Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5836/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai rayonu Xətai Bələdiyyəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayonu, Xətai Bələdiyyəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai rayon Bələdiyyəsinin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, əvvəlki işinə və ya digər uyğun işə bərpa edilməsi, iş buraxma müddəti üçün orta əmək haqqı məbləğinin və hüquqi yardıma görə ödənilmiş 110 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2005-ci ildən xx.xx.2020-ci il tarixə qədər Bakı şəhər Xətai rayonu, Xətai Bələdiyyəsində operator vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixdə kadrlar şöbəsinin əməkdaşı Bələdiyyə sədrinin göstərişi ilə Bələdiyyə seçkilərindən sonra yeni müqavilə bağlamaq şərti ilə hər işçiyə fərdi qaydada işdən çıxma barədə ərizə yazmaq zərurətini bildirmişdir. Bu vədə aldanaraq digər işçiliərlə birlikdə xx.xx.2020-ci il tarixdə işdən çıxma barədə ərizə yazmışdır. Lakin xx.xx.2020-ci il tarixdə işə gələrkən ona işdən çıxma barədə ərizə verməsi əsas gətirilərək işdən azad olunduğu bildirilmişdir. Ərizəni kadrlar şöbəsinin əməkdaşının sədrin göstərişi olduğunu bildirərək yazdırdığını nə qədər izah etsə də, məsul şəxslər onu dinləməkdən yayınmış və işə çıxmamasını təkid etmişlər. İşdən çıxma barədə əmri və əmək kitabçası ona təqdim edilməmişdir. Bundan sonra işdən çıxma barədə ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizəni bələdiyyə sədrinə təqdim etmək üçün Bakı şəhər Xətai rayon Bələdiyyəsinə getmiş, lakin ərizəni qəbul etməmiş və poçtla göndərilməli olduğunu bildirmişlər. xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ərizəni Azərpoçt MMC-nin filialı “Azərekspresspoçt” RM vasitəsi ilə Bakı şəhər Xətai rayon Bələdiyyəsinə göndərmiş, ərizə xx.xx.2020-ci il tarixdə Bələdiyyəyə çatdırılmışdır. Ərizənin nəticəsi ilə maraqlanmaq üçün Bələdiyyəyə getdikdə, ona əmrlə işdən azad olunduğu bildirilmişdir. Nümayəndəsi vasitəsi ilə təkrarən əmrin surətini və əmək kitabçasını tələb etsə də, rəsmi şəkildə poçt vasitəsilə müraciət edildikdən sonra ünvanına göndəriləcəyi bildirilmişdir. Hesab edir ki, Bələdiyyə əməkdaşları əmrin və əmək kitabçasının surətini ona vaxtında verməməklə hüquqlarını pozmuş və onun məhkməməyə müraciət etmək üçün sübutunun olmaması, işə bərpa barədə bir aylıq iddia müddətinin ötməsi üçün vaxtı uzatmışlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2065/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 04/k saylı əmrinin ləğv edilməsi, iddiaçının Bakı şəhəri Xətai rayon Bələdiyyəsində əvvəlki işinə və ya digər uyğun işə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə orta aylıq əməkhaqqının hesablanaraq ödənilməsi, cavabdeh Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsindən vəkilə hüquqi yardıma görə ödənilmiş 110 (bir yüz on) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhər Xətai rayonu Xətai Bələdiyyəsi apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı qudası X2 Bakı şəhəri Xətai rayonu, Xətai Bələdiyyəsinin sədri vəzifəsindən azad edilən andan “Bələdiyyə qulluğu haqqında” qanuna görə bələdiyyənin sədr müavini qudası (qohumu) olduğundan işləyə bilməyəcəyini anlayıb, işdən azad edilməsi barədə ərizə verərək xx.xx.2020-ci il tarixdən işə çıxmamışdır. Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsi İddiaçı işdən azad edilməsinə dair əmr verdikdən sonra onun tutduğu operator vəzifəsi ixtisar edilmişdir. Bundan əlavə, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə pensiya yaşına çatdığından Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin onun xx.xx.2020-ci il tarixli ərizəsi əsasında xx.xx.2020-ci il tarixdə işdən azad edilməsinə dair əmri qanunidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan xx.xx.1958-ci il təvəllüdlü Qasımova (Qəmbərova) Bənövşə Kərəm qızının adına xx.xx.1982-ci il tarixdə açılmış İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2004-cü il tarixdən cavabdeh Bakı şəhər Xətai rayonu Xətai Bələdiyyəsində müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı Bələdiyyə sədrinə müraciət edərək tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04/k saylı əmrinin surətindən görünür ki, Bələdiyyənin operatoru İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı Bakı şəhər Xətai rayon Bələdiyyəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı Bələdiyyəyə müraciət edərək xx.xx.2020-ci il tarixdə işdən çıxmaq barədə yazdığı ərizə etibarsız hesab edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, xx.xx.2020-ci tarixli ərizəyə Bələdiyyədə baxılmış, xx.xx.2020-ci il tarixli işdən azad olunmaq üçün yazdıgı ərizəyə əsasən ƏM-nin 69-cu maddəsi ilə xx.xx.2020-ci il tarixdən 04/k saylı əmrlə tutduğu vəzifədən azad olunduğu, ayrıca ƏM-nin 69-cu madəsinin 3-cü bəndini (işci yaşa, əlilliyə qörə təqaüdə çıxdıqda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) nəzərə alaraq xahişini təmin etməyin qeyri-mümkün olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai rayon Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, 22 saylı Vəkil Bürosunun direktoru Tahir Əlirzayevin müraciəti əsasında İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 04/k saylı əmrin surəti ona həmin tarixdə göndərilmişdir Beləliklə birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən cavabdeh Bakı şəhəri Xətai rayon Bələdiyyəsində müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad olunması barədə ərizə vermiş (ərizədə işdən çıxmanın tarixi və səbəbi göstərilməmişdir), həmin ərizəyə əsasən Bakı şəhəri Xətai rayon Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 04/k saylı əmri ilə o, həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı Bakı şəhəri Xətai rayon Bələdiyyəsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə işdən çıxmaq barədə yazdığı ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə İddiaçı xx.xx.2020-ci il tarixli işdən azad olunmaq üçün yazdıgı ərizəyə əsasən ƏM-nin 69cu maddəsi ilə xx.xx.2020-ci il tarixdən 04/k saylı əmrlə tutduğu vəzifədən azad olunduğu, ayrıca ƏM-nin 69-cu madəsinin 3-cü bəndini (işci yaşa, əlilliyə qörə təqaüdə xdıqda ərizəsində göstərdiyi qün əmək müqaviləsi ləğv edilə bilər) nəzərə alaraq xahişini təmin etməyin qeyri-mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci madəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinin a və b yarımbəndlərinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydalarını tənzimləyən 69-cu maddəsinə əsasən:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə isə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Kollegiya işin müəyyən edilən hallarından və əmək qanunvericiliyinin yuxarıda qeyd edilən müddəalarından bu qənaətə gəlir ki, cavabdeh Xətai Bələdiyyəsi İddiaçı işdən çıxması ilə bağlı ərizə verdikdən sonra qanunla müəyyən edilmiş bir aylıq xəbərdarlıq müddətini gözləmədən onu işdən azad etməklə, habelə onun işdən azad edilmə ilə bağlı ərizəsinin etibarsız hesab edilməsinə dair verdiyi ərizəni nəzər almamaqla əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası İddiaçı tutduğu vəzifənin ləğv edilməsi ilə bağlı cavabdehin dəlilinə münasibət bildirərək qeyd edir ki, həmin vəzifə iddiaçı işdən azad edildikdən sonra ləğv edildiyindən, bu hal onun işdən azad edilməsinə əsas verən hal kimi nəzərə alına bilməz. Belə ki, işçinin tutduğu vəzifə və ya işçilərin sayı ixtisar edildikdə əmək münasibətlərinə işçinin təşəbbüsü ilə (Əmək Məcəlləsinin 69-cu maddəsi) ilə deyil, işə götürənin təşəbbüsü (Əmək Məcəlləsinin 70-si maddəsinin «b» bəndi) ilə və başqa əsaslarla xitam verilir və bu halda işçi Əmək Məcəlləsinin 11-ci fəsli ilə nəzərdə tutulmuş təminatlara malik olur. İşçinin yaxın qohumunun Bələdiyyədə sədr müavini vəzifəsində işləməsi ilə bağlı dəlilə münasibət bildirərək kollegiya qeyd edir ki, bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlər müəyyən edən müddəalar “Bələdiyyə Qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər edilməsi barədə xx xxxxxx 2015-ci il tarixli qanunla əlavə edilmişdir (5-3-cü maddə) Həmin dəyişikliklərə görə bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olan şəxslər bələdiyyə qulluğuna qəbul edilə bilməz. Həmin qanun iddiaçı Xətai Bələdiyyəsində əmək fəaliyyətinə başladıqdan sonra qəbul edildiyindən, iddiaçıya şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bundan əlavə iddiaçı işdən azad edilməsi ilə bağlı ərizəsində bələdiyyə sədrinin müavini ilə qohumluq münasibətlərinin olması, yaxud təqaüd yaşına çatması ilə əlaqədar işdən azad edilməsini xahiş etməmişdir. Belə olan halda, iddiaçının işdən azad edilmə ilə bağlı ərizədə göstərmədiyi əsasla, xəbərdarlıq müddətini gözləmədən Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edilməklə (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi) əmək münasibətlərinə xitam verilməsi qanunsuz olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin sədrinin İddiaçı işdən azad edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli 04/k saylı əmri əmək qanunvericiliyinin tələblərini pozmaqla verilmişdir, ona görə də apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair dəlilləri əsassızdır. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məkhəməsi işin hallarını tam, hərtərəfli və obyektiv surətdə araşdırmış, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmiş və iddianı təmin etməklə, mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
QƏT ETDİ: Cavabdeh Bakı şəhər Xətai rayonu Xətai Bələdiyyəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)- 2065/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rəşad Həsənov
Hakimlər: Məmməd Məmmədov
Şeyda Məhərrəmova