Məhkəmə qərarları › İş №2(103)-5839/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5839/2021

13.07.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5839/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Abbaslı Əsgər Əbülfət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-774/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-yə 01 noyabr 2018-ci il tarixli, 23-138997-16 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının yerləşdirdiyi əmanətə görə 10.000 (on min) ABŞ dolları məbləğində əmanət qoyulmuş pul və ona hesablanmalı olan 3% məbləğində, yəni 300 ABŞ dolları kompensasiya məbləğinin (günün məzənəssinə uyğun olaraq) Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.. İddia ərizəsi onunla əsaslandırımışdır ki, iddiaçı tərəfindən 01 noyabr 2018-ci il tarixli, 23138997-16 saylı bank əmanəti müqaviləsinə müvafiq olaraq banka illik faiz dərəcəsi 3% olmaqla, 12 ay müddətinə 10.000 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Əmanət müqaviləsinin tarixi bitdiyi gün banka yaxınlaşıb əmanəti və ona hesablanmış faiz məbləğini götürmək istədikdə ona bildirildi ki, bankda pul vəsaiti yoxdur. Bankda pul olan kimi məlumat veriləcək. Mərkəzi Bankın 2020-ci il 29 aprel tarixli məktubuna əsasən,”Atabank” Açıq Səhmdar Cəmiyyətində sığorta hadisəsi baş vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 30 aprel tarixli qərarına əsasən "xxxx" ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu həmin bankın ləğvedicisi təyin edilmişdir Sonradan onlara məlumat verilmişdir ki, bank tərəfindən müqaviləsinin müddəti birtərəfli qaydada həmin günə dəyişdirilmiş şərtlərlə yenidən uzadılmışdır. İddiaçı bununla əlaqədar olaraq "xxxx" ASC-nin baş ofisinə yaxınlaşaraq baş verənlərin səbəbini soruşanda ona əmanət müqaviləsinin müddətinin 2019-cu ilin noyabr ayında bitdiyindən bank özbaşına illik faiz dərəcəsini 3%-dən yuxarı qaldırmış buna görə əmanətlərinin sığortalı olmadığı bildirilmişdir. Bununla bağlı olaraq, Əmanətlərin Sığortalanması Fonduna yazılı müraciət etmiş, lakin bu günə qədər də əmanətçiyə heç bir rəsmi cavab verilməmişdir. Əmanətlərin Sığortalanması Fondunun iddiaçının əmanətinin ödənilməməsi ilə bağlı qərarı əsassız və qanunsuzdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci maddəsinə görə əmanətin müddətinin bitdiyi gündə əmanət geri götürülməzsə, müqavilə eyni şərtlərlə, lakin həmin günə bankda qüvvədə olan olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. "xxxx" ASC-də bu maddəni tətbiqində bilərəkdən ciddi yanlışlığa yol vermişdir. Belə ki, burada bank qanunveriliyində banka belə bir hüquq verilməsi əmanətin tələbli əmanət statusuna daxil olması səbəbindən bank üçün risk daşığından müştəriyə ödənilməli olan faiz dərəcəsinin azaldılmasından irəli gəlir. Bank isə çox şübhəli şəkildə maddənin mahiyyətindən kənara çıxaraq faiz dərəcəsini artmaqla (öz ziyanına) əmanətin sığortalanmış statusunda çıxmasına səbəb olmuşdur. Bu hal isə iddiaçı üçün bütün məbləğin itirilməsi riski yaratmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-774/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 01 noyabr 2018-ci il tarixli, 23-138997-16 saylı bank əmanəti müqaviləsinə əsasən iddiaçının “AtaBank" ASC-yə qoyduğu 10.000 (on min) ABŞ dolları məbləğində əmanət və ona hesablanmalı olan 3% məbləğində, yəni 300 (üç yüz) ABŞ dolları məbləğində kompensasiya məbləği olmaqla, cəmi 10.300 (on min üç yüz) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul cavabdeh Əmanətlərin Sığortalanması Fondundan alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi milli valyutada qorunan əmanətlər üzrə 15 %, xarici valyutada qorunan əmanətlər üzrə 3 % müəyyən edilmişdir. 01 mart 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətində tam sığortalanır və tam kompensassiya olunur. 01.07.2019-cu il tarixindən etibarən üzv banklarda qəbul edilən illik əmanətlər üzrə qorunan əmanətlər illik faiz dərəcəsinin yuxarı həddində dəyişiklik edilmiş milli valyutada 10%, xarici valyutada isə üzrə 2,5% müəyyən edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Lakin, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılıması barədə müraciət daxil olmamışdır. Qeyd olunduğu kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi uçun müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqavilesindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Qeyd olunduğu kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi uçun müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrdə müvafiq dəyişiklik edilməlidir. Proses iştirakçılarının izahatları: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 01.11.2018-ci il tarixli, 23-138997-16 saylı Bank əmanəti müqaviləsi ilə Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 10.000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 4.1-cü maddəsinə əsasən müqavilənin müddəti 12 aydır. Bank əmanətçiyə illik 3 % ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu günədək əmanət “əmanətçi” tərəfindən tələb olunmazsa, növbəti gündən etibarən müqavilə eyni müddətə uzadılmış hesab olunur, bu şərtlə ki, “Bank” müqavilənin müddətinin uzadılmasına razı olsun. “Bank” müqavilənin müddətinin uzadılmasına razı olmadıqda müqaviləyə xitam verilir və müqavilənin 4.2-ci bəndi ilə müəyyən olunan qaydada əmanət “əmanətçi”yə qaytarılmaqla əmanət hesabı bağlanılır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, tərəflər arasında bağlanmış əmanət müqaviləsi 01.11.2018-ci il tarixdən 01.11.2019-cu il tarixədək bağlanmış və müddətin sonunda uzadılmışdır. İddiaçının xəbəri olmadan əmanət müqaviləsində dəyişiklik edilməklə, müddəti uzadılmış və qorunmayan əmanət hesab edilmişdir. Lakin X1 24.02.2015-ci il tarixli qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olmuş və bu müqavilədə öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının 2018-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iddianı təmin etməklə, səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. (944.2) “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla bankın milli və xarici valyutada qəbul etdiyi və qanunvericiliyə və ya müqaviləyə əsasən, geri ödəməli olduğu pul vəsaitləridir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin Qanunun 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli qərarında deyilir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə. X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. Qeyd olunmalıdır ki, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 02 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X1 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətinə tam sığortalanması müəyyən edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla 01.07.2019-cu il tarixindən etibarən üzv banklarda qəbul edilən illik əmanətlər üzrə qorunan əmanətlər illik faiz dərəcəsinin yuxarı həddində dəyişiklik edilmiş milli valyutada 10 %, xarici valyutada isə üzrə 2,5 % müəyyən edilmişdir. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. İş materiallarından göründüyü kimi, əmanət müqaviləsinin müddəti bitdikdə iddiaçı əmanət müqaviləsi üzrə hesablanmış pul vəsaitinin ona qaytarılması barədə banka müraciət etsməsinə istinad etsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmin dövrdə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla qəbul edilmiş qərarı ilə 01.07.2019-cu il tarixindən etibarən üzv banklarda qəbul edilən illik əmanətlər üzrə qorunan əmanətlər illik faiz dərəcəsinin yuxarı həddində dəyişiklik edilmiş milli valyutada 10%, xarici valyutada isə üzrə 2,5% müəyyən edilmişdir Buna baxmayaraq, iddiaçı əmanət müqavilə üzrə müəyyən edilmiş faiz dərəcələrinin azaldılması barədə ərizə ilə banka müraciət etməmiş və nəticədə müqavilənin müddəti müqavilənin 4.3-cü maddəsinin tələblərinə uyğun olaraq, eyni şərtlərlə uzadılmışdır. Belə olan halda, əmanətin faiz dərəcəsi 3% olaraq, saxlanıldığından sığortalı əmanət kateqoriyasına aid edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının tələbi, əmanətlərin tam sığortalanması qaydasında deyil, bankın iflas proseduru çərçivəsində növbəlilik qaydasında ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384-cü maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəmsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-774/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-774/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar