Məhkəmə qərarları › İş №2(103)-584/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-584/2024

31.01.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-584/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Azərbaycan Beynəlxalq Bankı” ASC və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzilin boşaldılması, payçı müqaviləsinin, çıxarışın və texniki pasportun ləğvi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı MTK-nın Cavabdeh1 qarşı “mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən "Kristal Abşeron” MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1 -ci bina, 1 -ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-li mənzili tikib "Payçı”nın (Cavabdeh1) mülkiyyətinə verməyi öhdəsinə götürmüş. “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1 -ci bina, 1 -ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-li mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri "MTK”-ya ödənilməsini və həmçinin "Kristal Abşeron” MTK Bayıl filialı yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyərinin 83.664 manat olmasına razılaşılmışdır. Həmin müqavilənin 4.2.7-ci bəndinə əsasən payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "Azərbaycan Beynəlxalq Bankı” ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında "MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər.Bu halda "MTK” "Azərbaycan Beynəlxalq Bankı” ASC və "Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn "Payçı”nın öhdəliklərini yerinə yetirməlidir.

2. "Kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli”nə (surət) əsasən "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 103-xx-xx-2016-MR-BY saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 240 ay müddətinə, illik 8%-lə 83.664 manat kredit verilmişdir.

3. Kreditor "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə borclu Cavabdeh1 və zamin qismində "Kristal Abşeron” MTK arasında bağlanmış xx.xx.2016-cı il tarixli 103- 11-05- 2016-MR-BY saylı zaminlik müqaviləsinə əsasən zamin "Kristal Abşeron” MTK bankla Cavabdeh1 arasında bağlanılmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 83664 manat məbləğində 240 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s . hesabına ödənilməsini öhdəsinə götürür.

4. "İpoteka saxlayan” qismində "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "İpotekaqoyan” qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən «İpoteka qoyan» mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu ünvanında yerləşən 16B nömrəli binanın 2-ci girişində ümumi 48,9 kv.m. sahədən ibarət 86 nömrəli 2 otaqlı mənzili xx.xx.2016-cı il tarixli 103-11- 05- 2016-MR-BY saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

5. "Azərbaycan Beynəlxalq Bankı”ASC Cavabdeh1 20 fevral 2019-cu il tarixli bildiriş ünvanlayaraq 5 iş günü müddətində Banka olan ödəniş cədvəli üzrə 2395 manat məbləğində borcu ödəməsəniz, ABB borcu tələb etməklə103-xx-xx-2016-MR-BY nömrəli xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən X4 zamini "Kristal Abşeron ”MTK-ya müraciət edəcək, o isə öz növbəsində alqı-satqı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri Səbayıl rayonu, Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, 48,9 kv.m, 2 otaq mənzili öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir.

6. Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu,16 B saylı binanın, giriş 2, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqdan ibarət 86 nömrəli mənzil 19 iyul 2018-ci ildə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzilin boşaldılması, xx.xx.2016-cı il tarixli payçı müqaviləsinin və Azərbaycan Respublikası Dövlət Əmlak Məsələləri Komitəsi yanında DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 12-si tarixindən gec olmayaraq ödəməli idi. Cavabdeh1 kredit vəsaitindən istifadə etmiş, lakin yuxarıda qeyd olunan kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə gecikdirilmiş borc 2395,00 manat təşkil edir və bununla da o, müqavilə şərtlərini və Mülki Məcəllənin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Kredit müqaviləsinin 13.2-ci bəndinə əsasən borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə bank öhdəliklərin icrasını təminat üsuluna yönəlmək hüququna malikdir. Kredit müqaviləsinin 13.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndinə əsasən nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borc verən borc alandan Kredit müqaviləsi üzrə təminat kimi çıxış edən İddiaçı MTK və Cavabdeh1 arasında imzalanmış müqavilənin predmeti olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, giriş 2, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzilin boşaldılmasını tələb edir. Borc alan isə qeyri-şərtsiz olaraq həmin sahəni boşaldır. İddiaçı MTK zamin olaraq öz növbəsində payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən kreditin təminatı kimi çıxış edən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzil öz sahibliyinə keçirərək ABB qarşısında borcu bağlamaq hüququna malikdir. İddiaçı MTK-a Cavabdeh1 dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, ödəmək qabiliyyətində olmadığını bildirmişdir. X8 tərəfindən cavabdehə dəfələrlə rəsmi bildiriş göndərilmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh könüllü olaraq mənzili boşaldaraq təhvil imtina etmişdir. Bununla da cavabdeh müqavilə üzrə olan öhdəlik tələblərini yerinə yetirməmişdir. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, 86 saylı mənzildə yaşamasa da, bəzi şəxsi əşyalarını həmin mənzilə yerləşdirmişdir. Məhz bu səbəbdən də mənzil boşaldılmalıdır. 9.Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu küçəsində yerləşən 16B saylı evin ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqdan ibarət 86 saylı mənzilin Cavabdeh1 tərəfindən boşaldılması, Cavabdeh1 ilə İddiaçı arasında bağlanan xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş Dövlət Reyestrindən Çıxarışın və Texniki Pasportun ləğv edilməsi qət edilmişdir (hakim Şahin Abdullayev).

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli payçı müqaviləsinə əsasən MTK pay qismində çıxış edən Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1 -ci bina, 1 -ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı, 86 saylı mənzili tikib payçı Cavabdeh1 mülkiyyətinə verməyi, Cavabdeh1 isə müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri "MTK”-ya ödənilməsini öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin 2.4-cü bəndinə, həmçinin xx.xx.2018-ci il tarixli ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən həmin mənzilin qiyməti - 83664 manat "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ödənilir, alınan mənzil üçtərəfli ipoteka müqaviləsinə əsasən yüklü edilir və Cavabdeh1 kredit vəsaitinin hesabına alınan mənzilin dəyərini 240 ay müddətində, illik faiz dərəcəsi 8% olmaqla tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2.7-ci maddəsinə əsasən Cavabdeh1 müqavilənin şərtlərini pozduqda və kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə, "MTK” bankla və payçı arasında imzalanmış zaminlik müqaviləsinə əsasən payçının öhdəliklərini yerinə yetirməlidir. Cavabdeh1 payçı və ipoteka müqavilələrinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bu səbəbdən "MTK” bankdan rəsmi bildirişi aldıqdan sonra Cavabdeh1 bank qarşısında olan öhdəliklərini zamin kimi tam icra etmişdir. Bu səbəbdən iddiaçı bank qarşısında öhdəlikləri icra etmiş şəxs kimi cavabdehə satılmış mənzilin boşaldılması, həmin mənzilə dair iddiaçının adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyatdan keçsə də, həmin hüquqlar ipoteka müqaviləsi ilə yüklü edilmiş və iddiaçının müqavilənin şərtlərinə əsasən həmin mənzilə dair sərəncam hüquqları yalnız müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra yaranması nəzərdə tutulmuşdur. Lakin cavabdeh bu öhdəliklərini yerinə yetirmədiyindən, əksinə həmin öhdəliklər müqavilənin şərtlərinə əsasən iddiaçı tərəfindən yerinə yetirildiyindən, iddiaçı bağlanılmış müqavilələrin tərəfi kimi hazırkı tələblə çıxış etməkdə subyektiv hüququ var. Tərəflər arasında payçı müqaviləsi xx.xx.2016-cı il tarixdə bağlanıldığına görə, həmin mübahisəyə baxarkən Mülki Məcəllənin 178.8-ci maddəsinin həmin vaxt qüvvədə olan müddəaları nəzərə alınmalıdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasına tələb etmək hüququ vardır. Cavabdeh1 xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, yəni mənzil üzrə pay haqqını ödəmədiyindən, onun həmin mənzilə mülkiyyət hüquqları yaranmamışdır. Digər tərəfdən cavabdeh mənzilin dəyərini tam ödəmədiyindən, mənzil-tikinti kooperativi üzvləri tərəfindən mənzilin ona verilməsi ilə bağlı hər hansı qərar da qəbul edilməmişdir. Mülki Məcəllənin 112.1 -ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Qeyd edilən Məcəllənin 139-1.1.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə), daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı zaminlik müqaviləsinin şərtlərinə əsasən cavabdehin əvəzinə sonuncunun bank qarşısında olan öhdəlikləri tam yerinə yetirdiyindən, həmçinin Cavabdeh1 payçı kimi üzərinə düşən öhdəlikləri, yəni mənzilin dəyərini hissə-hissə ödənilməsi ilə bağlı öhdəlikləri icra etmədiyindən, onun həmin mənzilə hər hansı hüquqları yarana bilməz və bu səbəbdən mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlara xitam verilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 423.1- ci maddəsinin tələbi pozulmuş, halbuki həmin maddəni tətbiq etməklə iddianın rədd etməli idi. Maddənin tələbindən göründüyü kimi müqavilə tərəflərin razılığı ilə, razı olmadıqda isə müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqdan sonra məhkəməyə müraciət edə bilər. Lakin iş materiallarına baxdıqda iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı bir təklifin olmasına dair sübutun olmadığı görsənir. X11 hüquq və azadlıqları haqqında Konvensiya, həm Azərbaycan Respublikasının Konstitusiyası hər bir şəxsin mülkiyyət hüququna böyük önəm verir. Mülkiyyət hüququnun qorunması insan hüquq və azadlıqları kateqoriyasına daxil edilir və eyni zamanda göstərir ki, hər bir şəxsin mülkiyyət hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada məhrum ola bilər. Ancaq Bakı şəhəri Səbail Rayon Məhkəməsi 18 iyun 2019-cu il tarixli qətnaməsi ilə cavabdehin mülkiyyəti olan mənzili heç bir əsas olmadan məhrum edilməsi, onun adına verilmiş çıxarışın ləğv edilməsi hüquqlarını müdafiə etdiyi şəxsin mülkiyyət hüququna birbaşa qəsddir. Birinci instansiya məhkəməsi tərəfindən MPM-in qeyd edilən maddəsi pozulmuş, sübutlara obyektiv, tam və hərtərəfli qiymət verilməmişdir. Baxmayaraq ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinin icra edilməməsinə istinad etmiş, amma cavabdeh ilə öz arasında olan müqavilənin ləğvini tələb etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddia tələbi təqribən 5 il bundan qabaq verilmiş və cavabdehin də bu barədə məlumatı olmuşdur. Lakin məhkəmə iclaslarında məqsədli şəkildə iştirak etməmişdir. Lakin hakimin tapşırığı ilə onunla həm MTK, həm də məhkəmə köməkçisi dəfələrlə telefon vasitəsilə danışmış, həmçinin onun yaşadığı və valideynlərinin ünvanına, eləcə də vatsap nömrəsinə rəsmi bildirişlər göndərmişdir. O isə MTK-ya etibarnamə üzrə nümayəndəsini göndərərək, paydan rəsmi qaydada imtina etmişdir. Bundan başqa, iş üzrə çıxarılmış yekun qətnamə cavabdehin həm özünə, həm də nümayəndəsinə sorğu əsasında təqdim edilmişdir. Bundan başqa, qətnamənin icrası mərhələsində icra məmuru tərəfindən onunla telefon vasitəsi ilə dəfələrlə danışıq aparılmış, o isə bu danışıqlardan sonra nümayəndəsini göndərərək, mənzildə olan bütün əşyalarını oradan götürmüş, hətta istilik sistemi ilə bağlı bütün qurğuları da söküb aparmışdır. Bunadan başqa, həmçinin MTK-ya notarial qaydada təsdiq olunmuş ərizə verərək, payından imtina etdiyini və mənzilin başqa şəxsə satılmasına etiraz etmədiyini bildirmişdir. MTK isə qanunvericiliyin tələbinə uyğun olaraq üçüncü şəxsə satmış və həmin şəxs mənzili təmir etmiş, mənzilə dair çıxarış almış və ailəsi ilə birlikdə orada yaşayır. Belə olan halda qətnamənin çıxarılmasından təqribən 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, cavabdehin həmin qətnamədən apellyasiya şikayəti verməsi, məhkəmələrin isə həmin şikayətə baxılmasını mümkün hesab etməsi qanunvericiliyə tamamilə ziddir. Cavabdeh1 həmin mənzillə bağlı MTK-dan və vaxud bankdan alacağı heç bir məbləğdə vəsait yoxdur, əksinə onun MTK-ya əlavə borcu yaranmışdır. Əgər cavabdehin mənzilə görə ödədiyi məbləğlə bağlı, hansıki bank həmin məbləği onun kredit borcu üzrə hesablanmış faizlərə silib, mübahisəsi var idisə, bununla bağlı müqavilə şərtlərinə uyğun olaraq ayrıca iddia qaldırmaqla mübahisələndirə bilərdi və bu da müqavilə şərtlərinə və qanunun tələblərinə uyğun olardı. Maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, Cavabdeh1 dələduzluq cinayəti ilə bağlı olaraq axtarışdadır və buna görə də ölkəyə qayıda bilmir. Belə olan halda, onun öz nümayəndəsinə və vəkilinə Ağsu rayon Notariat ofisi tərəfindən etibarnamə verilməsi də ciddi şübhələr yaradır. Əgər o, ölkəyə qayıtmış olsaydı, bu halda saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilməli idi. İşə apellyasiya instansiyası məhkəməsində birinci dəfə baxılarkən MTK-nm məhkəmə iclasında iştirakı təmin olunmadığına görə, bu məsələni də məhkəmə qarşısmda qaldırmaq və araşdırlmasım tələb etmək imkanımız olmamışdır. Bundan başqa, cavabdeh bankdan götürdüyü kredit məbləğini və ona hesablanmış faizləri ödəmədiyi üçün bank, MTK və payçı ilə aralarında bağlanmış üçtərəfli zaminlik müqaviləsi əsasında cavabdehin banka olan kredit borcunu, həmçinin həmin kredit borcuna hesablanmış faizləri, iddiaçının həmin bankda olan hesabından tutmaqla, geri almışdır. Belə olan halda cavabdeh MTK qarşısında öz öhdəliklərini icra etmiş sayıla bilməz. Digər tərəfdən, İddiaçı MTK cavabdehin bankdan aldığı kreditə görə zamin olduğu üçün MTK ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016cı il tarixli Payçı müqaviləsinin 4.2.7-ei maddəsinin şərtlərinə görə payçı bank qarşsmda öhdəliklərini icra etmədiyi halda, MTK bank qarşısında həmin borcu bağlamaqla payçıya, yəni, Cavabdeh1 məxsus olan və kreditin təminatı kimi çıxış edən Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzili öz sahibliyinə keçirmək hüququna malikdir. Buna görə də MTK cavabdehlə bağladığı xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia irəli sürməkdə haqlı olmuşdur. Cavabdehin MTK-ya rəsmi qaydada təqdim etdiyi ərizə ilə müəyyən edilir ki, o, MTK və bank qarşısmda götürdüyü müqavilə öhdəliklərini icra edə bilmədiyini etiraf edərək hazırkı işi üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış və Payçı müqaviləsi əsasında ona verilmiş mənzilin üçüncü şəxsə satılmasını məhz özü xahiş etmişdir. Buna görə də həmin mənzil üçüncü şəxsə satılmış və cavabdehin öhdəlikləri tam olmasa da bağlanmışdır. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsinin çıxarıldığı vaxtdan təqribən 4 il sonra cavabdehin həmin qətnamədən apellyasiya şikayəti verməsi başa düşülən deyildir və Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə uyğun gəlmir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsindən, iş üzrə Cavabdeh1 verdiyi apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirimədən saxlanılmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3141/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1303/2019 saylı, 18 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilərək İddiaçı Cavabdeh1 qarşı mənzilin boşaldılması, payçı müqaviləsinin, mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun ləğvinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) İkram Şirinov və Namiq Cəfərov).

Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3374/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (hakimlər Ə.Xıdırov - sədrlik edən və məruzəçi, E.Vəliyeva və E.Şamayev)

17. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası instansiyası məhkəməsi müəyyən etmişdir ki, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 ("Payçı”) 83061,17 manat kredit borcu ("Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan kredit borcu) zamin MTK tərəfindən ödənilmişdir. Belə olan təqdirdə tərəflər arasındakı mübahisənin həlli məqsədilə tərəflərin sərbəst iradə ifadələri ilə bağladıqları xx.xx.2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinin 4.2.7-ci maddəsinin tələbinə MPM-in 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi belə hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin onu da araşdırıb hüquqi qiymət verməli idi ki, müqavilənin həmin bəndində nəzərdə tutulmuş rəsmi bildiriş verilib, ya yox. Məhkəmə kollegiyası hesab edir ki, zaminlik müqaviləsinə əsasən Cavabdeh1 83061,17 manat kredit borcunun zamin MTK tərəfindən ödənilməsi Cavabdeh1 Banka qarşı olan öhdəliyinə xitam versə də, apellyasiya instansiyası məhkəməsi belə xitam verilmənin Cavabdeh1 digər müqavilələr üzrə də öhdəliyinə xitam verməsinə səbəb olub-olmadığına əsaslandırılmış hüquqi qiymət verməli olduğu halda, belə əsaslandırma aparmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, ümumiyyətlə iş materiallarında kredit müqaviləsi mövcud deyil. İş materiallarında mövcud olmayan müqavilənin şərtini əhəmiyyətsiz (etibarsız) sayan apellyasiya məhkəməsi müvafiq kredit müqaviləsinin əldə edilərək tədqiq edilməsi məqsədilə tədbirlər görməmişdir. Eləcə də tərəflərin sərbəst iradə ifadələrinə uyğun olaraq bağladıqları müqavilənin şərtinin etibarsız (əhəmiyyətsiz) hesab edilməsini kifayət qədər əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əsaslandırma qeyrimüəyyəndir.Belə ki, mübahisə predmeti olan mənzilin başqa şəxs tərəfindən əldə edilibedilmədiyi qeyri müəyyən qalmışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi mənzilin başqa şəxs tərəfindən əldə edilməsindən şübhələnirdisə, bunu dəqqləşdirməli və nəticəsindən asılı olaraq digər şəxslərin işə cəlb edilməsi məsələsini həll etməli idi.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hal-hazırda cavabdehin həmin mənzillə bağlı heç bir hüququ qalmamışdır. Hətta cavabdehin MTK-ya borcu belə vardır, çünki MTK 10000 manat məbləğində artıq pul ödəmişdir. Mənzil MTK-nın balansına keçirilmiş, üçüncü şəxsə satılmışdır. Hal-hazırda həmin üçüncü şəxsin adına mənzillə bağlı çıxarış da var. Cavabdeh paydan imtina edib, ödəniş etmir. Pul tələbi ilə müraciət etməmələrinin səbəbi də məhz ödənişi ödəyə bilməməsidir. Cavabdeh mənzilin satılmağına razılıq vermişdir. İzahatının sonunda apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İzahatına əlavə olaraq göstərmişdir ki, cavabdehin barəsində 2019-cu ildə cinayət işi qaldırılıb. Şəxs Türkiyədə olduğundan ödənişləri həyata keçirə bilməmişdir. Müqavilə bağlanılarkən iddiaçı zamin kimi çıxış edib. Bundan əvvəlki apellyasiya instansiyası tərəfindən çıxarılmış qətnamə tamamilə doğru və qanuni idi. Hazırda iddia evin alınmasına deyil, pulun alınması kimi qaldırılmalı idi. İddia özü də əsassızdır. Bu səbəbdən məhkəmədən şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

20. Apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilmiş X5 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, o, vicdanlı alıcıdır. Pulunu ödəyib mənzili almışdır. Çıxarışı da mövcuddur. Bu səbəbdən məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə digər üçüncü şəxslər öz nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Kollegiya işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 və 386.2-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.5-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin, həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırkı apellyasiya şikayətində iddiaçı qətnamənin tam ləğv olunmasını və iddiasının təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlüklə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Kollegiya ilk növbədə qeyd ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin ləğv edilən hissə ilə bağlı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

28. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə mövqeyində hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

29. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, xx.xx.2016-cı il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6- cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-li mənzili tikib “Payçı”nın (Cavabdeh1) mülkiyyətinə verməyi öhdəsinə götürmüş.”Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən Səbail rayonu, Bibiheybət qəsəbəsində tikilməkdə olan 1-ci bina, 1-ci blok, 6-cı mərtəbədə yerləşən, 2 otaqlı 86 №-li mənzili qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “MTK”-ya ödənilməsini və həmçinin İddiaçı MTK Bayıl filialı yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödəniş etməyi öhdəsinə götürmüşdür.Mənzilin dəyərinin 83.664 manat olmasına razılaşılmışdır.Həmin müqavilənin 4.2.7-ci bəndinə əsasən payçı tərəfdən bu müqavilənin şərtləri pozulduqda və ya “Azərbaycan Beynəlxalq Bankı” ASC arasında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında “MTK” birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər.Bu halda “MTK” “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Payçı” arasında imzalanmış zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir.

30. İş materiallarından isə göründüyü kimi Cavabdeh1 payçı və ipoteka müqavilələrinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və cavabdeh bankdan götürdüyü kredit məbləğini və ona hesablanmış faizləri ödəmədiyi üçün bank, MTK və payçı ilə aralarında bağlanmış üçtərəfli zaminlik müqaviləsi əsasında cavabdehin banka olan kredit borcunu, həmçinin həmin kredit borcuna hesablanmış faizləri, iddiaçının həmin bankda olan hesabından tutmaqla, geri almışdır. Belə olan halda cavabdeh MTK qarşısında öz öhdəliklərini icra etmiş sayıla bilməz. Bu səbəbdən “MTK” bankdan rəsmi bildirişi aldıqdan sonra Cavabdeh1 bank qarşısında olan öhdəliklərini zamin kimi tam icra etmişdir. Belə olan halda isə iddiaçı bank qarşısında öhdəlikləri icra etmiş şəxs kimi cavabdehə satılmış mənzilin boşaldılması, həmin mənzilə dair iddiaçının adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı zaminlik müqaviləsinin şərtlərinə əsasən cavabdehin əvəzinə sonuncunun bank qarşısında olan öhdəlikləri tam yerinə yetirdiyindən, həmçinin Cavabdeh1 payçı kimi üzərinə düşən öhdəlikləri, yəni mənzilin dəyərini hissəhissə ödənilməsi ilə bağlı öhdəlikləri icra etmədiyindən, onun həmin mənzilə hər hansı hüquqları yarana bilməz və bu səbəbdən mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlara xitam verməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

32. Digər tərəfdən, İddiaçı MTK cavabdehin bankdan aldığı kreditə görə zamin olduğu üçün MTK ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin 4.2.7-ci maddəsinin şərtlərinə görə payçı bank qarşsında öhdəliklərini icra etmədiyi halda, MTK bank qarşısında həmin borcu bağlamaqla payçıya, yəni, Cavabdeh1 məxsus olan və kreditin təminatı kimi çıxış edən Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, ev 16B, mənzil 86, ümumi sahəsi 48,9 kv.m. olan 2 otaqlı mənzili öz sahibliyinə keçirmək hüququna malikdir. Buna görə də MTK cavabdehlə bağladığı xx.xx.2016-cı il tarixli Payçı müqaviləsinin ləğvi barədə məhkəmədə iddia irəli sürməkdə haqlı olmuşdur.

33. Bundan başqa, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən sonra icra qaydasında cavabdeh öz razılığı ilə mənzildə olan bütün əşyalarını götürmüş, hətta istilik sistemi ilə bağlı bütün qurğuları da söküb aparmışdır. Bu fakt icra məmurları və MTK tərəfindən tərtib edilmiş aktlarla da rəsmiləşdirilmişdir.

34. Bundan başqa, cavabdeh MTK-ya notarial qaydada təsdiq olunmuş ərizə verərək, payından imtina etdiyini və mənzilin başqa şəxsə satılmasına etiraz etmədiyini bildirmişdir. MTK isə qanunvericiliyin tələbinə uyğun olaraq həmin mənzili üçüncü şəxsə, yəni X1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin mənzilə dair sonuncunun adına çıxarış verilmişdir.

35. Mübahisəli mənzilin hazırkı mülkiyyətçisi olan X5 apellyasiya icraatı zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və onun tərəfindən məhkəməyə təqdim edilmiş çıxarışdan göründüyü kimi mənzil xx.xx.2021-ci il tarixdə onun adına dövlət qeydiyyatından keçmişdir. Həmin mənzilin vicdanlı alıcısı kimi oranı təmir etdirmiş və hal-hazırda da ailəsi ilə birlikdə orada yaşayır. 36 Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə əsasən əsaslı sayıla və birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 402.1-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1303/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar