Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5872/2024 11.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə qarşı “protokolun etibarsız hesab edilməsi və mənzil uçotuna alınması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3742/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyaı MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, AR Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 4 saylı, xx.xx.2013-cü il tarixli protokolunun 8-ci bəndinin (İddiaçı müraciətinə imtina edilməsi və mərhum X4 mənzil uçotundan çıxarılması barədə) etibarsız hesab edilərək, ləğv edilməsi və onun mərhum əri X4 vəfatı ilə əlaqədar mənzil uçotunun onun adına dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3742/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə qarşı “protokolun etibarsız hesab edilməsi və mənzil uçotuna alınması” tələbinə dair iddiasının yolverilməzliyinə görə icraata qəbulundan imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması (iddia ərizəsinin icraata qəbul edilməsi) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Səbail rayon İcra Hakimiyyətinin sərəncamından inzibati məhkəməyə müraciət etməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Səbail rayon İcra Hakimiyyəti yalnız Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 4 saylı, xx.xx.2013-cü il tarixli protokolunu təsdiq etmişdir. Səbail rayon İcra Hakimiyyəti həmin protokolu mübahisələndirə bilmir, ilkin verilən sənəd protokoldur, həmin protokol etibarsız hesab edilməsə İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi mümkün olmayacaqdır. Nəticədə onun verdiyi iddianın uğurlu həlli mümkün olmayacaqdır, ona görə də o sərəncamın verilməsinə əsas olan protokolu mübahisələndirmiş və hesab edir ki, düzgün etmişdir. İcra Hakimiyyətinin həmin protokolu müzakirə etmək, etibarsız etmək səlahiyyəti yoxdur, habelə iclasın nəticələrinə müdaxilə edə bilməz. Sərancam ləğv olunsa belə yenə də həmin protokol qüvvədə qalmış olur. Belə olan halda, həmin protokolun sonradan məhkəmədə hansı qaydada məbahisələndirilməsi sual yaradır. Ona görə də hesab edir ki, ilkin olaraq protokol etibarsız hesab edilməlidir. Sonra isə İcra Hakimiyyəti həmin protokolun etbarsız hesab olunmasını görüb özü məhkəmə qərarı olmadan belə öz sərəncamını ləğv edəcəkdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3742/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati icraat haqqında qanunun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin birgə iclasının 4 saylı, xx.xx.2013-cü il tarixli protokolu inzibati akt hesab edilə bilməz. İnzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Lakin iddiaçının mübahisələndirdiyi protokol inzibati akt siyahısına daxil deyildir. Digər tərəfdən iddiaçının mübahisələndirdiyi protokolun (onun konkret bəndinin) sonradan Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməsi qaydasının mövcud olması da hazırki iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi üçün əsas yaratmır. Qeyd edilənlər öz növbəsində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələri ilə yolverilməzliyinə görə iddianı qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3742/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ANQSİHİ Respublika Komitəsinə qarşı “protokolun etibarsız hesab edilməsi və mənzil uçotuna alınması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3742/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3742/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5872/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5872/2024
11.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver