Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5852/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, onun nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1639/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cəmi 16000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Yasamal rayonu ərazisində təkər sexində təkər ustası kimi işləyir. Cavabdeh İsmayıl da onun işlədiyi yerə mütəmadi olaraq gəlmiş, beləliklə onların arasında səmimi münasibətlər yaranmışdır. Bir gün cavabdeh ona bildirmişdir ki, bir iş var, iş çox gəlirlidir. Əgər istəsə, o da pul qoysun və ikiqat qazanc əldə etsin. Çox götür-qoy etdikdən sonra cavabdehə bildirmişdir ki, onun cəmi 15000 ABŞ dolları pulu var, həmin pulu qoya bilər. Cavabdeh ona əminliklə bildirmişdir ki, pulu qoysa, 1 il ərzində həmin pulun ikiqat məbləğini alacaqdır. Lakin nə iş görəcəyindən, pulu necə qazanacağından heç bir artıq məlumat verməmişdir. 2022-ci ilin yay aylarında həmişəki kimi dost kimi görüşmüşlər və o,15000 ABŞ dolları pulu ona vermişdir. Daha sonra isə cavabdeh ondan 1000 manat borc pul istəmiş, həmin məbləğdə borc pulu da ona vermişdir. Lakin 1 ildən çox müddət keçdikdən sonra İsmayıldan 15000 ABŞ dollar pulun və 1000 manat borcun aqibətini soruşmuş, İsmayıl isə hər dəfə ona müxtəlif bəhanələr uyduraraq yola vermişdir. Daha sonra çoxlu təkidləri nəticəsində 10000 manat pulunu və borc kimi verdiyi puldan 500 manat pulu geri ala bilmişdir. Nəticə etibari ilə qalan pulunu geri ala bilməmişdir. Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə şikayətlə müraciət etmiş, ona cavabdehlə aralarında olan məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1639/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 16000 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1091.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 238.1, 241.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Əsassız varlanma hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə edilməsi halında yaranır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan pul qoyaraq ikiqat qazanc əldə edəcəyi bəhanəsi ilə 2022ci ilin yay aylarında 15000 ABŞ dolları məbləğində pul almışdır. Lakin, bir müddət sonra iddiaçı cavabdehdən 15000 ABŞ dollar pulun aqibətini soruşduqda, cavabdeh müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Lakin 1 ildən sonra 10000 manat geri qaytarmış, pulun qalan hissəsini isə bugünədək ödəməmişdir, hazırki mülki iş üzrə iddiaçı və cavabdeh arasındakı watsapp yazışmalarına dair çıxarışlardan cavabdehin iddiaçıya pul qaytarmalı olduğu görünsə də, məbləğin nə qədər təşkil etdiyi müəyyən olunmur. Bununla yanaşı, iş materiallarında olan flaskartda təqdim olunmuş whatsapp səs yazılarından Cavabdeh İddiaçı 16000 manat məbləğində pul qaytarmalı olduğunu söyləməsi müəyyən edilir. Buradan da cavabdehin iddiaçıya 16000 manat məbləğində pul qaytarmalı olduğu öz təsdiqini tapır.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin İddiaçı müraciətinin araşdırılmasına dair xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ərizə ilə 29-cu PŞ-nə müraciət edərək bildirmişdir ki, təxminən il yarım əvvəl Səmədzadə İsmayıl adlı şəxsə borc olaraq 15000 ABŞ dolları pul vermişdir. Lakin, 1 ildən sonra 10000 manat geri qaytarmış, pulun qalan hissəsini isə bugünədək ödəməmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. ərizəyə baxılarkən müəyyən olunmuşdur ki, müraciətdə göstərilən xüsusatlar mülki xarakterlidir və məhkəmə tərəfindən həll oluna bilər; - Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı müraciətində qeyd edilmiş xüsusatlar araşdırılmış və müəyyən olunmuşdur ki, müraciətində göstərdiyi məsələ mülki xarakterlidir və bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; - İş materiallarında olan hazırki mülki iş üzrə iddiaçı və cavabdeh arasındakı watsapp yazışmalarına dair çıxarışlardan cavabdehin iddiaçıya pul qaytarmalı olduğu görünsə də, məbləğin nə qədər təşkil etdiyi müəyyən olunmur. Bununla yanaşı, iş materiallarında olan flaskartda təqdim olunmuş watsapp səs yazılarından Cavabdeh İddiaçı 16000 manat məbləğində pul qaytarmalı olduğunu söyləməsi müəyyən edilir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 1639/2024 saylı, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı faizlə pul verən şəxsdir. Cavabdeh ilə onun aralarında əvvəllər pul ilə bağlı müvafiq söhbətlər olmuşdur. İddiaçı bildirir ki, o nə işdir ki, pulu 1 ilə iki qat edir? Əgər həqiqətəndə iddiaçının qeyd etdiyi kimi iş var idisə, tərəflər bu işi şərikli şəkildə görürlərdimi? Məhkəmə iclaslarında bununla bağlı müvafiq sübutlar tərəfindən təqdim ediləcək. Digər tərəfdən sual yaranır, əgər iddiaçı həqiqətəndə təkər ustası idisə, bu 15000 dollar pul onda hardan ola bilər? İşə başqa bir aspektdən, kim nə iş gördüyünü və pulun 1 ilə necə ikiqat olacağını bilmədən 15000 ABŞ dolları pul verər? Birinci instansiya məhkəməsində iştirak etmədiyindən araşdırılası müəyyən xüsusatlar vardır ki, onları məhkəmə iclasında təqdim edəcək. Birinci instansiya məhkəməsinin qətnaməsində işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Belə ki, pulun verilibverilməməsi məsələsi, verilmişdirsə hansı formada necə və s. bu kimi sual doğuran hallar ədalətli şəkildə araşdırılmaması cavabdehin hüquqlarını pozmuşdur. Məhkəmə iş üzrə bütün halları araşdırmadan, cavabdehin məhkəmə prosesinə cəlb olunmasını təmin etmədən, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə yalnız iddiaçının göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bir sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. Apellyasiya intansiyası icraatı zamanı müəyyən edilən hallar:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən izahat vermiş, pulu cavabdehə qazanc əldə etmək məqsədilə deyil, borc kimi verdiyini qeyd etməklə, şikayəti əsassız hesab etdiyini bildirmiş, təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) Nümayəndə cavabdehin apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, cavabdeh şikayətində qeyd edib ki, pul sələmə verilib, təkər ustasında bu qədər pul hardandı. Buna münasibətdə bildirmişdir ki, o və üç oğlu ömrü böyü işləyib, həmin pulu qəpik-qəpik yığmışlar, cavabdeh iş görəcəyi, qazanc əldə edəcəyini oğluna deyib, borc istəyib, oğlu da ona inanıb borca pul verib, əvvəllər dəfələrlə cavabdehin anası, qardaşı, özü pulu qaytaracaqlarını desələr də, məqam çatanda zənglərə belə cavab verməyiblər. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
9. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 419.1. Müqavilələrin standart şərtlərinin formaca qeyri-adi olduğuna görə digər tərəfin nəzərdə tuta bilmədiyi müddəaları müqavilənin tərkib hissəsinə çevrilmir. 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyrimüəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyrimümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. Əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. Qeyd edilməlidir ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyindən araşdırılası müəyyən xüsusatların olduğunu və onları məhkəmə iclasında təqdim edəcəyini qeyd etsə də, etirazının əsasını təşkil edən sübutedici dəlillər təqdim etməyərək məhkəmə kollegiyasının iclaslarında iştirak etməkdən yayınmışdır. Halbuki, cavabdeh suallardan ibarət olan apellyasiya şikayətində birmənalı olaraq pul vəsaitlərini onun tərəfindən iddiaçıdan alınmadığını qeyd etməmiş, iddianı qəbul etmədiyini, habelə iddiaya və sübut növü hesab edilən iddiaçının izahatına münasibət bildirməmişdir. Qeyd edilənlərə əsasən və müstəsna olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən yoxlanılmalı olan apellyasiya şikayətində qeyd edilən dəlilləri ümumi səciyyə daşımaqla, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir.
11. Kollegiya məhkəmə xərcləri üzrə hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəyən şəxsə aid edilməlidir.
12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1639/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.