Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5836/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbi cəlb edilməklə) əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X9 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbi cəlb edilməklə) əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2(009)-1613/2025 nömrəli qətnaməsindən cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2011-ci il tarixində H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinə nəzəriyyə ixtisası üzrə əsas müəllim vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir.
2. Bakı “Respublika Endokrinoloji Mərkəzi” publik hüquqi şəxsinin ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ambulator müalicədə olmuş və ona “D/Z E11.9 Şəkərli diabet tip 2” diaqnozu təyin edilmişdir.
3. H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli, 84 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsini rəhbər tutaraq H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyalan keçmiş işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi (bənd 1), H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 nəfərdən ibarət 2 Attestasiya Komissiyasının yaradılması və tərkibləri təsdiq edilməsi (1 və 2 nömrəli əlavələr) (bənd 2), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla, H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2025-ci il fevralın 5-dən iyunun 5dək attestasiyadan keçirilməsi (bənd 3) əmr edilmişdir.
4. H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən həmin məktəbin nəzəriyyə şöbəsinin müəllimi vəzifəsində çalışan İddiaçı verilmiş xasiyyətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixindən etibarən nəzəriyyə müəllimi vəzifəsində çalışır. Əmək fəaliyyəti dövründə o, özünü intizamlı və məsuliyyətli işçi kimi təsdiq etməklə yanaşı, həm də təşəbbüskarlığı ilə seçilib. İddiaçı tədris prosesinə məsuliyyətlə yanaşmışdır. O, (İddiaçı) kollektivin dərin hörmətini qazanmış, tələbkar və eyni zamanda qayğıkeş bir müəllim kimi tanınmışdır. İddiaçı dərs prosesini maraqlı və interaktiv formada təşkil edir, bu da şagirdlərdə musiqiyə qarşı motivasiya və marağın artmasına səbəb olur. O, işlədiyi dövrlərdə heç vaxt intizam tənbehi almamışdır. İddiaçı işlədiyi dövrlərdə nizam-intizamlı olmağı, səmimiyyəti və gülərüzlüyü ilə seçilmişdir. Kollektivdə həmkarları ilə heç bir problem yaşamamış, valideyn və şagirdlərin sevimli müəllimsəsi olmuşdur.
5. H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən İddiaçı ünvanlanmış və İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə tanış olmuş müəllimlərin attestasiyası haqqında 34 nömrəli xəbərdarlıq bildirişinin surətindən görünür ki, bildirirlər ki, H.Sarabski adına H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli, 84 nömrəli əmrinə görə müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya Komissiyası yaradılmışdır. Nəzərinə çatdırırlar ki, İddiaçı attestasiya olunacaqlar işçilər kateqoriyasına aiddir. Məlumat üçün bildirirlər ki, Attestasiya Komissiyasının yaradılması haqqında sənədlə H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbində tanış ola bilər. Attestasiyada iştirak etmədiyi halda attestasiyadan keçirilməmiş hesab olunur. Tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən son 5 il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yəni ixtisasa yiyələnməsi və ixtisasının artırılmasının nəticələri nəzərə alındığı üçün bununla bağlı sənədləri (sertifikat, diplom və s.) Attestasiya Komissiyasına təqdim etməsi xahiş olunur. Attestasiya zamanı aşağıdakı məsələlərlə əlaqədar suallarının verilməsi nəzərdə tutulur (əlavə 1). Bu xəbərdarlıq işçi tərəfindən rəsmi qaydada alındığı tarixdən qüvvəyə minir.
6. H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Nəzəriyyə Şöbəsinin müəllimi İddiaçı attestasiya üzrə xx.xx.2025-ci il tarixli attestasiya vərəqəsinin surətindən görünür ki, attestasiya vərəqəsinin “Attestasiyadan keçən şəxsə verilən suallar və cavablar”ını nəzərdə tutulan 7-ci bəndinə əsasən “Borodin haqqında nə deyə bilərsiniz – cavab verə bilmədi. M.Maqomayevin hansı simfonik əsərlərinin adlarını çəkə bilərsiniz – cavab verə bilmədi. Çaykovskinin neçə simfoniyası var - cavab verə bilmədi. İİ yarıildə 5 illik təhsil sisteminin 2- ci sinif musiqi ədəbiyyatında hansı mövzular keçilir – düzgün cavab vermədi. Proqramlı musiqidə hansı nümunələri şagirdlərə göstərirsiniz – cavab verə bilmədi. Sülh uğrunda neçə hissəli əsərdir – cavab verə bilmədi. Karmen kimin əsəridir – cavab verə bilmədi. Si majorun neçə işarəsi var – cavab verə bilmədi. Solfecio nömrələrinin oxunması – ifa edə bilmədi. Musiqi nömrəsinin ifası – ifa edə bilmədi. Musiqi nömrələrinin dinlənməsi – heç birinə cavab verə bilmədi” kimi qeydlər göstərilmişdir. Attestasiya vərəqəsinin “Səsvermənin nəticələrinə görə işçinin fəaliyyətinə qiymət verilməsi”ni nəzərdə tutulan 10-cu bəndinə əsasən Attestasiya komissiyası tərəfindən “İş fəaliyyətinə uyğun deyil” kimi qeyd edilmişdir.
7. Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair xx.xx.2025-ci il tarixli, 3 nömrəli protokolun surətindən görünür ki, işçilər X6, X4 tutduqları vəzifəyə uyğun hesab edilməsi, işçilər İddiaçı və qeyriləri tutduqları vəzifələrə uyğun hesab edilməməsi qərara alınmışdır.
8. Attestasiya Komissiyasının sədri X7, üzvləri X10, X5, X11 və X1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, nəzəriyyə şöbəsinin müəllimi İddiaçı Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixində keçirilmiş attestasiya komissiyasının iclasında iştirak etmiş, lakin attestasiya vərəqəsini imzalamaqdan imtina etmişdir.
9. Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli, 04 nömrəli qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin xx.xx.2024-cü il tarixli 84 nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır. Qeyd olunanlara əsasən məktəbin nəzəriyyə müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdə attestasiyaya dəvət edilmişdir. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 12 ədəd sual verilmişdir. İddiaçı həmin suallardan 12 ədədinə cavab verə bilməmiş, 0 ədədinə qismən cavab vermiş, yalnız 0 ədədinə tam cavab verə bilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi qərara alınmışdır.
10. Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli, 81 nömrəli əmrindən görünür ki, Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası xx.xx.2025-ci il tarixli qərarı ilə həmin məktəbin nəzəriyyə müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığını qərara almışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin o, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş hallara malik olmamasına dair məlumat verməkdən imtina etmişdir. Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyasının xx.xx.2025-ci il tarixli qərarını və İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin (b) bəndi və 83-cü maddəsini və “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 7.2-ci bəndinin 13- cü abzasını nəzərə alaraq Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi İddiaçı xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı qanunvericiliyə uyğun olaraq 41 gün son haqq-hesabının ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Əmrin əsası kimi Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının xx.xx.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və xx.xx.2025-ci il tarixli 1 nömrəli protokolu göstərilmişdir.
11. xxxxxxx0002X1 saylı, xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 81 saylı, xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən əmək müqaviləsinə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbin direktoru Nümayəndə tərəfindən onun işdən azad edilməsi barədə verilmiş 81 nömrəli, xx.xx.2025-ci il tarixli əmrini ləğv edərək həmin məktəbdə işlədiyi nəzəriyyə müəlliməsi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 1983-cü ildə Salyan şəhər Qulu Əsgərov adına uşaq musiqi məktəbində nəzəriyyə müəlliməsi kimi fəaliyyətə başlamışdır. 2011-ci ildən Bakı şəhər 7 saylı H.Sarabski adına UMM-də nəzəriyyə müəllimi kimi işə başlamışdır. Məktəbdə işlədiyi dövrdə fəaliyyəti ilə əlaqədar hər hansı nizamintizam məsuliyyətinə cəlb edilməmişdir. İşə əlavə olunmuş xasiyyətnamədən də göründüyü kimi, pedaqoq kimi işini bacarıqla idarə edir, bir müəllim kimi şagirdlərinin təlimtərbiyəsində əməyini əsirgəmir. İşlədiyi müddətdə diplom və təşəkkürnamə ilə təltif olunmuşdur. Bu ilin mart ayında təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsəd ilə məktəbdə keçirilmiş attestasiyada iştirak etmişdir. Elə bütün problemlər də məhz bundan sonra başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaların 1.2 bəndinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır. İşçilərin attestasiyasının keçirilməsi və attestasiya komissiyasının təşkil edilməsi müəssisə rəhbərinin əmri (sərəncamı) ilə sənədləşdirilir. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Attestasiya barədə ona bir gün qalmış məlumat verilmiş və səhəri günü attestasiya olunmuşdur. O, uzun müddətdir ki, şəkər xəstəliyin ən yüksək stadiyası ilə müalicə olunur. Hər il xəstəxanalarda müalicə alır, dərmanlarla yaşayır. O, tənha qadındır, taleyi elə gətirmişdir ki, hər iki övladı cavan yaşda faciəli şəkildə vəfat edib. Heç yerdən əlavə gəliri yoxdur, müəllimlikdən aldığı əmək haqqı ilə dolanır. O, 41 ildir ki, müəllimə işləyir, təşəkkürnamələr almışdır, işində nöqsan olmamışdır. Attestasiyanın ani olaraq qısa vaxt ərzində keçirilməsi və hansı mövzudan sualların düşəcəyini bilmirdi. Bildiklərini danışmış, hesab edir ki, attestasiya şərtlərinə cavab vermişdir, ola bilər ki, cavabları komissiya üzvlərinin tələb etdiyi formada olmasa da ümumilikdə cavabları müsbət olub. Lakin xx.xx.2025-ci il tarixində Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndi göstərilməklə 81 saylı əmri ilə (əsas: 07 mart 2025-ci il tarixində keçirilmiş Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının Qərarı) o, tutduğu vəzifədən azad edilmişdir. Bildirilir ki, o, qeyd olunan Qərar ilə razı deyil və hesab edir ki, xx.xx.2025-ci il tarixli, 81 saylı əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki, əmrdə yazılmışdır ki, Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işçidən həmin maddənin 1-ci hissəsinin təsirinə düşmüş hallarla bağlı sənəd təqdim edilməsi tələb edilsə də, təqdim etməmiş və bu barədə Akt tərtib edilmişdir. Birincisi, 2019cu il tarixindən məktəbə işçinin şəkərli diabetlə mütəmadi müalicə alması barədə sənəd təqdim edilib. Bütün məktəb və onun rəhbərliyi məlumatlıdır. Eyni zamanda, attestasiya keçiriləndən əvvəl də işçi tərəfindən rəhbərliyə şəkərli diabet olması barədə bir daha məlumatlandırılmış və ona məktəb direktoru tərəfindən bildirilmişdir ki, bu barədə onlar və baş idarə məlumatlıdır, “sizin attestasiyada iştirakınız tələb edilməyəcək”. Xəstəliklə bağlı arayışın onun tərəfindən verilməməsinə gəlincə isə, əgər əmrdə göstərilən kimi imtina barədə akt varsa, məhkəməyə təqdim edilsin. İkincisi, əgər işçi attestasiyadan “keçməməsinə” görə çıxarılırsa, onda 79-cu maddədəki xəstəliklə bağlı sənəd nə üçün tələb edilir? Yox, həqiqətən 79-cu maddəsinin təsirinə düşürsə onda niyə müqaviləyə xitam verilib? Niyə işçi onda attestasiyaya cəlb edilib? Niyə əmrdə 79-cu maddəyə istinad edilir və onun əsasında işdən azad edilir? Əmək Məcəlləsinin 79-cü maddəsinə əsasən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin məktəb rəhbərliyi Əmək Məcəlləsinin tələbini pozmaqla qanunsuz əmr vermişdir. Əmr giriş hissəsindəki izahata görə birbaşa ləğv olunmalıdır. Hesab edir ki, bu Atestasiyanın Qərarı ləğv olunmalıdır. Ona görə də onun işdən azad olunması qanuni hesab oluna bilməz və xx.xx.2025-ci il tarixli Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndi ilə işdən tutduğu vəzifədən azad olunması barədə 81 saylı əmri də ləğv edilməlidir.
14. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbin direktoru Nümayəndə tərəfindən onun işdən azad edilməsi barədə verilmiş 81 nömrəli, xx.xx.2025ci il tarixli əmrini ləğv edərək, həmin məktəbdə işlədiyi nəzəriyyə müəlliməsi vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi, Mediasiya Təşkilatına ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin və hüquqi yardıma görə vəkilə ödənilən 400 manat ödənişin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2(009)- 1613/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin İddiaçı işdən azad olunması barədə 81 saylı xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməklə, onun H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin nəzəriyyə müəllimi vəzifəsinə bərpa edilməsi, Bakı şəhər Mədəniyyət Baş İdarəsindən məhkəmə xərclərinin əvəzi kimi İddiaçı xeyrinə 60 manat (mediasiya xərci), həmçinin hüquqi xidmət üçün ödənilən 300 manat, cəmi 360 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.
16. Qətnamə onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olubolmadığını müəyyən etmək məqsədilə keçirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə Attestasiya Komissiyası yaradılmış və müəssisənin işçilərinə Əmək Məcəlləsinin 79-cu maddəsində müəyyən edilmiş imtiyazlara malik olmalarına dair sübutların təqdim olunması təklif olunmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçıya da şəkərli diabet xəstəsi olmasına dair sənədin təqdim edilməsi təklif olunmuş və ona bildirilmişdir ki, həmin sənəd təqdim olunduğu təqdirdə Attestasiyadan keçməyəcəkdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə işdən azad olunması işəgötürənə qadağan edilir. Yəni işçinin şəkərli diabet xəstəsi olması onun attestasiyadan keçməməsi üçün əsas hesab edilə bilməzdi. Bu hal yalnız işəgötürənə həmin xəstəlik səbəbilə işçinin işdən azad olunmasını qadağan edir. İddiaçının işdən azad olunma əmrinin verilməsinə əsas onun attestasiyadan keçmədiyi üçün tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərar olsa da, hazırkı işin faktiki halları ilə müəyyən edilir ki, işçinin məhz attestasiyadan keçə bilməməsi işəgötürənin işçini səhv məlumatlandırması olmuşdur. Komissiya üzvləri iddiaçının komissiyadan keçərkən ona düzgün məlumat verilməməsi barədə məlumatı bildirdiyi təqdirdə Komissiya üzvləri həmin tarixdə işçini attestasiyadan keçirməməli, vaxt verməklə onun Komissiyadan keçmə müddətini təxirə salmalı idilər. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfi (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədi ilə qanunvericilik bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Əmək Məcəlləsində əmək şəraiti - işçinin əmək münasibətində olduğu iş yerində öz əmək funksiyalarını səmərəli və faydalı yerinə yetirilməsi üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş minimum normalar, habelə əmək müqaviləsində tərəflərin özlərinin müəyyən etdiyi əmək, sosial və iqtisadi normalarının məcmusu kimi qəbul edilir. Normaların yerinə yetirmə səviyyəsində və istehsalat amillərindən asılı olmayaraq bütün müəssisələrdə işəgötürən iş yerlərinin attestasiyasını həyata keçirilməlidirlər. Attestasiyanın keçirilməsi əməyin mühafizəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi ilə yanaşı, müəssisələrdə sağlam, əmək və iş mühitini formalaşması işinə xidmət edir və olduqca əhəmiyyətlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 65, 79, 300-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsi qətnamədən apellyasiya şikayəti verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə nəticəyə gələrkən öz mövqeyini əsaslandırmamış, qətnamədə yalnız iddiaçıya şəkərli diabet olduğu üçün attestasiyaya cəlb olunmayacağı barədə vəd verilərək hazılaşmağa imkan yaradılmaması ilə əsaslandırmağa cəhd etmişdir. Halbuki, qeyd olunmuş əsas mübahisə predmeti əmrin ləğvi üçün əsas qismində çıxış edə bilməz. attestasiyanın keçirilməsi qaydaları adıçəkilən normativ hüquqi aktlarla tənzimlənir. Lakin birinci instansiya məhkəməsi həmin normalardan hansının pozulduğunu göstərməmişdir. Halbuki, attestasiya qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz məhkəməyə təqdim edilmişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Bakı şəhəri H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə İddiaçı haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı əmr imzalamış və onu əvvəlki vəzifəsinə bərpa etmişdir. Belə ki, qətnamə zalda elan olunduqdan sonra cavabdeh tərəf dərhal verdikləri əmri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə daxil etmiş və bu barədə işçiyə zəng edərək, işə çıxmasını bildirmişdir. İşə çıxmaq istiyən işçiyə səhərisi gün yenidən zəng edilərək, hələlik əmrin icrası dondurulur. Aydın deyildir ki, bərpa etmək və əmrin icrasını dondurmaq nədir? İşçi işə bərpa olunursa, onda niyə apellyasiya şikayəti verilir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində işçinin işə bərpa əmri qüvvədədir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış bütün sübutlara düzgün qiymət verərək, iddiasını təmin edilməsi barədə qətnamə çıxarmışdır. Buna görə də, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxslər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər;
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər;
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz;
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir;
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır;
6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır;
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; Maddə 79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar
1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır;
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir; Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər; Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair” 6 noyabr 2024-cü il tarixli qərarında qeyd olunmuşdur: “Göründüyü kimi, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan şəxslər sırasında öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olan işçilərin adı təsbit edilsə də, bu kateqoriyada olan şəxslər “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə sertifikatlaşdırmadan keçməyən şəxslərin sırasına daxil edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu qadağadan istisnaya yalnız həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edildiyi və müddətli əmək müqaviləsinə Məcəllənin 73cü maddəsi ilə xitam verilən hallarda yol verilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilən işçilərlə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə qoyulmuş qadağa əmək münasibətlərində yüksək sosial və hüquqi müdafiəyə ehtiyacı olan şəxslərə dövlətin qayğısını əks etdirir. “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsi və Qayda təhsilverənlərin sertifikatlaşdırılma prosedurunu tənzimlədiyi halda, Əmək Məcəlləsinin 79cu maddəsi əmək müqaviləsi işəgötürən tərəfindən ləğv olunması qadağan edilən işçilərin dairəsini müəyyən etmişdir. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır. Həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haqlarının diferensiallaşdırması da həyata keçirilir.”
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 17 fevral 2016-cı il tarixli “Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair” qərardadında qeyd olunur ki, “Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. ”
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya şikayəti ilə qətnamənin tam ləğv olunması xahiş edilsə də, iddia tələbi rədd edilən hissədə qətnamə cavabdeh tərəfindən mübahisə edilmədiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia tələbinin təmin edilməyən hissəsində hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
30. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Normanın 2-ci hissəsi isə istisnaları müəyyən edir və qeyd olunur ki, bu müddəalar Məcəllənin 70-ci maddəsinin “a” bəndi (müəssisə ləğv edildikdə) və 73cü maddəsi (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə xitam verilən hallara şamil edilmir.
31. Göründüyü kimi istisnalarda 70-ci maddənin “c” bəndi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) qeyd olunmur.
32. Mübahisə predmeti olan əmrdə də qeyd olunmuşdur ki, “Əmək Məcəlləsinin 79cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub – olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin o, bu hallara malik olmamasına dair məlumat verməkdən imtina etmişdir. (bu barədə akt tərtib edilmişdir). Həmçinin, əmrin giriş hissəsində “... Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş hallara malik olmadığını nəzərə alaraq...” ifadəsi də yer almışdır.
33. Qeyd olunan ifadələrdən də görünür ki, cavabdeh özü də razılaşır ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş hallar mövcud olduğu təqdirdə işçi attestasiyadan keçirilməməlidir və əmrdə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub – olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edildiyini və bu hallara malik olmadığını vurğulayır.
34. Əmrdə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub – olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilməsi, lakin bu hallara malik olmamasına dair məlumat verməkdən imtina etməsi, bu barədə akt tərtib edilməsinə istinad olunsa da, qeyd olunan halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.
35. Əksinə, iş materiallarının 71-74-cü vərəqələrində olan 04 sentyabr 2025-ci il taorixdə keçirilmiş məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs H.Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbinin nümayəndəsi Nümayəndə 25 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında izahatında qeyd etmişdir ki, iddiaçının şəkərli diabet xəstəsi olması barədə arayış ona təqdim olunmuş və o, arayışı baş idarəyə göndərmişdir.
36. Birinci instansiya məhkəməsi qətnaməsində haqlı olaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə işdən azad olunması işəgötürənə qadağan edilir. Yəni işçinin şəkərli diabet xəstəsi olması onun attestasiyadan keçməməsi üçün əsas hesab edilə bilməzdi. Bu hal yalnız işəgötürənə həmin xəstəlik səbəbilə işçinin işdən azad olunmasını qadağan edir. İddiaçının işdən azad olunma əmrinin verilməsinə əsas onun attestasiyadan keçmədiyi üçün tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərar olsa da, hazırkı işin faktiki halları ilə müəyyən edilir ki, işçinin məhz attestasiyadan keçə bilməməsi işəgötürənin işçini səhv məlumatlandırması olmuşdur. Komissiya üzvləri iddiaçının komissiyadan keçərkən ona düzgün məlumat verilməməsi barədə məlumatı bildirdiyi təqdirdə Komissiya üzvləri həmin tarixdə işçini attestasiyadan keçirməməli idilər.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 17 fevral 2016-cı il tarixli “Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair” qərardadında xüsusilə vurğulanır ki, “Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir.”
38. Həmçinin, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36- 2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair” 6 noyabr 2024-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən cavabdehin digər imkanı da mövcud olmuşdur. Həmin qərarda qeyd olunur ki, Əmək Məcəlləsinin 79-cu maddəsi konstitusiya hüquqi mahiyyəti və təyinatı baxımından işəgötürən tərəfindən işçilərin, o cümlədən təhsilverənlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada peşəkarlıq səviyyəsini və peşə yararlılığını müəyyənləşdirmək imkanını aradan qaldırmır, həmçinin sertifikatlaşdırmadan keçmiş təhsilverənlərin nəticələrinə müvafiq olaraq onların əmək haqlarının diferensiallaşdırması da həyata keçirilir.
39. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2(009)- 1613/2025 nömrəli qətnaməsindən cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2(009)- 1613/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.