Məhkəmə qərarları › İş №2(103)-5846/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5846/2022

07.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5846/2022 07.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müavinətin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı "xxxx" ASC-dən 2021-ci ilin yanvar ayından bu günə kimi, yəni 12 ay üçün iddiaçıya ödənilməmiş 576 manat (12 x 48=576) pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi, habelə hər ay 48 manat olmaqla bu müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9043/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdeh "xxxx" ASCnə qarşı müavinətin ödənilməsi tələbinə dair iddiası təmin olunmaqla cavabdeh "xxxx" ASCdən 75 ay ərzində, hər ay 48 manat olmaqla almadığı, cəmi 3600 manat (75x48) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir. İddiaçı bildirir ki, 1975-cı ildən işlədiyim bu zavodda əmək şəraiti çox ağır olmuş, sexlər tozlu, isti, işlətdiyi əmək alətləri insan sağlamlığına ziyanlı olmuşdur. Zavodda kəsici-capıcı (obrubşik) peşəsində işləmişdir. 1987-ci ildən İİİ qrup əmək əlilidir. Həmin dövrdən başlayaraq sağlamlığına dəyən ziyana görə müavinət almışdır. Son hesablamalardan sonra 98 manat müavinət almışdır. 2011-ci ildən zavod rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılığa gəlmişdilər ki, zavod əlillərin müavinətlərinin 50 manatnı Nazirlik tərəfindən ödənilsin, qalan 48 (98- 50=48) manatı zavod ödəməyə söz vermişdir. 2014-cü ilin oktyabr, noyabr, dekabr ayları istisna olmaqla, hər ay 48 manat almışam. Lakin, 2015-2020-ci illər ərzində 75 aydır ki, zavod tərəfindən iddiaçıya 48 manat olmaqla, cəmi 3600 manat pul ödənilməmişdir. İddiaçıya məhkəmə tərəfindən ödənilməsi qət edilmiş, məbləğ ödənilsə də, cavabdeh müəssisə davam edən münasibətlər üzrə sonrakı ödənişləri həyata keçirməkdən yenidən imtina etmişdir. Bunu da onunla izah etməyə cəhd etmişdir ki, məhkəmə qərarını icra etmişdir, orada isə iddiaçıya cəmi 3600 manat ödənilməsi qət edilmişdir. Bundan sonrakı ödənişləri həyata keçirmək üçün, yeni məhkəmə qərarı çıxarılmalıdır. Bu cavab nə qədər absurd olsa da, iddiaçı cavabdehi 48 manat müavinətin ödənilməsinin davam etdirilməsinə borclu olduğuna inandıra bilməmişdir. Belə olan halda iddiaçı yenidən məhkəməyə müraciət edərək, cavabdehdən 2021-ci ilin yanvar ayından bu günə kimi 12 ay üçün ödənilməmiş 576 (48x12) manatın da iddiaçıya ödənilməsi, habelə hər ay 48 manat olmaqla bu müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi vəzifəsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar çıxarılmasını tələb etmək zərurətində qalır.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Bakı "xxxx" ASC-dən 2021-ci ilin yanvar ayından qətnamə elan olunan tarixədək ödənilməmiş müavinət məbləğinin tutularaq İddiaçı ödənilməsi, qətnamənin elan olunduğu tarixdən hər ay 48 manat olmaqla müavinət ödənişlərinin ardıcıl olaraq davam etdirilməsi Bakı "xxxx" ASC-nə həvalə edilməsi qət edilmişdir (sədrlik edən: Kəmalə Əmirxanova).

4. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Lakin Məhkəmə həmin qanunun tələblərini pozaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmamışdır. Göstərilən qanunun tələblərinə əməl edilməmişdir. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. Belə ki, mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9043/2021 saylı qətnaməsi ilə iddiaçının cavabdeh "xxxx" ASC-nə qarşı müavinətin ödənilməsi tələbinə dair iddiası təmin olunmaqla cavabdeh "xxxx" ASC-dən 75 ay ərzində, hər ay 48 manat olmaqla almadığı, cəmi 3600 manat (75x48) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödəniməsi qət edilmişdir. Hüquqi dəyərləndirmə:

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi birinci instansiya məhkəməsində iddia ərizəsi verilən zaman mediasiyaya müraciət edilməsi barədə arayışın ərizəyə əlavə olunmamasını göstərir. Cavabdeh hesab edir ki, mediasiyaya müraciət edilmədiyi üçün iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı idi.

12. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, hazırki mübahisə tərəflər arasında yeni yaranan mübahisə deyildir. Belə ki, iş materiallarında görünür ki, hazırda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-9043/2021 saylı qətnaməsi ilə cavabdeh "xxxx" ASC-dən 3600 manat (75x48) məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

13. Qeyd edilən qətnamə onu deməyə əsas verir ki, tərəflər arasında müavinətin verilməsi ilə bağlı məhkəmə mübahisəsi daha əvvəl başladığından və həmin dövrdə mediasiya ilə bağlı qanunvericilikdə tələb mövcud olmadığından, iddiaçının hazırda mediasiya ilə bağlı arayışı iddia ərizəsinə əlavə etməməsi qanunvericiliyin pozuntusu kimi dəyərləndirilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

15. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılmasına dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

17. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

18. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

20. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i:

Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1040/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar