Məhkəmə qərarları › İş №2(103)-5858/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5858/2021

29.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5858/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhraman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1208/2021 saylı, 15 aprel 2021ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı 20 avqust 2018-ci il təvəllüdlü X13 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Şanqar qəsəbəsində yerləşən ünvansız fərdi evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1208/2021 saylı, 15 aprel 2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti vermişdir. Hazırkı işə apellyasiya qaydasında baxılarkən X11, X14, X2, X3, X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş, belə ki, o, Cavabdehla 20.08.2018-ci ildə ailə qurmuş, atasının öz şəxsi vəsaiti hesabına toydan əvvəl onun bacısına alınan torpaq sahəsində tikdiyi evdə yaşamışlar, lakin sonradan iddiaçı və cavabdeh arasında ailədaxili münaqişələri artmış, münaqişə səbəbilə cavabdeh evdən çıxıb getmiş, tək qalan iddiaçı yaxınlıqdakı ata evində gecələmiş, ertəsi gün gəldikdə qapının açarının cavabdeh tərəfindən dəyişdirilməsinin şahidi olmuş, həmin vaxt aralarında münaqişə baş vermiş və cavabdeh onu və azyaşlı uşağını həmin mənzilə buraxmamışdır. Göstərilənlərə əsasən, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Y.Məmmədova apellyasiya şikayətini müdafiə edərək, torpaq sahəsinin iddiaçının bacısına aid olduğunu və iddiaçı və cavabdehin birgə yaşadığı fərdi yaşayış evinin iddiaçının atasının şəxsi vəsaiti hesabına tikildiyini əsas gətirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh izahat verərək həmin fərdi yaşayış evinin onun anası tərəfindən pulu ödənilərək alındığını, evin tikintisində cavabdehin və onun ailəsinin heç bir rolu olmadığını, iddiaçının həmin evdə yaşamadığını, ailəli olduqları müddətdə birlikdə ünvan 2 ünvanında yaşadıqlarını əsas gətirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 20.08.2018-ci il tarixdə Bakı şəhəri, 1 saylı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində 2302 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; Birgə nikahdan doğulmuş 20.08.2019-ci il təvəllüdlü X13 cavabdeh İddiaçı yanında və himayəsində saxlanılması; 20.08.2019-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01.03.2021-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) % (dördə bir) hissəsi pul məbləğində aliment tutulması; Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçı Cavabdeh aid edilməsi qət edilmişdir. “Torpaqların alqı-satqısına dair” aktın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Qızıl-Daş Bələdiyyəsinin 09-1 saylı, 14.09.2007-ci il tarixli qərarına əsasən Qızıldaş bələdiyyə ərazisində 600 kv/m torpaq sahəsi X1. Cavabdeh tərəfindən Məhkəməyə təqdim edilmiş 04.08.2015-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, S.Rzayeva tərəfindən cavabdehin anası R.Hüseynovaya və iddiaçının bacısı X9 Qızıldaş bələdiyyə ərazisində 600 kv/m torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı etibarnamə verilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməyən özbaşına tikilmiş evə köçürülmə və istifadəyə aiddir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, tərəflər arasında 20.08.2018-ci il tarixdə nikah bağlanmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bu əsasla hazırkı mübahisəyə MPM-in 13.4-cü maddəsinin (qanunun analogiyası) tələbinə əsasən, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci madəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, köçürülməsini tələb etdiyi evi atası öz şəxsi vəsaiti hesabına, onların toyundan əvvəl bacısının adına almış və həmin torpaq sahəsində tikilmiş ev də atasının vəsaiti hesabına inşa edilmişdir. Cavabdeh iddiaçının həmin dəlilinə etiraz edərək göstərir ki, həmin torpaq sahəsinin etibarnamə əsasında anası R.Hüseynovanın adına 14.08.2015-ci il tarixdə alındığını, sonra isə öz vəsaitləri hesabına həmin evi tikdiklərini, həmin evin tikilməsində iddiaçının atasının vəsait xərcləməsi barədə deyilənlərin uydurma olduğunu, həmin ev tikiləndə iddiaçı ilə onların bir-birilərini heç tanımadıqlarını, iddiaçı ilə ailəli oluğu müddətdə isə başqa ünvanda yaşadıqlarını, iddiaçının həmin evdə ümumiyyətlə yaşamadığını göstərmişdir. Cavabdeh həmin etirazı ilə bağlı məhkəməyə “Torpaqların alqı-satqısına dair” aktı təqdim etmişdir ki, aktın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Qızıldaş Bələdiyyəsinin 09-1 saylı, 14.09.2007-ci il tarixli qərarına əsasən Qızıldaş bələdiyyə ərazisində 600 kv/m torpaq sahəsi X1. Cavabdehin həmçinin məhkəməyə təqdim etdiyi 04.08.2015-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, torpaq sahəsinin alıcısı S.Rzayeva cavabdehin anası R.Hüseynovaya həmin torpaq sahəsinə dair bütün hüquqları həyata keçirməyi nəzərdə tutan və 2094-cü ilədək qüvvədə olan etibarnamə vermişdir. Həmin etibarnamədə etibar olunan kimi iddiaçının bacısı olduğunu bildirdiyi X8 da adı göstərilmişdir, lakin onun bacısı olduğu təsdiq olunsa belə, bu halın özü də iddiaçının hazırkı tələbinin təmin olunması üçün əsas ola bilməz. Beləliklə, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı məhkəməyə əsaslı, şübhədənkənar və mötəbər sübutlar təqdim edilmədiyindən, əksinə cavabdehin etirzaları ilə iddiaçının dəlilləri təkzib edildiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən haqlı olmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1208/2021 saylı, 15 aprel 2021ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçı özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar