Məhkəmə qərarları › İş №2(103)-5843/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5843/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5843/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı oğlunun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı “mənzilə hüquqların itirilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. ünvan 1 ünvanındakı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Adına Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Uzun illərdir ki, həmin mənzildən istifadə edərək sahiblik hüquqlarını tam şəkildə yerinə yetirir. Cavabdehlər əvvəllər həmin evdə yaşasalar da, sonradan (artıq uzun illərdir ki) evdən çıxıb gedərək özlərinə ev alıb orada yaşamaqdadırlar. Hazırda onlar Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 15, mənzil 39 ünvanında yerləşən Cavabdeh1 (cavabdehin mülkiyyətində 3 mənzil vardır) mülkiyyətində olan evdə yaşayırlar. Bu barədə məlumatı sorğuya cavab olaraq daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********82 nömrəli sorğuda qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehlərin yaşamaları üçün şəraitləri olsa da, bu günə kimi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Hal-hazırda mülkiyyətçisi olduğu evdə oğlu Cavabdeh2, onun həyat yoldaşı Cavabdeh1, onların övladları xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2013-cü il təvəllüdlü X3 formal olaraq qeydiyyatda qalmaqdadırlar. Hazırda cavabdehlərin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamaları onun üçün problemlər yaradır. Cavabdehlərin mülkiyyətçisi olduğu mənzildə formal olaraq qeydiyyatda olması ona öz mülkiyyətində mənzilini satmaq üçün qeydiyyatda olanların razılığı tələb olunduğundan bu ona müəyyən çətinliklər törədir. Məlum olduğu kimi yaşayış binasının alqı-satqısı zamanı həmin əmlak üzərində qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Mənzilində formal qeydiyyatı olan şəxslərin razılığını almaq isə onun üçün çətinlik yaradır. Bu da onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Buna görə də bu hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini və qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X3 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini və qətnamənin cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər əvvəllər həmin evdə yaşasalar da, sonradan evdən çıxıb gedərək özlərinə ev alıb orada yaşamaqdadırlar. Cavabdehlərin yaşamaları üçün şəraitləri olsa da, bu günə kimi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar.

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia qismən təmin edilərək Cavabdeh1 və xx.xx.2013-cü il təvəllüdlü X1 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 3 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hissədə təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evin 2 otağı paylı mülkiyyət hüququ üzrə iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə cavabdehlər iddiaçının oğlu, gəlini və nəvəsidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanılmış və həmin nikah xx.xx.2009-cu il tarixdə pozulmuşdur. Qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-1546/2002 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Ə.Əzizov küçəsində yerləşən 31 saylı evə istifadə hüququ tanınmış və o, həmin mənzilə köçürülmüşdür.

7. Məhkəmə toplanmış sübutlara müvafiq hüquq normalarını tətbiq etməklə məcmu halında qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi yalnız onun mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsi təsdiq olunarsa mümkündür. İddiaçı Cavabdeh2 mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsini iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh2 Cavabdeh1 mülkiyyətindəki mənzildə onunla birlikdə daimi yaşaması ilə bağlı da iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim olunmamışdır. İddia Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna yalnız müvafiq kompensasiya ödənilməsi yolu ilə, yaxud mübahisəli mənzilə ehtiyacının aradan qalxmasından sonra kompensasiya verilmədən xitam verilə bilər.

8. Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Rəzzaq cavabdehin oğludur, anadan olduğu vaxtdan mübahisəli evdə yaşamışdır. Nigarla nikaha girdikdən sonra 2002-ci ildə məhkəmə qətnaməsi ilə həmin mənzilə qeydiyyata düşmüş, 2015-ci ilədək həmin evdə yaşamışlar, Nigarla nikahları 2009-cu ildən pozulmuş, lakin bir müddət sonra barışaraq birgə yaşamışlar. İkinci dəfə yaşadıqları vaxt ikinci uşaqları olmuşdur. 2015-ci ilin may ayınadək mübahisəli mənzildə yaşamışlar, sonra anasının təkidi ilə məcbur olub həmin evdən çıxıb kirayədə qalmışlar. Bir neçə ildən sonra yenə də Nigarla münasibətləri pozulmuş ,Nigar ev alaraq öz evinə köçmüş, Rəzzaq isə yenə də kirayədə yaşamağa məcbur olmuşdur, onun maddi imkanı yoxdur, mübahisə olmasın və anası ilə üz-üzə gəlməsin deyə mübahisəli evdən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda Rəzzaqın yaşamağa yeri yoxdur və yaşayış yerinə ehtiyacı var. Cavabdehin nümayəndəsi eyni zamanda göstərmişdir ki, iddiaçının nümayəndəsinin yazılı etirazda istinad etdiyi məqamları düzgün qiymətləndirməmişdir. Belə ki, münasibətlər uşaqlara görə davam edir, yəni Nigar xanım uşaqlara görə Rəzzaqa evə gedib-gəlməyə icazə verir, münasibətlərin kəsilməsi dedikdə uşaqlarla ünsiyyətə mane olma kimi qeyd edilmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi qaldırılan iddianı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş etmişdir.

9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia qismən təmin edilərək Cavabdeh1 və xx.xx.2013-cü il təvəllüdlü X1 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 3 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evin 2 otağı paylı mülkiyyət hüququ üzrə iddiaçının xüsusi mülkiyyətindədir və iş üzrə cavabdehlər iddiaçının oğlu, gəlini və nəvəsidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2001-ci il tarixdə nikah bağlanılmış və həmin nikah xx.xx.2009-cu il tarixdə pozulmuşdur. Qanuni qüvvəyə minmiş Səbail rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli 2-1546/2002 saylı qətnaməsi ilə Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Ə.Əzizov küçəsində yerləşən 31 saylı evə istifadə hüququ tanınmış və o, həmin mənzilə köçürülmüşdür. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlər artıq uzun müddətdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsində yerləşən 15 saylı evin 39 saylı mənzilində yaşayırlar, cavabdehlər forma olaraq iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmışlar və cavabdeh N.Əlivediyevanın həmin mənzildən başqa mülkiyyətində daha iki mənzil var.

11. Məhkəmə toplanmış sübutlara müvafiq hüquq normalarını tətbiq etməklə məcmu halında qiymət verərək və hazırki mübahisəyə hüquq münasibətləri yaranan vaxt qüvvədə olan qanunvericilik normaları baxımından qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi yalnız onun mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsi təsdiq olunarsa mümkündür. İddiaçı Cavabdeh2 mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsini iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda Cavabdeh2 Cavabdeh1 mülkiyyətindəki mənzildə onunla birlikdə daimi yaşaması ilə bağlı da iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim olunmamışdır. İddia Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna yalnız müvafiq kompensasiya ödənilməsi yolu ilə, yaxud mübahisəli mənzilə ehtiyacının aradan qalxmasından sonra kompensasiya verilmədən xitam verilə bilər.

12. Məhkəmə iddia tələbinin Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz.

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə nikahdan doğulan uşağıdır və o, da doğulduğu vaxtdan mübahisəli mənzildə yaşamışdır. Cavabdeh3 yetkinlik yaşına çatmış, atası ilə qalmaq niyyətindədir. Atası anasından ayrı yaşamaqla kirayədə və dostlarının evində qalır, kirayədə qaldığı müddətdə Fərid atasının yanında yaşayır, atası dostlarının yanında qaldığı müddətdə isə anasının yanında yaşayır.

14. Odur ki məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən edildiyindən, həmin hüquqa kompensasiya ödənilməsi yolu ilə, yaxud yuxarıda göstərilən Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Digər tərəfdən Cavabdeh3 anasının yanında yaşaması daimi xarakter daşımır. İddiaçı tərəfindən Cavabdeh3 mübahisəli mənzilə ehtiyacının aradan qalxması, habelə onun anasının mülkiyyətindəki evdə daimi yaşaması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığından, iddia tələbi Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. b)Apelyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməklə iddianın tam təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh2 mübahisəli mənzildən birdəfəlik köçməsini məhkəmədə təsdiq edə bilməmişdir. Məhkəmə Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X5 küçəsi, ev 15, mənzil 39 ünvanında yerləşən mənzilə Cavabdeh2 alması üçün xəbərnamə ilə bildiriş göndərmişdir (xəbərnamə iş materiallarında mövcuddur). Həmin xx.xx.2021-ci il tarixli xəbərnamə ilə Cavabdeh2 bildiriş çatdırılaraq şəxsən imza etməklə qəbul edilmişdir. Yəni bu fakt Cavabdeh2 həmin mənzildə yaşadığını təsdiq edən ilk dəlildir. Daha sonra isə Cavabdeh2, Cavabdeh1 və X7 tərəfindən imzalanmış və Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etirazda qeyd edilmişdir ki, iddiaçı ilə cavabdehlər mübahisəli mənzildə 2015-ci ilin may ayına kimi bir yerdə yaşamışlar. Daha sonra onlar arasında vəziyyət gərginləşdiyindən onlar məcbur olub ( yəni məcburi şəkildə çıxarılmayıblar, sadəcə olaraq elə şəraitdə yaşamaq xoş olmadığı üçün könüllü surətdə) evdən çıxaraq oranı tərk etmişlər (iddiaya etiraz 2-ci bənd). İddiaya etirazın 6-cı bəndində isə qeyd edilmişdir ki, Ailə münasibətləri (Cavabdeh2 ilə Cavabdeh1) alınmadığından R. Quliyevin Cavabdeh1 ilə nikahı 2009-cu ildən pozulmuşdur. Keçmiş ər-arvad arasında münasibətlər yalnız övladlarına görə davam edir. Hal-hazırda Cavabdeh2 adına heç bir yaşayış sahəsi və ya mənzil yoxdur. Əliverdiya Nigar ilə münasibətləri elə səviyyədədir ki, istənilən vaxt münasibətləri pozula bilər. Belə olan halda isə onun anasının evindən başqa onun yaşamağa yeri olmayacaqdır. Yəni bu o deməkdir ki, özləri də təsdiq edirlər ki, Cavabdeh2 ilə Cavabdeh1 nikah münasibətləri formal olaraq pozulsa da faktiki olaraq onların ailə münasibətləri davam edir və Cavabdeh2 Ə.Nigarın evində yoldaşı kimi yaşamaqdadır. Bu faktı həmçinin onların nikahlarının pozulduğunu iddia etdikləri 2009-cu ildən sonra 2013-cü ildə ikinci övladlarının (Quliyeva Xalidə) dünyaya gəlməsi də təsdiq edir. İddiaya etirazın 8cı bəndində isə qeyd edilmişdir ki, hal-hazırda Cavabdeh2 və onun ailəsinin anasının mənzilinə ehtiyacı vardır. Lakin faktiki olaraq orada yaşamağa yer yoxdur. Yəni bu o deməkdir ki, orada yaşamaq mümkün deyil. Bunu cavabdeh bilir və bu məhkəmənin nə ilə nəticələnməsindən asılı olmayaraq orada yaşamayacaqdır. Sadəcə olaraq o orada qeydiyyatda qalmaqla iddiaçıya mülkiyyət hüquqlarını sərbəst həyata keçirtməyə maneəçilik törətmək, iddiaçıya öz əmlakı üzərində sərəncam vermək hüququnu məhdudlaşdırmaq istəyir. Belə ki, əgər həqiqətən də cavabdehin həmin mənzildə yaşamağa ehtiyacı olsaydı o bu illər ərzində üzö) bildirir ki, mənzildən 2015-ci ildən çıxıb, lakin əslində isə 2012-ci ildən mənzildən çıxmışdır) mənzilə köçməyə cəhd edər və əgər mülkiyyətçi tərəfindən hər hansı bir maneə ilə qarşılaşardısa o zaman hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət edərdi. O bunların heç birini etməmiş və yalnız ona qarşı iddia qaldırdıqdan sonra guya həmin mənzilə ehtiyacının olduğunu bildirmişdir. Cavabdeh3 həmin mənzildən istifadə etməsinə ehtiyacının olması ilə bağlı məhkəmənin gəldiyi nəticəyə münasibət bildirərək qeyd edirəm ki, cavabdeh özü bildirir ki, o hal-hazırda anası ilə birgə yaşamaqdadır və əgər atası mübahisəli mənzildə yaşamağa başlasa o da onunla birgə yaşamağa niyyətlidir. Məhkəmə də cavabdehin niyyətinin olmasını həmin şəxsin mübahisəli mənzildən istifadə etməsinə ehtiyacının olması kimi təfsir etmişdir. Yəni məhkəmənin gəldiyi bu mövqedən belə anlaşılır ki, şəxsin hal-hazırda yaşamağa yerinin (valideyninin adına olan mənzil də olsa) olması hələ onun yaşamaq üçün mənzil ehtiyacının aradan qalxması demək deyil. Məhz bu ehtiyac onun niyyətinə bağlıdır. Yəni şəxs bu mənzili bəyənməyib başqa bir mənzildə yaşamaq niyyətinə düşərsə məhz onun yaşayış ehtiyacı həmin mənzil vasitəsilə təmin edilməlidir. Bundan başqa məhkəmə Cavabdeh1 harada işləməsini araşdırmayaraq (Zara şirkətində satış təmsilçisi işləyən və əmək haqqı ilə dolanan şəxsin) hansı şəkildə 3 mənzil əldə etməsini qiymət verməmişdir. Halbuki bu fakt araşdırılsaydı bu mənzillərin faktiki nikah münasibətlərin olan ər-arvad tərəfindən birgə təsərrüfat nəticəsində əldə edildiyi öz təsdiqini tapardı. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X2 əsassız fikirlər söyləməsinə də (guya iddiaçı ilə faktiki ər arvad münasibətlərinin olması, cavabdehlərin evdən zorla çıxarılması və s) məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Bu səbəbdən qətnamənin iddianın təmin olunmayan hissəsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etmişdir.

17. Cavabdehlərin nümayəndəsi və vəkili iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz vermiş, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin apelyasiya şikayətinə göstərdiyi dəlillər ətraflı araşdırılmış, Cavabdeh2 anasının yaşayış sahəsindən başqa heç bir yaşayış yeri yoxdur. Nigar Əlverdiyevanın adına müxtəlif daşınmaz əmlaklar aşkar olunsa belə, həmin əmlakların Cavabdeh2 aidiyyatı yoxdur. Cavabdeh2 anasının təkidi ilə mənzil çıxdığını və hazırda kirayədə qaldğını qeyd etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1364/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və V.Sadıqov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiya məhkəməsinin mövqeyinə görə, Cavabdeh3 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələbin əsaslı hesab edilə bilməməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə nikahdan doğulan uşağıdır və o, da doğulduğu vaxtdan mübahisəli mənzildə yaşamışdır. Həmçinin, Cavabdeh3 yetkinlik yaşına çatmış, atası ilə qalmaq niyyətindədir. Atası anasından ayrı yaşamaqla kirayədə və dostlarının evində qalır, kirayədə qaldığı müddətdə Fərid atasının yanında yaşayır, atası dostlarının yanında qaldığı müddətdə isə anasının yanında yaşayır.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

20. Qətnamədən iddiaçı kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3114/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Xələfov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 04 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

22. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə, Apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddianın rədd olunmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən Cavabdeh2 mübahisəli mənzildən başqa daimi yaşayış yerinə köçməsinin iddiaçı tərəfindən sübuta yetirilməməsini, Cavabdeh3 isə anasının yanında yaşamasının daimi xarakter daşımamaqla onun mübahisəli mənzilə ehtiyacının aradan qalxması barədə işdə sübutların olmamasını əsas göstərmiş və gəldiyi nəticənin qanuni əsası kimi 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 87,123-cü maddələrinə istinad etmiş, kassasiya instansiyası apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşmır və hesab edir ki, qətnamə qanunun tələblərinə uyğun əsaslandırılmadığından, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Cavabdeh2 başqa daimi yaşayış yerinə köçməsi barədə işdə sübutların olmamasına əsaslanıb ona və oğlu Cavabdeh3 münasibətdə iddianın rədd olunmasını əsaslı sayarkən onların Cavabdeh1 ilə birlikdə yaşamaları barədə iddiaçının dəlillərini lazımınca araşdırmamış və işin həmin hallarına qiymət verməmiş, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığına dəlalət edir və bu hal iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsində təkrar baxış (hazırki icraat)

Proses iştirakçılarının izahatı:

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdirlər.

25. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyindən, MPM-nin 376-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apelyasiya baxışının hədləri.

26. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etməklə, qətnaməni yalnız Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddiaçı tərəfindən mübahisələndirdiyindən qətnamə həmin hissədə yoxlanılır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

31. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

32. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

33. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı:

34. Qərarın 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Mülki Prosessual Məcəllə

35. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

38. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

40. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

43. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

44. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

45. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

46. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

47. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya instansiyasının mövqeyi (ikinci icraat)

48. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 münasibətdə düzgün nəticəyə gəlməmişdir.

49. Belə ki, işin materiallarından görünür ki, İddiaçı Xalilovna 06 dekabr 2008-ci il tarixdən mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi olmaqla Cavabdeh2 onun oglu, digər Cavabdeh3 isə onun nəvəsidir. İddiaçı iddia etməsinə görə oglu Cavabdeh2 və onun ailə üzvləri mübahisəli evə qeydiyyatlarını saxlasalar da, uzun müddətdir ki, oradan çıxıb getmiş və Cavabdeh1 mülkiyyətində olan Bakü şəhəri, Səbail rayonu, X6 küçəsində yerləşən 15 saylı evin 39 saylı mənzilində yaşayırlar.

50. İşə birinci instansiya məhkəməsində baxılarkən verdiyi izahatında isə Cavabdeh2 nümayəndəsi onun 2015-ci ilin may ayından mübahisəli mənzildə yaşamamasını təsdiq etmiş, lakin bunun səbəbini iddiaçı tərəfindən evdən məcburi çıxarılması ilə izah etmişdir.

51. Müəyyən olundugu kimi Cavabdeh2 iş üzrə digər Cavabdeh1 ilə olan nikahı 25 sentyabr 2009-cu il tarixdə Səbail rayon məhkəməsinin 04 avqust 2009-cu il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2002-ci ildə anadan olmuş Cavabdeh3 anasının yanında saxlanılması qət edilmişdir.

52. İşin materiallarından görünür ki, Cavabdeh1 mülkiyyətində üç mənzil vardır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hğququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına görə Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.

54. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Plenuma görə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur:- yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudlugu.

55. Bununla baglı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə baglanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır- yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.

56. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdıgı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasən aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut oldugu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarınün analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.

57. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyuldugu əsaslar aradan qalxdıgına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mılki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hğququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könülü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyuldugu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

58. Birinci instansiya məhkəməsi xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 Cavabdeh2 və Cavabdeh1 birgə nikahdan dogulan uşağı olmaqla onun doguldugu vaxtdan mübahisəli mənzildə yaşaması, Cavabdeh3 yetkinlik yaşına çatması, atası ilə qalmaq niyyətində olması, atası anasından ayrı yaşamaqla kirayədə və dostlarının evində qalması, kirayədə qaldığı müddətdə Fərid atasının yanında yaşayır, atası dostlarının yanında qaldırı müddətdə isə anasının yanında yaşamasına istinad edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsaslanaraq hesab etmişdir ki, Cavabdeh3 iddiaçının nəvəsi kimi (evin mülkiyyətçsinin ailə üzvünün yetkinilk yaşına çatmayan uşağı) AR Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli evə istifadə hüququ əldə etmişdir.

59. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iş üzrə digər Cavabdeh1 ilə olan nikahı 25 sentyabr 2009-cu il tarixdə pozulduğundan və qətnamə ilə yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 anası Cavabdeh1 yanında saxlanması qət edildiyindən onun da istifadə hüquqlarına xitam verilməsi ilə baglı tələb əsaslıdır və təmin edilməlidir.

60. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

61. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh1 mülkiyyətində 3 (üç) yaşayış sahəsinin olması məhkəmə tərəfindən müəyyən olunması səbəbindən Cavabdeh3 yetkinlik yaşına çatmasına baxmayaraq iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə ehtiyacının qalmaması müəyyən edilmişdir.

62. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, 2015-ci ildən onun valideynləri iddiaçının evindən çıxıb başqa ünvanlarda yaşayarkən o yetkinlik yaşına çatmamışdır. İzahat və ifadələrdən də göründüyü kimi, valideynləri 2017-ci ildən ayrılıqda yaşamağa başlayarkən o gah atasının, gah da anasının yanında yaşamışdır. Hətta valideynləri 2017ci ildən faktiki ayrıldığı vaxtda da yetkinlik yaşına çatmamışdır və buna görə qanunvericiliyə əsasən onun daimi yaşayış yeri həmin anasının yaşayış yeri sayılmışdır.

63. Buna görə məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 münasibətdə ləğv edilməli, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.

64. Kassasiya instansiyası məhkəməsinin Cavabdeh2 münasibətdə verdiyi göstərişlərə əsasən cavabdehin istifadə hğququna malik oldugu yaşayış sahəsində uzun müddət yaşamamasının və bu müddət ərzində mübahisəli evə köçürülməsi barədə iddia qaldırmamasının səbəblərini lazımınca yoxlanılmalı, həmin sahəyə ehtiyacının qalıbqalmaması məsələsinə Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarının tələbləri baxımından qiymət verilməli Cavabdeh2 uzun müddət ərzində harada yaşamağı araşdırılmalıdır.

65. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 Cavabdeh1 ilə olan nikaha 25 sentyabr 2009-cu il tarixdə pozulsa da, onların yenidən barışmaqla faktiki ailə münasibətlərini davam etdirməsi və bu faktiki nikah münasibətindən 05 noyabr 2013-cü il tarixdə X1 dogulması ilə təsdiq olunsa da, onların 2017-ci ildən birlikdə yaşayaraq təsərrüfat idarə etmələri faktı öz təsdiqini tapmamışdır.

66. İşin bu halı iş üzrə dindirilmiş şahid ifadələri ilə də öz təsdiqini tapmışdır.

67. Belə ki, apelyasiya məhkəməsində aparılmış araşdırma zamanı məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 ifadəsində Cavabdeh2 uşaqlıq dostu olmasını, sonuncunun 2017-ci ildən 2019-cu ilə qədər onun evində yaşamasını, oğlu Fəridin isə anasıgildə qalmasını, sonra dostunun dayısıgildə qalmasını göstərmişdir.

68. Digər şahid X8 isə iddiaçının xalası oğlu olmasını, Cavabdeh2 yoldaşı ilə yola getmədiyi üçün onun Lökbatandakı öz oğlu üçün tikdiyi evində 2019-cu ildən hazırki vaxta kimi yaşamasını təsdiq etmişdir.

69. İşin mübahisəsiz hallarına əsasən iddiaçı ilə cavabdeh X4 və keçmiş həyat yoldaşı arasında münasibətləri pozulmuş və sonuncular mübahisəli mənzildə yaşamamasının səbəbi də onların iddiaçı tərəfindən evdən məcburi çıxarılması olmuşdur. İddiaçı evdən çıxma tarixinin 2012-ci ildən olmasını göstərsə də, cavabdehlər bu müddətin 2015-ci ildən olmasını, Cavabdeh1 2017-ci ilə qədər Cavabdeh2lə kirayələrdə yaşamasını, 2017-ci ildən isə onların da münasibətləri pozulduğundan ayrıqlıqda yaşamalarını göstərmişlər.

70. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 birlikdə yaşamaları barədə iddiaçının dəlilləri əsaslı olmamışdır. Belə ki, o Cavabdeh2 başqa daimi yaşayış yerinə köçməsi barədə sübut təqdim etməmişdir.

71. Məhkəmə digər tərəfdən qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli mənzilə istifadə hüquqları yaranan vaxt mənzilin icarədarı (1996-cı ilədək), 1996 sonra isə mülkiyyətçisi (1996-cı ildən sonra) Züleyxa Oktyabrskaya olmuşdur. 2008ci ildə mübahisəli mənzil mülkiyyət hüququ üzrə iddiaçının adgna rəsmiləşdirilmiş və hazırda da onun mılkiyyətindədir.

72. «Azərbaycan Respublikasının Mılki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasg Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə baglı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalargna uyrun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə baglı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uygun həll edilməlidir.

73. Məhkəmə qeyd edir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqları xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, cavabdeh Nigar Quliyevanın isə qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinə əsasən yarandığı üçün, iddiaçının irəli sürdüyü tələbə, yəni cavabdehlərin istifadə hüquqlarına xitam verilməsinə həmin hüquqlarının yaranan vaxt qüvvədə olan qanunun normalarının baxımından qiymətləndirilməlidir.

74. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasg Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə baglı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

75. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artüq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiaıg məhkəmə qaydasında həyata keçirilir.

76. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

77. Qeyd edilən Məcəllənin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olaq evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyargna malikdir.

78. AR Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlargndan məhrum etmir.

79. Göründüyü kimi Konstitusiya Məhkəməsinin yuxargda göstərilən qərarında qeyd edilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamagın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır

80. Məhkəmə kollegiyası yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüquqlarının itirilməsinin yalnız onun mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsi təsdiq olunarsa mümkündür. Buna baxmayaraq iddiaçı Cavabdeh2 mübahisəli mənzildən daimi yaşamaq üçün köçməsini və Cavabdeh2 Cavabdeh1 mülkiyyətindəki mənzildə onunla birlikdə daimi yaşaması ilə bağlı da iddiaçı tərəfindən bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edilməmişdir.

81. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhəkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

82. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməli, Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

83. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

84. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2598/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində qismən ləğv edilsin. Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsində yerləşən 31 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar