Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5864/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «X9» MMC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5864/2022 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X3, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «X9» MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli e-2(011)-2736/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. “X9” MMC-nin xx.xx.2019-cu il tarixli əmri ilə İddiaçı xx.xx.2019-cu il tarixdən “X9” MMC-də köməkçi stomatoloq vəzifəsinə təyin edilmişdir.
2. “X9” MMC-nin xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 67.1-ci maddəsinin 4-cü bəndinə əsasən sertifikasiya imtahanından keçmədiyi üçün 6 ay müddətində iş yeri saxlamaq şərti ilə növbəti sertifikasiya imtahanından keçənə qədər tibbi fəaliyyəti dayandırılmışdır.
3. “X9” MMC-nin xx.xx.2022-ci il tarixli 152 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh “X9” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ixtisasca həkim stomatoloqdur. 02 noyabr 2019-cu il tarixli, 84 nömrəli əmrlə ünvan 1 ünvanında yerləşən “X9” MMC-də köməkçi-stomatoloq vəzifəsinə təyin edilmişdir və onunla həmin tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqavilsinə əsasən Əmək müqaviləsinin növü müddətsiz əmək müqaviləsidir. Əməyin ödənilmə forması vaxtamuzdddur. Əmək haqqı işdən çıxarıldığı günədək 340 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixində “X9” MMC-nin yeni direktoru X5 təyin edilmişdir. Yeni direktor təyin olunan Vəfa xanım ondan və digər işçilərdən ərizə yazıb işdən çıxmağı tələb etmişdir. 17 yanvar 2022-ci il tarixində onun səhhətində problem yaranmış və o, xəstəxanda yatmışdır. xx.xx.2022-ci il tarixədək işə gələ bilməmiş və buna görə ona Əmək qabiliyyətinin olmaması barədə vərəqə verilmişdir. 31 yanvar 2022-ci il tarixdə işə çıxmış və yeni direktor ona işə gəlməməyini bildirmişdir. Bunun sabahısı günü, yəni xx.xx.2022-ci il tarixli, 152 nömrəli Əmrlə onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilməyinə qərar verilmişdir. Bundan sonra işə buraxılmamış və ona əmək kitabçası təqdim edilmişdir. Mediator S.Rzayevanın mediatorluğunda mediasiya sessiyasında iştirak etmişdir. Lakin cavabdehlə barışmaq mümkün olmadığına görə tam mediasiya sessiyasına keçməyə razı olmamışdır. Buna görə ona xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Hesab edir ki, “X9” MMC-nin direktoru Vəfa Əliyevanın xx.xx.2022-ci il tarixli, 152 saylı əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və əmək hüquqları təmin edilməlidir
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2736/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməməsi, iddiaçının hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 500 manat hüquqi yardım haqqı və 50 manat mediasiya xərci İddiaçı aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi, 300-cü maddəsi, Mülki Prossesual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, X1 hissə müdiri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 510/5 nömrəli məktubdan, məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Arazlı X6 Nazirliyinin "X4 Sistemin”də 2021-2022-ci ilin təqvim planına uyğun olaraq xx.xx.2021-xx.xx.2021-ci il tarixdə mövcud olan "Müasir keramik restavrasiyalar" kursuna “X9” MMC-nin rəhbərliyi tərəfindən daxil edilmişdir. İddiaçı kurs üçün 150 manat təhsil haqqı ödəmiş, kursu müvəffəqiyyətlə bitirmişdir, buna müvafiq olaraq şəhadətnamə almışdır. Göründüyü kimi o, təkrar sertifikasiyadan keçmək üçün DHTİ-na kursa getmiş, kurs üçün ödəniş etmiş, kursu uğurla bitirmişdir. Lakin mövcud COVİD-19 pandemiyası ilə əlaqədar yekun imtahanın vaxtı fevral ayına salındığı üçün işdən azad edildiyi günə qədər sertifikasiyadan keçə bilməmişdir. Xətai Rayon Məhkəməsi onun kursa getməyi, kursa ödəniş etməyi və kursu bitirməyi barədə məktubu görməzdən gəlmiş və buna qətnamədə hüquqi qiymət verməmişdir. Cavabdeh 17 yanvar 2022-ci il tarixində İddiaçı səhhətində problem yaranmış və o, xəstəxanda yatmışdır. xx.xx.2022-ci il tarixədək o, işə gələ bilməmiş və buna görə ona Əmək qabiliyyətinin olmaması barədə Vərəqə verilmişdir. O, 31 yanvar 2022-ci il tarixdə işə çıxmış va “X9” MMC-nin yeni direktoru ona işə gəlməməyini bildirmişdir. Bunun sabahısı günü, yəni xx.xx.2022-ci il tarixli, 152 nömrəli Əmrlə onun işdən azad edilməyi barədə qərar vermişdir. Cavabdeh məhkəməyə xx.xx.2021-ci il tarixli 130 saylı əmr təqdim etmiş və bildirmişdir ki, onun növbəti sertifikasiyadan keçənə qədər tibbi fəaliyyəti dayandırılmışdır. Məhkəmə həmin əmrə istinad edərək qətnamədə qeyd edir ki, onun 6 ay müddtinə tibbi fəaliyyəti dayandırılmışdır və o növbəti sertifikasiyadan keçməmişdir. Halbuki cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli əmri ona təqdim etməmiş, onun tibbi fəaliyyətini dayandırmamışdır. Onun xx.xx.2022-ci il tarixədək əmək haqqı 300 manat olmuş, 22 yanvar 2022-ci il tarixdə isə 340 manata qaldırılmışdır və ona hər aya əmək haqqı sosial ödənişlər çıxıldıqdan sonra tam ödənilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsası kimi səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi zərurəti göstərildiyi halda və işdən çıxarma haqında Əmrdə sertifikasiyadan keçirməli olan səlahiyyətli orqannın qərarı göstərilməli olduğu halda, əmrdə bu barədə heç nə qeyd edilməmişdir. Xətai Rayon Məhkəməsi Əmək Məcəlləsinin bu normasını gözdən qaçırmış və qətnamə qəbul edərkən həmin maddi normasını təbiq etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
16. Apelyasiya icraatı zamanı işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş və məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi İntiqam Hacıyev izahatında bildirdi ki, 2011-ci ildən həkimlərin sertifikasiyadan keşirilməsi tətbiq olunub. Qaydalara əsasən sertifikasiyanın 1-ci imtanından kəsilən şəxslər praktik tibb fəaliyyətindən 6 ay ərzində uzaqlaşdırılmalıdırlar. İmtandan kəsilən şəxslər maksimum 6 ay ərzində, yəni son müddət 6 aya qədər yenidən sertifikasiyadan keçməlidirlər. Həftənin 5 iş günü hər gün imtahanlar keçirilir. İddiaçı 2-ci imtahanı keçməkdə özü maraqlı olmalı idi və şəxs özü sertifikasiya imtahanı vermək üçün müraciət etməli idi. Əgər şəxs özü müraciət edirsə, şəxsin özünə, müəssisə müraciət edibsə müəssisəyə imtahanın vaxtı barədə bildiriş verilir. İmtahanda keçmə ilə bağlı şəxs müraciət etməzsə sertifikasiya imtahanının nəticələri barədə qərar qəbul edilmir. Hazırda iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsaslar mövcud olmuşdur, pozuntu yoxdur.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
17. Maddə 67-1. 4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.
18. Maddə 67-1. 5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
19. Maddə 70. “c” bəndi Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
20. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
30. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx/xx-2145 nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, həmin məktubla nazirlik “X9” MMCnin rəhbərliyinə məlumat verərək, bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə sertifikasiya imtahanı keçirilib. Həkim-stomatoloq İddiaçı 31 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifikasiyadan keçməyən işçi hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya Şöbəsinə müraciət etməlidir.
31. “X9” MMC-nin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunun 48-ci maddəsinə uyğun olaraq X9 Stomatologiya şöbəsinin tibb bacısı (qardaşı) İddiaçı “Müasir keramik restavrasiyalar” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək ADHTİ göndərilmişdir.
32. İş materialları ilə müəyyən olunur ki, İddiaçı “Stomatologiya” ixtisası üzrə sertifikasiya imtahanından topladığı bal sayı qeyri-məqbul hesab edildiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün sertifikasiya imtahanından keçənə qədər tibbi fəaliyyəti dayandırılmışdır. 6 ay müddətində növbəti dəfə sertifikasiya imtahanı vermədiyi üçün xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müvafiq əmrlə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir. Kollegiya qeyd edir ki, həmin vaxdan hazıradək iddiaçının sertifikasiya imtahanını verməmişdir.
33. Belə olan halda işəgötürən olaraq “X9” MMC iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində əsasən xitam verməkdə haqlı olmuşdur.
34. Apellyasiya şikayətinin “iddiaçının “Müasir keramik restavrasiyalar” üzrə ixtisasartırma kursuna getməyinə məhkəmə tərəfindən hüquqi qiymət verilməməsinə” dair dəlilinə qiymət verərək kollegiya qeyd edir ki, iddiaçının qeyd edilən kursa getməsi işin faktiki halına hər hansı təsir etmir. Bəli ki, iddiaçının əməmk müqaviləsinə o, Səhiyyə Nazirliyi tərəfindən təşkil olmuş sertifikasiya imtahanından keçmədiyi üçün xitam verilmişdir.
35. Apellyasiya şikayətinin “işdən çıxarma haqında Əmrdə sertifikasiyadan keçirməli olan səlahiyyətli orqanın qərarı göstərilməli olduğu halda, əmrdə bu barədə heç nə qeyd edilməməsi” barədə dəlilə qiymət verərək kollegiya qeyd edir ki, apellyasiya məhkəmə iclasında izahat vermiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin izahatından və əmək qanunvericiliyin tələblərindən görünür ki, imtahanda iştirak etmə ilə bağlı şəxs müraciət etməzsə sertifikasiya imtahanının nəticələri barədə qərar qəbul edilmir.
36. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2736/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov