Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5876/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənsur qızına qarşı iş üzrə (Açar sözlər: istifadə hüququnun itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mənsur qızına qarşı “istifadə hüququnun itirilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1476/2024 nömrəli 07 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 11 saylı evin 12 saylı mənzili ÖM seriyalı 173690 nömrəli qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsusdur və onun mənzilə dair mülkiyyət hüququ xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçmişdir.
2. Cavabdeh1 iddiaçının keçmiş arvadıdır. Onlar xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşlar və nikahları Ağcabədi rayon Qeydiyyat Şöbəsində 125 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2- 1545/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən tərəflərin arasında bağlanmış nikah pozulmuş, iddiaçıya bu barədə xx.xx.2004-cü il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir.
3. Digər Cavabdeh2 isə iddiaçının qızıdır. Cavabdehlər hazırda iddiaçıya məxsus Mənzildə pasport qeydiyyatında olsalar da, yaşamırlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 11 saylı evin 12 saylı mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər hazırki vaxtadək onun evində qeydiyyatdadırlar. 05 mart 2013-cü ildən hər ikisi onun evini tərk etmişlər, onların harada yaşaması barədə məlumatı yoxdur.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 iyun 2024-cü il tarixli 2(011)-1476/2024 nömrəli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, Cavabdeh2 Mənsur qızının Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 11 saylı evin 12 saylı mənzilinə dair istifadə hüquqlarının itirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə öncə Cavabdeh1 dair hissədə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi ona aid hissədə təmin edilə bilməz. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.1977-ci il tarixdə nikaha daxil olmuşlar, mübahisə predmeti olan Mənzil isə xx.xx.2003-cü il tarixdə, yəni, tərəflərin birgə nikahda olduqları dövrdə iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı ilə Cavabdeh1 xx.xx.1977-ci il tarixdən birgə nikaha daxil olmaları işin mübahisəsiz halıdır (birinci hüquqi əsas). Mənzil iddiaçı ilə Cavabdeh1 birgə nikah dövründə əldə edildiyindən, eləcə də Mənzildəki paylarına dair aralarında razılıq olmadığından, bu hüquqi əsas isə onların hər ikisinin Mənzilə dair bərabər mülkiyyət hüquqlarına malik olmalarını təsbit etdiyindən, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir.
8. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, iddia tələbi ona aid hissədə təmin edilməlidir. İddiaçı qızının uzun müddətdir Mənzilində yaşamadığını, buna görə də onun istifadə hüququnun itirilməsini istəyir. İşin mübahisəsiz halıdır ki, iddiaçının Mənzilə dair mülkiyyət xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, iddiaçı məhkəmə iclasında verdiyi izahatlarında da bildirmişdir ki, Mənzili aldıqdan sonra qızı Cavabdeh2 onunla birlikdə yaşamış, 2013-cü il tarixdən sonra daimi olaraq anası – Cavabdeh1 ilə birlikdə Mənzildən çıxıb getmişdir. Məhkəmə iddiaçının Mənzilə dair mülkiyyət hüququnun xx.xx.2003-cü il tarixdən, eləcə də ailə üzvü olaraq Cavabdeh2 həmin vaxtdan iddiaçı ilə birlikdə Mənzildə yaşamasını nəzərə alaraq hesab etmişdir ki, mübahisəyə Mülki Məcəllənin 228.5-ci maddəsi tətbiq edilməldir. Cavabdeh2 uzun müddətdir, yəni 10 ildən artıqdır ki, Mənzildə yaşamır. Bu hal məhkəmə iclası zamanı iddiaçının verdiyi izahatı və Cavabdeh2 yazılı etirazı, eləcə də “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş sərhədkeçmə məlumatları ilə də təsdiq olunur. Cavabdeh özü də etirazında qeyd etmişdir ki, ilin müəyyən vaxtlarında xaricdə işləməyi ilə əlaqədar olaraq bir sıra hallarda qardaşına məxsus mənzildə, bəzən mübahisəli ünvanda, bəzi hallarda isə kirayədə yaşayır. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş sərhədkeçmə məlumatları əsasında da müəyyən olunur ki, cavabdeh mütəmadi olaraq ölkədən xaricə çıxaraq bir neçə aydan sonra ölkəyə qayıtmışdır. Cavabdeh bəzi hallarda Mənzildə yaşamasını qeyd etsə də, bu dəlilini təsdiq edəcək heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə Heyran Namazonanın Mənzildə yaşamamasını işin faktiki halları ilə müqayisə edərək belə nəticəyə gəmişdir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması onun istəyi və ilin daha çox hissəsi xaricdə yaşaması ilə bağlıdır. Ona görə ki, iş materialları ilə təsdiq olunur ki, cavabdeh Mənzildə qeydiyyatda olsa da, orada yaşamamaqla mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir. Odur ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbi təmin edilərək Mənzilə dair onun istifadə hüququna xitam verilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 158.3, 225.1, 228.2, 228.5, 255.1, 262.1, Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməni qəbul edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, onun 10 il həmin mənzildə yaşamamağı kimi halı hər hansı mötəbər sübuta əsaslanmadan, yalnız iddiaçının izahatına əsaslanaraq, işin müəyyən edilmiş halı kimi dəyərləndirmiş, nəticədə maddi və prosesual hüquq normalarının kobud şəkildə pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Onun yazılı etirazında göstərilənləri təhrif edərək və iddiaçının yalan izahatına əsaslanaraq, mübahisəli mənzildə 10 il yaşamamağı işin müəyyən edilmiş halı kimi göstərmişdir. Bu məlumat həqiqəti əks etdirmir, etirazında da qeyd etmişdir ki, son zamanlara kimi həmin mənzildə yaşamışdır. Əmək fəaliyyəti mövsümi xarakter daşıyır, ilin bəlli fəslini ölkədən kənar əmək fəaliyyəti ilə məşğul olub, sonradan ölkəyə qayıdır. Bu zaman təbiidir ki, mənzilə ehtiyacı yaranır. Etirazda qeyd etmişdir ki, bu hal ata və anası arasında münasibətin soyumasından (nikahlarının pozulmasından deyil) sonra baş vermiş və bu iddiaçının məcburiyyəti əsasında olmuşdur. Yəni o, heç də könüllü deyil, məcburi şəkildə qeydiyyatda olduğu və istifadəsində olan mənzildən istifadə hüququnun gerçəkləşdirilməsindən kənarlaşdırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. 2013-cü ildə cavabdehlər onun evindən çıxıb getmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
17. Maddə 228.5 Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə Cavabdeh2 aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
26. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər həmin mənzildə qeydiyyatdadır.
27. İddiaçı hazırki tələbində onların istifadə hüququnun itirilməsini xahiş etmişdir.
28. Məhkəmə iddianı qismən təmin edərək, Cavabdeh2 Mənsur qızının Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 11 saylı evin 12 saylı mənzilinə dair istifadə hüquqlarının itirilməsi qənaətinə gəlmişdir.
29. Qətnamə hazırda Cavabdeh2 aid hissədə yoxlanılır.
30. Göründüyü kimi Cavabdeh2 iddiaçının ailə üzvü (qızı) olması və mənzilə dair iddiaçının mülkiyyət hüququnun yarandığı vaxtdan (xx.xx.2003-cü il) onunla birlikdə mənzildə yaşaması işin mübahisəsiz halıdır. Bu halda, qanunvericilik müddəaları baxımından Cavabdeh2 xx.xx.2003-cü il tarixdən mənzilə istifadə hüququ yaranmışdır.
31. İddiaçı qızı Cavabdeh2 2013-cü ildən mübahisəli mənzildən çıxıb getdiyini, həmin vaxtdan sonra mənzildə yaşamadığını göstərmişdir.
32. Cavabdeh2 isə apellyasiya şikayətində son zamanlara kimi həmin evdə yaşadığını, ilin bəlli fəslini əmək fəaliyyəti ilə bağlı ölkədən kənarda olduğunu, sonra qayıtdığını, bu zaman mənzilə ehtiyacı olduğunu bildirmişdir.
33. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
34. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.
35. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumu həmin Qərarında qeyd etmişdir Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
36. Göründüyü kimi Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.
37. Göründüyü kimi, valideynlərinin münasibətləri kəsildiyi vaxtdan, yəni 2013-cü ildən cavabdeh mübahisəli mənzildə yaşamır və bu müddət “müvəqqəti” və ya “məcburiyyətdən” anlamına gələ bilməz. Cavabdehin “son zamanlara qədər mübahisəli mənzildə yaşamışam” və “mübahisəli mənzildə mənə məxsus əşyalar var” kimi etirazının əsasını yalnız ümumi ifadələr təşkil edir. İddiaçı bildirmişdir ki, mənzildə cavabdehə məxsus heç bir əşya yoxdur. Cavabdehin mübahisəli mənzildən istifadəsinə zərurətin olması onun rəftarından müəyyən olunmur. Əks təqdirdə o, qardaşına məxsus mənzildə və ya kirayə tutduğu mənzillərdə yaşamaz (özünün deməsinə görə), mübahisəli mənzilə köçürülməsi barədə iddia qaldırardı.
38. Kollegiya hesab edir ki, əks yanaşma mənzilin mülkiyyətçisi olan iddiaçını cavabdehdən asılı vəziyyətdə qoyar.
39. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh2 mənzilə istifadə hüququna olan ehtiyacı aradan qalxdığından və o, uzun müddətdir Mənzildə yaşamadığından onun formal olaraq istifadə hüququnun saxlanılması iddiaçının mülkiyyət hüququnu sərbəst həyata keçirmək imkanını məhdudlaşdırır və onu həddən artıq hüquqi yük altında qoymuş olur.
40. Beləliklə, şikayətin dəlilləri formaldır. Birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmiş, maddi və presessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1476/2024 nömrəli iş üzrə 07 iyun 2024-cü il tarixli qətnaməsi Cavabdeh2 Mənsur qızına münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, Cavabdeh2 Mənsur qızı qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.