Məhkəmə qərarları › İş №2(103)-5883/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5883/2020

24.08.2020 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5883/2020 24.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisinə, üçüncü şəxs X5 qarşı müqavilənin qeydiyyata alınmış hesab edilməsi tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1179/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı X1 nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı Notarıat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə aralarında Bakı şəhəri, Qaradağ küçəsi, ev 31, mənzil 7, 8-də yerləşən 5 otaqlı mənzilə dair Bakı şəhəri 28 saylı Notarıat ofisində bağlanmış xx.xx.2001-ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki:Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(005)-1743/2007 saylı qətnaməsinin surətinə əsasən, ərizəçi İddiaçı notarial hərəkətlərindən şikayətə dair ərizəsi təmin edilərək 28 saylı Notarıat ofisində satıcı X6 ilə İddiaçı arasında xx.xx.2001-ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir (səh.9); Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-6697/18 saylı qətnaməsinin surətinə əsasən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(005)-1743/2007 saylı qətnaməsindən maraqlı şəxs X4 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ərizəçi İddiaçı notarial hərəkətlərindən şikayətə dair ərizəsi təmin edilməmişdir. Qeyd olunan nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 28 saylı Dövlət Notariat Kontorunun öz işinə səhlənkar və yarıtmaz yanaşması nəticəsində ərizəçinin alıcı hüquqlarının hansı formada kobudcasına pozulmasını əsaslandırmamışdır. Belə ki, ərizəçinin notariat kontoruna təqdim etdiyi ərizəsinə cavab olaraq notariusun ona verdiyi cavab məktubunun məzmununda bağlanmış alqı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınmadığının aşkar edilməməsi göstərilmişdir. Təqdim edilmiş alqı-satqı müqaviləsi isə kserosurət olmaqla, surəti heç bir formada təsdiq edilməmiş və orada bu müqavilənin 28 saylı Notarıat ofisində xx.xx.2001-ci il tarixli 129704 sayla olması, 70000 manat dövlət rüsumu ödənilməsi, 4Ə-İ- 352 saylı reyestrdə qeydə alınması və notarius N.L.Kafarovun imzası ilə təsdiq edilməsi göstərilmişdir. Həmçinin də, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi 28 saylı Notarıat ofisində xx.xx.2001-ci il tarixli 129704 saylı alqı-satqı müqaviləsi bağlanması və 4Ə-İ-352 saylı reyestrdə qeydə alınmasını təsdiq etmək üçün ərizəçinin təqdim etdiyi xx.xx.2001-ci il tarixli 129704 saylı alqı-satqı müqaviləsinin kserosurətinə istinad etməkdə də haqlı olmamışdır. Təqdim edilmiş alqı-satqı müqaviləsinin kserosurəti, eləcə də, aidiyyatı hazırki işə aid olması heç bir mötəbər sübutla təsdiq edilməyən Yeni Günəşli qəsəbəsində yaşayan atasının adı tam göstərilməyən Sevinc Hacızadə adlı şəxsin məhkəmə qətnaməsi qəbul edilən tarixdə, yəni, xx.xx.2007-ci ildə imzası notarial qaydada təsdiq edilmiş ərizəsi hazırki ərizənin göstərilən formada təmin edilməsi üçün hüquqi əsas yaratmırdı. Məhkəmə kollegiyası təqdim edilmiş alqı-satqı müqaviləsinin kserosurətini, Sevinc Hacızadə adlı şəxsin ərizəçiyə münasibətdə hansı dərəcədə və ya formada yaxınlığı müəyyən edilmədən onun xx.xx.2001-ci il tarixdə 28 saylı NK-da satıcı X7 ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmasını təsdiq etməsi iş üzrə mötəbər və tutarlı sübut növü kimi qiymətləndirmir (səh.10); Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-456/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-6697/18 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişiklik edilmədən saxlanılmışdır (səh.24). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1179/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmiş, iddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədə Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına; X12 Məhkəməsi "X2” qarşı xx.xx.2007-ci il tarixli qərarına; "Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77, 80, 82, 89, 106, 217, 218-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı X1 nümayəndəsi məhkəmə iclasında cavabdeh Bakı şəhəri 28 saylı Notarıat ofisinə qarşı X6 ilə aralarında Bakı şəhəri, Qaradağ küçəsi, ev 31, mənzil 7, 8-də yerləşən 5 otaqlı mənzilə dair Bakı şəhəri 28 saylı Notarıat ofisində bağlanmış xx.xx.2001ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsinin reyestr jurnalında qeydiyyata alınmış hesab edilməsi barədə iddia ərizəsini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən hazırkı iddia ərizəsi təmin oluna bilməz. İddiaçı X1 nümayəndəsi Vəkil apellyasiya şikayətini verərək, apellyasiya şikayəti təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 1179/2020 nömrəli qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxx 2005-ci il tarixədək qüvvədə olmuş 335, 342-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 385, 386, 388-ci maddələrinə istinadən qeyd edilmişdir ki, X4 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ küçəsi.ev 31, mənzil 7,8-də yerləşən 5 otaqlı mənzil Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2001-ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsi ilə 279000.000 manata İddiaçı satılmışdır. xx.xx.2001-ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsi 42-1-152 saylı reyestrdə qeydə alınmışdır. İddiaçı tərəfindən, xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ küçəsi.ev 31, mənzil 7,8-də yerləşən mənzilə dair Daşınmaz Əmlakın Dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın alınması ilə bağlı müraciət edilərkən məlum olmuşdur ki, alqı-satqı müqaviləsi Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunun reyestr jurnalında qeydiyyata alınmamışdır. Alqı-satqı müqaviləsinin notarial qaydada bağlanmasına və təsdiq edilməsinə baxmayaraq Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunun öz işinə səhlənkar və laqeyid yanaşması səbəbindən alıcı İddiaçı hüquqları kobud surətdə pozulmuşdur. İddiaçı notariat hərəkətlərdən şikayətə dair xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunda satıcı X6 ilə İddiaçı arasında xx.xx.2001-ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1743/2007 nömrəli qətnaməsinə əsasən iddia təmin olunmuşdur. 16 il ərzində barəsində heç bir məlumat olmayan X6 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1743/2007 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(103)- 6697/2018 nömrəli qətnaməsi ilə şikayət təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6697/2018 nömrəli qətnaməsindən narazı qalan İddiaçı kassasiya şikayəti vermiş lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-456/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı notarial hərəkətlərdən şikayətinə dair ərizəsində 25 07.2001-cı il tarixində. Bakı şəhəri 28 saylı Dövlət Notariat Kontorunda satıcı X6 arasında bağlanmış alqı-satqının baş tutması tələbinə qiymət verərkən həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Əqdin notarial formasına riayət edilməməsinin nəticələri" adlanan 335.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. "İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mukli İşlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi etbarlı hesab etməsi üçün aşağıdakı üç halın mövcud olması zəruridir. Bu hallar aşağıdakılardır. 1 .əqdin notarial təsdiqlənməsi qaydasına riatət edilməməsi əks tərəfin təqsiri ucbatından baş vermişdir; 2. Məhz əks tərəfin əqdin notariat qaydasında təsdıqlənməsındən yayınması; 3 Əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtiib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Göründüyü kimi, qeyd edilən normanı tətbiq etmək üçün əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı və əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etbarlığını şübhə altına almamalıdır. Belə ki, tərəflər arasında bağlanmış 25.07. 2001-ci il tarixli, 129704 saylı alqı-satqı müqaviləsi qanunvericiliyin tam tələbləri əsasında bağlanmış və alan satan tərəfin tam iradəsini ifa etmişdir. Əks təqdirdə baş verə biləcək hər-hansı qanun pozuntusu və natamam qeydiyyatın aparılmaması alqı-satqı müqaviləsinin etibarsızlığına hər-hansı bır təsir etmir. Həmin tarixdə bağlanmış alqı-satqı müqaviləsi tərəflər üzərinə qoyulmuş bütün öhdəliklər yerinə yetirilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən hər iki tərəf həmin müqaviləni şahidlərin gözü qarşısında imzalanmış və Bakı şəhəri 28 saylı DNK-da təsdiq edilmişdir. Lakin, İddiaçı tərəfindən, 25 07.2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Qaradağ küçəsi.ev 31, mənzil 7,8-də yerləşən mənzilə dair Daşınmaz Əmlakın Dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın alınması ilə bağlı müraciət edilərkən həmin müqavilənin 28 saylı DNK-da qeydiyyat jurnalında qeydiyyata alınmadığı aşkar olunmuşdur Bu səbəbdəndə o, bu günə qədər qanuni sahibi olduğu evinə xüsusi mülkiyyətə dair qeydiyyat vəsiqəsi ala bilmir. Onlar həmin alqı-qatqı müqaviləsini bağladıqdan sonra isə satıcı X6 naməlum səbəbdən qeydiyyatda olduğu yaşayış yerində tapilmadığından və onun hara getməsi, harada yaşaması barədə nə onlar,nə də məhkəmə məlumat əldə edə bilməmişdir. İddiaçı məcburiyyət qarşısında alqı-satqının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Beləliklə 28 saylı Dövlət Notariat Kontorunun öz işinə səhlənkar yanaşmasə nəticəsində İddiaçı alıcı hüquqlarını kobudcasına pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin mövqeyinə görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1743/2007 nömrəli qətnaməsi qəbul edilən vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin müddəaları düzgün tətbiq edilməyib. İş üzrə mübahisəyə xüsusi icraat qaydasında yox, iddia icraatı qaydasında baxılmalı idi. Notarial orqanı tərəfindən ərizəçinin hüququnun pozulması faktı aşkar olunduğu təqdirdə bu pozuntunun aradan qaldırılması üçün notariat orqanına müəyyən tapşırığını verə bilərdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında qeyd etmişdir ki. işə baxan məhkəmə 28 saylı DNK-da xx xxxx 2001 -ci il tarixli 129704 saylı alqı-satqı müqaviləsinin bağlanaraq 42-1-352 saylı reyestrdə qeydə alınmasına baxmayaraq bu əməliyyatın reyestr jurnalında qeydə alınmamasının məhz notariat kontorunun öz işinə səhlənkar və yarıtmaz yanaşması nəticəsində baş verməsi ilə ərizəçinin alıcı hüquqlarının pozulması faktının mövcud olmasını müəyyən etdiyi halda, həmin müqavilənin təkrar yerinə yetirilməsini notariat orqanına tapşıra bilərdi. İşə baxan məhkəmənin müqavilə tərəfinin ölməsi faktı yalnız ərizəçinin izahatına istinad etməsi onu Azərbaycan Respublikasının MPM-nın 344-cü maddəsinin tələbini yerinə yetirmək üçün əsas ola bilməzdi. Belə ki, qətnamə çıxarılan vaxt həmin normanın tələbi imperatıv xarakter daşıyırdı. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsində iddianın təmin edilməməsi barədə sadəcə bir əsas göstərmiş, iddia ərizəsini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyi məhkəmənin gəldiyi qənaət tamamı ilə əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisinin, üçüncü şəxs X4 iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77, 82, 106.2, 217, 218, 372, 382, 384cü maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddiaçı qətnamənin qəbul edilməsinə əsas olan təkzibedici mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Şikayət əsassız olduğundan ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, əqdin bağlanmış hesab edilməsi üçün ilk növbədə müqavilə üzrə qarşı tərəfin müqaviləni tanınması gərəkdir, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə bu öz təsdiqin tapmırsa, eyni əsaslarla mövcud olmayan müqavilənin reyestr jurnalında qeydiyyata alınmış hesab edilməsi barədə iddia tələbinin təmin edilməsi preyudisiya institutunun prinsiplərinə (Mülki Prosessual Məcəllənin 82-ci maddəsinə) daban-dabana ziddir. Bundan əlavə, iddiaçının kifayət qədər uzun müddət ərzində daşınmaz əmlakın qeydiyyatı üçün üzürsüz səbəblərdən müraciət etməməsi, habelə notariat hərəkətləri üzrə vəzifəli şəxslərin vəzifələrin yerinə yetirilməməsi, vəzifə səhlənkarlığı və ya sənədin saxta olması və sair barədə əməllərə hüquqi qiymət verilməsi üçün müvafiq müraciətlərin mövcud olmaması sübuta yetirilməyən müəmmalı sual olaraq qalmaqdadır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 32-ci maddəsinə görə Notarius, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər daşınmaz əmlakla bağlı müqavilələri təsdiqlədikdə və ya vərəsəlik şəhadətnamələri verdikdə, müvafiq sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına göndərir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 7-ci bəndində qeyd edilmişdir ki, Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən dərhal sonra onu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi vasitəsilə, iki iş günü müddətində isə həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir. (köhnə redaksiyada qeyd edilmişdir ki:Notarius daşınmaz əmlakla bağlı müqavilələri notariat qaydasında təsdiqlədikdən və ya vərəsəlik şəhadətnamələrini verdikdən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində ərizəni müvafiq təsdiqləyici və bu Məcəllə ilə müəyyən edilmiş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir). Mülki Məcəllənin 178, 550-554, 648-ci maddələrinə görə qeyd edilməlidir ki: Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər, əgər Mülki Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1179/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar