Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5836/2024 25.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil3, üçüncü şəxs Vüsal Məmmədovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-2423/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mirzəağa Əliyev (Məktəb) küçəsindəki 0,2 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 60 kv.m təşkil edən, 3 otaqdan, mətbəx və sanitar qovşaqdan ibarət olan fərdi yaşayış evi ilə bağlıdır (bundan sonra – ev). Ev özbaşına tikintidir, evin yerləşdiyi torpaq sahəsinin hər hansı şəxsə ayrılması barədə qərar yoxdur. 2.Tərəflər ər-arvaddır, onların nikah xx.xx.2015-ci ildə bağlanıb və nikahdan iki uşaq doğulub: xx.xx.2016-cı il təvəllüdlü Tahir Abbaszadə və xx.xx.2018-ci il təvəllüdlü Aylin Abbaszadə. Tərəflər ailə qurduqdan sonra – xx.xx.2015-ci ildə iddiaçı əvvəlcə qayınanası Emelya Şahbazovaya məxsus olan, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev № 10A-da yerləşən 39 №-li mənzilə gəlin köçüb və orada yaşmağa başlayıb. Bundan 1 il sonra – 2016-cı ildə boş torpaq sahəsi əldə edilib, orada həmin özbaşına tikinti (ev) inşa edilib və tərəflər (ərarvad) evdə yaşamağa başlayıblar. İddiaçı 8 il – 2016-cı ildən 2024-cü ilin fevral ayına qədər evdə əri və iki uşağı ilə birlikdə yaşayıb. Bu müddətdə evdə onlardan başqa heç kim yaşamayıb. 3.Tərəflərin arasında evin kimə məxsus olması barədə fikir ayrılığı var. Cavabdeh bildirib ki, ev anasına məxsus olub, anası özünə məxsus olan, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev № 10A-da yerləşən 39 №-li mənzilə satıb, əldə etdiyi pulla tikinti ilə məşğul olan şəxslərə həmin evi inşa etdirib, anası bildirib ki, evi öz qızı (cavabdehin bacısı) Elnarə Səlimovaya verəcək, onlar (tərəflər) evdə müvəqqəti yaşayıblar. Bundan fərqli olaraq iddiaçı bildirir ki, ev ona və ərinə məxsus olub, qayınanası evə mütəmadi olaraq gəlib-gedib, lakin orda yaşamayıb, qayınanası özünə məxsus olan mənzilin satışından əldə olunan pulu üç övladının arasında bölüb, onlara (tərəflərə) həmin puldan 10.000 manat verib. 4.İddiaçı 2024-cü ilin fevral ayında evdən çıxıb. İddiaçı bildirib ki, evdən çıxmasına səbəb əri ilə münasibətlərinin gərginləşməsi olub, uşaqlarını götürərək müvəqqəti olaraq valideynlərinin evinə gedib, bundan sonra evə qayıda bilməyib. Cavabdeh isə bildirir ki, iddiaçı evi könüllü tərk edib. 5.Üçüncü şəxs Vüsal Məmmədov evi aldığını bildirir. Belə ki, iddiaçının evdən çıxmasından 2 ay sonra - xx.xx.2024-cü ildə evə dair cavabdehin bacısı Elnarə Səlimova (satıcı) ilə Vüsal Məmmədovun (alıcının) arasında sadə yazılı formada “alqı-satqı müqaviləsi” adlandırılan sənəd tərtib olunub (iş v. 28), habelə Vüsal Məmmədovun cavabdehin bacısı Elnarə Səlimovaya evə görə 45.000 manat ödəməsi barədə qəbz tərtib olunub (iş v. 30). Birinci instansiya məhkəməsində icraat 6.İddia ərizəsində tələb olunub ki, iddiaçı uşaqları ilə birlikdə evə köçürülsün. 7.Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçı uşaqları ilə birlikdə evə köçürülsün. Apellyasiya instansiyası məhkəməsində icraat 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 9.Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil3 və cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Vüsal Məmmədov apellyasiya şikayətinin əsaslı olduğunu, İddiaçı, onun vəkili və nmayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Torpaq sahəsi nikah müddətində (2016-cı ildə) əldə edilib, oradakı ev nikah müddətində (2016-cı ildən sonra) inşa edilib və iddiaçı öz ailəsi (əri və iki uşağı) ilə birlikdə 2024-cü ilin fevral ayına kimi evdə yaşayıb. Evin başqa şəxsin (iddiaçının qayınanasının və s.) vəsaiti hesabına inşa edildiyi müəyyən olunmur. Ona görə də hesab olunur ki, ev tərəflərin (ərarvadın) ümumi vəsaiti və əməyi hesabına inşa olunub. 11.İddiaçı qaynanasının 2016-cı ildə onlara (tərəflərə) 10 min manat verdiyini etiraf etsə də, bu hal evin iddiaçının qayınanasının vəsaiti hesabına inşa ediliyini təsdiq etmir. Belə ki, birinci, pulun tərəflərə (ər-arvada) verildiyi etiraf olunur, yəni pul verildikdən (bağışlandıqdan) sonra ərin ayrıca vəsaiti deyil, ər-arvadın ümumi vəsaiti sayılıb. İkinci, həmin pulun məhz evin inşasına sərf edildiyi təsdiq olunmur. Belə ki, evi inşa etmiş ustanın (şahid Elçin Mustafayevin) birinci instansiya məhkəməsində verdiyi ifadədən görünür ki, evin yerləşdiyi torpaq sahəsi 2 “sota” yaxın olub, torpağın “sotunun” qiyməti 5 min manat olub. Pulun başqa məqsəd üçün sərf edildiyini təsdiq edən sübut olmadığına görə, hesab olunur ki, həmin 10 min manat torpağın əldə edilməsi üçün ödənilib. Evi inşa etmiş ustanın (şahid Elçin Mustafayevin) ifadəsindən daha sonra görünür ki, evin inşasına 35-37 min manat xərc çıxıb. Bundan başqa, evin inşasında usta kimi işləmiş digər şəxsin (şahid Taleh Dadaşovun) birinci instansiya məhkəməsində verdiyi ifadədən görünür ki, evi 45 min manata tikmək olardı, o, həmin evdə usta kimi 15 gün işləyib, həyətdə tamet işini və evdə tavan işini görüb, habelə həyətdə əl-üz yumaq üçün bulağı tikib. Ustalardan biri pulun ona iddiaçının qayınanası və qaynı tərəfindən verildiyini, digər isə pulun ona iddiaçının əri tərəfindən verildiyini bildirib. Evin inşasına sərf edilmiş bütün pulun başqa şəxsə (iddiaçının qayınanasına və s.) məxsus olduğunu təsdiq edən mötəbər sübutlar olmadığına, ev nikah müddətində inşa edildiyinə və ev inşa edildikdən sonra orada yalnız iddiaçının ailəsi (iddiaçı, əri və iki uşağı) yaşadığına görə, hesab olunur ki, ev tərəflərin (ər-arvadın) ümumi vəsaiti və əməyi hesabına inşa olunub. 12.Evin su ilə təmin edilməsinə dair müqavilənin 2017-ci ildə iddiaçının qayınanasın adına bağlanması, daha sonra – 2023-cü ildə iddiaçının baldızının adına dəyişdirilməsi (iş v. 61) evin iddiaçının qayınansının vəsaiti hesabına inşa edildiyini təsdiq edən sübut sayılmır. 13.Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159-cu maddəsinin mənasına əsaslanaraq hesab edir ki, ev özbaşına tikinti olsa da, nikah müddətində tərəflərin (ər-arvadın) ümumi vəsaiti və əməyi hesabına inşa edildiyinə görə, tərəflər (ər-arvad) həmin evin sahibləri sayılıblar. Lakin iddiaçı sahiblikdən iradəsinə zidd olaraq məhrum edilib. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. O cümlədə ev iddiaçının və onun uşaqlarının yaşadığı yer olub. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Ona görə də məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının və onun uşaqlarının evə köçürülməsini qət etməklə düzgün nəticəyə gəlib. 14.İddiaçının baldızı Elnarə Səlimova ilə üçüncü şəxs Vüsal Məmmədovun arasında evə dair “alqı-satqı müqaviləsi” adlandırılan sənədin tərtib edilməsi evə köçürülmə barədə iddianın rədd edilməsinə əsas ola bilməz. Birinci, həmin müqavilə iddianın təmin edilməsinə mane olmaq üçün tərtib edilib. Belə ki, iddia ərizəsi xx.xx.2024-cü ildə verilib, müqavilə isə bundan 4 gün sonra - xx.xx.2024-cü ildə tərtib olunub. İkinci, müqaviləni bağlayan şəxsin (iddiaçının baldızının) evə aidiyyəti olmayıb, yəni o, evin inşasında iştirak etməyib və ya orada yaşamayıb, ev nikah müddətində iddiaçının və onun ərinin ümumi vəsaiti və əməyi hesabına inşa edilib. Üçüncü, Vüsal Məmmədovun vicdanlı əldə edən olmasının hüquqi əhəmiyyəti yoxdur. Belə ki, ev hətta rəsmi reyestrdə qeydə alınmış olsayıdı, müqaviləni isə iddiaçının əri bağlasayıdı, belə halda da Vüsal Məmmədovun vicdanlı əldə edən olub-olmadığından asılı olmayaraq müqavilə etibarsız sayılacaqdı, çünki müqavilənin bağlanması üçün iddiaçının razılığı tələb olunur (Mülki Məcəllə, maddə 225.6). Dördüncü, müqavilə özbaşına tikintiyə münasibətdə bağlanıb, özbaşına tikintini satmaq qanunla qadağan olunub (Mülki Məcəllə, maddə 180.2). Beşinci, ev hətta rəsmi reyestrdə qeydə alınmış olsayıdı, sadə yazılı formada müqavilə bağlana bilməzdi, çünki qanuna görə, daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilə notariat qaydasında təsdiqlənməlidir (Mülki Məcəllə, maddə 394). Beləlilklə, həmin müqavilənin iddiaçıya münasibətdə hüquqi əhəmiyyəti yoxdur. İddiaçı üçüncü şəxs Vüsal Məmmədovun evdən çıxarılması üçün, Vüsal Məmmədov isə Elnarə Səlimovaya ödədiyi pulun geri qaytarılması üçün məhkəməyə iddia verə bilər. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)- 2423/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5836/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5836/2024
25.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver