Məhkəmə qərarları › İş №2(103)-5836/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5836/2021

16.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5836/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1411/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin və Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin 06 may 2020-ci il tarixli 547 ş/h-038-20 №-li əmrini ləğv edib, Kürdəmir Rayonlararası Mühafizə bölməsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin və X1 Bölməsinin 06 may 2020-ci il tarixli 547 ş/h038-20 №-li əmri ilə 07 may 2020-d il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən (işçi özünün əmək funksiyası və ya əmək müqaqviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Kürdəmir rayonlararası Mühafizə bölməsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o, 2010-cü ilin aprel ayınını 5-də əmək haqqı ştat cədvəlinə əsasən ödənilməklə Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi müddətsiz bağlanmışdır, lakin bir nüsxəsi ona verilməmişdir. İşdən nəyin əsasında və nə günah işləməyi ilə bağlı azad olunmağını ona bildirməmişlər. Sadəcə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini heç bir xəbərdarlıq və töhmət vermədən ona bəhanə tutmuşlar. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, işə bərpa edilməyinə dair qətnamə qəbul ediməlidir, ona görə ki, o, çalışdığı illər ərzində qüsursuz işləmişdir. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə işçinin işəgötürən tərəfindən azad edilməsi əsaslarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinin (tərəflərdən birinin təşəbbüsü) dəqiqləşdirilməsi, daha doğrusu hansı halları nəzərdə tutması həmin Məcəllənin 70-ci maddəsi ilə dəqiqləşdirilmişdir. Həmin normaya görə Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini verinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda. Sadalanan normanın məzmunundan göründüyü kimi, əslində onunla əmək müqaviləsi bağlanmışdır və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Bu barədə 6 oktyabr 2020-ci il tarixində Bakı inzibati Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hakim Pərviz Hüseynovun icraatında 2- 1(112)-7035/2020 saylı iş üzrə 2 noyabr 2020-ci il tarixində baxılaraq qərardad çıxarılmışdır. Hakim Pərviz Hüseynovun Qərardadda müəyyən etmişdir ki, "göründüyü kimi, iddiaçı hərbi qulluqçu olmamışdır, hazırki mübahisə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı deyildir. İddiaçı mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsində işləmişdir, tərəflər arasında əmək müqaviləsi mövcud olmuşdur və iddiaçı ilə cavabdeh arasında münasibətlər əmək qanunvericiliyi ilə tənzimlənir. Belə olan halda hazırki mübahisənin araşdırması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında araşdırılmalıdır. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz". Göstərilənlərə əsasən Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinin 2,35,80 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə onun cavabdehlər Azərbaycan Respublikası Cavabdeh1 və Kürdəmir Rayonlararası Mühafizə Bölməsinə qarşı işə bərpa" tələbinə dair iddiasını mümkün saymamışdır. Bu əsasla iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Cavabdehlərlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1411/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı iddia tələbinə uyğun əsaslandırmaqla apelyasiya şikayəti vermiş və apelyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın təmin olunması barədə qətnamə çıxarılmsını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin ediməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1411/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Kürdəmir rayonlararası Mühafizə Bölməsinin həmkarlar təşkilatının yığıncağının 02 may 2020-ci il tarixli, 01 №-li protokolunun surətindən görünür ki, Xidməti vəzifələrinin icrasına etinasız yanaşaraq özlərini yalandan icra hakimiyyətinin məsul işçiləri kimi təqdim etməldə vətəndaşa yardım ayrılmasına köməklik göstərmək müqabilində ondan 30 manat pul tələb etməkdə R.Abbasovanın haqlı şikayətinə zəmin yaratdıqlarına, bu hərəkətləri ilə mühafizə xidmətinin nüfuzuna xələl gətirdiklərinə, bununla da Azərbaycan Respublikası DİN-in 14.04.2015-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozduqlanna görə, hissənin ilk Həmkarlar Təşkilatının yığıncağının qərarı da nəzərə alınmaqla Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin mühafizəçiləri İddiaçı Fikət oğlu və X2 ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi təklif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 06 may 2020- ci il tarixli 547 ş/h-038-20 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, İddiaçı 07 may 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən Kürdəmir rayonlararası Mühafizə Bölməsinin rəisi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, 06 may 2020- ci il tarixli, 547 ş/h №-li əmrə əsasən, 07 may 2020-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayonlararası Mühafizə Bölməsinin mülki mühafizə xidməti üzrə mühafizəçi vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin 06 may 2020-ci il tarixli 547 ş/h- 038-20 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə 02.12.2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olmasına baxmayaraq, bu müddəti ötürmüş, cavabdehin nümayəndəsi isə məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30.10.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Qeyd olunanlara əsaslanaraq kollegiya hesab edir ki, İddiaçı Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin və Kürdəmir Rayonlararası Mühafizə Bölməsinə qarşı məcburi işə bərpa tələbinə dair iddiası qanunvericiliklə bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən, iddia müddəti tətbiq olunmaqla iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Apelyasiya şikayətinin dəlillərinə gəldikdə isə kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi nəticəsinə gəldikdə bunu iddia müddətinin ötürülməsi ilə əsaslandırmış, iddiaçı isə apelyasiya şikayətində qeyd olunan halla bağlı heç bir fikir bildirməmiş, iddia ərizəsiylə eyni məzmunlu apelyasiya şikayəti vermişdir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1411/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1411/2021 saylı 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar