Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5862/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzilə köçürülmə, özbaşına tikili, sübutetmə yükü») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2527/2024 saylı, 13 avqust 2024cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı ünvan 1 ünvanında, Cavabdeh isə xx.xx.2005-ci il tarixdən hazırkı vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4758/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh və X6 arasında xx.xx.2008-ci il tarixdə 912 №-li akt qeydi ilə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, Cavabdeh uşağın saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin xx.xx.2013-cü il tarixdən etibarən uşaq yetkinlik yaşına çatanadək tutulub iddiaçı X4 ödənilməsi qət edilmişdir.
3. Dövlət Sərhəd Xidmət Sərhəd Nəzarəti tərəfindən İAMAS bazasından çıxarışa əsasən verilmiş məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh sonuncu dəfə xx.xx.2013-cü il tarixdə ölkədən çıxış etmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 1, ev 14 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilmədiyi qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və xx.xx.2008-ci il təvəllüdlü X3 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 1, 14 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Tələbdə göstərilib ki, iddiaçı 2007-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, döngə 1, 14 saylı fərdi yaşayış evinə köçərək yaşamışlar. Birgə nikahdan Aydan adlı uşaqları doğulmuşdur. Ailə həyatı qurduqdan sonra 5-6 il ərzində mehriban yaşamış, 2013-cü il tarixdən başlayaraq cavabdeh əsassız olaraq evdə söz-söhbət yaratmışdır. Cavabdehin daimi iş yeri olmadığına görə tez-tez Rusiya Federasiyasında yaşayan qardaşlarının yanına gedib gəlirdi. 2014-cü il tarixdə daimi işləmək və qazanc gətirmək adı ilə Rusiya Federasiyasına getmiş, lakin orada işləməsinə baxmayaraq ailəyə maddi cəhətdən köməklik göstərməmişdir. Yaşadıqları evin uçulub dağılması və evin altına su yığılaraq rütubət qoxusu gəlməsi səbəbindən o, məcbur olub anasının yaşadığı evə gəlib getmişdir. Cavabdeh evin qapısını bağlamaqla evdə təmir işləri aparmağa şərait yaratmamış və onu uşağı ilə birlikdə 8 il yaşadıqları mənzildən məhrum etmişdir. Hazırda qızının 15 yaşı olmasına baxmayaraq onun yaşamağa evi yoxdur. Uşağın normal yaşaması və dərslərinə hazırlaşması üçün heç bir şərait yoxdur. O, ana kimi uşağının sağlam böyüməsini istəyir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2527/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materiallarından müəyyən edilir ki, iddiaçının köçürülməsini tələb etdiyi mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. İddiaçının izahatına əsasən həmin ev mərhum qaynanasının istifadə və sahibliyinə olmuş, lakin vəfat etdikdən sonra həmin mübahisəli yaşayış sahəsi heç kimin adına sənədləşdirilməmişdir. İş materiallarından, o cümlədən iddiaçının izahatından müəyyən olunur ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan bir uşaqları doğulmuş, ailə qurduqdan sonra mübahisəli evə köçərək orada yaşamışlar, münasibətləri pozulduğundan iddiaçı 2013-cü ildə özünə məxsus əmlaklarını da götürərək oradan çıxıb getmişdir. İddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclasında cavabdehin onun mübahisəli evdə yaşamasına maneçilik törətdiyini qeyd etsə də buna dair hər hansı bir sübüt təqdim etməmişdir və onun dəlilləri iş materialları ilə təkzib olunur. Belə ki, məhkəmə iclasında iddiaçı bildirdi ki, cavabdehlə münasibətləri pisləşdiyinə görə özünə məxsus əmlaklarını da apararaq mübahisəli evdən çıxıb getmişdir, yəni onu həmin evdən kimsə qovmamışdır. Eləcə də müəyyən edilmişdir ki, iddiaçının hazırda həmin evdə heç bir əmlakı yoxdur. Onun evdən gedərkən əmlaklarının hamısını aparması, orada heç bir əmlakını qoymaması belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının həmin evə qayıtmaq fikri olmamışdır. Bundan başqa iddiaçı bildirmişdir ki, mübahisəli ev yaşayış üçün o qədər də yararlı olmamışdır, belə ki, uçulub-dağılmış vəziyyətdə idi, nəmişlik olurdu, evin altına su yığıldığına görə rütubət iyi gəlirdi. Daha sonra iddiaçı bildirdi ki, cavabdeh evin qapısını bağlayaraq onu evə buraxmamış və işləmək üçün Rusiyaya getmişdir. İş materiallarından görünür ki, iddiaçı nikahın pozulmasına dair iddia tələbi ilə xx.xx.2013-cü il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh isə yalnız bundan sonra, yəni xx.xx.2013-cü il tarixdə respublikadan getmişdir. İddiaçı isə həmin vaxt evə köçməyə cəhd etməmişdir. Eləcə də cavabdeh mübahisəli evdə yaşamadığına görə iddiaçıya hər hansı bir maneçilik törətməsi onun imkanı xaricindədir. Məhkəmə qeyd edir ki, ümumiyyətlə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 2013-cü ildən indiyədək, yəni 11 il müddətində cavabdehin onun mübahisəli evdə yaşamasına maneçilik törətməsi və ya evə köçməklə əlaqədar hər hansı bir orqana, o cümlədən məhkəməyə müraciət etməmişdir. Məhkəmə qeyd edib ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülübköçürülməməsinin bilavasitə fərdi yaşayış evinin hansı şəxsin mülkiyyətində və ya istifadə və sahibliyində olmasından, onun həmin fərdi yaşayış evinə hər hansı hüququnun, o cümlədən istifadə hüququnun yaranıb-yaranmamasından, fərdi yaşayış evinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsindən və iddiaçının həmin evin inşa edilməsində hər hansı vəsait sərf etməsindən asılıdır. Eyni zamanda mübahisəli tikili ilə bağlı məhkəmənin gəldiyi qənaətə uyğun olaraq qəbul edilmiş qərarın icrası perspektivi, yəni mümkünlüyü də önəmli yer tutur. Bununla bağlı məhkəmə vurğulayır ki, mübahisəli tikili özbaşına və qanunsuzdur, tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, 2013-cü ildə cavabdeh qazanc gətirmək adı ilə Rusiya Federasiyasına qardaşlarının yanına getmişdir. Yaşadıqları ev təmirsiz və rütubətli olduğuna görə o, qızını da götürüb anası yaşadığı evə getmişdir. Hazırda yaşamağa yeri olmadığına görə evə köçürülməyi barədə məhkəməyə müraciət edib. 2007-ci ildən 2015-ci ilə qədər, yəni 8 il müddətində mübahisəli mənzildə yaşamaqla, həmin mənzilə yaşayış hüququ və mənzildən istifadə hüququ qazanmışdır. Məhkəmə işə baxarkən heç bir araşdırma aparmayaraq, işə səthi yanaşmışdır. Məhkəmə zamanı xahiş etdi ki, mənzildə kimlərin yaşaması və qeydiyyatda olması barədə sorğu məktubu verilsin. Məhkəmə işin faktiki hallarını araşdırmadan, onun və qızının mübahisəli mənzildə 8 ildən çox yaşadığını nəzərə almayaraq işin hallarına uyğun olmayan qərar çıxarmışdır. Yaşadığı ev özbaşına tikilidir. Məhkəmə isə mülkiyyət hüququnu təsdiq edən sənədin nümayəndəliyə təqdim edilməməsini göstərir. Bakı şəhərində beş yüz mindən çox özbaşına tikili var. Onlar həmin mənzillərdə yaşayırlar və istifadə hüquqları var. Onların istifadə hüquqları olduğu kimi, onun da MM-nin 152.3-cü maddəsinə əsasən istifadə hüququ vardır. Mülki Məcəllənin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Məhkəmə qanunun bu tələbini düzgün təfsir etməmişdir. Çünki MM-nin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Belə ki, MM-nin 158-ci maddəsinə əsasən, əmlakdan istifadə də əmlak hüquqları sayılır. MMnin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçisi olmayan şəxsin əmlak hüquqları mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Bundan başqa, o, öz təşəbbüsü ilə evə aid sənədləri toplaya bilmir. Buna görə də həmin sənədlər məhkəmənin təşəbbüsü ilə toplanmalı idi. Məhkəmə zamanı göstərdi ki, mübahisəli evin həyətində keçmiş qaynı arvadı və oğlu yaşayır. Məhkəmə onların dindirilməsi üçün heç bir təşəbbüs göstərməmiş və tədqiq edilməmiş sübutlar əsasında səthi qərar çıxarmışdır. Məhkəmə həmçinin MPM-nin 14-cü maddəsinə əsasən iş üzrə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqi üçün lazımi şərait yaratmamışdır. Məhkəməyə lazım gəlirdi ki, iş üzrə düzgün nəticəyə gəlmək üçün mübahisəli tikintinin yerləşdiyi yer üzrə icra nümayəndəliyini işə cəlb etsin. Məhkəmə bununla da MPM-nin 51.3-cü maddəsinin də tələbini pozmuşdur. Bundan başqa, məhkəmə iş üzrə cavabdehin dindirilməsi üçün onun harada olması (yaşaması) üçün təşəbbüs göstərməmiş və onun mövqeyini öyrənmək üçün MPM-nin 83cü maddəsinin tələblərini pozaraq cavabdehin olduğu yerin məhkəməsinə məhkəmə tapşırığı göndərmədən, işə cavabdehin iştirakı olmadan baxılmasını üstün tutmuşdur. Halbuki, işin bu halının araşdırılması iş üzrə düzgün qərar çıxarılması üçün vacib şərt idi. Məhkəmə qərarında qeyd etmişdir ki, guya o, 2013-cü ildə özünə məxsus əşyaları aparıb gedib, onu heç kim mənzildən çıxarmayıb. Bu barədə məhkəmənin gəldiyi nəticə heç bir sübutla təsdiq edilmir. Əksinə, o, 2015-ci ilə qədər mübahisəli mənzildə yaşamış və ərinin qayıtmağını gözləmiş, ailəsini bərpa etmək istəmişdir. Mənzildə yaşamaq üçün dözülməz şərait (rütubətlilik) olduğuna görə məcburiyyət qarşısında anasının evinə getmişdir. Hazırda ona məxsus əşyaların bir hissəsi mübahisəli mənzildə qalmaqda davam edir. Məhkəmə evə baxış keçirsəydi, bunları aydın görərdi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
10. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında Cavabdeh ilə mobil telefon vasitəsilə əlaqə yaradılaraq onun iddiaya və apellyasiya şikayətinə dair mövqeyi dinlənildi və sonuncu göstərdi ki, 2013-cü ildən ölkəni tərk edib və geri qayıtmayıb. Hazırda Moldoviya Respublikasında yaşayır. Qızının o evə gəlməsinə etirazı yoxdur. Çünki adına olan hər şey qızına aiddir. Ancaq iddiaçının o evə gəlməsinə etiraz edir. Çünki həmin evdə bacısı və qardaşı qeydiyyatdadır. Evdə yaşamaq şəraiti də yoxdur. Bir həyətdə iki evdir, biri rəhmətə qedən qardaşının evidir, digəri isə özü yaşadığı evdir. Orada da 3-4 nəfər qeydiyyatdadır.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 və X8 məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanunu:
13.1-13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş fərdi yaşayış evinə köçürmə ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının şərtlərinə uyğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa habelə cavabdeh(lər)in və digər şəxslərin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa, iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilir. Hazırki işdə də faktiki hallar analoji maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır, eləcə də cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qaxdığından iddia haqlı sayılmır.
23. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur, yaşayış sahəsi kimi 2013-cü ilə kimi cavabdeh və iddiaçı tərəfindən istifadə olunub. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X5 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 24 iyun 2024-cü il tarixli ev kitabına əsasən məlumatında(bax.i.v.53) X1, Cavabdeh və 3 nəfərin həmin ünvanda qeydiyyatda olduğu göstərilmişdir. Həmin evin keçmiş qaynanasına məxsus olmasını da iddiaçı mübahisələndirmir. Mübahisələndirilən hal həmin evə iddiaçının köçürülməsi üçün əsasın və ehtiyacın yaranıb-yaranmaması ilə bağlıdır. Lakin iddiaçı qeyd olunan evin (özbaşına tikilinin) yaşayış sahəsindən 11 ildən sonra istifadə etmək və yaşamaq ehtiyacı yarandığına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə ümumiyyətlə heç bir mötəbər sübut təqdim etməyib. Əksinə, iddianın məzmunundan, iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan və işdə olan sənədlərdən məlum olur ki, iddiaçı özü 2013-cü ildə hər hansı bir kənar təsir olmadan könüllü olaraq köçmək istədiyi evi tərk edib və 11 ilə yaxın müddətdə başqa ünvanda yaşadıqdan sonra hazırkı iddanı əslində məlum olmayan niyyətlə irəli sürmüşdür. Çünki xx.xx.2013-cü ildə ölkəni tərk etmiş cavabdehin hansısa formada onun hüquqlarını pozmasına dair heç bir dəlil irəli sürməyib.
24. Düzdü, iddiaçının ailə qurduqdan sonra 2013-cü ilə kimi köçmək istədiyi tikilidə cavabdehlə yaşaması işin mübahisəsiz halıdır. Ancaq bu o demək deyil ki, iddiaçının hazırkı iddiası yaşayış sahəsinə olan ehtiyacdan irəli gəlib. Belə olsa idi iddiaçı ümumiyyətlə hələ 11 ilə əvvəl şəraiti olmayan bu yaşayış sahəsini tərk etməzdi. Buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Çünki tələbinin əsası kimi istinad etdiyi bu halı sübut etmək yükü onun üzərinə düşür, ancaq o, bu halları sübut edə bilmir.
25. Bundan başqa, iddiaçı cavabdehin keçmiş arvadı olsa da ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da həmin mübahisəli özbaşına tikilinin yaşayış sahəsinə köçmək səlahiyyəti də ola bilməz. Çünki iddiaçının bu istəyi ən azından keçmiş əri olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan özbaşına tikiliyə faktiki sahiblik istifadə edən cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Bir anlığa təsəvvür edilsə ki, iddiaçı mübahisə predmeti olan özbaşına tikilini könüllü olaraq tərk edərək 11 ilə yaxın müddətdə orada yaşamayıb, tərəflər arasında qohumluq münasibətlərinə də xitam verildiyindən hazırki evə köçürülmə ilə bağlı iddiaya analogiya baxımından Mülki və Mənzil Məcəllələrinin tətbiqi də mümkün olmazdı. Buna baxmayaraq, özbaşına tikilinin iddiaçıya hər hansı bir hüquq müəyyənedici sənədlə məxsus olmasına dair də işdə heç bir mötəbər sübut yoxdur. Bu barədə(özbaşına tikiliyə dair ) iddiaçı tərəfindən məhkəməyə hüquq müəyyən edən heç bir mötəbər sübut təqdim edilməmişdir. 26.Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin alınmasında yaxud inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yeri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Qeyd olunduğu kimi, hazırki iş üzrə iddiaçı cavabdehin keçmiş arvadı olsa da köçmək istədiyi özbaşına tikilinin yaşayış sahəsinə ehtiyacı da olmamışdır. Demək ki, iddiaçının başqa yaşayış yeri mövcuddur və cavabdehlə nikahı pozulmuş, münasibətləri davam etmir və bir evdə yaşamır. Ona görə də iddiaçı bu davranışı ilə köçmək istədiyi tikilidə həqiqətən yaşamaq üçün marağının və ehtiyacının olmadığını biruzə vermiş olur. Bu cür vəziyyətdə yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı üçün keçmiş qaynanasına və sonradan ərinin sahibliyinə keçmiş özbaşına tikiliyə köçürülməsi üçün zərurət də olmamışdır. 27.İddia ərizəsindən, apellyasiya şkayətindən və apellyasiya baxışı zamanı verdiyi izahatların məzmunundan, eləcə də işdə olan məlumatlardan bəlli olur ki, əslində iddiaçının məqsədi heç də cavabdehə aid özbaşına tikiliyə köçmək olmamışdır. Çünki iddiaçını həmin tikilini tərk etməyə məcbur edən olmamışdır. Üstəlik yararsız olduğuna görə tərk edilən evin, yaşayış olmadığından daha da yararsız vəziyyətə düşdüyündən 11 il sonra iddiaçının oraya real köçərək yaşamaq istəməsi də inandırıcı və ağlabatan deyildir. Demək ki, mübahisəli özbaşına tikiliyə köçürülməsinə dair qətnamə çıxarılmasında iddiaçının məqsədi yalnız keçmiş ərinə hansısa məqsədlə təsir etmək olub və bu iddianı da ona görə irəli sürmüşdür. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol (vasitə) seçməmişdir. Başqa sözlə mübahisəli özbaşına tikiliyə köçürülməni tələb etməklə əslində həqiqi məqsədinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur.
28. Apellyasiya baxışı zamanı həmçinin müəyyən edildi ki, tərəflər keçmiş ər-arvad olsalar da onlar arasında xoş olmayan münasibətlər mövcuddur. Belə ki, iddiaçının köçmək istədiyi mübahisəli özbaşına tikili hal-hazırda cavabdehin qohumlarının yaşadığı evlə eyni ünvanda və həyətdədir. Demək iddiaçının həmin evə(özbaşına tikiliyə) köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz, münaqişəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Ona görə də, iddianın təmin edilməməsi həm də tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün hesab edilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəyinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutunun yaranmasına da zərurət və əsas olmazdı.
30. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2527/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2527/2024 saylı, 13 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.