəmə iddiaya baxan zaman formalaşmış məhkəmə təcrübəsinə əsasən ilk növbədə aşağıdakı halları aydınlaşdırmalı idi ki, onun köçmək istədiyi mənzildə yaşamışdırmı; o, yaşadığı yerdən məhrum edilmişdirmi; məhrumedilmə qanunidirmi. İddia ərizəsində qeyd edilənlərə əsasən, 1-ci və 2-ci hal mövcuddur. Belə ki, o, mübahisəli fərdi yaşayış evini cavabdeh X8 almışdır və həmin evə köçərək evdə yaşamışdır. Sonradan yaşadığı mənzildən qanunsuz əsaslarla məhrum edilmişdir. Ona görə də üçüncü halın mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticənən hərəkətlərə (güc tətbiq etmə ilə mənzildən çıxarılma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ olsun. Əgər həmin şəxsin mülkiyyət hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdeh2 və Cavabdeh3 ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməyib və həmin şəxslərin ona qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Göründüyü kimi, cavabdehlər qeyd edilən qadağanedici normanı pozmuşlar və bu gün də pozuntu davam edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konsitusiyasının hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Məhz bu səbəbdən ona qarşı bu qanun pozuntusunun nəticələri aradan qaldırılmalı və o azyaşlı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. İş üzrə cavabdeh olan Cavabdeh1 bütün məhkəmə proseslərinə iştirak etmiş, iddianı qəbul etmiş, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Yuxarıda qeyd edilən səbəblərdən hazırki iş üzrə çıxarılmış qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarından da göründüyü kimi, iddiaçı mübahisəli mənzilə köçmüş, həmin mənzildə yaşamışdır. Hətta işıq və qaz sayğacı onun adına rəsmiləşdirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.

16. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli ev onun atası tərəfindən 2017-ci ildə yarımtikili vəziyyətdə alınmış və atasının vəsaiti hesabına inşa edildikdən sonra 2018-ci ilin oktyabr ayında onlar evə köçmüşdülər. O, 2022-ci ilin iyun ayının əvvəllərində yay tətili ilə bağlı uşaqları ilə birlikdə rayona getmiş və xx.xx.2022-ci il tarixdə rayondan qayıdanda qeyd edilən tikilidə başqa şəxslərin yaşadığını görmüşdür. Həmin vaxt o, digər cavabdeh Elşənlə boşanmamış, məsələyə aydınlıq gətirilməsi üçün Elşənə zəng etmiş, lakin Elşən telefon zənginə cavab verməmişdir. Sonradan Elşən ona evi satdığını bildirmişdir. Halbuki, evin satılmasına onun nəinki razılığı, ümumiyyətlə məlumatı olmamışdır. Həyat yoldaşının borcları olduğu üçün ilk vaxtlar evi satmaq niyyətləri olmuş, bu məqsədlə evə alıcı da dəvət olunmuşdur. Lakin sonradan fikirlərindən daşınmışlar. Lakin hazırki iddiaçını ümumiyyətlə tanımır və alıcı kimi evində görməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X13 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, əmlak satışı sahəsində agent fəaliyyəti ilə məşğuldur. Cavabdeh1 müraciəti əsasında ona məxsus evin satılması ilə bağlı evdə çəkiliş aparmışlar və evi müxtəlif müştərilərə göstərmişdilər. Cavabdeh1 evdə olmayanda evin müştərilərə göstərilməsində Cavabdeh2 onlara köməklik etmişdir. İddiaçını mübahisəli fərdi yaşayış evinə baxmağa gələndə evdə heç kim olmamış, açarın yerini bildiklərindən onlara verilmiş icazəyə uyğun olaraq, açarı şərtləşdirilmiş yerindən götürərək, qapını açıb iddiaçıya evi göstərmişdilər. İddiaçı ümumilikdə evə iki dəfə baxmış və nəticədə bəyənmişdir. Cavabdeh2 alqı-satqıda olmamışdır. Hətta onun alqı-satqıda iştitakının təmin edilməsini Cavabdeh1 xahiş etmiş, lakin Elşən ona uşağının telefonda olan şəkillərini göstərərək, Aynurun hazırda uşaqla birlikdə xəstəxanada olduğunu və bu səbəbdən iştirak edə bilməyəcəyini söyləmişdir. Bu səbəbdən alqı-satqıda iştirak üçün Elşənin qardaşını rayondan gətizdirmişdilər.

18. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyasının: 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

24. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası tərəflərin izahatını, habelə şahidin ifadəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və onlardan yaşayış sahəsi kimi istifadə edilməsi orada şəxslərin yaşamasını və zərurət yarandıqda köçürülməsini hüquqi baxımdan mümkün edir. Belə olan halda, özbaşına tikintiyə köçürülmə barədə iddiaların birmənalı şəkildə təmin olunmaması sosial ədalət prinsiplərinə uyğun olmayan bir mövqedir. Bu qəbildən olan iddiaların uğurluluğu həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən, köçmək istəyən şəxsin həmin tikintiyə hər hansı hüququnun yaranıb-yaranmamasından, habelə onun tikintinin sahibinə münasibətdə hüquqi statusundan asılıdır.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, Cavabdeh1 Cavabdeh2 keçmiş əri, Cavabdeh3 isə keçmiş kürəkənidir. Onların arasında bağlanmış nikah Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1248/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar Cavabdeh2 yanında saxlanılmışdır. Birgə nikahda olan dövrdə, yəni 2018-ci ildə tərəflər mübahisəli evə köçmüşlər. Həmin evin yerləşdiyi 0,02 ha torpaq sahəsi X14 Həmkarlar İttifaqı Komitəsi X15 birgə yığıncağının xx.xx.1992-ci il tarixli protokoluna və protokol üzrə qəbul edilmiş qərara əsasən sovxozda sağıcı işləyən X12 ev tikməsi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin bir hissəsidir. Belə ki, X16 həmin torpağın 0,02 ha hissəsi ilə bağlı səlahiyyətləri xx.xx.2022-ci il tarixli etibarnamə ilə xx.xx.2091-ci il tarixədək Cavabdeh3 vermişdir. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə aralarında bağlanmış müqaviləyə və tərəfindən verilmiş notarial qaydada ərizəyə əsasən evi 24.300 manat pula İddiaçı satmışdır.

29. Cavabdeh2 evin yarımtikili vəziyyətdə onun atası tərəfindən 2017-ci ildə alındığını və atasının vəsaiti hesabına inşa edildiyini, atasına məxsus olduğunu, onların həmin evdə müvəqqəti yaşadıqlarını bildirir, Cavabdeh1 isə evin onun tərəfindən 2016-cı ildə alındığını qeyd edir. Lakin Cavabdeh2 özü də ilk öncə evi satmaq istədiklərini, hətta bu məqsədlə evə alıcı da dəvət etdiklərini, lakin sonradan fikrindən daşındığını söyləyir. Bu barədə qərarın atası tərəfindən qəbul olunduğunu və ya alqı-satqıdan əldə edəcəkləri pulun Cavabdeh3 veriləcəyini göstərmir, maddi ehtiyaclarının yaranması ilə əlaqələndirir. Qeyd edilənlər də öz növbəsində həmin evin onların birgə nikahda olduqları və birgə təsərrüfat apardıqları dövrdə, birgə gəlirlər hesabına əldə edilməsi (inşa edilməsi) və məhz onlara məxsus olması qənaətinə gəlməyə əsas yaradır.

30. Bununla belə, mübahisəli ev mülkiyyət kimi dövlət qeydiyyatına alınmamış, həmin əmlak üzərində hər hansı şəxsin mülkiyyət hüququ tanınmamış, əmlak hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Evin cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 nikahda olduqları və birgə təsərrüfat apardıqları dövrdə əldə edilməsi (inşa edilməsi) evdən istifadə və ona sahiblik etmək, o cümlədən evdə yaşamaq baxımından onlara eyni və bərabər hüquqlar yaradır. Başqa sözlə, bu ev dəyəri olan əmlakdır və həmin dəyərdə Cavabdeh2 da payının olması onun evə münasibətdə eyni hüquqlarını yaratmış olur. Evlə bağlı onların hər hansı birinin digərinə münasibətdə hər hansı üstün hüququ yoxdur.

31. Belə olan halda, yalnız Cavabdeh1 razılığı əsasında iddiaçının mübahisəli evə hər hansı hüququ yarana bilməzdi. Bunun üçün həmçinin, Cavabdeh2 da razılığı olmalı idi. Belə ki, evin mövcud hüquqi vəziyyəti onun mülki qanunvericiliklə müəyyən edilmiş qaydada iddiaçının xeyrinə özgəninkiləşdirilməsini qeyri-mümkün, onun evə münasibətdə mülkiyyət hüququnun yaranmasını isə istisna edir. Bu baxımdan iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi etibarsızdır. Həmin ev mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alındığı təqdirdə belə, yenə də onun özgəninkiləşdirilməsi Cavabdeh2 razılığı əsasında mümkün ola bilər.

32. Lakin mübahisəli evin alq-satqısına dair xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, həmin prosesdə Cavabdeh2 iştirak etməmişdir. Müqavilənin arxa hissəsində onun bağlanmasında şahid kimi iştirak etmiş 7 şəxsin adı, soyadı və imzası qeyd edilmişdir. Cavabdeh2 bu şəxslər sırasında da yer almamışdır. İddiaçı evi əldə etməmişdən əvvəl ona baxdığını, lakin Cavabdeh2 evdə görmədiyini bildirir. Alqı-satqının reallaşmasında vasitəçi olan və məhkəmədə şahid kimi ifadə verən X2 Aynur İsrail qızının evi başqa müştərilərə göstərməkdə köməklik etdiyini, lakin iddiaçı evə baxan zaman və ya onunla alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh2 orada olmadığını bildirir. Nə iddiaçı, nədə ki, X3 Elşən Cavid oğlu tərəfindən evin iddiaçıya satılması barədə Cavabdeh2 hər hansı formada məlumat verilməsinin şahidi olmamışdılar, bu barədə hər hansı fikir söyləyə bilmirlər.

33. Yalnız Cavabdeh1 bu mövqedən çıxış edərək, Cavabdeh2 evin satılması barədə məlumat verdiyini bildirir, lakin o da bu barədə hər hansı sübut təqdim edə bilmir, bunu yalnız söz olaraq söyləyir. Halbuki, onlar həmin vaxt normal ər-arvad münasibətində idi və vaxtı ilə həqiqətən də qarşılıqlı razılıq əsasında evi satmaq niyyətində olmuşdular. Belə olan halda, əgər Cavabdeh2 evin iddiaçıya satılmasına razılığı olmuşdursa, bu razılıq hər hansı formada (o və ya ən azı onun atası Cavabdeh3 da alqı-satqıda iştirak edərdi, müqaviləni sonradan imzalayardı, hazırda geniş istifadə olunan “whatsapp” proqram tətbiqi vasitəsi ilə ona göndərilmiş və ya onun göndərdiyi yazı və ya səs ismarıcı) özünü biruzə vermiş olardı. Başqa sözlə, bu razılığı təsdiq edə biləcək xeyli sayda sübut qarşılığında hər hansı sübut təqdim edilmir. Nəzərə alınmalıdır ki, Cavabdeh1 da birinci instansiya məhkəməsində verdiyi izahatda daha çox evin ona məxsus olması, evin və orada olan əşyaların onun tərəfindən alınması mövqeyindən çıxış edir və xx.xx.2023-cü il tarixli məhkəmə iclasında onların hər ikisinin iştirak etməsinə baxmayaraq, Cavabdeh1 yalnız “ev satılan zaman arvadım Aynur rayonda olsa da evin satılması barədə ona məlumat vermişəm” cümləsini işlədir. Lakin Cavabdeh2 suallar verməklə və ya konkret hallar və hadisələrə istinad etməklə onun alqı-satqı barədə məlumatlı olmasını təsdiq etməyə heç cəhd də göstərmir. Qeyd edilənlər öz növbəsində xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsi bağlanan zaman Cavabdeh2 rayonda olmasını və bu alqı-satqı barədə məlumatının olmadığını, bu barədə yalnız Bakı şəhərinə qayıdan və evə gələndə evdə başqa şəxsin yaşadığını görən zaman məlumat əldə etdiyini birmənalı şəkildə təsdiq edir.

34. Bununla belə, Cavabdeh2 mübahisəli evə yaranmış hüquqlarından hər hansı şəxsin, o cümlədən iddiaçının xeyrinə hər hansı formada imtina etməmişdir. Bu da öz növbəsində həmin evlə bağlı iddiaçı ilə Cavabdeh1 arasında olan hər hansı razılaşmanı əhəmiyyətsiz edir və iddiaçının həmin evə hər hansı, o cümlədən istifadə və sahiblik hüququnun yaranmasını istisna edir. Mövcud vəziyyətdə iddiaçının evə münasibətdə hər hansı subyektiv hüququ yaranmamış, onun evə köçürülməsi üçün hər hansı əsas yoxdur. İddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli müqavilə və notarial qaydada təsdiq edilmiş ərizə isə iddiaçının məhkəmə qaydasında Cavabdeh1 mübahisəli tikiliyə görə ödədiyi pul vəsaitini geri tələb etmək hüququnu yaradır.

35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsinə və iddianın hər hansı formada təmin edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1495/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar