Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5834/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh AzevroCar MMC-nin nümayəndəsi X2, Cavabdeh "xxxx" ASC-nin X3 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC, “AzevroCar MMC və Cavabdeh3 qarşı “artıq alınmış pulun geri alınması və kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər "xxxx" ASC, “AzevroCar MMC və Cavabdeh3 qarşı iddiaçıdan əsassız olaraq alınmış 1.386 ABŞ dollarının, Cavabdeh2 MMC tərəfindən alınmış 9.852 manat pulun və Cavabdeh3 adına hesablanmış və onun əsas borclarının ödənilməsinə yönəldilmiş 1.832,27 manat kompensasiyanın cavabdehlərdən alınıb ona qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 may 2013-cü il tarixdə Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarında X1 istədiyi maşına yaxınlaşaraq almaq istədiyini bildirmişdir. X.Həsənov və onun yanında, iddiaçının sonradan bank işçisi olduğunu bildiyi şəxslər ona deyiblər ki, buraxılış ili 2000-ci il olan **-EL-*** dövlət qeydiyyat nişanlı həmin avtomobili əvvəlcədən 3.500 manat və hər ay 335 ABŞ dolları olmaqla 36 ay müddətinə ödəniş etməklə istehlak krediti qaydasında ipoteka müqaviləsi əsasında bankda girov qalmaqla ona sata bilərlər. Taleh razılaşmış və 3.500 manatı nağd qaydada onlara ödəmiş və bazarda yerləşən notariat kontoruna getmişlər. Maşın Cavabdeh3 adına olduğundan Xəyal Həsənov onun adından iddiaçıya iki il yeddi ay iyirmi doqquz gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ ilə, Cavabdeh3 özü isə 02.06.2013-cu il tarixdə, etibarlılıq müddəti 30.05.2023-cü il tarixdə bitən baş etibarnamə vermişdir. Maşınla bərabər iddiaçıya "xxxx" X5 ilə Cavabdeh3 arasında bağlanmış 30.05.2013-cü il tarixli 17-A-1-0-2093-13 saylı Kredit müqaviləsi, həmin tarixli İpoteka müqaviləsi, Zaminlik müqaviləsi və ödəniş cədvəli verilmişdir. Həmin sənədlərə görə "xxxx" X5 ilə Cavabdeh3 arasında illik faiz dərəcəsi 22% olmaqla, 36 ay müddətinə 8.750 ABŞ dolları məbləğində kreditin verilməsi barədə 30.05.2013-cü il tarixli 17-A-1-0-2093-13 saylı kredit müqaviləsi bağlanmışdır. Kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və həmin müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi ipoteka predmeti olan “Mersedes-Benz” markalı, ban №-si WDB2021331F975019, C 220 modelli avtomobil 30.05.2013-cü il tarixli, 17-A-1-0-2093-13 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, həmin tarixli 17-A-1-0-2093-13 saylı “Zaminlik müqaviləsi” ilə Cavabdeh2 MMC-də kreditin və ona hesablanmış faizlərin və həmin müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılması üçün zamin olmuşdur. 28.06.2013-cü il tarixdən Taleh ödənişə başlamışdır. 2015-ci ilin fevral ayında Respublikada olan devalvasiyadan sonra ödənişlərdə gecikmələr olmuşdur. 31.10.2015-ci il tarixdə Bakı şəhəri, Babək prospekti ilə hərəkətdə olarkən "xxxx" İKB-nin 6 saylı filialının “Problemli Aktivlərin idarə olunması şöbəsi”nin Problemli kreditlər üzrə ekspertmütəxəssisi X9 və digər şəxslər iddiaçının idarə etdiyi maşını məcburi dayandıraraq onu düşürmüş və kreditin ödənişində gecikmə olduğunu bəhanə gətirərək maşını əlindən almış və onu tərtib edilmiş aktı imzalamağa məcbur etmişlər. Avtomobil geri alınanadək iddiaçı 3.500 manat və 8.917 ABŞ dolları pul ödəmişdir. Müxtəlif dövlət orqanlarına müraciət edib, avtomobilin ondan qanunsuz alındığını və qaytarılmasını tələb etdiyindən 2016-cı ilin may ayında onu banka dəvət etmiş və bildirmişdilər ki, onlar maşını Cavabdeh3 etibarnaməsi əsasında başqa şəxsin adına keçirmişlər və dövlət qeydiyyat nişanı dəyişdirilərək **-PC- *** olmuşdur. Avtomobil bankın əməkdaşları tərəfindən sürülərkən zədələndiyindən hazırda Ayna Sultanova heykəlinin yanında yerləşən “Tom&Jerry" maşın təmir sexindədir və yenidən heç bir qəbz vermədən iddiaçıya kassaya 700 manat usta pulu ödətdirib, maşını götürməyə icazə vermişlər. Dövlət qeydiyyat nömrəsini dəyişib, 7.220 manat məbləğində qiymətləndirərək iddiaçını Cavabdeh2 MMC ilə 11.05.2016-cı il tarixdə “Daxili Lizinq müqaviləsi” (AL-709 saylı) bağlamağa məcbur etmişlər. Müqavilənin şərtinə görə 17 (on yeddi) ilin maşınını yenidən iddiaçıya 36 ay müddətində, hər ay 257,50 manat olmaqla 7.220 manat əsas, 2.049,80 manat faiz olmaqla, cəmi 9.269,80 manata satmışlar. Ancaq iddiaçı həmin avtomobilin pulunu Cavabdeh3la bağlanmış kredit müqaviləsinə əsasən "Nikoyl” İKB ASC-yə ödəmişdir. Yeni Lizinq müqaviləsinə əsasən dörd-beş ay ödəniş etmiş, lakin 22.03.2017-ci il tarixdə ikinci mərtəbədən yıxılaraq ciddi xəsarət aldığından, iş qabiliyyətini müvəqqəti olaraq itirmiş və il yarım ancaq əl ağacı ilə hərəkət etmiş, maşın sürə bilməmiş və ödənişləri dayandırmağa məcbur olmuşdur. Artıq aldadıldığını görüb ölkə X8, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokurorluğa müraciət etmiş, bankın onun başına açdığı oyunları bildirmiş və köməklik edilməsini xahiş etmişdir. Bir müddət sonra "xxxx" İKB ASC-nin direktoru Emin Axundov onu banka dəvət edərək borcunun 3.500 manat hissəsini siləcəyini və yeni ödəniş cədvəli açacağını bildirsə də, həmin məbləği də əlavə etməklə ona ikinci ödəniş cədvəli vermişlər. Birinci cədvələ görə ödəniş müddəti 11.05.2019-cu ildə bitdiyi halda, ikinci cədvələ görə həmin müddət 22.06.2020-ci il tarixdə bitməli idi. "Mersedes-Benz” C220 CDİ markalı, ban nömrəsi WDB2021331F975019, buraxılış ili 2000-ci il, əvvəlki dövlət qeydiyyat nömrəsi **-EL-***, sonrakı dövlət qeydiyyat nömrəsi **-PC-*** olan avtomobilə görə iddiaçı 3.500 manat (həmin vaxtın kursu ilə 4.487 ABŞ dolları) nağd qaydada və hissə-hissə olmaqla 8.917 ABŞ dolları "xxxx" Bank ASC-yə (cəmi 13.404 ABŞ dolları) və 9.852 manat Cavabdeh2 MMC-yə ödəniş etmişdir. "xxxx" X5 ilə Cavabdeh3 arasında bağlanmış 30.05.2013-cü il tarixli 17-A-1-0-2093-13 saylı Kredit müqaviləsi üzrə ödənişlər iddiaçı tərəfindən aparılmasına baxmayaraq, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən "xxxx" İKB ASC üzrə 2015ci ilin 21 fevral tarixə hesablanmış 1.330,05 manat və 21 dekabr 2015-ci il tarixə hesablanmış 1.479,28 manat kompensasiya (cəmi 2809,33 manat) Maliyyə Bazarlarının Nəzarət Palatasının internet informasiya sistemində Cavabdeh3 aid edilmişdir. Həmin kompesasiyanın 1.832,27 manatı onun digər banklara olan vaxtı keçmiş əsas borclarının ödənilməsinə yönəldilmiş, 977 manatı Cavabdeh3 tərəfindən alınıb iddiaçıya verilmişdir. İddiaçının ödənişləri hesabına Cavabdeh3 adına hesablanmış və onun əsas borclarının ödənilməsinə yönəldilmiş kompensasiyanın (1.832,27 manat) ona qaytarılmasını Cavabdeh3 tələb etsə də o, bundan imtina etmişdir. İddiaçı bu barədə Maliyyə Bazarlarının Nəzarət Palatasına və "xxxx" İKB ASC-nin rəhbərliyinə şifahi müraciət etsə də, ona tələbinin əsaslı olduğunu, lakin məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Qeyd edilənlər iddiaçının mülkiyyət hüququnun pozulmasına və cavabdehlərin əsassız varlanmasına səbəb olduğundan 30.05.2013-cü il tarixli 17-A-1-0-2093-13 saylı Kredit müqaviləsinə əsasən 8.750 ABŞ dolları əsas, 3.268 ABŞ dolları faiz borcu (cəmi 12.018 ABŞ dolları) ödəməli olduğu halda ondan əsassız olaraq "xxxx" İKB ASC tərəfindən alınmış 1.386 ABŞ dolları (13404$-12018$ = 1386$), 11.05.2016-cı il tarixli, AL-709 saylı Daxili Lizinq müqaviləsinə əsasən Cavabdeh2 MMC tərəfindən alınmış 9.852 manat pul və iddiaçının ödənişlərinə görə Cavabdeh3 adına hesablanmış və onun əsas borclarının ödənilməsinə yönəldilmiş 1.832,27 manat kompensasiya iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(006)- 2255/2020 saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarmışdır. Hesab edir ki, cavabdehlər müqavilənin icrası ilə əlaqədar vicdanlılıq nümayiş etdirməmiş, ölkədə baş vermiş devalvasiya və onun sağlamlığını itirməsi səbəbindən düşdüyü maddi çətinlikdən istifadə edərək nəinki müqavilənin yerinə yetirilməsinə zəmin yaratmağa köməklik etməmiş, əksinə ondan daha çox qazanc əldə etmək istəmişlər. Bu barədə məhkəməyə kifayət qədər sübutlar təqdim etsə də, məhkəmə bunları nəzərə almamışdır. Onun Cavabdeh3 qarşı tələbinə münasibətdə məhkəmə ona məxsus Mercedes Benz C 220 modelli avtomobilin bankda girov qalmaqla iddiaçıya satılması barədə razılığa gəlindiyini, bundan sonra kredit müqaviləsinin Cavabdeh3 ilə Cavabdeh1 ASC arasında bağlandığını və ödənişlərin iddiaçı tərəfindən həyata keçirildiyini müəyyən etsə də, əsassız olaraq hesab etmişdir ki, cavabdeh tələb olunan pulu iddiaçının hesabına deyil, dövlət hesabına əldə etmişdir və kompensasiya cavabdehə qanuna əsasən ödənilmişdir. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh3 həmin kompensasiyanın almağa qanuni əsası olsa da, hüquqi əsası olmamışdır. Çünki ödənilmiş kompensasiya onun deyil, İddiaçı ödədiyi pul hesabına dövlət tərəfindən qaytarılan vəsaitdir və ona çatmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh AzevroCar MMC-nin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Yelobank ASC-nin nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarında olan Cavabdeh1 (Nikoyl İKB) ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 30.05.2013-cü il tarixli, 17-A-1-0-2093-13 saylı kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 22% dərəcəsi ilə 8750 ABŞ dolları məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən kreditin təminatı 2000-ci il istehsalı olan “Mersedes-Benz” markalı C200 model avtomobildir. İş materiallarında olan Cavabdeh1 (Nikoyl İKB) ASC ilə Cavabdeh3 arasında bağlanmış 30.05.2013-cü il tarixli 17-A-1-0-2093-13 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 xüsusi mülkiyyətində olan “Mersedes-Benz” markalı C200 markalı, ban – WDB2021331F975019, mühərrik – 2200KSM, dövlət qeydiyyat nişanı **-EL-*** olan avtomobil 30.05.2013-cü il tarixli 17-A-1-0-209313 saylı kredit müqaviləsinin öhdəliklərinin təminatı kimi Cavabdeh1 (Nikoyl İKB) ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 12500 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan kreditor Cavabdeh1 (Nikoyl İKB) ASC, borcalan Cavabdeh3 və zamin Cavabdeh2 MMC arasında bağlanmış 30.05.2013-cü il tarixli 17-A-1-0-2093-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 MMC 30.05.2013-cü il tarixli, 17-A-1-0-2093-13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminliklə təmin edilmiş öhdəlik üçün kreditor qarşısında tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh2 MMC (Lizinq verən) ilə İddiaçı (Lizinq alan) arasında bağlanmış 11 may 2016-cı il tarixli AL-709 saylı daxili lizinq müqaviləsinin surətindən görünür ki, Lizinq verən 1 saylı Əlavədə göstərilən lizinq obyektini öz mülkiyyətinə əldə etməyi və Lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi, Lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi və lizinq ödənişini Lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən lizinq müqaviləsinin ümumi məbləği 7220 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 MMC (Lizinq verən) ilə İddiaçı (Lizinq alan) arasında 709 saylı daxili maliyyə lizinqi müqaviləsinə 3 nömrəli əlavədən (Lizinq ödənişləri cədvəli) görünür ki, Lizinq alan əsas məbləğ üzrə 7220 ABŞ dolları, faiz məbləği üzrə 2046,32 ABŞ dolları olmaqla, cəmi 9266,32 ABŞ dolları məbləğində lizinq ödənişini 36 ay müddətinə hər ay illik 17% dərəcəsi ilə hər ay 257,41 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 ASC-nin 11.03.2020-ci il tarixli məktubundan görünür ki, "xxxx" İKB ASC-nin (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh3 arasında bağlanmış 17-A-1-0-2093-13 saylı kredit müqaviləsinə hesablanmış 2809.33 manat kompensasiya məbləği Cavabdeh3 bank hesabına köçürülmüşdür. Həmin məbləğin 1832.27 manatı vətəndaşın digər banklar qarşısındakı öhdəliklərinə yönəlib, qalan 977.06 manat məbləği isə 01 mart 2019-cu il tarixdə kredit müqaviləsinin tərəfi olan Cavabdeh3 verilmişdir. Məhkəmə kollegiyasının müəyyənləşdirdiyi hallardan görünür ki, 30 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC Cavabdeh3 illik 22% dərəcəsi olmaqla, 36 ay müddətinə 8.750 ABŞ dolları məbləğində kredit vermişdir. Kreditalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi üçün ona məxsus “Mersedes-Benz” markalı, ban №-si WDB2021331F975019, C 220 modelli avtomobil eyni tarixli ipoteka müqaviləsinə əsasən kreditorun xeyrinə ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 MMC 30 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditalanın kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə bankla eyni tarixdə zaminlik müqaviləsi bağlamışdır. İddiaçı ilə Cavabdeh3 arasında sonuncuya məxsus “Mersedes-Benz” markalı, C 220 modelli avtomobilin bankda girov qalmaqla iddiaçıya satılması barədə razılıq olduğundan, avtomobil mülkiyyətçi tərəfindən iddiaçının etibarnaməli idarəçiliyinə təhvil verilmiş, iddiaçı da, kredit müqaviləsi üzrə Cavabdeh3 Cavabdeh1 ASC qarşısındakı öhdəliyinin icrasını öz üzərinə götürmüş, lakin bu öhdəliyi lazımınca icra etmədiyi üçün avtomobil ondan alınmışdır. 30 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlik zamin Cavabdeh2 MMC tərəfindən icra edildikdən sonra, 11 may 2016-cı il tarixli daxili lizinq müqaviləsinə Cavabdeh2 MMC avtomobili əldə edib hər ay 257,41 ABŞ dolları lizinq ödənişini ödəməsi şərti ilə 36 ay müddətinə iddiaçının istifadəsinə vermişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ASC ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsinə əsasən kompensasiya hesablanmış və həmin kompensasiya məbləği Cavabdeh3 tərəfindən əldə edilmişdir. İş üzrə sübutlarla, iddiaçının 30 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrası qaydasında 1.386 ABŞ dollarını Cavabdeh1 ASC-yə artıq ödəməsi halı təsdiq edilməmişdir. Əksinə, onun bildirdiklərindən görünür ki, iddiaçı tərəfindən edilən ödənişlərdə 2015-ci ilin fevral ayından gecikmələr olmuş və həmin səbəbdən avtomobil 8 ay sonra 31.10.2015-ci il tarixdə müvafiq aktın tərtib olunması əsasında ondan geri alınmış, borcu isə zamin ödəmişdir. Zaminin öhdəliyi icra etməsi isə əvəzinə öhdəliyi icra etmiş şəxsə qarşı tələb hüququ əmələ gətirdiyindən, öhdəliyini icra edəcəyi şərti ilə avtomobilə sahiblənmiş iddiaçının vəd etdiyi ödənişləri gecikdirməsi Cavabdeh3 üçün arzulamadığı nəticəyə səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanına əsasən:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin...
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1 fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3 bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6 vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; Qeyd edilən Fərmanın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, bu Fərmanın təsiri altına düşən kredit müqavilələri üzrə kompensasiya məbləği həmin müqavilə üzrə kreditor banka ödənişin edilib-edilməməsindən asılı olmayaraq hesablanır. Başqa sözlə, iddiaçının hazırda Cavabdeh3 əvəzinə banka olan borcunun bir hissəsini ödəməsi, bu səbəbdən də həmin müqavilə üzrə ödənilən kompensasiya məbləğinin ona verilməli olması tələbinin hüquqi əsası mövcud deyildir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri sayır ki, iş üzrə sübutlarla iddiaçının 30 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrası qaydasında 1.386 ABŞ dollarını Cavabdeh1 ASC-yə artıq ödəməsi halı təsdiq edilmədiyindən, 9.852 manat pulu Cavabdeh2 MMC-yə ödəməsi onun 11 may 2016-cı il tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliyi olduğundan, eləcə də Cavabdeh3 kompensasiyanı iddiaçının əmlakı hesabına deyil, qanuna əsasən dövlətin hesabına əldə etdiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(006)- 2255/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova