Məhkəmə qərarları › İş №2(103)-5882/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5882/2025

21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5882/2025 21.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2827/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı Cavabdeh1 atasıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ər-arvaddır. 2.Mübahisə Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942, ev № 49D-da yerləşən 141 №-li mənzilə (bundan sonra – mənzil) münasibətdə çəkilmiş xərclərlə bağlıdır. Mənzil Cavabdeh1 mülkiyyətində olub, onun mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə qeydə alınıb. Daha sonra xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsi əsasında mənzil Kamələ Cəfərovanın mülkiyyətinə keçib. 3.Mənzil xx.xx.2007-ci il tarixli N3411 nömrəli müqavilə əsasında “X1” MMC-dən Cavabdeh1 adına əldə edilib. Mənzilin qiymətinin ödənilməsi üçün bankdan cavabdeh Aqşin Cəfərvun adına kredit götürülüb. Bunun üçün borcverən “Unibank” Kommersiya Bankı” ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2007-ci il tarixli 196AKN/07 nömrəli kredit müqaviləsi bağlanıb, 50.518,83 manat kredit verilib. 4.Cavabdeh1 iki dəfə nikahda olub. Onun birinci nikahı Lalə Cəfərova ilə olub. Həmin nikah 2006-cı ilə bağlanıb, 2014-cü ildə pozulub. Bundan sonra – 2015-ci ildə Cavabdeh1 Cavabdeh2 ilə nikah bağlayıb. Cavabdeh1 birinci nikah üzrə arvadı Lalə Cəfərovanın mənzilə olan hüququnun əvəzinə 30.645 manat kompensasiya ödənilib. Bunun üçün Cavabdeh1 ilə Lalə Cəfərovanın arasında xx.xx.2015-ci il tarixli barışıq sazişi bağlanıb. Pulun ödənilməsi barədə xx.xx.2015-ci il tarixli akt tərtib olunub. Aktda qeyd olunub ki, həmin pul İddiaçı tərəfindən ödənilib. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsi xx.xx.2025-ci il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, göstərilən pul vəsaiti cavabdehlərdən alınaraq iddiaçıya verilsin: 1) mənzilin kredit müqaviləsi üzrə iddiaçı tərəfindən banka ödənilmiş borcun əvəzi kimi 2.219 manat; 2) mənzilin təmirinə iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi kimi 19.500 manat; 3) xx.xx.2015-ci il tarixli akt üzrə iddiaçı tərəfindən Cavabdeh1 keçmiş arvadı Lalə Cəfərovaya ödənilmiş kompensasiyanın əvəzi kimi 30.645 manat. 6.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 9.Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Birinci instansiya məhkəməsi birinci tələbi, yəni 2.219 manat pul tələbini rədd etməklə düzgün nəticə gəlib. Belə ki, iddiaçı (valideyn) iddia edir ki, kredit müqaviləsi üzrə banka cavabehin (övladının) əvəzinə 2.219 manat pul ödəyib. Cavabdeh isə bildirir ki, bütün ödənişləri özü həyata keçirib. İddiaçı cavabdehin əvəzinə banka pul ödədiyini təsdiq edən sübut təqdim etməyib. Cavabdehlərin iddiaçıya 2.219 manat pul ödəmək vəzifəsinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsində müəyyən edilmiş əsasların heç biri mövcud deyil. 11.Birinci instansiya məhkəməsi ikinci tələbi, yəni 19.500 manat pul tələbini rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, iddiaçı (valideyn) iddia edir ki, mənzilin təmirinə 19.500 manat xərc çəkib. İddiaçının bu hərəkəti mənəvi-əxlaqi borcun icrası sayılıb, yəni o, valideyn kimi övladına dəstək olub. İddiaçı özü iddia ərizəsində qeyd edib ki, ata kimi uzun müddət oğlunun maddi təminatını həyata keçirib. Ona görə də valideyn-övlad münasibətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1087-1090-cı maddələrində müəyyən edilmiş özgə işlərini tapşırıqsız aparmaya dair müddəalar tətbiq oluna bilməz. 12.Birinci instansiya məhkəməsi üçüncü tələbi, yəni 30.645 manat pul tələbini rədd etməklə düzgün nəticəyə gəlib. Belə ki, iddiaçı (valideyn) iddia edir ki, cavabdehin (övladının) birinci nikah üzrə arvadının mənzilə olan hüququnun əvəzi kimi ona 30.645 manat kompensasiya ödəyib. xx.xx.2015-ci il tarixli barışıq sazişinə görə, həmin kompensasiyanı vermək cavabdehin (övladın) öhdəliyidir, lakin xx.xx.2025-ci il tarixli akta görə pulu iddiaçı (valideyn) ödəyib. İddiaçı (valideyn) 2015-ci ildə ödədiyi pulu 10 il keçidikdən sonra – 2025-ci ildə cavabdehlərdən (övladından və onun ikinci nikah üzrə arvadından) tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinin ikinci cümləsinə görə, bu maddənin birinci cümləsində qeyd olunmuş hal istisna olmaqla bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Ümumi qaydaya görə, üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Lakin bu zaman üçüncü şəxsin davranışının motivi nəzərə alınmalıdır. Əgər üçüncü şəxs borclunun qarşısında olan mənəvi-əxlaqi borcunun icrası kimi onun öhdəliyini icra edirsə, tələb hüququ üçüncü şəxsə keçmir. Valideyn-övlad münasibətlərinin xoş olduğu dövrdə valdeynin övladın mənafeyi naminə çəkdiyi xərclər mənəvi-əxlaqi borcun icrası sayılır. Odur ki, sonradan – münasibətlər pozulduqdan sonra valideyn həmin xərcləri əvəzinin ödənilməsini övladdan tələb edə bilməz. İddiaçının bu hərəkəti mənəvi-əxlaqi borcun icrası sayılıb, yəni o, valideyn kimi övladına dəstək olub. İddiaçı özü iddia ərizəsində qeyd edib ki, ata kimi uzun müddət oğlunun maddi təminatını həyata keçirib. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi Apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2827/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar