Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5844/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı Bank “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2929/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadından qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank “xxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzilindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və mənzil boşaldılması, Cavabdeh 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(006)-5017/2020 saylı qətnaməsi ilə iddiaçı Bank “xxxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzilindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması, Cavabdeh 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2929/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadı ilə Maraqlı şəxs Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(006)- 5017/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdı. Bu qərardaddan Maraqlı şəxs şikayət verərək ləğv edilməsini və qətnamədən verdiyi apellyasiya şikayəti üzrə zəruri prosessual hərəkətlərin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən onun hazırda ünvan 1 ünvanında faktiki olaraq yaşadığına, mənzildən hazırda istifadə etdiyinə və evin əvvəlki mülkiyyətçisi olmağına baxmayaraq məhkəmə prosesinə onu tərəf kimi cəlb etməmiş maraqlı tərəf kimi onun iştirakı olmadan işin hallarını birtərəfli qaydada araşdıraraq məsələyə tamamilə ədalətsiz qiymət vermişdir. ünvan 1 ünvanında hal hazırda yaşayır və həmin mənzildən istifadə edir və sözügedən mənzildə hazırda yaşadığını təsdiq edən arayışıda məhkəməyə təqdim etmişdir. Məhkəmənin 2(006)- 5017/2020 saylı, 26 noyabr 2020 - ci il tarixli qətnaməsinin istər təsvri, istərsədə əsaslandırıcı hissəsində işin bütün hallarının ona münasibətdə araşdırıldığını, iş üzrə iddiaçı Bank “xxxx" ASC ilə arasında olan ipoteka müqaviləsindən yaranan işin hallarınada qiymət verdiyini acıq aşkar müəyyən elmək olar. Belə olan zaman sual olunur məhkəmə prosesinə tərəf kimi onu cəlb etmədən və onun iştirakı olmadan ona münasibətdə olan işin faktiki halları necə araşdırıla və həmin sübutlara necə qiymət verilə bilər? Məhkəmə öz qətnaməsində iddiaçının mənzilin boşaldılması tələbini təmin edərkən onun həmin mənzildən hazırda istifadə etdiyini və yaşadığını nəzərə almayaraq onu işə tərəf kimi cəlb etmədən onun məhkəməyə təqdim edəcəyi sübutları araşdırmayaraq məsələyə birtərəfli qiymət verməklə onun hüquqlarına toxunan qanunsuz qətnamə və daha sonra verdiyi apelyasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. İcra qurumu tərəfindən məcburi icra tədbirinə dair bildirişlər onun yaşadığı ünvana göndərilməklə məcburi icra tədbirləridə ona münasibətdə icra olunur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2929/2021 saylı, 29 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçı Bank “xxxx” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 şikayətə etiraz edərək rədd edilməsini xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Maraqlı şəxs mülki iş üzrə tərəf olmamış və məhkəmə tərəfindən işdə iştirak edən şəxslər sırasına cəlb edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsasdır. Əvvəla, ona görə ki, Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsindəki 48 nömrəli evin 22 nömrəli mənzilində yaşayır və həmin mənzilin iddiaçı bankdan əvvəl mülkiyyətçisi olmuşdur. Bu hal mübahisə doğurmur və işdə olan “Nəsimi- 24” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 09 mart 2021-ci il tarixli arayışı ilə də təsdiq olunur. İkincisi, Maraqlı şəxs hazırki mülki iş üzrə tərəf olmasa da və məhkəmə tərəfindən işdə iştirak edən şəxslər sırasına cəlb edilməsə də qəbul olunan qətnamənin mənzilin boşaldılması hissəsi onun hüquq və vəzifələrinə toxunmaya bilməz. Çünki, işdən görünür ki, Maraqlı şəxs qeyd olunan mənzili ipoteka müqaviləsi əsasında kredit müqaviləsinin təminatı kimi ipoteka qoymuş, lakin öhdəliklərini yerinə yetirə bilmədiyindən tutma məhkəmə qətnaməsinə əsasən həmin mənzilə yönəldilmişdir. Həmin işdə iddia tələbinin Maraqlı şəxs və digər şəxslərə qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması hissəsi rədd edilmişdir ona görə ki, həmin vaxt mənzil satılmadığından, bank da mülkiyyətçi olmadığından belə bir tələblə də çıxış edə bilməz. Həmin qətnaməni təmin olunmayan hissədə iddiaçı bank mübahisələndirməmiş və o hissələrdə də qətnamə qanuni qüvvəsini almışdır. Demək, qeyd olunan mənzildə Maraqlı şəxs istifadə hüququnun olduğunu həmin işdə bank qəbul edirdisə və mənzilin boşaldılmasını da tələb edirdisə, hazırki iddianın da mənzilin boşaldılması hissəsi Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmaya bilməz. Çünki, mənzilin boşaldılması qət edilmişdirsə, orada Maraqlı şəxs özü ilə yanaşı əşyalarının da olması istisna edilmir və bu hissədə qətnamə icra edilərkən mütləq ki, sonuncunun hüquq və mənafeyinə zərər dəyə bilər. Üçüncüsü, Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsi də məhz işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunduğu halda bu şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququna malik olduğunu təsbit etmişdir. Göründüyü kimi, qəbul edilən qətnamədən istənilən şəxs deyil, məhz hüquq və vəziəflərinə toxunan şəxslərə qanunvericilik bu imkanı vermişdir ki, Maraqlı şəxs də bu iş üzrə həmin şəxsdir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2929/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(006)-5017/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş Maraqlı şəxs həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Maraqlı şəxs şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2929/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(006)-5017/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş Maraqlı şəxs həmin qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5844/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5844/2021
09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver