Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5828/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5828/2025 (Açar sözlər: işə bərpa və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa tələbinə dair" mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3771/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qətnaməsindən və 27 avqust 2025-ci il tarixli əlavə qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 21 Dekabr 2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixində əmək müqaviləsi bağlanaraq cavabdeh təşkilata direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 4000 manat məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir.
2. Cavabdeh MMC-nin Ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2025-ci il tarixində HR xx-xx/2025 saylı əmrlə işdən azad olunmuşdur.
3. xx.xx.2025-ci il tarixli HR xx-xx/2025 saylı əmrdən görünür ki, Əmək muqaviləsinin 10.4.4-cü maddəsi nəzərə alınmaqla, Cavabdeh MMC-i ilə X6 arasında imzalanmış 21 dekabr 2025-cü il tarixli əmək müqaviləsinə 02 aprel 2025-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2 (e) maddəsinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2025-ci il tarixli, HR xx-xx/2025 saylı əmrin ləğv edilməsi, onun yenidən Cavabdeh MMC-yə direktor vəzifəsinə bərpa edilməsi, qanunsuz işdən çıxarıldığına görə xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi, 1500 (bir min beş yüz) manat vəkil xərci, 57.75 manat mediasiya ödənişinin Cavabdeh MMC-dən tutularaq ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MMC (bundan sonra MMC) arasında xx.xx.2023-cü il tarixində əmək müqaviləsi bağlanaraq cavabdeh təşkilata direktor vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi müddətsiz bağlanmışdır və həmin müqaviləyə əsasən işçiyə hər ay 4000 (dörd min) manat gross məbləğdə əmək haqqının ödənilməsi qeyd edilmişdir. MMC-nin Ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarı ilə o, xx.xx.2025-ci il tarixdə HR xx-xx/2025 saylı əmrlə işdən azad olunmuşdur. Aşağıdakı əsaslara görə əmri qanunsuz hesab edir: xx.xx.2025-ci ildə təsisçilərin ümumi yığıncağı keçirilsə də, onun iştirakı təmin olunmamış və işdən çıxarılması barədə yalnız xx.xx.2025-ci il tarixdə məlumatlandırılmışdır və həmin tarixdə əmrlə tanış edilmişdir. Halbuki MMC-nin Ümumi Yığıncağının xx.xx.2025-ci il tarixli qərarında onun işdə olmasının sonuncu günü xx.xx.2025-ci il göstərilsə də, həmin tarixdə o, öz vəzifələrini icra etmiş, işdən azad olunması barədə məlumatsız olmuşdur. xx.xx.2025-ci il tarixdə də eyni ilə öz vəzifələrinin icrasını görmək üçün iş yerinə gəldikdə şifahi olaraq işdən azad olunması barədə ona məlumat verilmişdir. Onun son iş tarixi xx.xx.2025-ci il tarixi olsaydi, xx.xx.2025-ci il tarixdə işə gəlməzdi və əmr də xx.xx.2025-ci il tarixində imzalanmalı idi. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Göründüyü kimi qərarda son iş günü xx.xx.2025-ci il göstərilsə də, onun faktiki son iş günü xx.xx.2025-ci il olmuşdur. Həmin Maddənin 2ci və 3-cü bəndlərinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. MMC işdən azad olma ilə bağlı qərar verərkən xx.xx.2025-ci il tarixli Əmək Müqaviləsinin 10.4.4-cü maddəsinə istinad etmişdir. Halbuki Əmək müqaviləsinin 10.4.4-cü maddəsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Əmək Məcəlləsində işçinin dərhal işdən azad olunması məsələsi nəzərdə tutulmamışdır. Buna görə də hazırki maddə bağlandığı tarixdən etibarsızdır. Bundan başqa, o, müəssisənin direktoru olduğuna görə əmri özü imzalamalı olduğu halda onun adından əmr hazırlansa da, əmr onun tərəfindən imzalanmamışdır. Onun işdən azad olunması barədə bildiriş də elektron sistemə mühasib tərəfindən asan imza ilə əlavə olunmuşdur. MMC-nin Ümumi Yığıncağının xx.xx.2025-ci il tarixli qərarında onun işdən çıxarılma səbəbi kimi MMC-nin maliyyə vəziyyətinin pisləşməsi, mənfəətin olmaması göstərilsə də əmək müqaviləsində buna görə onun məsuliyyət daşımalı olması və yaxud da bu əsasla işdən azad oluna biləcəyi göstərilməmişdir. Həmçinin, o, direktor vəzifəsinə qəbul olunan zaman MMC-nin maliyyə vəziyyəti mənfidə olmuşdur. Onun direktor olduğu ildə isə MMC mənfidən çıxmışdır. Əmək müqaviləsinin 10.3-cü maddəsində bu müqavilənin AR Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq ləğv edilməsi nəzərdə də tutulsa da ona münasibətdə qanunvericiliyin tələbləri pozulmuşdur. Həmçinin hesab edir ki, cavabdeh MMC tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur.
6. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı qeyd edir ki, Cəmiyyətin xx.xx.2025-ci il tarixdə keçirilmiş Ümumi Yığıncağında onun iştirakı təmin edilməmişdir.Cəmiyyətin iştirakçılarının Ümumi Yığıncağında cəmiyyətin paylarının əlli faizindən artıq hissəsinə malik olan iştirakçıları iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Hazırda xx.xx.2025-ci il tarixli qərar "X3" MMC-nin növbədənkənar Ümumi Yığıncağında, onun yeganə təsisçisi X8 tərəfindən qəbul edilmiş və o, ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirmişdir. İddiaçı həmçinin qeyd edir ki, Ümumi Yığıncağın qərarında iddiaçının son iş günü 1 aprel 2025-ci il göstərilsə də, o, 2 aprel 2025-ci il tarixində işdən azad edilmişdir. O, həmçinin 1 aprel 2025-ci il tarixdə öz əmək funksiyalarını icra etmiş və onun yalnız 2 aprel 2025-ci il tarixdə işdən çıxarıldığı barədə məlumatı olmuşdur. Göründüyü kimi, iddiaçı ilə əmək münasibətlərinə, Konstitusiya Məhkəməsinin Qərarında göstərildiyi kimi, Mülki Məcəllənin tələblərinə uyğun xitam verilmiş və onunla son haqq-hesab Əmək Məcəlləsinin normalarına uyğun aparılmışdır. Odur ki, iddiaçının bu arqumenti də əsassızdır. İddiaçı daha sonra qeyd edir ki, Cəmiyyət işdən azad etmə qərarını əmək müqaviləsinin 10.4.4-cü maddəsinə əsasən əsaslandırsa da, həmin maddə qanunvericiliyə zidd olduğundan etibarsızdır, çünki Əmək Məcəlləsində işçinin dərhal işdən azad olunması nəzərdə tutulmayıb. İlk olaraq qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin 10.4.4- cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2 (d) maddəsini rəhbər tutaraq, işçi birmənalı olaraq razılaşır ki, "X3" MMC-nin baş direktoru vəzifəsindən azad edilməsi barədə qərarı bu müqavilənin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 75.2 (d) maddəsinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar .Göründüyü kimi, tərəflər əmək müqaviləsinin ləğvi səbəblərindən biri kimi Cəmiyyətin Ümumi Yığıncağının direktorun səlahiyyətlərinə xitam verilməsinə dair qərarını göstərmişlər. İddiaçı isə həmin əmək müqaviləsini imzalamaqla şərti qəbul etmişdir. Ümumiyyətlə qeyd edilməlidir ki, hüquqi şəxslə hüquqi şəxsin icra orqanının arasında olan münasibət daha çox mülki xarakterlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir. Həmçinin Mülki Məcəllənin 91.3.2-ci maddəsinə əsasən cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. Göründüyü kimi, hüquqi şəxs ilə onun icra orqanı (direktoru) arasında olan münasibət daha çox mülki xarakter daşıyır, cəmiyyətin direktorunun səlahiyyətlərinə də xitam verilməsi mülki qanunvericiliyə əsasən həll edilməlidir. Mülki Məcəlləyə görə isə direktorun səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyəti olduğundan hazırkı halda da Cəmiyyətin təsisçisi iddiaçının səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul etməkdə və həmin qərar əsasında da tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur. Bundan başqa, iddiaçı qeyd edir ki, o, Cəmiyyətin direktoru olduğuna görə əmək müqaviləsinə xitam verilməsinə dair əmri də o, imzalamalı idi. Qeyd edilməlidir ki, KM Qərarında təsbit edilmiş mövqeyə uyğun olaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işəgötürən qismində Cəmiyyətin yeganə təsisçisi çıxış etmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Hazırkı mübahisədə isə təsisçi işəgötürən qismində çıxış etdiyindən, əmr də onun tərəfindən qəbul edilmiş və müvafiq olaraq iddiaçıya təqdim edilmişdir. İddiaçı son olaraq iddia ərizəsində göstərmişdir ki, Cəmiyyətin ümumi yığıncağının qərarına əsasən, iddiaçının işdən çıxarılma səbəbi kimi Cəmiyyətin maliyyə vəziyyətinin pisləşməsi göstərilmişdir. Halbuki, əmək müqaviləsində buna görə məsuliyyəti iddiaçının daşımalı olduğu və ya bu əsasla işdən azad oluna biləcəyi təsbit edilməmişdir.Halbuki, Cəmiyyətin ümumi yığıncağının 26 mart 2025-cü il tarixli qərarında iddiaçının səlahiyyətlərinə xitam verilməsi səbəbi ümumiyyətlə göstərilməmişdir. Mülki Məcəllənin 91.3-cü maddəsinə əsasən, icra orqanının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir və belə xitam üçün hər hansı bir səbəb tələb olunmur. Lakin qeyd edilməlidir ki, ümumilikdə hüquqi şəxsin icra orqanı həmin hüquqi şəxsin maliyyə vəziyyətinin pisləşməsinə görə məsuliyyət daşıya bilər. Belə ki, Mülki Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Həmçinin, Əmək Məcəlləsinin 193-cü maddəsinə uyğun olaraq, mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir." İddiaçı isə iddia ərizəsində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Odur ki, iddia tamamilə əsassızdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5-98/2-254 /2025 nömrəli sorğu məktubuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 iyul 2025-ci il tarixli, 3-21-2-1/2- 75606/2025 saylı məktubuna əlavə edilmiş ASAN imzası ilə aparılan əməliyyatlara dair çıxarışdan görünür ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixləri aralığında İddiaçı ASAN imzası ilə əməliyyatların aparılması müəyyən edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3771/2025 nömrəli 12 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülşən Fərəcova) iddia rədd edilmişdir.
9. Məhkəmənin 27 avqust 2025-ci il tarixli əlavə qətnaməsi ilə 200 manat məbləğində hüquqi xidmətin göstərilməsi ilə bağlı xərclər İddiaçı tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cəmiyyətin icra orqanın rəhbərinin səlahiyyətinə ümumi yığıncağın qərarı ilə xitam verilməsi mümkündür və bu xitam məsələsi Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunduğu kimi, Mülki Məcəllə ilə tənzimlənir. Hazırkı işdə iddiaçının fəaliyyətinə xitam verilməsi ilə bağlı ümumi yığıcağın qərarı olduğundan əmrin verilmə tarixinin bir gün sonra olması iddiaçının yenidən işə bərpasına əsas verə bilməz. Həmcinin, iddiaçı öz iddia ərizəsində yalnız əmri mübahisələndirmiş, onun ləğv olunmasını tələb etmişdir, ümumi yığıncağın qərarını yox. Halbuki, mübahisələndirilən əmr məhz cəmiyyətin ümumi yığıncağının qərarı əsasında qəbul edilmişdir.
11. Əmək müqaviləsinin 10.4.4-cü maddəsinin etibarsızlığı ilə bağlı isə məhkəmə qeyd etmişdir ki, icra orqanının rəhbəri ilə cəmiyyət arasında müqavilə bağlamış, iddiaçı müqavilə bağlayarkən həmin şərtlə tanış olmuş və iradə ifadəsi göstərərək müqaviləni imzalanmışdır. İddiaçının həmin şərtin etibarsızlığı ilə bağlı yeganə dəlili Əmək Məcəlləsində əmək müqaviləsinə dərhal xitam verilməsi ilə bağlı müddəanın olmaması olmuşdur, həmin bəndin etibarsızlığına səbəb olan digər dəlilləri məhkəməyə təqdim etməmiş və bildirməmişdir.
12. Məhkəmə hesab etmişdir ki, tərəflər əmək müqaviləsində onun xitam olunması əsaslarını özlərinin qarşılıqlı razılığı əsasında müəyyən etmək səlahiyyətinə malikdirlər. Beləliklə, tərəflər arasındakı əmək müqaviləsinin 10.4.4-cü bəndi həm Mülki Məcəllə, həm Əmək Məcəlləsinin normalarına uyğundur.
13. İddiaçı həmçinin direktor olduğundan əmri özü imzalamalı olduğu halda onun tərəfindən imzalanmamasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan əmək müqaviləsinin və əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin surətindən görünür ki, əmək müqaviləsi işəgötürən kimi kim tərəfindən imzalanmışdırsa, əmr də həmin şəxs tərəfindən imzalanmışdır. Yəni, Cavabdeh MMC-nin yeganə iştirakçısı olan “Moovie Holding Limited” şirkətinin direktoru X7muşdur. İddiaçı isə həmin şəxsin əmək müqaviləsini bağlamaq və xitam vermək səlahiyyətinin olub-olmamasını mübahisələndirmir, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda bunu təsdiq etmişdir.
14. İddiaçı ilə əmək münasibətlərinə xx.xx.2025-ci ildə xitam verilsə də, onun elektron imzasından xx.xx.2025-ci ilədək istifadə edilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının, adına olan elektron imzadan istifadə edilməsini öz hüququnun pozuntusu kimi qiymətləndirməsi mümkündür və bunun üçün müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Lakin hazırkı işin əmək mübahisəsinin mahiyyəti üzrə həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Elektron imzadan istifadə edilməsi faktı iddiaçının yenidən işə bərpa edilməsinə əsas verə bilməz. İşə bərpa üçün yalnız işdən azad etmənin qanunsuzluğu öz təsdiqini tapmalıdır.
15. Əlavə qətnaməyə münasibətdə məhkəmə hesab etmişdir ki, nümayəndəlik xərclərinin yalnız işin xarakteri və mürəkkəbliyinə adekvat hissəsinin qarşı tərəfin üzərinə qoyulması qəbul edilmişdir. Bu baxımdan, iddiaçının üzərinə yalnız 200 (iki yüz) manat məbləğində nümayəndəlik xərci qoyulması ağlabatan və qanuna uyğun hesab edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 68, 75, 71.3, 300.1, Mülki 91.1, 91.1-1, 91.1-3, 91.1-7, 91.3.2, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən və əlavə qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onların ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayətində iddia ərizəsində sadalananlar göstərilməklə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli təsisçilərin ümumi yığıncağında icra orqanına təyin olunmuş direktorun vəzifədən azad olunması və digər direktorun təyin olunması məsələsi müzakirə olunmuşdur. MM-nin 49.5-ci maddəsində hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Lakin İddiaçı MMC-yə hər hansı bir ziyan vurması ilə bağlı hallar mövcud deyildir. Əksinə, İddiaçı işlədiyi dövr ərzində MMC adından çıxış edərək və MMC-nin mənafeləri üçün vəzifələrini yerinə yetirərək vicdanla, peşəkar qaydada hərəkət etmiş, MMC-nin maraqlarını öz maraqlarından üstün tutmuş, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa çalışmışdır. Bunun əksini təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir, əksinə MMC-nin zərərinin həcmi azaldılaraq "xxxx" çatdırılmışdır. Bu MMC-nin mənfəət və zərəri əks etdirən maliyyə hesabatlardan da müşahidə edilir. Buna görə də İddiaçı ilə xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə əlavə olunaraq, əmək haqqı artırılmışdır. Qeyd olunan qərarda və əmrdə İddiaçı hansı əsaslarla işdən azad olunması faktı qeyd olunmamışdır. Məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi isə MMC-nin ümumi yığıncağının heç bir əsas göstərmədən vəzifədən azad etmək səlahiyyətinin olduğunu bildirmişdir. MMC İddiaçıla əmək müqaviləsinin xitam edilməsi ilə bağlı ƏMR rəsmiləşdirilərkən xx.xx.2023-cü il tarixli Əmək Müqaviləsinin 10.4.4-cü maddəsinə istinad etmişdir. Halbuki Əmək müqaviləsinin 10.4.4-cü maddəsi qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Əmək Məcəlləsində İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları (maddə 70) müəyyən edilmişdir. ƏMnin 71.3-cü maddəsində təsbit edilmişdir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Göründüyü kimi, burada işçinin “DƏRHAL” işdən azad olunması məsələsi nəzərdə tutulmamışdır. Buna görə də hazırki maddə bağlandığı tarixdən etibarsızdır. Bundan əlavə, İddiaçıla əmək müqaviləsinin xitamının əsası ƏM-nin 68.2 (e) qeyd edilmişdir. Halbuki, həmin maddə “tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar” məhz hər iki tərəfin iradə ifadəsi nəticəsində yaranan hallardır ki, bu hallar ƏM-nin 75-ci maddəsi ilə tənzimlənir və tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin Əmək Məcəlləsində nəzərdə tutulan hallarından fərqli əlavə hallar nəzərdə tutula bilər və (və ya) həmin maddənin tələblərinə əməl edilməklə digər hallar müəyyən edə bilər. Göründüyü kimi, burada əmək müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilməyib və xitam verilməsinin əsası məhz tərəflərdən birinin təşəbbüsüdür. xx.xx.2025-ci il tarixində əmək münasibətlərinə xitam verilsə də İddiaçı adına olan ASAN İmza şirkət tərəfindən uzun müddət istifadə olunmuşdur. Cavabdeh tərəf bunu İddiaçı qanuni təmsilçi olması ilə əlaqələndirərək, Dövlət Vergi Xidmətində reyesterdəki dəyişikliyin xx.xx.2025-ci il tarixində həyata keçirildiyini vurğulamışdır. Qanun reyesterdəki dəyişikliyin 40 gün ərzində həyata keçirilməsinə icazə verir. Bu qanun pozuntusu deyil və 40 gün ərzində dəyişikliyin həyata keçirilməməsi MMC-nin cərimə olunması əsaslarındandır. İddiaçının mübahisələndirdiyi hal reyesterdəki dəyişikliyin hansı tarixdə həyata keçirilməsi deyil, İddiaçı adına olan ASAN İmzadan istifadə olunması, səlahiyyətlərinə xitam verildiyi halda adından sənədlərin imzalanmasıdır. Qanuni təmsilçi olaraq İddiaçı onun adından imza etmək səlahiyyətini heç kəsə etibar etməmişdir. xx.xx.2025-ci il tarixindən isə səlahiyyətlərinə xitam verilmişdir. Bildirirlər ki, xx.xx.2025-ci il tarixindən artıq qanuni təmsilçi və direktor X1 təyin olunmuş, təsisçilərin xx.xx.2025-ci iltarixli yığıncağının 4-cü bəndi ilə MMC-nin adından forma və ərizələrin hazırlanması, imzalanması ona həvalə edilmişdir. xx.xx.2025-ci il tarixindən MMC-nin qanuni təmsilçisi X1 olmuşdur. İddiaçı məxsus olan ASAN İmza isə xx.xx.2025-ci il tarixinədək qədər istifadə olunmuş, həmin imza ilə onun adından sənədlər imzalanmış və hesabatlar verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
22. Maddə 3, 3-cü bənd. İşəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
23. Maddə 68, 1-ci hissə. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.
24. Maddə 68, 2-ci hissə. “e” bəndi. Tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
25. Maddə 75, 1-ci hissə. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər.
26. Maddə 75, 2-ci hissə, “d” bəndi. Bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə nəzərdə tutula bilər.
27. Maddə 75, 3-cü hissə. Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər.
28. Maddə 75, 4-cü hissə. Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır.
29. Maddə 75, 5-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
30. Maddə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda, habelə ictimai əhəmiyyətli qurumlarda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası (müfəttiş) yaradılır. Məhdud məsuliyyətli cəmiyyətdə onun fəaliyyətinə cari rəhbərliyi həyata keçirən və iştirakçılarının ümumi yığıncağına hesabat verən icra orqanı (kollegial və ya təkbaşçı) yaradılır. Cəmiyyətin kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri onun iştirakçıları olmayanların sırasından da seçilə bilər.
31. Maddə 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilibedilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər.
32. Maddə 91.1-3. Cəmiyyətin iştirakçılarının növbədənkənar ümumi yığıncağı qanunda və ya nizamnamədə müəyyən edilən hallarda və qaydada çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının öz təşəbbüsü ilə, habelə direktorlar şurasının (müşahidə şurasının), təftiş komissiyasının (müfəttişin) və ya bütün səslərin azı onda birinə malik olan iştirakçıların tələbi ilə, habelə qanunla müəyyən edilən digər şəxslər tərəfindən çağırılır. Ləğvetmə prosesində olan cəmiyyətin növbədənkənar ümumi yığıncağı ləğvetmə komissiyası tərəfindən çağırılır.
33. Maddə 91.1-7. Bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir.
34. Maddə 91.3.2. Cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Qətnamə və əlavə qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
43. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.
44. İddiaçı qeyd edir ki, ümumi yığıncağın keçirilməsindən iddiaçının xəbəri olmayıb, ümumi yığıncağın qərarında son iş günü xx.xx.2025-ci il tarixi qeyd olunsa da, əmr xx.xx.2025-ci il tarixində verilmiş və həmin gün onunla son haqq-hesab aparılmışdır. Əmək müqaviləsinin 10.4.4-cü maddəsi etibarsızdır, çünki Əmək Məcəlləsində əmək müqaviləsinin dərhal ləğvi nəzərdə tutulmamışdır. Ümumi yığıncağın qərarında maliyyə vəziyyətinin pisləşdiyi qeyd olunsa da bu hal doğru deyil. İddiaçı direktor olduğundan əmri özü imzalamalı olduğu halda onun tərəfindən imzalanmamışdır.
45. Qeyd edilən hal cavabdeh tərəfindən inkar olunmur.
46. Mülki Məcəlləsinin 91.1-1-ci maddəsin əsasən, ümumi yığıncağın iclasında iştirak etmək cəmiyyətin iştirakçılarının mütləq hüququdur və məhdudlaşdırılması yolverilməzdir. Lakin cəmiyyətin icra orqanının rəhbərinin ümumi yığıcaqda iştirak etmək kimi bir mütləq hüququ qanunvericilikdə təsbit olunmamışdır.
47. Qeyd olunan maddədə, yalnız “......cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər” müddəası qeyd olunub. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, bu şərt imperativ yox dispozitivdir. Yəni, ümumi yığıncağın iclasına direktorun çağrılmaması qanun pozuntusu kimi qiymətləndirilə bilməz.
48. Ümumi yığıncağın qərarında son iş gününün xx.xx.2025-ci il tarixi qeyd olunmasına baxmayaraq, əmrin tarixinin xx.xx.2025-ci olması və həmin gün iddiaçı ilə son haqqhesabın aparılmasına münasibətdə isə kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 19 fevral 2025-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi şəxsin təsisşisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yol veriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir. Həmçinin Konstitusiyanın 59-cu maddəsindən irəli gələrək, hüquqi şəxsin müstəqilliyinin, o cümlədən qanuni mənafelərinin, sərmayənin qorunması məqsədilə hüquqi şəxslə onun idarəetmə orqanında təmsil olunan şəxs arasında yaranmış münasibətlərin xitamı məsələsi Mülki Məcəllənin normaları əsasında həll edilməlidir”. Həmin qərarının nəticə hissəsində qeyd olunur ki, “.... hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir”.
49. Qeyd olunan müddəalardan aydın olur ki, direktorun hüquqi şəxsin idarəetmə orqanına təyin olunması və fəaliyyətinə xitam verilməsi Mülki Məcəllə ilə tənzimlənir. Lakin onun əmək və sosial hüquqları isə (məzuniyyətə çıxmaq, əmək haqqı almaq, lazımi əmək şəraitinin yaradılması və s.) Əmək Məcəlləsi ilə qorunur.
50. Mülki Məcəlləsinin 91.3-cü maddəsinə əsasən, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir.
51. Hazırkı halda iddiaçının fəaliyyətinə xitam verilməsi ilə bağlı ümumi yığıncağın qərarı olduğundan əmrin verilmə tarixinin bir gün sonra olması iddiaçının yenidən işə bərpasına əsas verə bilməz.
52. Bundan əlavə iddiaçı ümumi yığıncağın qərarını mübahisələndirməmiş, əmrin ləğv olunmasını tələb etmişdir. Halbuki, mübahisələndirilən əmr məhz cəmiyyətin ümumi yığıncağının qərarı əsasında qəbul edilmişdir.
53. Əmək müqaviləsinin 10.4.4-cü maddəsinin etibarsızlığı ilə bağlı Kollegiya qeyd edir ki, göstərilən şərt Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndində nəzərdə tutulmuş halı ehtiva edir (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar) və bu şərt etibarsız deyil. Eləcə də hüquqi şəxsin icra orqanının rəhbərinin təyin və azad olunması hüquqi şəxsin ümumi yığıncağının səlahiyyətlərinə aid olduğundan, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilən şərtdən asılı olmamışdır. Yəni, tərəflər arasında bağlanmış əmək müqavildəsində belə bir şərtin nəzərdə tutulub-tutulmaması iddiaçının işdən azad olunmasına mane olan hal hesab oluna bilməz. İddiaçı ilə əmək münasibətlərində qalıb-qalmamaq istəyi ümumi yığıncağın iradəsinə bağlı olan məsələdir və, yuxarıda da qeyd olunduğu kimi, mülki xarakter daşıyır. İddiaçı isə həmin şəxsə qarşı iddia qaldırmamışdır.
54. İcra orqanın rəhbəri ilə cəmiyyət arasında münasibətlər mülki hüquqi xarakter daşıyır və tərəflər bərabər hüquqlu subyektlər kimi bu münasibətlərə öz iradələri ilə daxil olurlar. İradə ifadəsinin zədələnməsi halı isə nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında işin araşdırılması zamanı aşkar olunmamışdır.
55. Tərəflər arasındakı əmək müqaviləsinin 10.4.4-cü bəndi həm Mülki Məcəllə, həm Əmək Məcəlləsinin normalarına uyğundur.
56. İddiaçının digər dəlili olan - ümumi yığıncağın qərarında maliyyə vəziyyətinin pisləşdiyi qeyd olunsa da, bu halın doğru olmaması olmuşdur.
57. Cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində təqdim etdiyi və iş materiallarına əlavə olunmuş ümumi yığıncağın qərarında ümumiyyətlə belə bir məsələ (maliyyə vəziyyəti ilə bağlı) qeyd olunmamışdır.
58. İddiaçı direktor olduğundan əmri özü imzalamalı olduğu halda onun tərəfindən imzalanmamasına münasibətdə kollegiya qeyd edir ki, əmək müqaviləsinin və əmək müqaviləsinin xitam verilməsi ilə bağlı əmrin surətindən görünür ki, əmək müqaviləsi işəgötürən kimi kim tərəfindən imzalanmışdırsa, əmr də həmin şəxs tərəfindən imzalanmışdır. Yəni, Cavabdeh MMC-nin yeganə iştirakçısı olan “Moovie Holding Limited” şirkətinin direktoru X7muşdur. “Moovie Holding Limited” şirkətinin direktoru X9 belə səlahiyyətə malik olması isə mübahisəsizdir.
59. İddiaçının elektron imzasından xx.xx.2025-ci ilədək istifadə edilməsinə münaibətdə kollegiya qeyd edir ki, cavabdeh “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna istinad edərək, bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş Əmək və X5 Nazirliyinin sisteminə 02 aprel 2024-cü il tarixdə daxil edilib və müvafiq sənədlərdə dəyişikliklərin edilməsi üçün Dövlət Vergi Xidmətinə müraciət edilmişdir.
60. Bu əməliyyat müəyyən vaxt tələb etdiyindən iddiaçının fəaliyyətinə xitam verilmişdir, xitam və onun Dövlət Vergi Xidmətində qeydə alınması zamanı fərqli ola bilər.
61. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının, adına olan elektron imzadan istifadə edilməsini öz hüququnun pozuntusu kimi qiymətləndirməsi mümkündür və bunun üçün müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Lakin hazırkı işin əmək mübahisəsinin mahiyyəti üzrə həlli üçün heç bir əhəmiyyət kəsb etmir. Elektron imzadan istifadə edilməsi faktı iddiaçının yenidən işə bərpa edilməsinə əsas verə bilməz. İşə bərpa üçün yalnız işdən azad etmənin qanunsuzluğu öz təsdiqini tapmalıdır.
62. Əlavə qətnaməyə münasibətdə də kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşır və iddiaçıdan hüquqi yardıma görə cavabdehdin xeyirinə 200 manat manat tutulmasını əsaslı hesab edir.
63. Kollegiya hesab edir ki, iddia tələbinin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.
64. Əmək münasibətlərinə xitam verilərkən əmək və mülki qanunvericiliyinin normaların tələblərinin pozulmasına yol verilməsi müəyyən edilməmişdir.
65. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
66. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3771/2025 nömrəli 18 avqust 2025-ci il tarixli qətnaməsi və 27 avqust 2025-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.