Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5875/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlərin vəkili Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2(009)- 3061/2019 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.Qafarova) 11.12.2019-cu il tarixli, 2(009)3061/2019 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “öhdəliklərin icrasına məcbur edilmə” tələbinə dair iddialarınin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim R.Qafarova) 11.12.2019-cu il tarixli, 2(009)3061/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.M.Həsənov, Z.A.Şirinov, F.F.Babayev) 30.07.2020-ci il tarixli, 2(103)-2263/2020 nömrəli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3061/2019 saylı iş üzrə 11 dekabr 2019-cu il tarixli qətnaməsi İddiaçı1 iddia tələblərinin təmin edilməməsi ilə bağlı hissədə ləğv edilməsi həmin tələblər üzrə yeni qətnamə çıxarılması (qətnamənin İddiaçı2 iddia tələblərinin təmin edilməməsinə dair hissəsinin müvafiq qərardadla ləğv edildiyi və iş üzrə icraata bu hissədə xitam verildiyi nəzərə alınmaqla), İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “yaşayış və qeyriyaşayış sahələrinin, yaxud onların dəyərinin ödənilməsi” tələbinə dair iddiasının qismən təmin olunması, Cavabdeh1 167 000 (yüz altmış yeddi min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), habelə dövlət rüsumlarının əvəzi qismində 45,80 (qırx beş manat 80 qəpik) manat alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2263/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.K.Dəmirov, Ə.A.Əhmədov, V.T.Həsənov) 06.04.2021-ci il tarixli, 2(102)-1275/2021 nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı1 kassasiya şikayəti qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nin kassasiya şikayətləri təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2263/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(102)-1275/2021 saylı qərarında vurğulanmışdır ki, “Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Lakin apellyasiya instansiyası məhkəməsi heç bir rəsmi sorğuya və Cavabdeh1 hər hansı etirafına əsaslanmadan “WhatsApp” proqramı vasitəsilə yuxarıda qeyd olunan yazıları həmin maddəyə zidd olaraq yazılı sübut kimi qəbul etmişdir. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi heç bir əsaslı sübuta istinad etmədən Cavabdeh1 tərəfindən iddiaçılardan biri olmuş İddiaçı2 300.000 ABŞ dollarının ödənildiyi göstərilmişdir.Bununla əlaqədar cavabdehin hər hansı etirafı və ödənişi təsdiq edən sənəd iş materialları ilə təsdiq olunmur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi borcun yaranma səbəbi kimi həm əsassız varlanmanı, həm də müqavilə münasibətlərinin olmasını göstərməklə ziddiyyətli nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.” Apellyasiya baxışı zamanı İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin və oxşar məzmunlu apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini və iddianın təmin olunmasına dair mülki iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı cavabdehlərin vəkili Nümayəndə3 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəf məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmiş. Məhkəmə kollegiyası işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 06 aprel 2021-ci il tarixli, 2(102)-1275/2021 qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: İş materiallarında olan, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02.05.2016-cı il tarixli, 166 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Moskva prospekti, tikilməkdə olan yeni metro-stansiyasının qərb hissəsində Cavabdeh2 MMC-yə (1-ci sahə) 2 girişli yaşayış binasının tikintisinə icazə verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.11.2019-cu il tarixli, **********03 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh1 adına ünvan 1 ünvanda yerləşən əmlak kompleski kimi müəssisə; İş materiallarında olan, Cavabdeh2 MMC-nin adına ünvan 2 ünvanda yerləşən qeyriyaşayış binası qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6.1.8, 6.1.9, 442, 445, 448.1-ci maddələrinə istinad etməklə tələblərinin əsasını onlarla Cavabdeh1 təsisçisi olduğu digər Cavabdeh2 MMCnin adına tikintiyə rəsmi icazənin alınmasına və həmin tikintinin maliyyələşdirilməsi üçün iddiaçıların Cavabdeh2 MMC-yə təsisçi kimi daxil olmaqla və sərmayə qoymaqla birgə fəaliyyət göstərmək barədə razılıq əldə edilməsi, iddiaçılar tərəfindən öhdəliklər yerinə yetirilsə də, onların nə Cavabdeh2 MMC-yə təsisçi kimi qəbul edilmələri barədə, nə də yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi barədə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilməməsi, hər dəfə müxtəlif bəhanələrlə “sonraya saxlaması” təşkil etsə də, bu halların mövcuduluğuna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüqu-qunun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə, öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Lakin tərəflər arasında iddia predmeti ilə bağlı hər hansı müqavilənin olması öz təsdiqini tapmamış və bu faktın mövcudluğunu tərəflər də izahatlarında təsdiq etmişlər. İddiaçılar iddia etdikləri razılığa əsasən, bina hazır olduqdan sonra onların qoyduğu sərmayənin miqdarına mütənasib şəkildə həmin binada yaşayış və qeyri-yaşayış sahələri onlara verilməli olmasını bildirsələr də, cavabdehin onların qarşısında qarşılıqlı inam etibar qarşılığında şifahi razılaşma əsasında qeyd edilən öhdəliyin olmasının əsası kimi yalnız öz izahatlarına və şahid ifadələrinə istinad etmişlər. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Məhkəmə kollegiyqası təqdim edilən şahid ifadələri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki şahid iddiaçılarla tanışlıq və dostluq münasibətlərində olmaqla onların maraq və mənafeyinə uyğun ifadə versələr də, dindirilərkən iddiaçılar tərəfindən cavabdehə pul verilməsini göstərmələrinə baxmayaraq bu pulların hansı məqsədə verilməsini, onların arasında hansı razılaşma olmasını, cavabdehin iddiaçılar qarşısında konkret hansı öhdəliklər götürməsini göstərə bilməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, şahid qismində dindirilmiş hazırki iş üzrə şahidlərin iddiaçılar ilə dostluq və tanışlıq münasibətində olmasının onların işin nəticəsində maraqlı olması ilə yanaşı onların ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmaması həmin şahid ifadələrinin sübut əhəmiyyətli olmaması qənaətinə gəlməsinə kifayət qədər hüquqi əsas verir. Məhkəmə kollegiyası həmçinin iddiaçıların tələblərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, iddiaçıların Cavabdeh2 MMC-yə təsisçi kimi daxil olmaqla və sərmayə qoymaqla birgə fəaliyyət göstərmək barədə razılığa gəlmək üçün ən azından özlərinin buna təşəbbüs etməmələrinin səbəblərini cavabdehlə aralarında olan qarşılıqlı inam və etibar olmaları ilə əsaslandırmaları inandırıcı görünmür. Belə ki, əvvəla məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 90.6-cı maddəsinə əsasən Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Eyni zamanda həmin Məcəllənin 90.7-ci maddəsinə əsasən cəmiyyətin ümumi yığıncağının cəmiyyətin nizamnamə kapitalının artırılması haqqında qərarı iştirakçının (iştirakçıların) əlavə maya qoyulması haqqında ərizəsi və (və ya) əgər nizamnamədə qadağan edilməmişdirsə, üçüncü şəxsin (şəxslərin) onun (onların) cəmiyyətə iştirakçı kimi qəbul edilməsi və maya qoyması haqqında ərizəsi əsasında qəbul edilir. Ərizədə mayaların məbləği və tərkibi, onların qoyulma qaydası və müddəti, iştirakçının və ya üçüncü şəxsin nizamnamə kapitalında malik olmaq istədikləri mayaların məbləği göstərilir. Ərizədə mayaların qoyulmasının və cəmiyyətə daxil olmanın digər şərtləri də göstərilə bilər. Cəmiyyətin ümumi yığıncağı iştirakçıların ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarın qəbul edilməsi ilə eyni zamanda nizamnamə kapitalının məbləğinin və ərizə vermiş iştirakçının mayasının nominal dəyərinin artırılması ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında da qərar qəbul edir. Ümumi yığıncaq üçüncü şəxsin ərizəsi əsasında nizamnamə kapitalının artırılması haqqında qərarla yanaşı üçüncü şəxsin cəmiyyətə qəbul edilməsi, onun mayasının nominal dəyərinin müəyyən edilməsi və iştirakçıların mayalarının məbləğlərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər haqqında qərar qəbul edir. Cəmiyyətə qəbul edilən üçüncü şəxsin mayasının nominal dəyəri onun payının dəyərinin məbləğinə bərabər və ya ondan az olmalıdır. Əgər nizamnamə kapitalının artırılması baş tutmamışdırsa, cəmiyyət ağlabatan müddətdə iştirakçıların əlavə mayalarını və üçüncü şəxslərin mayalarını müvafiq olaraq geri qaytarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların Cavabdeh2 MMC-yə təsisçi kimi daxil olmaq üçün qanunvericilikdə təsbit edilmiş bu normaların tələbləri baxımından hərəkət etməyərək yalnız cavabdehlə aralarında olan şifahi razılaşma əsasında, heç bir sənədləşmə aparmadan, bir neçə dəfə pul vermək yolu ilə sözügedən MMC-yə təsisçi kimi sərmayə qoymaları ağlabatan olmamaqla bu halların mövcudluğu işin araşdırılmış halları ilə də öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçıların cavabdehə iddia etdikləri kimi pul vermələri, başqa sözlə iddiaçıların Cavabdeh2 MMC-yə təsisçi kimi daxil olmaqla və sərmayə qoymaqla birgə fəaliyyət göstərmək barədə razılığa gəlmək üçün bu hərəkətlərin qanunvericiliklə rəsmiləşdirilməsi üçün kifayət qədər imkanları olduğu halda bu hərəkətləri etməmələri fonunda cavabdehə iddia etdikləri məbləğləri vermələri də anlaşılan deyil. Məhkəmə kollegiyası iddiaçı tərəfin iddialarının əsaslı olmasını təsdiq etmək üçün təqdim etdiyi sənədlərə (qiymətləndirmə rəyi, votsap (whatsapp) yazışmaları) qiymət verərək hesab edir ki, onların irəli sürdüyü faktiki hallar iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından bu təqdim etdikləri sənədlər də hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyası votsap (whatsapp) yazışmaları ilə bağlı qeyd etməyi də zəruri sayır ki, bu yazışmaların məzmunu daha çox pul tələbi ilə bağlı olmaqla, hazırki iddia tələblərinin mahiyyəti ilə uyğun deyildir. Uyğun olsa belə, sübut növü kimi qiymətləndirilə bilməzdi. Belə ki, iddiaçıların iddia tələblərinin əsası kimi istinad edilən halların əsaslılığı yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə riayət edildiyi halların mövcudluğu halında qiymətləndirilə bilərdi. Apellyasiya baxışı zamanı cavabdehlərin vəkili votsap (whatsapp) yazışmalarının həqiqiliyinin müəyyən olunmadığını qeyd etdiyindən, iddiaçının vəkilinə iddiaçının mobil telefonunun ekspertiza üçün təqdim edilməsi təklif olunmuş, lakin iddiaçının vəkili mobil telefonun təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Bundan əlavə Cavabdeh1 tərəfindən iddiaçılardan biri olmuş İddiaçı2 300.000 ABŞ dollarının ödənildiyi göstərilmişdir.Bununla əlaqədar cavabdehin hər hansı etirafı və ödənişi təsdiq edən sənəd iş materialları ilə təsdiq olunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “öhdəliklərin icrasına məcbur edilmə” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(009)- 3061/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5875/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5875/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver