Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5860/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Maksim qızının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə (Açar sözlər: əmanətə görə kompensasiyanın ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı Maksim qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Maksim qızının cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "əmanətə görə kompensasiyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1435/2023 saylı qətnaməsindən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 70392863-2 nömrəli bank əmanət (“Uşaq əmanəti” faizləri kapitallaşdırılan) müqaviləsinə əsasən X4 Cavabdeh1 ASC-yə İddiaçı Maksim qızının adına 12.500 ABŞ dolları məbləğində pul vəsaitini 36 ay müddətinə (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək), illik 3% dərəcəsinin bank tərəfindən ona ödənilməsi şərti ilə uşaq əmanəti qoymuş, Cavabdeh1 ASC isə həmin müqaviləyə əsasən əmanətçidən və ya əmanətçi üçün daxil olmuş pul məbləğini qəbul etmiş və əmanət məbləğini müqavilə ilə müəyyən olunmuş qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən əmanətçi tərəfindən vəsait hesabdan vaxtından əvvəl götürülərsə, əmanət məbləğinin ən azı dörddə bir hissəsi dərhal, qalan hissəsi isə 3 bank günündən sonra, lakin 5 bank günündən gec olmamaq şərti ilə ödənilir.
2. Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 70392863-2 nömrəli bank əmanət (“Uşaq əmanəti” faizləri kapitallaşdırılan) müqaviləsi üzrə xx.xx.2019 - xx.xx.2021-ci il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən İddiaçı Maksim qızının hesabına xx.xx.2020-ci il tarixdə 2.853,53 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 172,35 ABŞ dolları ödəniş edilmişdir. Qalıq məbləğ 9.865,17 ABŞ dolları təşkil edir.
3. xx.xx.2022-ci il tarixdə İddiaçı Maksim qızı pretenziya qaydasında Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna xəbərdarlıqla müraciət edərək, ləğv prosesində olan "xxxx" ASC-də olan 12.500 ABŞ dolları məbləğində əmanətin 10 gün ərzində ödənilməsini tələb etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Maksim qızı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan 70392863-2 nömrəli “uşaq əmanəti” müqaviləsi üzrə sığorta hadisəsi baş verən günə ona ödənilməli olan ümumilikdə 9.865,17 ABŞ dolları vəsaitin manat ekvivalentini və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 141 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun hazırda ləğv prosesində olan Cavabdeh1 ASC-də 70392863-2 saylı, xx.xx.2016-cı il tarixli “Uşaq əmanəti” müqaviləsi üzrə 8-70392863-1 nömrəli bank hesabı var. Həmin hesabda 12.500 ABŞ dolları məbləğində pul vəsaiti qalmışdır. Cavabdeh1 ASC-də hesab açdığı zaman və qeyd etdiyi məbləği hesabına qoyduğu zaman Cavabdeh1 ASC Əmanətlərin Sığortalanması Fondunun üzvü olmuş və onun bankdakı əmanəti tam şəkildə sığortalanmışdır. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi kimi bankın ləğv prosesinə artıq uzun illərdir başlanmasına baxmayaraq və qanunun tələblərinə əsasən sığortalanmış əmanət tam şəkildə 90 gün ərzində ona ödənməli olduğu halda ona bir neçə dəfə tranş keçirərək qoyduğu əmanətin cüzi bir hissəsini ödəmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində çoxsaylı müraciətlərindən sonra 2.853,53 ABŞ dolları vəsait ödənmişdir. Bu ödənişin üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra xx.xx.2021ci il tarixində ona növbəti ödəniş olaraq cəmi 172,35 ABŞ dolları vəsait ödənilmişdir. Nəticədə, onun Cavabdeh1 ASC-də açdığı hesabında 9.865,17 ABŞ dolları vəsait qalmışdır. Onun banka qoyduğu əmanət tam məbləğdə sığortalanmışdır və tam şəkildə birdəfəlik olaraq ona ödənməli olduğu halda, ona qeyri-qanuni şəkildə tranşlar keçirilərək hissə-hissə ödənir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1435/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 9.865,17 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 141 manat dövlət rüsumunun Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı Maksim qızına ödənilməsi qət edilmişdir. (hakim X7)
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə əmanət müqaviləsi bağlanmış, əmanət üçün illik 3% faiz dərəcəsi müəyyən edilmişdir. Həm qanunvericiliyin tələbləri baxımından, həm də Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müvafiq qərarına əsasən iddiaçının əmanəti qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir, ona görə də tam şəkildə kompensasiya olunmalı və kompensasiya məbləği tam şəkildə iddiaçıya ödənilməlidir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci, 8.1.20-ci, 25.1.4-cü, 26.1-ci, 27.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta hadisəsinə məruz qalmış bankın əmanətçisi kompensasiyanın əldə edilməsi üçün Fonda yazılı olaraq müraciət etməlidir ki, hazırki iş üzrə iddiaçı qanunla müəyyən edilmiş müddətdə həmin müraciəti Fonda ünvanlamamışdır. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. İş materiallarına əlavə edilmiş iddiaçının ərizəsindən görünür ki, sonuncu xx.xx.2022-ci il tarixli müraciəti Fonda ünvanlanmışdır. Qanunun qeyd edilən müddəasının açıq şəkildə pozuntusu müraciəti sübut edən və iddia tələbinə əlavə edilmiş ərizədən görünür. Məhkəmənin isə bu hala münasibət bildirməməsi işə səthi yanaşmanın bariz nümunəsidir. Məhkəmə işə səthi yanaşmasını, qanunla nəzərdə tutulmuş 1 il ərzində iddiaçının Fonda müraciətini qeyri-mümkün etmiş halı araşdırmamaqla göstərmişdir. Belə ki, materiala əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ƏSF-yə müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş lakin bu ötürülməni hər hansı səbəblə ötürdüklərini təsdiq edən sənəd əlavə etməmişlər. Mülki iş üzrə məhkəmə qətnaməsində hakim hüquq normalarını düzgün tətbiq etməmişdir. Mülki işə əlavə edilmiş materiallardan görünür ki, kompensasiya alınması üçün nəzərdə tutulan ümumi müddət 5 il belə ötürülmüşdür. Qeyd olunduğu kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün müəyyənləşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Həmçinin bank müvafiq müraciətin qəbulundan sonra müvafiq dəyişikliklər etməlidir. Lakin göründüyü kimi qanunun imperativ normalarına baxmayaraq banka belə bir müraciət daxil olmamışdır. Fond, Cavabdeh1 ASC-yə ləğvedici (bundan sonra Fond) qismində məhkəmənin qərarına əsasən təyin edildikdən sonra təhvil-təslim prosesi həyata keçirmişdir. Fondla Bank arasında həmçinin mühasibat uçot sənədlərinin təhvil-təslimi reallaşdırılmışdır. Fonda “Banklar Haqqında” Azərbaycan Respublikası Qanunu və “Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş qaydada müraciət daxil olmadığı halda sonuncu Qanuna müvafiq halda tələbi mühasibat uçotu sənədlərində əks olunan məbləğ kimi qeydə alır. Qeydə alınmış tələblərin təhlilindən sonra ləğvedici qəbul etdiyi tələbləri qəbul edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda tələbi olanın adı və ünvanı, tələblərin məbləği və irəli sürülən tələblərin təminatı üçün sübutların mövcudluğu göstərilir. Siyahılara daxil edilən tələblər kateqoriyalar üzrə birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. Məlumdur ki, qanunvericilik ləğv olunmuş banklara münasibətdə xüsusi qaydanı nəzərdə tutur. Belə ki, ləğv olunmuş banklarla əlaqədar məhkəmə çəkişmələri ümumi məhkəmələr vasitəsilə deyil, yalnız ləğv prosesinə nəzarət edən məhkəmə tərəfindən həyata keçirilməlidir. İddiaçının pul tələbi kreditor tələbi olduğundan, həmin iddia tələbinə Bankın müflis elan olunmasına dair qərar qəbul etmiş məhkəmə (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası) tərəfindən baxılaraq hüquqi qiymət verilməlidir. Belə ki, müflis elan olunmuş banka qarşı tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür (Banklar haqqında qanun, 72.1.3-cü maddə). Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli qərarlarına əsasən sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İştirak etdiyi məhkəmə iclasında ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və buna uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında İddiaçı Maksim qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür; 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir; 949-cu maddəsinə əsasən bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir; 950-ci maddəsinə əsasən banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildikdə və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1- ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər.
15. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir; 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir; 8.1.20-ci maddəsinə əsasən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir; 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır; 26.1-ci maddəsinə əsasən (18 dekabr 2020-ci il tarixədək qüvvədə olan redaksiyada) Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir; 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir; 27.10-cu maddəsinə əsasən kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə dərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur; 28.3-cü maddəsinə əsasən fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir; 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.
16. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 59.2-ci maddəsinə əsasən məhkəmə bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi haqqında Mərkəzi Bankın ərizəsinə onun məhkəməyə daxil olduğu gündən ən geci 7 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Məhkəmədə bankın iştirak etməməsi ərizəyə baxılmasını dayandırmır. Məhkəmə bankın məcburi ləğv olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
18. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir.
19. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməlidir.
25. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında nümayiş etdirilmiş mövqeyi rəhbər tutaraq hazırki apellyasiya şikayətinin dəlili kimi göstərilməsə də, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, ilk məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə bildiriş iş üzrə cavabdeh qismində müəyyən edilmiş Əmanətlərin Sığortalanması Fonduna deyil, ləğv prosesində olan Cavabdeh1 ASC-yə göndərilmişdir. Başqa sözlə, cavabdehə ümumiyyətlə bildiriş göndərilməmişdir. Məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə bildirişlər, habelə məhkəmə qətnaməsi də, eyni qaydada, ləğv prosesində olan Cavabdeh1 ASC-nin elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, cavabdehə ünvanlanmış məhkəmə bildirişlərinin isə qanunvericiliklə müəyyən olunmuş qaydada ona göndərildiyi və çatdırıldığı barədə isə iş materiallarında hər hansı sübut mövcud deyil. Məhkəmə qətnaməsi də eyni qaydada ləğv prosesində olan Cavabdeh1 ASC-nin elektron kabinetinə yerləşdirilmişdir. Təsadufi deyil ki, Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan sonra xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizədə qeyd edilən mövqedən çıxış edərək, nəinki məhkəmə iclasının vaxtı və yeri, ümumiyyətlə mülki iş barədə məlumatsız olduqlarını bildirmiş və qətnamənin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir.
27. Lakin bütün bunlara baxmayaraq, birinci instansiya məhkəməsi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsi ilə əsaslandırmış və mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
28. Halbuki, Mülki Prosessual Məcəllənin istinad olunan həmin maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Göründüyü kimi, qanunverici cavabdehin iştirakı olmadan işə baxılmasının mümkünlüyünü onun “məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi” ilə şərtləndirmişdir. İş materiallarından isə cavabdehin birinci instansiya məhkəməsində keçirilən iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış olduğu müəyyən edilmir. Beləliklə də, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Əmanətlərin Sığortalanması Fondu lazımi qaydada məlumatlandırılmadan işə baxılmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur.
29. Məhkəmə kollegiyası bu kontekstdə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin digər dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
31. Hazırki mülki iş üzrə iddia tələbi iki hissədən – sığortalanmış əmanətə görə ödənilməyən kompensasiyanın ödənilməsindən, o cümlədən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasından ibarətdir.
32. Nəzərə alınmalıdır ki, bank və əmanətçilər arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci fəslinin normaları və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1-ci maddəsinin məzmununa əsasən bankla əmanətçi arasında münasibətlər tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsinin şərtləri ilə tənzimlənir. Göründüyü kimi, hər iki norma əmanətçi ilə bank arasında münasibətlərin tənzimlənməsini bank əmanəti müqaviləsinin şərtləri ilə əlaqələndirmişdir.
33. “Əmanətlərin sığortalanması haqqında” Qanun yalnız iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. Əgər belə sığorta hadisəsi baş verməmişdirsə, qoyulan əmanət bankla bağlanan bank əmanəti müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə bank tərəfindən hansı valyutada qoyulmuşdursa, həmin valyutada da mülkiyyət kimi geri qaytarılmalıdır. Lakin hazırki iş üzrə sığorta hadisəsi baş verdiyindən iddiaçılar məhz sığortalanmış əmanətə görə kompensasiya almaq üçün məhkəməyə müraciət etmişlər. Ona görə də, iddiaçılar kompensasiya tələb etmək və almaq hüququndan məhrum edilə bilməz. Çünki, iddiaçıların tələbinin təminatsız kreditorların tələblərinin siyahısına salınması, qeyd edilən məbləğin sığortalanmış məbləğ olsa da, sığortalanmamış məbləğlərin sırasına düşməsinin hüquqi əsası mövcud deyildir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər aidiyyəti qanunvericiliyin müdəalarının tələblərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, X10 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərarla 10 faiz, 2015-ci il 24 fevral tarixli qərarla 12 faiz, 2016-cı il 2 mart tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, 2016-cı il 16 sentyabr tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir.
35. Cavabdeh1 ASC ilə X4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 70392863-2 nömrəli bank əmanət (“Uşaq əmanəti” faizləri kapitallaşdırılan) müqaviləsinə əsasən bank bu şəxsdən İddiaçı Maksim qızının adına 12.500 ABŞ dolları məbləğində pul vəsaitini uşaq əmanəti olaraq hesaba qəbul edərək müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı öhdəsinə götürmüşdür. Əmanət 36 ay müddətinə, illik 3%-lə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarına əsasən Cavabdeh1 ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır.
36. Hazırda iddiaçı müqavilədə göstərilən məbləğin tam şəkildə sığortalanmış əmanət olmasına baxmayaraq, cavabdeh tərəfindən ona qaytarılmadığını, ötən dövr ərzində bu məbləğin xx.xx.2020-ci il tarixdə 2.853.53 ABŞ dolları və xx.xx.2021-ci il tarixdə 172.35 ABŞ dolları hissəsinin ödənildiyini bildirir və ödənilməyən 9.865.17 ABŞ dolları vəsaitin sığorta hadisəsi baş verən günə ekvivalentinin ödənilməsini tələb edir. Həmin müqavilə üzrə ödənişləri əks etdirən müvafiq hesabdan çıxarışa əsasən hesabda 9.865,17 ABŞ dolları məbləğində pul vəsaiti mövcuddur.
37. Həmin əmanət müqaviləsi bağlanarkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz olduğundan, iddiaçının adına yerləşdirilmiş əmanət “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən qorunan əmanət statusuna malikdir. Buna görə də həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən əmanətçiyə kompensasiya ödənilməlidir.
38. Məhkəmə kollegiyası iddiaçıların hazırki tələblə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müraciət etməməsi barədə dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 ASC ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən 2018-ci il tarixdə tələblərin qeydə alınması haqqında bildirişlər dərc edilmişdir. Cavabdeh də məhz iddiaçı tərəfindən kompensasiya ödənişinin alınması üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik müddətin ötürüldüyünü, bununla da həmin məbləğin ödənilməsini tələb etmək hüququnu itirdiyini bildirir və bu əsasla iddianın rədd edilməsini xahiş edir.
39. Halbuki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdə 2.853.53 ABŞ dolları və xx.xx.2021-ci il tarixdə 172.35 ABŞ dolları məbləğində ödənişin edilməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli müraciətin iddiaçının ilk müraciəti olmadığını birmənalı şəkildə təsdiq edir və qeyd edilən ödənişlərin məhz iddiaçının daha əvvəl etdiyi müraciətinə əsasən həyata keçirildiyini təsdiq edir. Bu da öz növbəsində müddətin ötürüldüyünü istisna edir.
40. Bu baxımdan iddiaçı sığortalanmış əmanətə görə kompensasiya ödənişi almaq üzrə müraciət etmə müddətini ötürməmiş və bu məbləği tələb etmək hüququnu itirməmişdir. Bu səbəbdən, iddiaçının sığortalanmış əmanəti üzrə cavabdeh tərəfindən ödənilməyən 9.865,17 ABŞ dolları vəsaitin ödənilməsi ilə bağlı tələbi əsaslıdır və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ilk tələbi tam təmin olunduğundan, iddia tələbi ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fonduna aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 387-ci, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1435/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Əmanətlərin Sığortalanması Fondundan xx.xx.2016-cı il tarixli bank əmanəti (“Uşaq əmanəti” faizləri kapitallaşdırılan) müqaviləsi üzrə 9.865,17 (doqquz min səkkiz yüz altmış beş ABŞ dolları, on yeddi sent) ABŞ dolları məbləğində pul ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 (bir yüz qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Maksim qızına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Əmanətlərin Sığortalanması Fonduna aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.