Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5876/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(004)-706/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 08 noyabr 2019-cu il tarixində bağlanmış razılaşmaya əsasən 34338 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat, hüquqi xidmətə görə ödədiyi 100 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh işi ilə əlaqədar pula ehtiyacı olduğunu iddiaçıya bildirərək 34338 manat məbləğində borc istəmişdir. İddiaçı da onunla razılaşaraq həmin məbləğdə pulu borc verəcəyini bildirmişdir. Cavabdeh borcun alınması və müəyyən edilmiş müddətdə iddiaçıya qaytarması barədə 08 noyabr 2019-cu il tarixində öz xətti ilə izahat (iltizam) yazmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh borc götürdüyü pulu müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə tam qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin, cavabdeh razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borclu olduğu məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda ona qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Bundan sonra cavabdehə bir necə dəfə xəbərdarlıq barədə ərizə verilsə də cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, cavabdehin təqsiri üzündən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qaldığından hüquqi xidmətlə bağlı vəkilə müraciət etmişdir. 18 saylı Vəkil Bürosu ilə müqavilə bağlayaraq hüquqi xidmətə görə 100 manat pul ödəmişdir. Bu məbləğ də, cavabdehin iddiaçıya vurduğu zərər olduğundan həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(004)- 706/2020 saylı qətnaməsi ilə (hakim Vüqar Quliyev) iddia təmin olunmamışdır. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 iyun 2020-ci il tarixli, 2(103)-4334/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək cavabdehdən 34338 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 05 aprel 2021-ci il tarixli, 2(102)-1667/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 19 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmuş hissəsində) ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianın rədd olunması nəticəsinə gələrkən – iddiaçı tərəfin irəli sürülmüş tələbin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsini, yəni iddia tələbindən göstərilən pul vəsaitinin məhz borc kimi verilməsinin sübut olunmamasını və s. göstərmişdir. Belə ki, işdə olan Cavabdeh tərəfindən 08.11.2019-cu il tarixdə tərtib edilmiş izahat ərizəsindən görünür ki, Cavabdeh iş müqabilində "xxxx"MMC-nin direktoru İddiaçı 34338 manat pul vəsaitini götürmüşdür. 12 noyabr 2019-cu il tarixdə işi (öhdəliyinə götürdüyü işi) tamamlasa həmin pul vəsaitini həmin gün geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbində cavabdehə 34338 manat məbləğində borc verdiyini, lakin cavabdehin həmin borcu geri qaytarmadığını bildirmiş və bu halın sübutu kimi məhkəməyə cavabdeh tərəfindən 08.11.2019-cu il tarixdə tərtib edilmiş izahat ərizəsini təqdim etmişdir. Lakin həmin izahat ərizəsindən görünür ki, iddiaçı həmin pul məbləğini cavabdehin ona göstərəcəyi xidmət müqabilində ödəmişdir. İddiaçı həmin pul məbləğini cavabdehə borc kimi verməsi və ümumiyyətlə həqiqətən cavabdehə verməsi barədə hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Odur ki məhkəmə hesab edir ki, iddia tələbi 34338 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinən tutulması hissəsində əsassızdır. Belə olan halda iddia qalan hissədə də (mənəvi zərər və s.) təmin olunmamalıdır. İddianın qismən təmin olunması barədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi yeni apellyasiya baxışına qaytararkən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası 05 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, baxılan iş üzrə iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı cavabdehin xahişi ilə ona borc pul vermiş, cavabdeh pulu alaraq bu barədə yazılı iltizam imzalamış, lakin müəyyən olunmuş müddət ərzində borcu qaytarmamışdır. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçını tanımır, aralarında heç bir borc müqaviləsi mövcud olmayıb, iltizamı iddiaçının rəhbəri olduğu hüquqi şəxsə məxsus avtomobillərə texniki xidmət göstərilməsi ilə əlaqədar bağlanmış şifahi müqavilə münasibətləri çərçivəsində imzalamışdır. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iddiaçı iddianın əsasının dəyişdirilməsi barədə ərizə verməmişdir. Birinci instansiya məhkəməsi məhz iddiaçının cavabdehə borc verdiyini təsdiq edən hər hansı sübut təqdim etmədiyini, mübahisəli ərizədə göstərilən məbləğin cavabdehin ona göstərəcəyi xidmət müqabilində ödənildiyini müəyyən etmiş, iddiaçının tələbində göstərilən dəlilləri sübuta yetirə bilmədiyi üçün iddianı rədd etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə iddianı iddiaçının birinci instansiya məhkəməsində (tərəflər arasında borc müqaviləsinin bağlanması) irəli sürdüyü əsasla deyil, iddia ərizəsində və birinci instansiya məhkəməsində iddiaçının istinad etmədiyi tamamilə başqa əsasla (tərəflər arasında podrat hüquq münasibətinin yaranması) təmin etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş və bununla da prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmə nəinki cavabdehi, həm də iddiaçının özünü istinad etdiyi əsasla bağlı sübutlar təqdim etmək imkanından məhrum etmiş, məhkəmə araşdırması zamanı müzakirə predmeti olmayan hallar əsasında qətnamə qəbul etmiş, bununla MPM-in 53-cü maddəsi ilə yanaşı, 9.1-9.3, 14.1 və 14.2-ci maddələrinin də tələblərini pozmuşdur. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, əgər iddiaçı iddianın əsasını dəyişməyibsə, lakin başqa əsasla iddianın təmin olunmasına hüquqi əsas verən sübutlar təqdim edibsə belə, məhkəmə həmin sübutların məzmunundan çıxış edərək fəqrli əsaslarla iddianı təmin edə bilməz. Çünki bu hal yuxarıda istinad olunan dispozitivlik və çəkişmə prinsipləri ilə bir arayı sığmamaqla, həm iddiaçını, həm də cavabdehi mühüm prosessual hüquqlardan məhrum etməklə nəticələnə bilər. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmənin iddianın əsası ilə uzlaşmayan sübutları nəzərə almadan işə mahiyyəti üzrə baxması iddiaçını məhz həmin sübutlara istinad etməklə yeni əsasla məhkəmədə iddia qaldırmaq hüququndan məhrum etmir. MPM-in 53 və 149-cu maddələrinin mənasına görə tərəf birinci instansiya məhkəməsində iddia qaldıranadək kimdən, nəyi və nəyin əsasında tələb etmək istədiyini müəyyən etməli, bütün bunları öz ərizəsində əsaslandırmalı, öz sübutlarını və ya sübut qismində araşdırılmasını arzuladığı faktlar barədə məlumatları iddia ərizəsinə əlavə etməlidir. MPM-in 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, onlara verilmiş prosessual hüquqlardan qanuna uyğun şəkildə və vicdanla istifadə etməli, tələbin əsası kimi istinad etdikləri halları məhkəməyə düzgün təqdim etməli (məlumat verməli), məhkəmə prosesinin əsassız şəkildə, qeyri-müəyyən müddətə uzanmasına səbəb olan hərəkətlərə yol verməməlidirlər. Qanunverici işdə iştirak edən şəxslərin üzərinə öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat vermək vəzifəsini onunla əsaslandırır ki, qarşı tərəf ona qarşı yönələn tələblə bağlı özünün müdafiəsini təşkil edə bilsin (MPM-in 9.2-ci maddəsi). Bu baxımdan işin məhkəmə baxışının gedişində müəyyən olunan hallarının iddia tələbinin əsası kimi istinad edilmiş hallara uyğun gəlməməsinin səbəb olduğu əlverişsiz nəticələrin riskini də məhz belə hallarla bağlı məhkəmə yanlış məlumat vermiş tərəf daşıyır. Qeyd olunanlarla yanaşı, prosessual qanunvericilik iddiaçıya birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək iddia tələbinin həcmini azaltmaq və ya artırmaq hüququ verir. Lakin iddianın əsası və predmeti iddianın ən vacib iki ünsürünü təşkil etdiyindən onların dəyişdirilməsinə də iddia ərizəsinin verilməsinə dair prosessual qanunvericiliyin tələbi eyni qaydada tətbiq olunmalı, iddiaçı iddianın əsasını və ya predmetinin dəyişdirilməsi ilə bağlı məhkəməyə yazılı ərizə təqdim etməlidir. İddianın əsasını seçmək və onu dəyişdirmək hüququnun müstəsna olaraq iddiaçıya məxsus olması dispozitivlik prinsipindən irəli gəlir. Bu prinsip işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Dispozitivlik prinsipinə əsasən iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. İddiaçının öz iddiasının əsasını birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək yazılı ərizə verməklə dəyişməsi barədə qayda dispozitivlik prinsipi ilə yanaşı, həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Çünki iş üzrə cavabdeh öz müdafiəsini təşkil etmək, iddiaçının dəlillərinə əsaslandırılmış cavab vermək, habelə özünün əks sübutlarını təqdim etmək imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsasının nə olduğu barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır. Beləliklə, məhkəmə kollegiyası iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, iddia tələbinin əsası kimi iddiaçının istinad etdiyi sübutla (08.11.2019-cu il tarixdə tərtib edilmiş izahat ərizəsi) cavabdehə 34338 manat məbləğində borc pul verilməsi müəyyən olunmur. Eyni zamanda, cavabdeh də iddiaçının bildirdiklərini təsdiq etməmiş, həmin pul vəsaitinin ona borc verilməməsini göstərmişdir. MM-nin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 399.1-ci maddəsinin tələbinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. MM-nin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. MM-nin 405.2-ci maddəsinin tələbinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Beləliklə, iddiaçı tərəflər arasında irəli sürülmüş tələb üzrə borc müqaviləsinin bağlanmasını, cavabdehə 34338 manat məbləğində borc verilməsini, borcun qaytarılması müddətinin çatmasını və s. bu istiqamətdə təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir (belə olan halda iddia qalan hissədə də təmin oluna bilməz). Halbuki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Prosessual qanunvericiliyin qeyd edilən normalarına əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək yükünü daşıyır. Əks halda iddia özü-özlüyündə əsassızdır. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. İddiaçının özünün izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin hallarını, təqdim olunmuş sübutları, habelə kassasiya instansiyasının hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı cavabdehdən digər əsaslarla pul tələb etmək hüququnu özündə saxlayır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun və əldən çıxmış faydanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(004)-706/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli, 2(004)-706/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5876/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5876/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver