Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5856/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçi Ərizəçi1 vəkili X1, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, X3, Ərizəçi6 və Ərizəçi7 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsi maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli 2(006)-3260/2021 saylı qərardadından Ərizəçi1 şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və qeyriləri (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X5 Qeydiyyatı İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “xxxx” MTK-nın “xxxx” kooperativinin hüquqi varisi olmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli 2(006)-3260/2021 saylı qərardadı ilə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizənin qəbul edilməsindən imtina olunmuşdur. Həmin qərardaddan Ərizəçi1 verdiyi şikayət məhkəmənin 29.04.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır, hazırda onların yaşadıqları kooperativ bina “xxxx” Mənzil Tikinti Kooperatividir. 2006-cı ildən kooperativləri “xxxx” kimi qeydə alınıb, bütün sənədlər blanklar, verilən arayışlar “xxxx” Mənzil Kooperativin ştampı və möhürü ilə təsdiq olunub. Kooperativ “xxxx” kimi tanınır. “xxxx” ASC-nin 1 saylı Nəsimi filialının 28.10.2008-ci il tarixli 112/1456 nömrəli arayışında da qeyd edilmişdir ki, “xxxx” MTK (1 may-241) D.Əliyeva ünvanında yerləşən “xxxx” Mənzil koperativinin hüquqi varisidir. “xxxx” MTK-nın yerləşdiyi bina hazırda “xxxx” Mənzil kooperativinin yerləşdiyi binadır. Kollegiyanın iclasında iştirak edən Ərizəçi1 vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər iddiaçılar məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizə və ərizəyə əlavə edilmiş materiallardan göründüyü kimi, mövcudluğunun təsdiq edilməsi xahiş olunan faktın müəyyən edilməsindən hər-hansı şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğunu müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında göstərmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin qəbul edilməsindən imtina etməkdə haqlı olmuşdur. Ərizəçilərə izah olunur ki, hüquq varisliyi hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) nəticəsində baş verir. Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir (Mülki Məcəllənin 55.1, 56-cı maddələri). Beləliklə, hər hansı hüquqi şəxsin başqa bir hüquqi şəxsin hüquq varisi olması məhkəmə qaydasında yox, təsis və qeydiyyat sənədləri ilə müəyyən oluna bilər. Odur ki, Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Ərizəçi1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli 2(006)-3260/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5856/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5856/2021
09.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver