Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5831/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına qarşı “kredit borcunun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onun Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına (bundan sonra – Kredit Təşkilatı) olan 11.996,83 ABŞ dolları məbləğində kredit borcunun silinməsi öhdəliyinin cavabdeh Kredit Təşkilatının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Bank) iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə iş üzrə üçüncü şəxs olan Bankın Şəmkir filialı arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Kredit müqaviləsinə” əsasən avtomobil alınması məqsədi ilə Bank tərəfindən iddiaçıya 18 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 12.000 ABŞ dollar məbləğində formal olaraq kredit verilmişdir. Kredit formal olaraq iddiaçının adına ona görə rəsmiləşdirilmişdir ki, çünki krediti Gəncə şəhər sakini Ufiq adlı şəxs almış və kredit borcunu Banka ödəməli idi. Ufiq adlı həmin şəxs Bankdan götürülmüş kredit məbləğinin hesabına “Daimler- Chraysler C-180” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili alsa və kredit borcunun bir hissəsini Banka ödəsə də, borcu vaxtında ödəyə bilməmişdir. Bu səbəbdə də, Bankın və polisin əməkdaşları həmin avtomobili 2007-ci ilin avqust ayında Ufiqdən almış və Banka təhvil vermişlər. Avtomobil Banka təhvil verilən zaman Bankın əməkdaşları tərəfindən iddiaçıya bildirmişlər ki, “Kredit müqaviləsi” üzrə onun Banka borcu artıq qalmamışdır. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 13.265 ABŞ dolları məbləğində pulun ondan Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilmiş, qətnamə icraya yönəlmiş, avtomobil 2010-cu ildə hərraca çıxarılaraq Banka satılmışdır. Buna baxmayaraq hazırda iddiaçının adına 11.996,83 ABŞ dolları məbləğində kredit borcunun olması qeyd edilir. İddiaçı bu barədə məlumatı şəxsiyyət vəsiqəsini dəyişdirən zamanı əldə etmişdir. Göstərilənlərə əsasən o hesab edir ki, onun adına olan kredit borcu silinməlidir. b) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat
4. İş üzrə cavabdeh Kredit Təşkilatının nümayəndəsi Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddia tələbi əsassızıdır. Belə ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-660/220/2008 saylı iş üzrə qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş xx.xx.2009-cu il tarixli qətnaməsi ilə qət edilmişdir ki, iddiaçının, Kredit Təşkilatının tələb hüququnu əldə etdiyi Banka olan borcunun ödənilməsi ilə bağlı hazırki iş üzrə iddiaçıdan 13.265 ABŞ dolları məbləğində borc tutularaq Banka ödənilməli, tələb isə həmin avtomobilə yönəldilməlidir. Qətnamənin icrası ilə bağlı avtomobil açıq hərraca çıxarılmış və 2.520 manata X1. Həmin məbləğ borcu tam bağlamamış, 11.996,83 ABŞ dolları məbləğində kredit borcu ödənilməmiş qalmışdır. Qalan borcdan heç bir ödəniş olmamışdır. Göründüyü kimi borcun silinməsi üçün əsas yoxdur. c) üçüncü şəxsin iddia tələbinə münasibəti barədə məlumat
5. İş üzrə üçüncü şəxs olan Bank işin baxılması yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımi qaydada xəbərdar olunsa da, məhkəmə baxışı iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də Rayon Məhkəməsi işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün iddia əsassız hesab edilərək rədd edilməlidir. e) apellyasiya şikayəti barədə məlumat
8. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir
9. Məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın sübuta yetməməsi ilə bağlı qanunsuz və əsassız nəticəyə gəlmişdir. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
10. İşdə iştirak edən şəxslər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər.
11. İddiaçının vəkili (nümayəndəsi) Qanuni nümayəndə Məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, üzürlü səbəbdən apellyasiya baxışı iclasında iştirak edə bilmir və buna görə, apellyasiya baxışı iclasını təxirə salınmasını xahiş edir.
12. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə baxışı iclasında iştirak edə bilməməsinin səbəbini açıqlamadığı üçün Məhkəmə ərizənin təmin və apellyasiya baxışının iclasının təxirə salınması üçün əsas müəyyən etməmişdir.
13. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsaslanaraq işə, iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1192/2009 saylı iş üzrə qəbul etdiyi xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hazırki iş üzrə İddiaçı qarşı irəli sürülmüş “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasının təmin edilməsi, kreditor Bank ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 11.664 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.306 ABŞ dolları, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 295 ABŞ dolları, cəmi 13.265 ABŞ dollarının, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun borcalandan Bankın xeyrinə tutulması, tutulması ipoteka predmetnə - borcalanın mülkiyyətində olan “Daimler-Chravsler-C-180” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsini, avtomobilin açıq hərracdan satılmasını, satışdan əldə oluna biləcək pul məbləğinin yuxarıda qeyd edilən borcun edilməsinə yönəldilməsini və sair məsələlər qət edilmişdir.
16. İşdə olan sənələrdən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra qətnamənin əsasında icra vərəqəsi verilmiş və icra vərəqəsi icra edilməsi üçün Gəncə Şəhər İcra Şöbəsinə göndərilmişdir. İcra Şöbəsinin sifarişi əsasında avtomobil qiymətləndirilərək, satılması üçün açıq hərraca çıxarılmışdır.
17. “Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə” xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, avtomobil hərracın qalibi olan X2 2.520 manata satılmışdır.
18. İşdə olan sənədlərdən görünür avtomobilin satışından sonra əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə yönəldilmiş, lakin borcun tam ödənilməsinə kifayət etməmiş, 11.996,83 ABŞ dolları məbləğində kredit borcu ödənilməmiş qalmışdır.
19. Azərbycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC–nin problemli aktivləri üzrə tələb hüququ müqavilə əsasında Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına keçmişdir.
20. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-660/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə cavabdeh olan) Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatınnın hazırki iş üzrə İddiaçı qarşı irəli sürülmüş “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbləri barədə” iddiasının təmin edilməsi, kreditor (hazırki iş üzrə üçüncü şəxs olan) "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə cəmi 11.996,83 ABŞ dollarının, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalandan Kredit Təşkilatının xeyrinə tutulması və sair məsələlər qət edilmişdir.
21. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış və qətnamə əsasında verilmiş icra vərəqəsi icraya yönəldilmişdir.
22. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, MPM-in tələblərinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.). Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər (maddə 233.3.).
23. Qeyd edilən sübutlara və qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən Məhkəmə tərəfindən işin halları kimi müəyyən olunur ki, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki iş üzrə iddiaçını hazırki iş üzrə cavabdeh Kredit Təşkilatına cəmi 11.996,83 ABŞ dolları məbləğində kredit borcu var.
24. Hazırda iddiaçı, həmin kredit borcunun silinməsi öhdəliyinin cavabdeh Kredit Təşkilatının üzərinə qoyulmasını tələb etsə də iddia tələbinin əsaslılığına dair hər hansı sübutu, o cümlədən borcun ödənilməsini təsdiq edə biləcək “Ödəniş qəbzlərini” məhkəmələrə təqdim etməmişdir. Bunun əksinə olaraq cavabdeh Təşkilatın təqdim etdiyi qətnamələrdən və bugünə olan maliyyə arayışından da görünür ki, iddiaçının yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə üzərinə götürmüş olduğu öhdəlikləri icra etməmiş və bunun nəticəsində 11.996,83 manat məbləğində borc yaranmışdır.
25. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1.). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2.).
26. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı sübuta yetməməsi əsası ilə rədd etməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi
28. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
29. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Bu baxımdan, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
32. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 may 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rusumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.