Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5886/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və evdən çıxarılma tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(008)-4321/2024 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 29 oktyabr 2020-ci il tarixli alqı – satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021 ha torpaq sahəsi üzərində istifadə hüququ X3 tərəfindən İddiaçı satılmışdır.
2. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021 ha torpaq sahəsi üzərində İddiaçı istifadə hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində 984 nömrəli reyestr kitabının 93267 nömrəli vərəqində, **********33 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 11 yanvar 2021-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Həmin torpaq sahəsindən inşa edilmiş ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat alınmamış, lakin həmin evdə **********80100 №-li kodla işıq üzrə və **********04664 №-li kodla qaz üzrə abonent iddiaçıdır.
4. ünvan 1 ünvanında, 0,01335 hv torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 112 kv.m olan fərdi yaşayış evinin 1/5 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
5. Cavabdeh ünvan 1 ünvanında daimi qeydiyyatdadır.
6. Cavabdeh ilə X2 arasında 08 noyabr 2006-cı il tarixdə bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu,Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evindən Cavabdeh çıxarılması, həmin həyətyanı torpaq sahəsinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, torpağın istifadə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021 ha həyətyanı torpaq sahəsi onun istifadəsinə verilmiş və istifadə hüququ qeydə alınmışdır. Həmin həyətyanı torpaq sahəsi dörd bir tərəfdən hasara alınmış, üzərində 4 otaqdan ibarət fərdi yaşayış evi olmaqla ailə üzvlərinin istifadəsində olmuşdur. Cavabdeh onun keçmiş gəlinidir. İddiaçı həmin torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evini oğlunun və ailə üzvlərinin özlərinə ev alana qədər yaşamaları üçün icazə vermişdir. Lakin, cavabdehin təqsiri üzündən onların nikahına xitam verilmişdir. Oğlu və 3 azyaşlı övladı hazırda iddiaçının yanında yaşayır. Faktiki olaraq istifadəsində olan həmin torpaq sahəsi Cavabdeh Nürəddin qızı tərəfindən zəbt olunmuşdur. Tərəfındən cavabdehə həmin torpaq sahəsini və üzərində tikilmiş 4 otaqdan ibarət fərdi yaşayış evini boşaltmaq təklif olunmuş, lakin o, hər dəfə müxtəlif bəhanələrlə torpaq sahəsini boşaltmamışdır. 9 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(008)- 4321/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
10. Qətnamə onunla əsaslandırlmışdır ki, cavabdeh iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evindən çıxarılmalı, həmin həyətyanı torpaq sahəsi iddiaçıya qaytarılmalıdır.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 155, 164–cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şikayətin dəlillərinə görə, mübahisə predmeti olan 0,021 ha torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş fərdi ev onun və keçmiş həyat yoldaşının vəsaiti hesabına əldə edilmiş, lakin iddiaçının adına rəsmiləşmişdir. Bunun səbəbi isə ünvan 2 ünvanında yerləşən iddiaçının adına rəsmiləşdirilmiş fərdi evdən pasport qeydiyyatında övladları, keçmiş həyat yoldaşı və o, çıхmalı və bundan sonra iddiaçı mübahisəli torpaq sahəsini və fərdi evi onun adıma rəsmiləşdirməli idi. Ailə münasibətləri gərginləşmiş və həyat yoldaşı ilə nikahı pozulmuşdur. Övladlarını maddi baхımdan təmin edə bilmədiyi üçün, aliment ödənişinə qədər atalarının himayəsində qalmasına razılıq vermişdir, lakin hazırda övladlarının himayəsinə verilməsi və aliment ödənişi ilə bağlı Binəqədi rayon Məhkəməsində iddia tələbi müzakirə olunur. Keçmiş qaynanasının mülkiyyətində olan ünvan 3 ünvanda fərdi evdə pasport qeydiyyatı olmaqla 14 ildən artıq bir müddət ərzində yaşamışam. Fərdi ev müхtəlif girişi olmaqla 8 otaqdan ibarətdir. Məhkəmə tərəfindən bu məsələlər aydınlaşdırılmamışdır. Məhkəmə mübahisəni 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş qanunla həll etməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı məhkəmə iclasında apelyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
21. Apellyasiya şikayətinin mübahisəyə 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş qanunvericilik normalarının tətbiqi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin predmeti Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021 ha torpaq sahəsi və üzərində inşa edilmiş evdir, torpaq sahəsi üzərində istifadə hüququnun 29 oktyabr 2020-ci il tarixli alqı – satqı müqaviləsinə əsasən X3 tərəfindən İddiaçı satılması və sonuncunun hüququnun Daşınmaz Əmlakın Dövlət reyestrində 11 yanvar 2021-ci il tarixdə qeydiyyata alınması rəsmi sübutlarla öz təsdiqini tapır. Belə olduğu təqdirdə bu mübahisəyə 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş qanunvericilik normalarının tətbiqi mümkünsüzdür.
22. Digər dəlil kimi apellyasiya şikayətində ona istinad olunmuşdur ki, keçmiş qaynanasının mülkiyyətində olan ünvan 3 ünvanda fərdi evdə pasport qeydiyyatı olmaqla 14 ildən artıq bir müddət ərzində yaşaması qətnamə çıxarılarkən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin predmeti Binəqədi rayonu ərazisində yerləşən ev olmadığından həmin evdə cavabdehin yaşayıb – yaşaması hazırkı mübahisənin həlli üçün hər hansı bir əhəmiyyət kəsb etmir.
23. Apellyasiya şikayətinin digər dəlili - torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin onun və keçmiş həyat yoldaşının vəsaiti hesabına əldə edilməsi yalnız formal mülahizədir, bu xüsusata dair hər hansı bir əsaslandırma aparılmamış və heç bir sübut təqdim olunmamışdır.
24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(008)- 4321/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(008)- 4321/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Günay Axundova
Xəyal Sarıyev