Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5862/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 12.312 manat tələb olunub. Tələb onunla əsaslandırılıb ki, iddiaçı xx.xx.2013-cü il tarixli borc müqaviləsinə əsasən “X2 İstehsalat Müəssisəsi” MMC-yə 25.600 manat borc verib. Həmin borcun 13.288 manatı qaytarılıb, qalan 12.312 manatı qaytarılmayıb. Daha sonra bir sıra müsəssisələr, o cümlədən həmin MMC birləşdirilərkən Cavabdeh MMC yaradılıb. İddiaçı 12.312 manatın qaytarılması üçün cavabdehə müraciət etsə də, pul qaytarılmayıb. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümyəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçının istinad etdiyi xx.xx.2018-ci il tarixli borc müqaviləsinin bir tərəfi (borc verən) iddiaçı, digər tərəfi (borc alan) isə “X2 İstehsalat Müəssisəsi” MMC-dir (iş v. 36). Müqavilə bağlanan zaman iddiaçı həmin MMC-nin direktoru olub, MMC-ni baş mühasib Zenfira Məmmədova təmsil edib, o, iddiaçının direktor kimi verdiyi etibarnamə əsasında müqaviləni MMC-nin adından imzalayıb. O cümlədən pulun qəbul edilməsi barədə kassa mədaxil orderlərini MMC-nin rəhbəri kimi iddiaçının özü, baş mühasib və kassir imzalayıb (iş v. 59-67). Lakin həmin pulun MMC-nin (hüquqi şəxsin) bank hesabına köçürülməsi barədə sübut yoxdur. Ona görə də hesab olunur ki, əgər pul MMC-nin kassasına verilibsə, iddiaçının özünün sərəncamında olub, hüquqi şəxsin sərəncamına pul daxil olmayıb. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlər iddiaçının cavabdehə (hüquqi şəxsə) borc verdiyini müəyyən etməyə imkan vermir. Borcun qaytarılmasının qət edilməsi üçün əvvəlcə borcun verildiyi müəyyən olunmalıdır. Ona görə də məhkəmə Mülki Məcəllənin 739.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5862/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5862/2023
13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver