Məhkəmə qərarları › İş №2(103)-5835/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5835/2022

28.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5835/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2” "xxxx" ASC-yə qızına qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2021 saylı 03 avqust 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”)17 avqust 2020-ci il tarixdə, 99 nömrəli əmr əsasında, “X2 "xxxx" ASC (bundan sonra “cavabdeh”) tərəfindən müddətli əmək müqaviləsi bağlamaqla elektromexanik vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı 17 dekabr 2020-ci il tarixdə, 194 nömrəli əmr əsasında, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (müqavilə müddəti ilə) işdən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 "xxxx" ASC-nin rəisinin işdən azad edilməsinə dair 17 dekabr 2020-ci il tarixli, 194 saylı əmrinin ləğv edilməsinə, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsinə, məbləğin qanunvericiliyə uyğun hesablanmasına, məcburi iş buraxma müddəti üçün 17 dekabr 2020-ci il tarixdən hesablanmaqla işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx"ASC-nin 14 yanvar 2009-cu il tarixli əmri ilə qazma maşınlarının elektriki peşəsinə işə qəbul edilmişdir. 2010cu ilin 01 iyul tarixində müəssisənin adı dəyişdirilərək "xxxx" MMC adı ilə yeni müəssisə yaradıldığından həmin vəzifəyə yenidən əmri verilmişdir. 09 yanvar 2013- cü il tarixdən isə işlədiyi təşkilat X2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır. Beləliklə hər 3 ildən bir vergi orqanları ilə olan problemin həlli üçün cəmiyyətin adının dəyişməsi gündəliyə gəlib. Vergidən yayınmaq üçün kiçik müəssisələr təşkil edilmişdir. Əvvəllər müddətsiz, əmrlə işlədiyi halda xx.xx-2019-cu il tarixli əmrlə mənə müddətli əmək müqaviləsinin tətbiqi gündəmə gəlib. Məhz bu səbəbdən 5 ildən artıq müddətsiz müqavilə ilə işlədiyi halda müddətli müqavilə imzalamaq zorunda qalmışdır. Beləliklə, cəmiyyətdə elektromexannik vəzifəsində işinin davam etdirilməsi üçün məcbur olub təklif etdikləri müqavilələri imzalamalı olmuşdur. Bununda nəticəsi olaraq 17 avqust 2020-ci il tarixdə guya iddiaçı öz xahişilə işdən azad edilməyinə yeni əmr yazıb elə həmin günə başqa əmrlə işə qəbul edib. xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən işdən çıxarılmağını rəsmiləşdirmişlər. Beləliklə, 2009-cu ildən iddiaçı işləsə də, 2020-ci ildə tamamilə qanunsuz sənədləşmə aparıb müqavilə ilə formal iş üsuluna keçmişlər. İddiaçı bir dəfə gəlir eldə etmək məcburiyətindən belə müqaviləyə imza atmışdır. Bununla belə, 2020-ci ilin (arada iyun ayı istisna olmaqla) aprel, may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr aylarında iddiaçıya əmək haqqı verilməmişdir. Dəfələrlə rəhbərliyə müraciət edib kirayədə yaşamağını, oğlunun ön cəbhədə olmasını bildirsə də, məhəl qoyan olmamışdır. Xüsusən sahə rəisi X4 mövqeyi sərt olmuşdur. İddiaçıda olan məlumata görə o, ağır cinayət törətmiş, anlaqsız ruhi-xəstə olduğu üçün məsuliyyətdən azad olunmuşdur. Belə bir adamın sahə rəisi işlədilməsi qanusuzluqlar üçün zəmin yaratmışdır. İddiaçının iş yeri olduğundan pandemiya ilə əlaqədar hər ay verilən 190 manat yardımı da ala bilməmişdir. İddiaçının işləmək istəməməsini əsas gətirərək bu səbəbdən 17 dekabr tarixdə, müqavilə başa çatdıqda işdən çıxarılacağını bildirmişlər. İddiaçı 15 dekabr tarixdə bunun yalan və əsassız olması ilə bağlı rəhbərliyə ərizə yazsa da, bu gün də cavab ala bilməmişdir. Nə qədər müraciət etsə də, iddiaçıya əmrin və müqavilənin surətini verməmişlər. Məcbur olub məsələnin araşdırılması üçün X5 Xidmətinə 15 yanvar 2021-ci il tarixdə ərizə yazmışdır. Oradan iddiaçıya Bakı İdarəsinin rəisinin imzası ilə göndərilən 22 aprel 2021-ci il tarixli, **********7 saylı məktubda qeyd edilir ki, ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən çıxarılmışdır və maaşın ödənilməsində qanun pozğunluğuna yol verdiklərindən vəzifəli şəxslər İXM-nin 192.4-cü bəndi ilə məsuliyyətə cəlb edilmişlər. Maaşın qanunvericiliyə uyğun hesablanıb ödənməsinə dair məktub yazmışlar. Bununla belə hələ ki, nəticə yoxdur. İddiaçı çox çətinliklədə olsa da bu günlərdə əmək kitabçası və müqavilənin surətini ala bilmişdir. Əmək kitabçasında işdən azad edilməyi səbəbi 62.2-ci maddənin “b” bəndi göstərilsə də müfətişliyin məktubunda “a” bəndi göstərilir. Müqavilə ilə tanış olduqda bəlli olur ki, 17 avqust tarixdə bir aylıq yazılıb. Hər ay avtomatik müddət artırılıb. İddiaçıya ünvanlanmış teleqramda işləmək istəməməsi səbəbindən müqavilənin icraasına xitam verilməsi göstərilsə də, əmrdə müddətin qutarması ilə əlaqədar işdən çıxarılmağı göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsində daimi işçinin işdən azad edib müddətli müqavilə ilə işlədilməsi nəzərdə tutulmamışdır. 2019-2020-ci illərdə iddiaçıya tətbiq edilən müqavilə üsulu qanunsuz olmuşdur.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2021 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçının 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin mövcudluğu barədə məlumatı olmuş, bu hal iddia ərizəsində, X5 Xidmətinin Bakı şəhər İdarəsinin iddiaçıya ünvanlanmış 18 yanvar 2021-ci il tarixli cavab məktubunda, həm də iddiaçının izahatında öz əksini tapmışdır. İddiaçı 2021-ci ilin yanvar ayında 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin mövcudluğunu bilməklə, hüququnun pozulduğunu aşkar etmiş, lakin həmin vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək 3 aydan çox müddət keçməklə (29 aprel 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir), iddiaçı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək vaxtını ötürmüşdür.

7. Birinci instansiya məhkəməsi qeyd olunanları, həmçinin cavabdehin nümayəndəsinin müddətin tətbiqi barədə ərizəsini nəzərə alaraq, hesab etmişdir ki, iddia rədd edilməlidir.

8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddia tələbinin iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrin ləğv edilməsi hissəsinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmədiyindən iddianın işdən azad edildiyi gündən işə bərpa edildiyi günədək məcburi işburaxmaya görə ona əmək haqqının cavabdehdən tutularaq iddiaçıya verilməsi hissələri üzrə araşdırma aparılmasına və bu tələblərə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsnini “b” bəndi, 45-ci maddəsinin 1-ci hissəsi, 47-ci maddəsini “f” bəndi, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsinin 1-ci hissəsi, 83-cü maddəsinin 1-ci hissəsi, 296-cı maddəsi, Mülki Məcəllənin 3752-ci maddəsi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasında işdən azad edilməsinin səbəbi Əmək Məcəlləsinin 62.2-ci maddənin “b” bəndi göstərilsə də Müfəttişliyin məktubunda “a” bəndi göstərilir. Müqavilə ilə tanış olduqda bəlli olur ki, 17 avqust 2020-ci il tarixli müqavidə müddət bir aylıq yazılıb. Hər ay müddət artırılıb. İddiaçıya ünvanlanmış teleqramda işləmək istəməməsi səbəbindən müqavilənin icraasına xitam verilməsi göstərilsə də, əmrdə müddətin qutarması ilə əlaqədar işdən çıxarılması göstərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsində daimi işçinin işdən azad edilib müddətli müqavilə ilə işləməsi nəzərdə tutulmayıb. 2019-2020-ci illərdə iddiaçıya tətbiq edilən müqavilə üsulu qanunsuz olmuşdur. Cavabdeh 70-ci maddədə sadalanan halların heç biri olmadan iddiaçını işdən azad etməklə Qanunun tələblərini pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9448/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Xəyal Sarıyev) ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3773/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərarı (hakimlər Aqil Abbasov (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) ilə İddiaçı oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9448/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qətnaməsi 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanmasına aid hissədə ləğv edilməsi, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara almışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclsında iştirak edən İddiaçı apellyasiya şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh X2 "xxxx" ASC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdeh X2 "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

18. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması.

19. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri :

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

24. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki halda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 iyul 2022-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 noyabr 2021-ci il tarixli qətnaməsi 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi, məbləğin qanunvericiliyə uyğun hesablanmasına aid hissədə ləğv edilməklə, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarıldığından qətnamə yalnız qeyd edilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2021 saylı 03 avqust 2022-ci il tarixli qətnaməsi iddia tələbinin “2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmasının” təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla İddiaçı ödənilməsi öhdəliyi cavabdeh X2 "xxxx" ASC-nin üzərinə qoyulmalıdır.

29. Belə ki, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, işdən görünür ki, nə birinci, nə də apellyasiya instansiya məhkəməsi iddianı bu hissədə təmin etməsələr də, həmin hissədə iddiaya, ümumiyyətlə, qiymət verməmiş, həmin iddianı nəyə görə təmin etmədiklərini qətnamədə əsaslandırmamış, həmin tələbi açıq saxlamışlar. Halbuki iddianın bu hissəsi işə bərpa tələbindən asılı olan tələb deyil, iddiaçı işdən çıxarılanadək ona hesablanıb verilməli olan əmək haqqının ödənilməməsini bildirir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

32. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin iddia tələbinin 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmasının təmin edilməməsi hissəsi ilə bağlı qənaətini qanuni və əsaslı hesab etmir.

33. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

34. İşdən çıxma barədə əmrin tarixini və məhkəməyə müraciət tarixini nəzərə alan məhkəmə kollegiyası müəyyən edir ki, İddiaçı 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə ödənilməmiş əmək haqqının pulun tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarından görünür ki, X2 "xxxx" ASC İddiaçı ilə olan əmək müqaviləsinə 17 dekabr 2020-ci il tarixli 194 nömrəli əmrlə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (müqavilə müddəti ilə) əsasən xitam verilmiş və iddiaçı hazırki iddia tələbi ilə 22 iyun 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

35. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhəri idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktuba əsasən görünür ki, X2 "xxxx" ASC-nin rəhbərliyi tərəfindən X5 Xidmətinin Bakı şəhər idarəsinə təqdim edilən sənədlərdən məlum olmuşdur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İddiaçının son haqq-hesabının ödənilməsində qanun pozuntusuna yol verildiyindən müəssisənin vəzifəli şəxsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Eyni zamanda, son haqq-hesabın qanunvericiliyə uyğun hesablanıb ödənilməsi üçün müəssisənin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir.

36. İş materiallarında olan “X2 "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 15586 nömrəli müqaviləyə əsasən görünür ki, müqavilə 1 ay müddətinə, yəni, xx.xx.2020-ci il tarixədək bağlanmışdır. 599 manat əmək haqqı müəyyənləşdirilmişdir. Müqavilə iddiaçı və cavabdeh tərəfindən təsdiqlənmişdir.

37. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi üzrə “X2 "xxxx" ASC İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş olsa iddiaçıya son haqq-hesab ödənilməmişdir. Bu hal işin yuxarıda qeyd edilən halı ilə təsdiq edilir.

38. Kollegiya hesab edir ki, hazırki halda İddiaçı 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə əmək haqqının ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). İş materiallarından isə göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə əmək haqqının ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, “X2 "xxxx" ASC tərəfindən İddiaçı 2020ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr ayları üzrə əmək haqqının ödənilmədiyi təsdiq edildiyindən, apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə yoxlanılan hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4442/2021 saylı 03 avqust 2022ci il tarixli qətnaməsi iddia tələbinin “2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmasının” təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilsin. 2020-ci ilin aprel, may, iyul, avqust, sentyabr, oktyabr, dekabr aylarına olan əmək haqlarının ödənməsi və məbləğin qanunvericiliyə uyğun hesablanmaqla İddiaçı ödənilməsi öhdəliyi cavabdeh X2 "xxxx" ASC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar