Məhkəmə qərarları › İş №2(103)-5845/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5845/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5845/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-747/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 30.000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun adı X7 olmuş, 22.08.2020-ci il tarixdə adını dəyişdirmiş və hazırda İddiaçıdur. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 361.2 m² olan qeyri-yaşayış sahəsi X4 Auksion Mərkəzi tərəfindən 10.04.2018-ci il tarixdə keçirilmiş hərracda 30000 manata ona satılaraq hərracın nəticələri haqqında eyni tarixli 13/01 saylı protokol tərtib olunmuş, 11.04.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə onun arasında hərracın nəticələri protokoluna uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı X5 cavabdehlər ona, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Auksion Mərkəzinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək o, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 m² olan ayrı tikilinin alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Auksion Mərkəzi tərəfindən 10.04.2018-ci il tarixdə keçirilmiş hərracın, onun nəticəsində bağlanmış hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.10.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər ona, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Auksion Mərkəzinə qarşı "hərracın nəticələrinin, onun nəticəsində bağlanmış protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 m² olan ayrı tikilinin alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Auksion Mərkəzi tərəfindən 10.04.2018-ci il tarixli 13/01 saylı protokolun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət olunmuşdur. Həmin qətnamədən o, apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsi MİÜK-nın 28.02.2019-cu il tarixli qətnaməsi ilə onun apelyasiya şikayəti təmin edilməyərək, Nərimanov Rayon Məhkəməsinin 04.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən o, kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜK-nın 27.08.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsi MİÜK-nın 28.02.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə yazılı şəkildə müraciət olunaraq 30000 manatın geri qaytarılması xahiş olunsa da, 31.08.2020-ci il tarixli məktubla ona cavab verilmişdir ki, bununla əlaqədar məhkəməyə müraciət etsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-747/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən müştərək qaydada 30.000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilərək göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Maliyyə Nazirliyi tərəfindən sözügedən hərracla bağlı heç bir iştirak və qanunsuzluq halları mövcud olmadığı halda, Nazirlik hərracı təşkil etmədiyi halda, cavabdeh qismində tanınmışdır. “Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və bu vəsaitdən 25%-i Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına ayrılır. Lakin sözügedən Fərmanda qeyd olunan müddəa hər hansı bir orqanın səhv hərəkəti nəticəsində dövlət büdcəsinə tutulmanın yönəldilməli olduğu anlamına gəlməməlidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apelyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin 25%-nin Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%nin Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinə görə qətnamə əsassızdır, tələb edilən pulun müştərək qaydada tutulması barədə qərar qəbul edərkən məhkəmə səhvə yol verilmişdir, “Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndinə istinad edərək qeyd edir ki, özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur və vəsaitin 25%-i həcmində Əmlak Məsələləri Dövlət Xidməti üçün ayırmalar nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ƏMDX-nin nümayəndəsi öz apelyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı 30.000 manat məbləğində pulunun qaytarılmasını xahiş etdi və bildirdi ki, həmin vəsaitin cavabdehlərdən hansı qaydada tutulmasının onun üçün heç bir fərqi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Maliyyə Nazirliyinin apelyasiya şikayəti təmin edilməməli, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 361.2 m² olan qeyri-yaşayış sahəsi X4 Auksion Mərkəzi tərəfindən 10.04.2018-ci il tarixdə keçirilmiş hərracda 30000 manata iddiaçıya satılaraq hərracın nəticələri haqqında eyni tarixli 13/01 saylı protokol tərtib olunmuş, 11.04.2018-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi ilə iddiaçının arasında hərracın nəticələri protokoluna uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. X5 cavabdehlər iddiaçıya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Auksion Mərkəzinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 m² olan ayrı tikilinin alınmasına dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Auksion Mərkəzi tərəfindən 10.04.2018-ci il tarixdə keçirilmiş hərracın, onun nəticəsində bağlanmış hərrac protokolunun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, mülki iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli 2(005)-2503/2018 saylı qətnaməsində qeyd olunur: “10 aprel 2018-ci il tarixli 13/01 saylı hərrac protokolunun təsdiq edilmiş surətinə əsasən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 kv.m olan ayrı tikili, 388.7 kv.m torpaq sahəsi (ünvanı: ünvan 2P) X4 Auksion Mərkəzi tərəfindən keçirilən hərrac nəticəsində satıcı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30000 manata X1”. Nəticədə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən İstehsalat və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındakı 1 mərtəbəli ümumi faydalı sahəsi 361.2 m² olan ayrı tikiliyə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Auksion Mərkəzi tərəfindən 10.04.2018-ci il tarixdə keçirilmiş hərrac, o cümlədən hərracın yekunlarına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X7 arasında bağlanmış 10.04.2018-ci il tarixli, 13/01 saylı protokol və 11.04.2018-ci il tarixli, 3940 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli 2(103)- 2774/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2503/2018 saylı iş üzrə 04.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli 2(102)-5361/2019 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 28.02.2019-cu il tarixli, 2(103)- 2774/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi X4 Auksion Mərkəzi tərəfindən keçirilən hərrac nəticəsində satıcı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30000 manata X2, qüvvədə olan məhkəmə qərarı ilə keçirilmiş hərrac, o cümlədən hərracın yekunlarına dair protokol və alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən iddiaçının tələbi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir» Birinci instansiya məhkəməsi tələb edilən pul məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, bu hissədə məhkəmə qətnaməsi dəyişdirilməlidir. Belə ki, “Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 13-cü bəndində göstərilmişdir ki, özəlləşdirmədən daxil olan vəsaitə özəlləşdirilən obyektlərin və səhmlərin, özəlləşdirmə opsionlarının satışından, özəlləşdirmə prosesində rüsumların ödənilməsindən əldə edilən pul vəsaiti və digər daxilolmalar aiddir. Özəlləşdirmədən əldə olunmuş pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsinə daxil olur. Dövlət əmlakının özəlləşdirilməsində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanılması və mühafizəsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması ilə bağlı Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etmə xərclərinin ödənilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Göründüyü kimi, əldə edilmiş pul vəsaiti dövlət büdcəsinə daxil olur, Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına bu vəsaitin 25%-i həcmində ayırmalar nəzərdə tutulur. Belə olan halda, məhkəmənin pul vəsaitini müştərək qaydada tutulması barədə qənaəti yolverilməzdir, ödənilmiş 30000 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə daxil edilmiş, onun yalnız 25%-i həcmində Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ayırmalar daxil olmuşdur. Ona görə də qətnamə dəyişdirilməli və tələb edilən 30000 manat məbləğində pul vəsaitinin 25%-i (7500 manat) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%-i isə (22500) dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət e t d i: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-747/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. 30000 manat məbləğində pul vəsaitinin 25%-i (7500 manat) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%-i isə (22500 manat) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına İddiaçı ödənilsin (qaytarılsın). Ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 25%-i cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən, 75%-i cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar