Məhkəmə qərarları › İş №2(103)-5878/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5878/2023

17.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5878/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMCyə qarşı “əmrin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmrin etibarsız hesab edilməsi və sair”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-2910/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli 39/K nömrəli əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə aylıq əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2009-cu tarixli əmrlə "xxxx" əsr MMC-yə yanğından mühafizə üzrə baş müfəttiş vəzifəsinə təyin edilmişdir. Daha sonra müəssisənin adı dəyişdirilərək Cavabdeh MMC olmuşdur. İşlədiyi dövrdə heç bir töhmət almamış, işini layiqincə yerinə yetirərək müxtəlif vəzifələrə yüksəlmişdir. 2023-cü ilin yanvar ayında ona bildirmişlər ki, iddiaçı ilə əmək müqaviləsi bir ay müddətinə bağlanır və yalnız MMC daxilində yenilənir. İddiaçı ilə müqavilə bitdikdən sonra yenidən əmək müqaviləsi bağlanacaq. Uzun müddət peşə fəaliyyətində nailiyyət qazanmış işçi ilə bir aylıq sınaq müddəti verilməklə müqavilə bağlanmasına etiraz etdikdə isə qanunun tələbinin belə olduğunu, sınaq müddəti bitdikdən sonra uzunmüddətli əmək müqaviləsi bağlanacağı bildirilmişdir. Lakin onu aldadaraq, xx.xx.2023-cü il tarixdə müqavilə müddətinin bitməsi ilə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsi ləğv edilərək tutduğu vəzifədən azad edilmişdir. Həmçinin, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər ixtisar zamanı işdə saxlanılır. Bu baxımdan, işdən azad olunarkən iddiaçının peşəkarlıq səviyyəsinin və digər üstünlüklərinin olması nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı verilmiş əmrin tamamilə qeyri-qanuni və əsassız olduğunu hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2910/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Günel Abbasova) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh MMC-nin 16 fevral 2023-cü il tarixli 39/K nömrəli əmri etibarsız hesab edilmiş, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilmiş, Cavabdeh MMC tərəfindən məcburi işburaxma müddəti üzrə xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

3. Cavabdeh apellyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı şəxs ilə artıq 12 fevral 2018-ci il tarixdən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək davamlı şəkildə müddətli əmək müqavilələri bağlanılmışdır. Bu baxımdan məhkəmənin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü bəndinə əsaslanmasının heç bir hüquqi əsası yoxdur. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən də apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi D.Fərhadov apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək bildirdi ki, onlar tərəfindən iddiaçının əmək müqaviləsinin xitamına dair verdiyi əmr qanuni tərtib edilmişdir, hər hansı pozuntuya yol verilməmişdir. İlk dəfə xx.xx.2018-ci il tarixdə iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış, daha sonra xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə müxtəlif vəzifələrə təyin olunmuşdur, xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürmə barədə əmrin verilməsindən xitamınadək bağlanmış müqavilələr müddətli olmuşdur, iddiaçı əmrin məzmunu ilə tanış olmuşdur, əvvəldən şərtlərlə razı olmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi, bildirdi ki, 2009-ci ildən Bakı XXİ əsr MMC-də iş fəaliyyətinə başlamış, sonradan MMC-nin adı dəyişdi və indi Cavabdeh MMC oldu, işlədiyi dövr ərzində 7 vəzifə dəyişmiş və bu müddətdə bir dəfə olsun töhmət almamış, qüsursuz çalışmışdır, 2023-cü ilin yanvar ayından ona bildirdilər ki, MMC daxilində əmək müqaviləsi yenilənir, 1 aylıq müqavilə bağlanacaq, o da onların səmimiyyətinə inandı müqavilə bağladı, düşünürdü ki, 1 aylıq müqavilədən sonra onunla yeni müqavilə bağlanacaq, 2023-cü ilin fevral ayında isə müddətə görə onu işdən azad etdilər. Onun işdən azad edilməyinə səbəb kimi guya MMC-də Mülki müdafiə və böhran vəziyyətinini idarə edilməsi şöbəsinə ehtiyacın olmaması göstərilir, halbuki şöbədə 3 nəfər yanğından mühafizə müfəttişləri işlərini davam etdirirlər, hansı ki, onun kimi təhsilləri və təcrübələri yoxdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsi, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:

6. Mülki iş materiallarında olan:

7. xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə (kontraktı) əsasən, İddiaçı 3 ay müddətinə Cavabdeh MMC-nin Texniki istismar şöbəsinə Yanğından mühafizə üzrə müfəttiş-Baş təlimatçı vəzifəsinə işə qəbul edilmişdir.

8. xx.xx.2022-ci il tarixli 39/K nömrəli əmrə və 02 №-li əlavə razılaşmaya əsasən, İddiaçı Mülki müdafiə və yanğın təhlükəsizliyi sektoruna müdir vəzifəsinə təyin edilmişdir.

9. 31.01.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2023-cü il tarixdən etibarən xitam verilmişdir.

10. Əmək kitabçasının və xx.xx.2023-cü il tarixli 39/K nömrəli əmrin surətlərindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən əmək müqaviləsi bağlanmaqla Cavabdeh MMC-nin Texniki istismar şöbəsinə Yanğından mühafizə üzrə müfəttiş-Baş təlimatçı vəzifəsinə, xx.xx.2022-ci il tarixdən Mülki müdafiə və yanğın təhlükəsizliyi sektoruna müdir vəzifəsinə, xx.xx.2022-ci il tarixdən Mülki müdafiə və böhran vəziyyətinin idarəetməsi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmiş və xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

11. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 3-cü bəndinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü bəndinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. 59-cı maddəsinin 1-ci hissəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 59-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

15. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

16. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

17. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

18. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

22. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətinin əsas dəlili iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılıq əsasında 12 fevral 2018-ci il tarixdən mübahisələndirilən əmrin çıxarıldığı tarixədək davamlı şəkildə müddətli əmək müqavilələri bağlanılması, bu baxımdan birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 45-ci maddəsinin 3-cü bəndinə əsaslanmasının heç bir hüquqi əsasının olmamasıdır.

26. Kollegiya qeyd edir ki, həmin dəlil üzrə rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının xx.xx.2009-cu ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür.

27. Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi halları qeyd edilmişdir: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

28. Hazırkı işin hallarından məlum olur ki, iddiaçının gördüyü iş (müdafiə və yanğın təhlükəsizliyi ilə bağlı) Əmək Məcələsinin 47-ci maddədə sadalanan hallara aid olmadığından onunla müddətli əmək müqaviləsinin bağlanması qanunvericiliyin tələblərinə zidd olmuşdur.

29. Məhkəmə kollegiyası onu da qeyd edir ki, oxşar iddia tələbləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi də eyni olmuşdur (Ali Məhkəmə Mülki kollegiyasının 2(102)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(102)-5841/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, 2(102)-6334/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarları –i/v 49-56).

30. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

32. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-2910/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar