Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5860/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş kirayə haqqının tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 yanvar 2018-ci il tarixində MMC ilə müqavilə bağlamaqla Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm 69 ünvanda yerləşən 2 otaqlı 54,4 kv.metr yaşayış sahəsi olan mənzilini MMCnə təhvil verdiyini, müqavilə şərtlərinə görə təhvil verdiyi mənzilin əvəzində ona yeni mənzil verilənədək hər ay 500 manat kirayə haqqının MMC tərəfindən ödənilməli olduğunu, lakin MMC-nin müqavilə şərtlərini pozaraq öhdəliyini 2020-ci ilin iyun ayından etibarən icra etmədiyini və 2500 manat borcunun yarandığını irəli sümüş, buna görə də cavabdehdən 2500 (iki min beş yüz) manat kirayə haqqının və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Qətnamədən Cavabdeh MMC-nin nümayəndəsi (direktoru) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğu, sübutlara düzgün hüquqi qiymət vermədiyi, iddiaçı ilə MMC arasında bağlanmış müqavilənin müddəalarına əhəmiyyət vermədiyi, yeni inşa edilən binadakı mənzilin iddiaçıya 2020-ci ilin iyun ayında təhvil verildiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, məhkəmənin, binanın Dövlət Komissiyası tərəfindən təhvil alınmasınadək iddiaçıya kirayə haqqının ödənilməli olması ilə bağlı gəldiyi nəticə nə müqavilə şərtlərinə, nə də mövcud reallıqlara uyğun deyil və mənzilin açarlarının iddiaçıya verilməsinə, onun hazırda həmin mənzildə yaşamasına baxmayaraq, guya mənzili təhvil almadığı qənaəti heç bir məntiqə sığmır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan və mübahisələndirilməyən halına görə, Cavabdeh MMC ilə İddiaçı arasında 29.01.2018-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən MMC, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm 69 ünvanında yerləşən və yaşayış üçün təhlükəli vəziyyətdə olan İddiaçı məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, söküntüsü nəzərdə tutulmuş həmin mənzilin əvəzinə yeni tikilmiş binanın 4-cü mərtəbəsində təmirsiz 2 otaqlı, sahəsi 100,73 kv.m. olan 12 saylı mənzili İddiaçı verməyi, yeni binanın tikintisi başa çatanadək iddiaçıya aylıq 500 manat kirayə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, MMC tərəfindən İddiaçı sonuncu dəfə 18 may 2020-ci il tarixdə 500 manat kirayə haqqı ödənilmiş, bundan sonra kirayə haqqının ödənişi dayandırılmış, tərəflər arasındakı mübahisə də məhz bu səbəblə yaranmışdır. İddiaçının iddiasına görə müvafiq mənzil ona təhvil verilmədiyindən, 2020-ci ilin iyun-oktyabr ayları üçün kirayə haqqı ödənişi həyata keçirilməlidir; cavabdeh MMC isə binanın inşasının 2020-ci ilin iyun ayında başa çatdırıldığını, mənzilin iddiaçıya təhvil verildiyini, lakin onun bununla bağlı aktı imzalamaqdan imtina etdiyini irəli sürməkdəir. Birinci instansiya məhkəməsi, müqaviləyə görə cavabdehin, yaşayış binasını Dövlət Komissiyasına təhvil verməyi öhdəsinə götürdüyünü və yalnız bu şərt tam həyata keçirildikdən sonra mülkiyyətçidən mənzili təhvil almasını tələb etmək hüququnun yarandığını, buna görə də iddiaçının mənzili təhvil almaqdan imtina etməkdə haqlı olduğunu vurğulamaqla müvafiq nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə tərəflərin qarşılıqlı münasibətlərinin mahiyyətini səhv qiymətləndirməsi səbəbilə gəlməklə işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 324.1-ci və 324.2-ci maddələrinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Məcəllənin 324.4-cü maddəsinə görə, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəyə görə isə, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi tərəflər, aralarında 29 yanvar 2018-ci il tarixdə müqavilə bağlandığını, Cavabdeh MMC-nin iddiaçıya məxsus mənzilin söküntüsünü həyata keçirərək həmin sahədə inşa edəcəyi yeni yaşayış binasında ona təmirsiz mənzil vermək və yeni binanın tikintisi başa çatanadək iddiaçıya aylıq 500 manat kirayə haqqı ödəmək barədə öhdəlik götürdüyünü mübahisələndirmirlər; iş materiallarındakı sənədlərdən, fotoşəkillərdən və verilən izahatlardan isə görünür ki, binanın tikintisi tam başa çatmışdır və orada artıq insanlar yaşamaqdadırlar. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı hesab oluna bilməz; çünkü istinad etdiyi müqavilənin təfsirinə görə MMC, məhz binanın tikintisinin başa çatmasınadək ona kirayə haqqı ödəmək öhdəliyi daşımışdır. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etməyə borcludur. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə kimi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X1 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-821/2021 saylı iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş kirayə haqqının tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-5860/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5860/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver