Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5858/2022 04.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçının cavabdehlər Cavabdeh2, X4 və 9 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh2 özünün və vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) İddia barədə məlumat
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, atası X2 adından (hazırki iş üzrə tərəf olmayan) X8 və Cavabdeh2 arasında Bakı şəhəri, Məsud Əlizadə küçəsində yerləşən 29 saylı evinin 1/2 hissəsinə dair xx.xx.2014-cü il tarixdə bağlanmış və 9-cu Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi, həmin müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestrindən” Cavabdeh2 adına verilmiş “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır k, iddiaçının atası Rüstəm Xankişiyev xx.xx.2011-ci il tarixdə Aşqabad şəhərində vəfat etmişdir. Ölüm barədə xx.xx.2011-ci il tarixdə 264 saylı qeydiyyat nömrəsi ilə Aşqabad şəhərinin Kopetdağ rayonunun VVAQ İdarəsi tərəfindən qeydiyyat aparılmışdır. xx.xx.2013-cü il tarixdə Bakı Şəhəri 13 saylı Notariat Kontorunda 134 saylı vərəsəlik işi açılmışdır. İddiaçı, R.Xankişiyevin yeganə qanun üzrə vərəsəsi qismində 219 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış şəhadətnaməyə əsasən tanınmışdır. İddia ərizəsində qeyd edilən ünvanda yerləşən ev iddiaçının atası R.Xankişiyevin mülkiyyətində olmuşdur. Ev xx.xx.1997-ci il tarixdə alınmışdır. Lakin, həmin evin 1/2 hissəsinin hazırda Cavabdeh2 mülkiyyətində olması, həmin hissənin R.Xankişiyev tərəfindən satılması bildirilmişdir. Məsələnin araşdırılması üçün xx.xx.2021-ci il tarixdə müvafiq orqanlara iddiaçının vəkili tərəfindən sorğular göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin cavab məktubunda qeyd etmişdir ki, evin R.Xankişiyevin mülkiyyətində olan 1/2 hissəsi 9 saylı Notariat Kontorunun 4ə-l/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli “Alğı-satqı müqaviləsi” əsasında Cavabdeh2 adına qeydə alınmışdır. 9 saylı Notariat Ofisi tərəfindən verilmiş cavabda isə qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixdə R.Xankişiyev ilə Cavabdeh2 arasında bağlanmış “Alğı-satqı müqaviləsi” və ona aid olan sənədlərlə birgə notariat işi əlavə olunaraq göndərilmişdir. Sənədlər təqdim olunduqdan sonra məlum olmuşdur ki, “Alğısatqı müqaviləsində” satıcı qismində həmin tarixdə artıq 3 il əvvəl vəfat etmiş (iddiaçının atası) R.Xankişiyevin adından etibarnamə əsasında hazırki iş üzrə tərəf olmayan Cahangir Quliyev çıxış etmişdir. Göründüyü kimi, ölmüş şəxsin adından etibarnamə əsasında saxta alğı-satqı müqavilə bağlanmış, kobud şəkildə hüquqları pozulmuşdur. Bundan başqa xx.xx.2013-ci il tarixdə vərəsəlik işinin açılmasına, onun reyestrdə qeydiyyata alınmasına baxmayaraq, alğı-satqı müqaviləsinin hansı üsullarla aparılması məlum deyil.
b) cavabdeh F.Yolçuyevanın iddiaya qarşı etirazı barədə məlumat
3. Cavabdeh F.Yolçuyevanın iddia tələbinə qarşı etirazı ondan ibarət olmuşdur ki, iddiaçı, mübahisəli “Alğı-satqı müqaviləsindən” artıq 2014-cü ildə məlumatlı olmuş, lakin iddia ərizəsini 2021-ci ildə verməklə, 1 illik müddəti ötürmüşdür. Buna görə də, iddia, iddia müddətinin ötürülməsi səbəbindən rədd edilməlidir (“iddia müddətinin tətbiqi barədə” ərizə işə baxmış Rayon Məhkəməsinə təqdim edilmişdir).
c) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, R.Xankişiyevin adından etibarnamə ilə C.Quliyev ilə Cavabdeh2 arasında “Alğı-satqı müqaviləsinin” bağlanmasında tərəflər iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində müqaviləni bağlamış, müqavilənin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. İddia əsassızıdır. Bundan başqa, əqdin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti İddiaçı tərəfindən ötürülmüşdür.
d) Apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, R.Xankişiyevin vəfat etməsi, vərəsəlik işi ilə əlaqədar şəhadətnamə verilməsinə, həmçinin sistemdə olmasına baxmayaraq 9 saylı Notariat Ofisi tərəfindən ölmüş şəxsin adından C.Quliyev tərəfindən xx.xx.2014-cü il tarixdə “Alğı-satqı müqaviləsi” bağlanmışdır. Göründüyü kimi ölmüş şəxsin adından etibarnamə əsasında saxta alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan başqa, Cavabdeh2 mübahisələnidirilən 1/2 hissəyə dair mülkiyyət hüququnu qeyri-qanuni yollarla əldə etməsini, ölünün adından saxta alğı-satqı müqaviləsi bağlanmasını yalnız xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına və ünvan 1 ünvanlanmış sorğulara müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə alınan cavablar əsasında bilmişdir. Rayon Məhkəməsinin bu halda iddia müddətini tətbiq etməsi absurd məsələdir.
e) Apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları
8. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
9. Cavabdeh2 və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına uyğun izahat verdilər.
10. Cavabdeh2 vəkili (nümayəndəsi) əlavə olaraq bildirdi ki, iddiaçı mübahisələndirdiyi “Alğı-satqı müqaviləsindən” artıq 2014-cü ildə məlumatlı olmuş, lakin iddia ərizəsini 2021-ci ildə verməklə, 1 illik müddəti ötürmüşdür.
11. İş üzrə cavabdeh R.Sadıqov və 9 saylı Notariat Ofisinin nümayəndəsi apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
f) Hazırki işdə olan sübutlar
12. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Femida” vəkil bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanı 22 saylı DNK-nın 3ma-22 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli “Alğı-satqı müqaviləsinə” əsasən X2 adına qeydiyyata alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2013 saylı iş üzrə qəbul etdiyi qiyabi qətnaməsinə əsasən 22 saylı DNK-nın 3ma22 reyestr nömrəli, xx.xx.1997-ci il tarixli “Alğı-satqı müqaviləsi” ləğv edilərək sözügedən evin 1/2 hissəsi üzərində X2 mülkiyyət hüquqları ləğv edilmiş və həmin 1/2 hissə üzərində X5 mülkiyyət hüquqları qeydə alınmışdır. 43 saylı Notariat Kontorunun 4Ə/2-449 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X5 mülkiyyətində olan hissə “X16” İctimai Birliyinin adına rəsmiləşdirilmişdir. X2 mülkiyyətində olan 1/2 hissə isə 9 saylı DNK-nın 4ə-1/105 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli “Alğı-satqı müqaviləsi” əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7411/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən X5 adına verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il tarixli və “X16” İctimai Birliyinin adına verilmiş RX seriyalı, ******* nömrəli, xx-xx.2013-cü il tarixli “Reyestrdən çıxarışlar” xx.xx.2019-cu il tarixində ləğv edilmişdir və sözügedən 1/2 hissə X2 adına qeydiyyata alınmışdır. 13 saylı NK-nın 2V-113 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında qeyd olunan fərdi evin 1/2 hissəsi İddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı ilə X13 arasında bağlanmış 14 saylı Notariat Ofisinin 4ə-1095 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən sözügedən mülk sonuncunun adına qeydiyyata alınmışdır. 9 saylı Notariat Ofisinin 4ə-276 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin imzalanması ilə X9 mülkiyyətində olan 1/2 hissə-31,5 kv.m. X3 mülkiyyətinə keçmişdir. ünvan 3 ünvanı tam mülkiyyət hüququ üzrə hazırda Cavabdeh2 məxsusdur.
13. ƏN-İ seriyalı, 120693 nömrəli, xx.xx.2008-ci il tarixli etibarnamədən görünür ki, X6 onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X7 etibar etmişdir. Etibarnamədə sələhiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuş və etibarnamə xx.xx.2028-ci ilədək qüvvədə olmaqla verilmişdir.
14. Aşqabad şəhərinin Kopetdağ rayonunun VVAQ İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli “Ölüm haqqında şəhadətnamədən” görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində ölmüş və bu barədə xx.xx.2011ci il tarixdə 264 qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır.
15. AN-İ seriyalı, 04077395 saylı, xx.xx.2014-cü il tarixli “Alğı-satqı müqaviləsindən” görünür ki, X2 adından xx.xx.2008-ci il tarixdə verilmiş etibarnamə əsasında çıxış edən nümayəndə X8 ünvan 3 ünvanında yerləşən və 27,4 kv.m yaşayış sahəsi, 63 kv.m ümumi sahəsindən ibarət iki otaqlı fərdi yaşayış evindən ona məxsus olan 1/2 hissəsini tam şəkildə “Alıcı” Cavabdeh2 satmışdır.
16. “Elektron notariat” X1 çıxarışdan müəyyən olunur ki, X2 ölümü ilə bağlı xx.xx.2013-cü il tarixdə vərəsəlik işi açılmış və qanu üzrə vərəsə qismində İddiaçı tanınmışdır.
17. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)2311/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı öz iddia ərizəsində həmin evin 1/2 hissəsini xx.xx.2020-ci il tarixdə öz adına rəsmiləşdirən Vəli Əliyevin həmin hissəni 1/2 hissədə digər payçı olan Cavabdeh2 satdığını göstərmişdir.
g) Məhkəmənin mövqeyi
18. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddianı əsassız hesab etsə də, maddi hüquq normasını səhv tətbiq etməklə bu nəticəyə gəlmişdir.
19. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər (maddə 359.1.). Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər (maddə 362.1.). Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir (maddə 362.2.). Etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir (maddə 365.1.).
20. Qeyd edilən maddi hüquq normaların tələbindən işdə olan sübutlara yanaşdıqda müəyyən edilir ki, mübahisəli evə dair Rüstəm Xankişiyevin xx.xx.2008-ci il tarixdə verdiyi etibarnamə əsasında çıxış edən Cahangir Quliyev Cavabdeh2 ilə evin mübahisəli 1/2 hissəsinə dair xx.xx.2014-cü il tarixdə “Alğı-satqı müqaviləsi” bağlayan zaman Rüstəm Xankişiyev artıq təxminən 3 il əvvəl, yəni xx.xx.2011-ci il tarixdə ölmüşdür. Belə olan halda müəyyən edilir ki, “Alğı-satqı müqaviləsi” qüvvəsinə xitam verilmiş etibarnamədən istifadə edilməklə bağlanmışdır.
21. Göstərilənləri nəzərə alan Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarına istinadən bildirir ki, Mülki Məcəllədə əqdə verilmiş anlayışdan görünür ki, əqdin əmələ gəlməsi (bağlanmasının) 4 qrup şərti var: əqdin subyekt tərkibinə dair şərtlər, əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər və əqdin formasına dair şərtlər. Əqdin şərtlərinin qanunvericiliyin tələblərinə uyğun olmaması halında, həmin əqdin etibarlılığı və hüquq münasibətinin qurulması qeyri-mümkündür. Bu o deməkdir ki ortada hər hansı əqd mövcud deyil. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Həmin şərtləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin bağlanması üçün yuxarıda qeyd olunan şərtlərdə hər hansı biri əksiklik varsa, əqd ya mövcud deyil (bağlanmayıb) və ya bu əqd etibarsızdır.
22. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçının atası R.Xankişiyevin adından (hazırki iş üzrə tərəf olmayan) C.Quliyev və Cavabdeh2 arasında yuxarıda qeyd edilən evin mübahisəli 1/2 hissəsinə dair xx.xx.2014-cü il tarixdə bağlanmış və 9-cu Notariat Ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış “Alğı-satqı müqaviləsi” əhəmiyyətsizdir.
23. Bunlara baxmayaraq Məhkəmə hesab edir ki, iddianın “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” hissəsi təmin edilə bilməz. Çünki, Mülki Məcəllənin tələbinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (maddə 354.1.). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər (maddə 354.2.).
24. İddiaçı apellyasiya şikayətində bildirir ki, mübahisələndirilən alğı-satqı müqaviləsinin mövcudluğu barədə məlumatı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və 9 saylı Notariat Ofisinə ünvanlanmış sorğulara müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə alınan cavablar əsasında bilmişdir.
25. Bununla bağlı Məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən (İş № 2(005)-2311/2020) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edən İddiaçı öz iddia ərizəsində həmin evin 1/2 hissəsini xx.xx.2020-ci il tarixdə öz adına rəsmiləşdirən Vəli Əliyevin həmin hissəni 1/2 hissədə digər payçı olan Cavabdeh2 satdığını göstərmişdir.
26. Məhkəmə həmin mülki işi Bakı Apellyasiya Məhkəməsinin arxivindən götürmüş və iş materiallarını tədqiq etmişdir.
27. Həmin mülki işdən görünür ki, İddiaçı 29 saylı evin digər 1/2 hissəsi ilə bağlı xx.xx.2020-ci il tarixli Cavabdeh2 və Vəli Əliyev arasında bağlanmış “Alğı-satqı müqaviləsini” mübahisələndirmişdir. O, xx.xx.2020-ci il tarixdə həmin iddianı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə verərkən, yuxarıda qeyd edilən evin Cavabdeh2 mülkiyyətində olmasını təsdiq edən “Reyestrdən çıxarışı” həmin iddia ərizəsinə əlavə etmişdir (həmin işin 1-ci cildi; vərəq 16).
28. Həmin işin 25-ci səhifədə olan digər “Çıxarışdan” görünür ki, mübahisəli evin 1/2 hissəsi Cavabdeh2, digər 1/2 hissəsi isə hazırki iş üzrə tərəf olmayan Vəli Əliyevin mülkiyyətindədir.
29. Göründüyü kimi, yuxarıda qeyd edilən iddia ərizəsi Nərimanov Rayon Məhkəməsinə verilən zaman iddiaçı ev üzərində Cavabdeh2 mülkiyyət hüququnun mövcud olduğunu bilirdi və həmin tarixdə də onun hüququnun yaranması əsasını bilməli idi.
30. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçı, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Çünki müqavilənin etibarsızlığı ilə bağlı (hazırki) iddia xx.xx.2021-ci il tarixdə Rayon Məhkəməsinə verilmişdir.
31. Bu baxımdan hesab edilməlidir ki, iddianın “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” hissəsi təmin edilə bilməz.
32. Məhkəmə həmçinin hesab edir ki, iddianın qeyd edilən hissəsi təmin edilmədiyindən ondan irəli gələn “alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” hissəsi də təmin edilə bilməz. Çünki bu kimi tələbin əsaslı hesab edilməsi üçün əsas yoxdur.
h) Apellyasiya baxışının nəticəsi
33. Beləliklə, apellyasiya baxışı ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməsə də, işin hallarını səhv müəyyən etmiş, maddi hüquq normasını səhv tətbiq etmişdir.
34. MPM-nin 385-ci maddəsinin tələbinə görə isə, qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.
35. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
36. Rayon Məhkəməsinin qətnaməsi ləğv edildiyindən və apellyasiya şikayətində iddianın təmin edilməsi ilə yanaşı qətnamənin ləğv edilməsi xahiş edildiyindən apellyasiya şikayəti qismən təmin edilmiş hesab edilməlidir.
37. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan və MPM-nin 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 may 2022-ci il tarixli qətnamə ləğv edilsin. İddiaçının cavabdehlər Cavabdeh2, X4 və 9 saylı Notariat Ofisinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.