Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5871/2022 16.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1973/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadından iddiaçıların vəkili-nümayəndəsi tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 4355 manat, İddiaçı2 4355 manat, İddiaçı3 4355 manat və İddiaçı4 8125 manat, ümumilikdə 21190 manat pulun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1973/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbləri bir-biri ilə əlaqədar olmadığından, həmçinin qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçılara geri qaytarılması qərara alınmışdır. İddiaçıların vəkili və nümayəndəsi tərəfindən həmin qərardaddan verilən şikayətlər qanunla müəyyən edilmiş formaya uyğun verilmədiyindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1973/2022 saylı, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadları ilə geri qaytarılmışdır. Qərardadlarda qeyd edilən nöqsanlar aradan qaldırılmaqla, iddiaçıların vəkili və nümayəndəsi yenidən şikayət vermiş və eyni zamanda şikayətin verilməsi üçün buraxılmış prosesual müddətin ötürülməsinin üzürlü hesab edilməsini xahiş etmiş, Məhkəmənin 2(011)-1973/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müddətin bərpası barədə ərizə təmin edilməmişdir. İddiaçıların vəkili və nümayəndəsi Məhkəmənin xx.xx.2022-ci il tarixli, qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1973/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət və müddətin bərpası barədə ərizə geri qaytarılmışdır. İddiaçıların vəkili və nümayəndəsi Məhkəmənin xx.xx.2022-ci il tarixli, qərardadından yenidən şikayət verərək, qərardadın ləğv edilməsini və ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1973/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 vəkili və nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1973/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadından şikayət verməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilmiş və həmin qərardaddan verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5186/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardadı ləğv edilmiş, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardadından verilmiş şikayətə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərardadla müəyyən edilmişdir ki, qanunverici qərardaddan verilmiş şikayətə ilkin olaraq qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən baxılmasını nəzərdə tutmuşdur. Lakin, Bakı şəhəri Xətai Rayon Məhkəməsi 03 iyun 2022-ci il tarixli qərardadı ilə özünün əvvəlki 04 may 2022-ci il tarixli qərardadı ləğv edib, 10 fevral 2022-ci il tarixli qərardadından şikayət verməsi üçün buraxılmış prosessual müddəti bərpa etsə də, 10 fevral 2022-ci il tarixli qərardaddan verilmiş şikayətin təmin olunub-olunmamasına hüquqi qiymət vermədən mülki işi həmin qərardadan verilmiş şikayətə baxılması üçün apellyasiya instansiyasına göndərmişdir. İddiaçıların vəkili-nümayəndəsinin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardaddan şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar briqada şəklində Oğuz rayonunda işləməklə ezamiyyətdə olmuş və ezamiyyə xərclərinin verilməsini tələb edirlər. Tələb eynidir və cavabdeh də AZENCO ASC çıxış edir. Tələb bir olduğundan da dövlət rüsumu da düzgün ödənilmiş qəbzlər də əlavə edilmişdir. Qeyd olunur ki, 2(011)-1973/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı, eləcə də iddia tələbi üzrə bütün sənədləri məhkəmə rəsmi qaydada iddiaçı tərəfə göndərməyib və prosessual pozuntuya yol vermişdir. Odur ki, qərardadın ləğv edilməsi və iddia tələbinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1973/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-1973/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 vəkili və nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1973/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadından şikayət verməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, X2 və İddiaçı4 vəkili və nümayəndəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1973/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadından vermiş olduğu şikayət təmin olunmamiş və həmin qərardaddan verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli və mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia tələbindən aşkar surətdə göründüyü kimi, ayrı-ayrı iddiaçılar tərəfindən bir cavabdehə – Cavabdeh ASC-yə qarşı iddia irəli sürülsə də, iddia tələblərinin predmeti, yəni ödənilməsi tələb edilən pul məbləğlərinin həcmi bir-birindən fərqlənir. Hazırkı iddia tələbləri ümumi anlamda cavabdeh tərəfindən ödənilməli olan ezamiyyə xərcləri ilə bağlı olsa da, iddiaçılar iddianın predmeti baxımından bir-biri ilə əlaqədar olmayan tələbləri bir iddia ərizəsində birləşdirmişlər. Bu halda isə iddiaçılar birgə iddiaçılar deyil, hər biri müstəqil iddiaçılar hesab olunmaqla, hər biri ayrılıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidirlər. Bundan başqa, iddiaçılar iddia tələblərinə uyğun qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməyərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı). Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarı). Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. X1rşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli Qərar). Kollegiya qeyd ki, bir-biri ilə əlaqəli olan işlərə, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Belə ki, ayrı-ayrılıqda dörd ayrı iddianın verilməsi məhkəmə məsrəf və xərclərinin, dövlətin hesabına ödənilən poçt göndərişlərinin, təyin ediləcək məhkəmə iclaslarının, həmin iclasların dinlənilməsi üçün gərəkli olan məhkəmə zallarının, proses iştirakçılarının o cümlədən işə baxan hakimin həmin proseslərə sərf edəcəyi vaxtın, qəbul ediləcək prosessual aktların və atılacaq prosessual hərəkətlərin dörd dəfə artmasına gətirib çıxaracaqdır. Göründüyü kimi hazırkı işin kontekstində bir iddia ilə məhkəməyə müraciət edilməsi hazırki mülki işin çevik, tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədinə xidmət edir. Belə olan halda Kollegiya hesab edir ki, hazırki iş üzrə birgə iddiaçıların müştərək qaydada eyni cavabdehə qarşı mülki iddia qaldırmaları mübahisənin mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv həll edilməsi mane olmadığından, onların birgə iddiaçılar qismində məhkəmədə hüquqlarının müdafiəsi təmin edilməli və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi təkrarən müzakirə olunmalıdır. Ona görə də qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmaqla iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Bundan başqa məhkəmə kollegiyası iddiaçılar tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği barədə birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, iş materiallarında iddiaçılar tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 30 manat məbləğində (mədaxil qəbzi №8********), sonradan isə 80 manat məbləğində (mədaxil qəbzi №9********) dövlət rüsumunun ödənildiyi məlum olur. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi təkrarən müzakirə olunarkən iddianın qiymətinin 21190 manat olduğu nəzərə alınmaqla, ödənilməli olan dövlət rüsumu məbləğinin tamamlanması iddiaçılara təklif edilməli və MPM 259.0.12-ci maddəsinin tələbləri izah edilməlidir. MPM 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1973/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-5871/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5871/2022
16.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver