Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5832/2025 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçı İddiaçı nümayəndələri nümayəndə3 və (həmçinin vəkili) Vəkil, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi K.Səfərəliyeva adına ** nömrəli uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi K.Səfərəliyeva adına ** nömrəli uşaq musiqi məktəbinə (bundan sonra, cavabdeh) qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh K.Səfərəliyeva adına ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində 13 ildir işləyir, işlədiyi ixtisas üzrə ümumi iş stajı 25 il təşkil edir. ## #### 2025-ci il tarixdə K.Səfərəliyeva adına ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının qərarı ilə iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Attestasiya komissiyasında iddiaçıya verilən suallar, komissiyanın şərtinə uyğun tələb edilən əsərlərin ifası, verilən tapşırıqlar iddiaçı tərəfindən tam dəqiq və yüksək profesionallıqla icra edilsə də, komissiya bunu nəzərə almamış və nəticədə o, uzun müddət işlədiyi vəzifədən azad edilmişdir. Attestasiya komissiyasının qərarı Əmək Məcəlləsinin 66-cı maddəsinin tələblərinə ziddir. Belə ki, həmin maddənin tələbində barəsində attestasiya keçirilməyən şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin 8-ci bəndinə əsasən eyni vəzifəsə (peşədə) azı 3 dəfə attetasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər attestasiya olunmayan işçilər kateqoriyasına aid edilir. İddiaçı hazırki attestasiyaya qədər 3 dəfə və daha çox attestasiyadan müvəffəqiyyətlə keçdiyi üçün onun barəsində qəbul edilmiş qərar ləğv edilməlidir. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia təmin olunmamışdır. İddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, tərəflər arasında uzun müddət əmək münasibətlərinin olması, lakin cavabdeh tərəfindən heç bir əsas olmadan keçirilmiş attestasiyanın nəticəsi olaraq işdən azad edilməsi, keçirilmiş attestasiyanın qanunvericliyin tələblərinə uyğun olmaması, məlumatlandırılmaması, iddiaçı tərəfindən tələb edilən əsərlərin ifasının, verilən tapşırıqların tam dəqiq və yüksək profesionallıqla icra edilməsi, iddiaçı ilə bərabər bir neçə işçinin də işdən azad etməsi, əmrin qanunsuz olması və s. kimi əsaslandırılmışdır. Tərəflərin izahatları, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişlər ki, iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən şəxslər kateqoriyasına düşməsinə dair hər hansı sübutları yoxdur. Bununla yanaşı, hazırkı apellyasiya baxışı zamanı əldə olunmuş mütəxəssis rəyini tərtib etmiş şəxsin səlahiyyətini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda hazırda dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində çalışan təhsilverənlər - müəllimlər attestasiya olunmalı şəxslər siyasından çıxarılaraq, sertifikasiyaya cəlb edilmiş, qanunvericliyə müvafiq dəyişiklik edilmişdir. Bu səbəbdən də iddiaçının attestasiyaya görə işdən çıxarılması əsassız olmuşdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, iddiaçı cavabdeh müəssisədə uzunmüddətli əmək fəaliyyəti olmuş, lakin keçirilmiş attestasiyanın nəticələrinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Belə ki, qanunvericliyin tələbləri gözlənilməklə keçirilmiş, əvvəlcədən məlumatlandırılmış, attestasiya nəticəsində komissiya üzvlərinin böyük əksəriyyətinin rəyi əsasında iddiaçı və atestasiyadan keçməyən digər müəllimlər işdən azad olmuş, Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri baxımından işdən azad oluna bilməyən şəxslər işdə saxlanmış, iddiaçı isə həmin kateqoriya şəxslər siyahısına daxil olmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işdə olan iddiaçı barəsində tərtib olunmuş attestasiya vərəqəsindən, attestasiya komissiyasının ## #### 2025-ci il tarixli iclas protokolundan və eyni tarixli qərarından görünür ki, iddiaçı, Sumqayıt Orta İxtisas Musiq Məktəbini bitirmiş, ümumi stajı 25 il 5 ay, çalışdığı təşkilatda əmək stajı 13 il təşkil edir. Əvvəllər attestasiya keçirilməmişdir. K.Səfərəliyeva adına ** nömrəli Uşaq Musiqi Məktəbinin ## ###### 2025-ci il tarixli, *** nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu barədə attestasiyanın başlanmasına 1 aydan çox qalmış işçilər məlumatlandırılmış, iddiaçı ## #### 2025-ci il tarixdə attestasiyaya dəvət edilmişdir. İddiaçıya tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 11 sual verilmiş, iddiaçı həmin suallardan 10-na cavab verə bilməmiş, 1-nə isə qismən cavab vermişdir. Bununla yanaşı, iddiaçının praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində V.Motsart sonata No5 əsərinin ifa olunması təklif edilmiş, lakin iddiaçı həmin əsəri ifa edə bilməmişdir. İşdə olan cavabdehin ** nömrəli ## ##### 2025-ci il tarixli əmrindən görünür ki, K.Səfərəliyeva adına ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı ## ##### 2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən iddiaçı barədə keçirilmiş attestasiyanın video görüntüləri məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmişdir. Birinci isntansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, işin mübahissiz hallarına əsasən iddiaçı attestasiya vərəqəsində qeyd edilmiş sualların ən azı 4-nə cavab verə bilmədiyini qəbul etmişdir. O, bunu attestasiya keçirilən otaqda şəxslərin sayının çox olması və həyəcanlanmağı ilə izah etmişdir. Göstərilən arqumentlər işçinin Attestasiya komissiyasının suallarına cavab vermək iqtidarında olmamağa əsas vermir. İddiaçının cavab verə bilmədiyi sualların mahiyyətinə baxaraq məhkəmə hesab edir ki, həmin suallar tələbə yetişdirən musiqi müəllimi üçün çətin olmamışdır. Əksinə, həmin sualların cavablandırılmaması və ya verilmiş cavablar ixtisaslı şəxsin peşəkarlığı barədə sual doğurur. Borokko dövrünün bəstəkarları, romantik bəstəkarlar, Motsartın hansı məktəbin nümayəndəsi olması barədə suallar bura aiddir. Musiqi ilə maraqlanan ixtisassız şəxslər də həmin suallara cavab vermək iqtidarında ola bilərlər. İşçinin müəllim kimi öz işini yaxşı həyata keçirtməsi onun ixtisası üzrə müvafiq ixtisas biliklərinə malik olmamasına haqq qazandırmır. Əmək müqaviləsi üzrə işçi həm əmək funksiyalarını layiqincə həyata keçirtməli, həm də ixtisası üzrə biliklərə malik olmalıdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, attestasiyanın məqsədi əmək kollektivinin peşəkarlığının və hazırlığının artırılması, qənaətbəxs biliyə malik olmayan şəxslərin işdən kənarlaşdırılması, ixtisaslı, savadlı yeni kadrların işə cəlb edilməsidir. Nəzərə alınmalıdır ki, iddiaçının işləmiş olduğu məktəb incəsənət, mədəniyyət baxımından cəmiyyətin aparıcı, həssas qurumlarındandır. İddiaçının Əmək Məcəlləsinin 66-cı maddəsinin təsiri altına düşməsi barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı əvvəllər 3 dəfə attestasiyadan keçdiyini bildirsə də, bu barədə məhkəmə hər hansı əsaslandırma və sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II, IV, VI hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və II hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23-cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). İşəgötürən tərəfindən işçinin əmək müqaviləsinin ləğv edilməsi əsasları ƏM-nin 70-ci maddəsində göstərilmişdir. Belə ki, ƏM-nin 70-ci maddəsinin «c» bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. ƏM-nin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmçinin qeyd edilməlidir ki, Konstitusiyanın 42-ci maddəsinin İ, III və V hissələrinə görə, hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir və dövlət minimum təhsil standartlarını müəyyən edir. Bu hüquq, həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə məsələn, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 26-cı, “İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 13-cü, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın * saylı Protokolunun 2-ci maddələrində də öz əksini tapmışdır. Sosial hüquqlardan biri olan təhsil hüququnun təmin edilməsi dövlətin xüsusi məqsədlərindən biridir və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsinə xidmət edir. Belə ki, Konstitusiyanın 16-cı maddəsinin II hissəsinə uyğun olaraq Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Təhsil hüququ insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtdir. Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etməyə şərait yaratmaqla cəmiyyətə fayda gətirmək imkanı verir (Konstitusiya Məhkəməsi Plenumunun “Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ###### tarixli Qərarı). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən etməklə, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır. Həmin Qanunun preambulasında göstərilmişdir ki, Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir. Təbii ki, təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri keyfiyyətlilikdir ki, bu prinsip təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğunu nəzərdə tutur. Qeyd edildiyi kimi, iddiaçı uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsində işləyir və bir müəllim kimi ilk növbədə keyfiyyətli təhsil vermək, bu sahədə daima nəzəri biliklərini və praktiki vərdişlərini artırmaq vəzifəsini daşıyır. Uşaq musiqi məktəblərində pedaqoji heyətin attestasiyası da məhz təhsilin keyfiyyətinə nəzarətin və müəllimin peşə yararlılığının qiymətləndirilməsinin hüquqi mexanizmidir. Attestasiyanın məqsədi təkcə formal yoxlama deyil, tədris prosesinin düzgün qurulmasını, müəllimin ixtisas biliklərinin, metodiki hazırlığının, musiqi nəzəriyyəsi üzrə baza kompetensiyalarının və şagirdlə işləmə bacarıqlarının real səviyyəsini müəyyən etməkdir. Bu institut dövlətin təhsil sistemində keyfiyyət standartlarının qorunmasına, şagirdlərin bilik və bacarıqlarının düzgün formalaşmasına və təhsil müəssisəsində pedaqoji kadrların uyğunluğunun təmin edilməsinə xidmət edir. Attestasiyadan keçə bilməyən, ixtisas üzrə verilən suallara cavablandırma qabiliyyəti olmayan müəllimin tədrisi davam etdirməsi, şagirdlərin “keyfiyyətli təhsil alma” hüququnun məzmununu faktiki zəiflədir. Çünki belə halda şagirdlər tədris proqramını mənimsəmir, baza nəzəri biliklər formalaşmır, nəticədə onların gələcək musiqi təhsili pillələrinə keçidi, yaradıcılıq potensialı və qiymətləndirmə meyarlarına uyğun inkişafı məhdudlaşır. Bu isə təhsil müəssisəsinin əsas funksiyası olan bilik və bacarıq vermə vəzifəsinin yerinə yetirilməməsi kimi qiymətləndirilə bilər və şagirdlərin təhsil hüququna münasibətdə hüquqi baxımdan “real və effektiv təminat” prinsipinə ziddir. Bu kontekstdə dövlətin pozitiv öhdəlikləri - təhsil hüququnun effektiv icrasını təmin edən tədbirlərin həyata keçirilməsi, pedaqoji kadrların seçimini və qiymətləndirilməsininin obyektiv mexanizmlərlə həyata keçirilməsi, minimum peşə standartlarının tətbiq olunması, keyfiyyətə nəzarət və attestasiyanının işlək saxlanılması, zəif nəticə göstərən müəllimlərin tədris prosesinə təsirinin aradan qaldırması və s. bu və digər hallarda xarakterizə olunur. Lakin, işçilərin attestasiyası (işçilərin peşə hazırlığı və tutduğu vəzifəyə uyğunluğunun qiymətləndirilməsi) yalnız qanunvericiliyin tələblərinə ciddi əməl olunmaqla keçirilə bilər. Attestasiya işçinin əmək hüquqlarına birbaşa təsir edən prosedur olduğundan, qiymətləndirmə meyarları aydın və birmənalı olmalı, komissiyanın tərkibi və səlahiyyətləri legitim formalaşdırılmalıdır. Eyni zamanda, attestasiya zamanı işçinin bərabərlik, obyektivlik, qərəzsizlik və müdafiə hüququ təmin edilməli, ona sualların ixtisas və vəzifə tələblərinə uyğunluğu gözlənilməli, nəticələr isə mütləq əsaslandırılmalı və sənədləşdirilməlidir. Belə ki, ƏM-nin 65-ci maddəsində attestasiyanın keçirilməsinin qaydaları və şərtləri dəqiq tənzimlənmişdir (attestasiya komissiyasının yaradılması, tərkibi, işçiya veriləcək sualların əhatə dairəsi, nəticələrin rəsmiləşdirilməsi və s.) Analoji hallar həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarında da nəzərdə tutulmuşdur (attestasiya barədə işçilərin xəbərdar edilməsi, keçirilməsi, rəsmiləşdirilməsi və s.). İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş mübahisəsiz halına əsasən, iddiaçı cavabdeh müəssisədə 13 ildir əmək fəaliyyəti ilə məşğul olmuş, ümumi stajı 25 ildən çoxdur. ## ##### 2025-ci il tarixli cavabdehin əmrinə əsasən atestasiyadan keçmədiyindən tutduğu vəzifədən ## ##### 2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən azad olunmuş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin, iddia ərizəsində əvvəllər 3 dəfə attestasiyadan keçdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, attestasiya vərəqəsində isə əksinə iddiaçının əvvəllər attestasiyadan keçirilməməsi qeyd olunmuşdur. İddiaçının əsas dəlili attestasiya zamanı ona verilən suallara cavab verməsi, verilmiş tapşırıqları həyata keçirməsi (müsiqi alətində ifa etməsi), lakin bəzi sualları cavablandırmasına baxmayaraq qəbul olunmaması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi həmin dəlil üzrə işdə olan sübutları nəzərə alaraq hesab etmişdir ki, iddiaçı ixtisasına aid sadə sualları belə cavablandıra bilməmişdir. Buna baxmayaraq apellyasiya icraatı zamanı bu və digər halların tam, hərtərəfli və obyektiv yoxlanılması üçün (verilmiş sualların dairəsi, ixtisas uyğunluq, verilmiş cavablar, habelə attestasiyanın video çəkilişi müvafiq rəyin alınması üçün mütəxəssisə təqdim olunmuşdur) müvafiq mütəxəssis rəyinin alınması zəruri hesab edjilmişdir. Ü.Hacıbəli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının dosenti X1 tərəifndən verilmiş rəydə göstərilmişdir ki, attestasiya prosesi musiqi pedaqojikası sahəsində fəaliyyət göstərən professional müəllim heyəti tərəfindən həyata keçirilmişdir. İddiaçı İddiaçı apellyasiya mərhələsində iştirakı videoçəkiliş vasitəsilə rəsmiləşdirilmişdir. Apellyasiya qaydalarına əsasən iştirakçı özünün seçdiyi musiqi əsərini ifa etməli, komissiya tərəfindən təqdim olunmuş əsəri not üzərindən oxumalı və şifahi sualları cavablandırmalıdır. İddiaçı ifa etdiyi musiqi əsəri V.A.Motsartın ** nömrəli Sonatası, C-dur (Sempliçe) olmuşdur ki, bu da bəstəkarın ən sadə sonatalarından biri hesab olunur. Lakin, iddiaçı əsəri yarımçıq ifa etmiş, üslub xüsusiyyətləri, pedal texnikası və ən əsası əsərin mətni onun tərəfindən düzgün öyrənilməmişdir. Eyni zamanda, əsərin forma təhlilini izah edə bilməmişdir. Not üzərində oxu mərhələsində iddiaçıya təqdim olunan əsər orta səviyyədən aşağı ifa olunmuş və tələblərə uyğun ifa edilməmişdir. Şifahi suallara gəldikdə isə qeyd olunmalıdır ki, ali musiqi təhsili almış bir müəllimin bu biliklərə yiyələnməməsi yolverilməzdir. İddiaçıya mahiyyəti üzrə verilmiş sualların böyük əksəriyyətinə cavab verə bilməmiş və digərlərinə isə yanlış cavab vermişdir. Video materiallardan da aydın görünür ki, komissiya üzvləri hər bir sualla bağlı ona dəfələrlə kömək etməyə və istiqamətləndirməyə cəhd göstərmiş, lakin bu cəhdlər nəticəsiz qalmışdır. Attestasiya komissiyasının çıxardığı qərarla tam razıdır. Apellyasiya baxışı zamanı iddiaçı tərəf qeyd olunan mütəxəssis rəyinə etiraz edərək, mütəxəssisin səlahiyyətlərinin şübhə doğurduğu, bu da rəyin obyektivliyinə şübhə yaratdığı və s. bildirmişdir. Lakin, təqdim edilmiş sənədlərdən (etibarnamə, iş yerinə dair arayış) görünür ki, mütəxəssis A.Rzayeva müvafiq rəyin verilməsi üçün lazımi ixtisasa və səlahiyyətlərə malik olmuşdur. Mütəxəssis yazlı münasibətində bir daha göstərmişdir ki, iddiaçının attesstasiya prosesi zamanı nümayiş etdirdiyi ifaçılıq və peşəkar hazırlıq səviyyəsinə dair təqdim etdiyi rəyi müdafiə edir. Həmin rəy attesstasiya materiallarının, o cümlədən iddiaçının fortepianoda ifasının, notdan oxu bacarığının və şifahi cavablarının peşəkar musiqi-pedaqoji meyarlar əsasında qiymətləndirilməsi nəticəsində hazırlanmışdır. Rəydə göstərilən bütün nəticələr onun şəxsi elmi-pedaqoji biliyinə, uzunmüddətli peşəkar fəaliyyət təcrübəsinə və obyektiv qiymətləndirməsinə əsaslanır. Bir daha qeyd etmişdir ki, iddiaçı tərəfindən ifa olunan V.A.Motsartın ** nömrəli Sonatası, C-dur, əsərin ifasında texniki və üslubi çatışmazlıqlar mövcud olmuş, əsərin mətni tam mənimsənilməmiş, forma xüsusiyyətləri izah olunmamış, notdan oxu və nəzəri hazırlıq isə müəllim üçün tələb olunan peşəkar səviyyəyə uyğun olmamışdır. Şifahi suallara verilən cavablar da musiqi müəllimi üçün zəruri hesab olunan fundamental nəzəri biliklərin kifayət qədər mənimsənilmədiyini göstərmişdir. Bu səbəbdən, təqdim etdiyim rəydə göstərilən bütün qiymətləndirmələri və nəticələri tam şəkildə müdafiə edir, onların obyektiv, əsaslandırılmış və peşəkar meyarlara uyğun verildiyini təsdiq etmişdir. Göründüyü kimi, iddiaçının bildirdiklərinin əksinə olaraq, işdə olan sübutlara və mütəxəssis rəyinə əsasən, iddiaçıya təqdim olunmuş sualların mahiyyət etibarlı ilə onun ixtisasına aid olması öz təsdiqini tapmış, ixtisasından kənar (onun peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi təsir etməyən) sullar verilməmişdir. Həmçinin, attestasiya zamanı iddiaçının suallara cavab verdiyi vaxt komissiya tərəfindən ona hər hansı qanunsuz təsirin (psixoloji təzyiqlər, kobud rəftar və s.) olması da halı da müəyyən olunmamışdır. Əksinə, iddiaçıya komissiya üzvləri tərəfindən obyektiv və qərəzsiz yanaşma sərgilənmiş, bəzi hallarda isə sualların cavablandırılmasında müəyyən istiqamətlər verilməyə çalışılmış, lakin iddiaçının açıq-aşkar hazırlıqsız, müəllim kimi biliklərinin aşağı olması müşahidə olunmuşdur. Bu hallar attestasiyanın nəticələrinin sənədləşdirilməsi ilə bağlı müvafiq sübutlardan (attestasiya Komissiyasının iclas protokolu, eyni tarixli və eyni nömrəli qərarı və s.) da görünür. Beləliklə, işdə olan sübutlardan şəffaflıq, bərabərlik, obyektivlik, qərəzsizlik kimi prinsiplərə riayət olunmaqla iddiaçı barəsində müvafiq attestasiyanın keçirilməsi və nəticələrinin tam, hərtərəfli və əsaslandırılmış qaydada rəsmiləşdirilməsi müəyyən edilmiş, iddiaçı isə bunun əksinə sübut edə bilməmişdir. Həmçinin, attestasiyanın keçirilməsi zamanı komissiya tərəfindən iddiaçıya verilmiş suallar onun icra etdiyi vəzifənin məzmununa və ixtisas tələblərinə uyğun olmuş, iddiaçı isə həmin sualların əhəmiyyətli hissəsinə cavab verməkdə çətinlik çəkmiş, bir sıra elementar anlayışları izah edə bilməmişdir. Kollegiya bir daha qeyd edir ki, müəllim fəaliyyəti yalnız formal iş funksiyası deyil, şagirdlərin bilik səviyyəsinin formalaşdırılmasına birbaşa təsir göstərən və təhsil müəssisəsinin fəaliyyət məqsədlərinə xidmət edən məsuliyyətli əmək funksiyasıdır. Bu səbəbdən işçinin peşə yararlılığının minimum səviyyədə belə təmin olunmaması, onun həmin vəzifədə saxlanılmasının təhsil prosesinə və şagirdlərin keyfiyyətli təhsil alma maraqlarına mənfi təsir göstərməsi ehtimalı işəgötürənin idarəetmə səlahiyyətləri çərçivəsində müvafiq qərar qəbul etməsini zəruri edir. Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli, ** nömrəli qərarına əsasən iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmiş, bu səbəbdən də cavabdehin ##.##.2025- ci il tarixli, ** nömrəli əmrinə əsasən iddiaçı ilə bağlınmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Bu zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmaqla, sənədləşmə vaxtında və əsaslandırılmış formada həyata keçirilmişdir. Bununla yanaşı, iddiaçı attestasiya olunmayan (ƏM-nin 65-ci maddəsi) və əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər (ƏM-nin 79-cu maddəsi) kateqoriyasına aid olmamışdır. İddiaçının nümayəndlələri də apellyasiya baxışı zamanı bu halı təsdiq etmişlər. İddiaçı apellyasiya şikayətində attestasiya ildə bağlı əvvəlcədən məlumatlandırılmamasını bildirsə də, bu hala iddia ərizəsində ümumiyyətlə istinad etməmiş, əksinə attestasiya zamanı ona verilmiş sualları ətraflı cavablandırması və s. göstərmişdir. İddiaçı tərəfin növbəti dəlili hazırda qanunvericiliyə əsasən dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində çalışan təhsilverənlər - müəllimlərin yalnız sertifikasiyaya cəlb edilməsi ilə bağlı olmuşdur. Kollegiyası həmin dəlillə bağlı qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 67- 2-ci maddəsinə ## ##### 2026-cı il tarixli ***-VIIQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə müvafiq dəyişiklik edilmiş və həmin Qanun ## ##### 2026-cı il tarixdən qüvvəyə minmişdir (dərc edilmişdir). Halbuki iddiaçının əmək müqaviləsinə xitam verilməsi və buna əsas olmuş attestasiya həmin tarixdən 1 ildən çox müddət əvvəl qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir. Qanunda onun geriyə qüvvəsini, yaxud həmin tarixədək keçirilmiş attestasiyaların nəticələrinin və ya onların əsasında qəbul edilmiş fərdi aktların etibarsız sayılmasını nəzərdə tutan hər hansı keçid müddəası müəyyən edilməmişdir. Buna görə də sonradan qanunvericiliyə edilmiş dəyişiklik əvvəl qüvvədə olmuş hüquqi tənzimləmə əsasında yaranmış hüquq münasibətlərinə tətbiq edilə və həmin əsasla qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuz hesab olunmasına səbəb ola bilməz ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Beləliklə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası formal mülahizələrə söykənən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi K.Səfərəliyeva adına ** nömrəli uşaq musiqi məktəbinə qarşı “əmrin ləğv olunması, işə bərpa, ödənilməmiş dövrə görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5832/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5832/2025
30.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver