Məhkəmə qərarları › İş №2(103)-5861/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5861/2020

04.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5861/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-744/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ½ hissədə payının müəyyən edildiyi Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzilinə xx xxxx 2013-cü il təvəllüdlü X2 və xx xxxxxx 2015-ci il təvəllüdlü X3 ilə birlikdə köçürülməsi və həmin mənzildə yaşamağının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-744/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 17 saylı evin 86 saylı mənzili ½ hissədə İddiaçı, ½ hissədə isə Cavabdeh mülkiyyətindədir. Hazırda həmin mənzil cavabdehin sahibliyindədir. İddiaçı bildirir ki, onun həmin mənzilə daxil olmasına və istifadə etməsinə cavabdeh tərəfindən maneçilik törədilir. Onun daimi yaşadığı mübahisəli mənzildən başqa qalmağa yeri yoxdur, o, hazırda azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, onların birlikdə yaşaması mümkün deyildir. Ona görə də mənzil ilkin satış dəyəri müəyyən olunmaqla, hərraca çıxarılaraq satılmalı, mənzilin satışından əldə olunmuş pul əmlakdakı paylara mütənasib surətdə onlar arasında bölünməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 215.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hazırkı işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, mübahisəli mənzilin ½ hissəsinin iddiaçının mülkiyyətində olması və həmin sahənin də cavabdehin sahibliyində olması işin mübahisəsiz hallarıdır. İddiaçının paylı mülkiyyətində olan mənzilinə köçürülməsini qeyri-mümkün edən hallar isə mövcud deyil. Ona görə də, iddiaçı paylı mülkiyyətində olan mənzilə uşaqları ilə birlikdə köçürülməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdehin istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, həmin hallar hazırki mübahisənin predmetinə aid deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-744/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar