Məhkəmə qərarları › İş №2(103)-5885/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5885/2021

29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5885/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2021 saylı işi üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İMEİ kodu **********20516 olan "X6 10” markalı telefon üçün 2580 manat məbləğində ödənilməmiş hissə və 645 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 3225 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3255 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq iddiaçı "xxxx Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, "xxxx Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh şəxs İMEİ kodu **********20516 olan "X6 10” markalı telefon almış və nəticədə 3225 manat məbləğində borcu yaranmışdır (iş.səh.8), müvafiq maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh iddiaçı "xxxx Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə 04 dekabr 2019-cu il tarixli müqavilə üzrə qeyd edilən İMEİ kodu **********20516 olan "X6 10” markalı telefon üçün 2580 manat məbləğində ödənilməmiş hissə və 645 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 3225 manat məbləğində borcu yaranmışdır (səh.6), "xxxx Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 05 avqust 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, müvafiq müqavilə üzrə öhdəliklərin icrası gecikdirildiyindən, hesablanmış ödənilməmiş borcun qısa zaman ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə aidiyyatı dövlət qurumlarına müraciət olunacağı barədə xəbərdar edilmişdir (səh.16). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2021 saylı işi üzrə 31 mart 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 04 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********20516 olan "X6 10” markalı telefon üçün 2580 manat məbləğində ödənilməmiş hissə və 100 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 2680 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 442, 445, 448.1, 462.1, 465.2, 467, 600.1, 600.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh 3225 manat məbləğində borcu yaranmış tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. İddiaçı "xxxx Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə üzrə hesablanmış tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı, ödənilməmiş hissəyə hesablanmış 645 manat məbləğində dəbbə borcu 100 manat müəyyən edilərək, cavabdeh şəxsdən iddiaçı "xxxx Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-799/2021 saylı, 31.03.2021ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbiminin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsinə dair apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26, 60, 127; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 358, 360, 362, 385.1.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, telefonu aldıqdan sonra telefonda müəyyən nasazlıqlar yarandı.“xxxx Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə bildirildi ki, telefondakı problem keçicidir, əgər servisə versələr uzun müddət telefonsuz qalacaqdı. Buna görə də həmin telefonu işlətməyini, əgər yenə problem olarsa həmin xərci ödəyəcəyi məbləğdən çıxacaqlarını bildirdilər. Lakin telefondakı problem daha da dərinləşir və dəfələrlə müraciət edərək geri qaytarmağa və ya dəyişməyə çalışsa da heç bir nəticəsi olmadı. Buna görə də iddiaçının tələbi tam olaraq əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, telefonda heç bir problemin olmadığını, qarşı tərəfin telefonun qüsursuz olmasına dair müqaviləyə imza edərək aldığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mübahisə edilən dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2, 324, 385, 386, 404, 420, 421.3, 425, 458.1, 527.1, 560,567-589, 595-601, 614,615, ***-**** Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələri (öhdəliyi) üzrə mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, məhkəmənin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş həqiqi hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddianın əsasını təşkil edən və qətnamənin qəbul edilməsinə əsas olan (öhdəlik, qüsur,borc, hesablanma və sair barədə) mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Mülki Məcəllənin 595.1-ci maddəsinə görə: Alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddəyə görə: Bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğı-satqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyrimümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin. 595.3-cü maddəyə görə: Əgər satıcı alıcıya verilmiş əşyaların alğı-satqı müqaviləsinin şərtlərinə uyğun gəlmədiyini bilirdisə və ya bilməli idisə, bu Məcəllənin 595.1 və 595.2-ci maddələrində nəzərdə tutulan müddəalara istinad edə bilməz. Qeyd edilən mülki qanunvericilik şərtlərinə əməl edilməməsi və cavabdeh tərəfindən şikayətində istinad etdiyi halları vaxtında mübahisələndirməməsi bu dəlillərin hazırki tələbə münasibətdə əsassız olduğunu şərtləndirir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2021 saylı işi üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar