Məhkəmə qərarları › İş №2(103)-5887/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5887/2020

15.10.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5887/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xasiyyətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki dövrlərdə verilmiş qərəzli xasiyyətnamələrin araşdırılması və Cavabdeh İB-də işlədiyi səkkiz illik dövrü əhatə edən iş fəaliyyətinə uyğun olan peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamənin verilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2007-ci il tarixdən xx xxx 2015-ci il tarixədək Cavabdeh İB-nin Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsində müxtəlif vəzifələrdə, son olaraq da təbii qazın qəbulu və satışı xidmətinin xidmət rəisi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasına ciddi yanaşaraq, xidmət etdiyi vəzifədə üzərinə düşən vəzifə təlimatına uyğun öhdəliklərini yerinə yetirdiyi üçün heç bir intizam tənbehi olmamışdır. 2016-cı ilin iyun ayında Cavabdeh İB-də mövcud olan və Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti tərəfindən elan olunan vakansiyalara işə qəbul olunmaq üçün müraciət etmişdir. Müraciəti əsasında sənədlərinə baxış keçirilərək müraciəti qəbul olunmuş və bildiriş göndərilərək test imtahanlarına dəvət olunmuşdur. Müsabiqənin birinci mərhələsi olan test imtahanlarından yüksək nəticə toplayaraq ikinci mərhələ olan müsahibə mərhələsinə keçmişdir. Müsahibə mərhələsində iştirak etmək üçün tələb olunan sənədlərdən biri də işlədiyi təşkilatdan iş dövrünə aid olan xidməti xasiyyətnamənin təqdim olunmasıdır. Müraciəti əsasında Cavabdeh İB-nin, Ağsu RQİİ tərəfindən verilən xx xxxx 2016-cı il tarixli xasiyyətnamədə qərəzli olaraq işlədiyi dövrdə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasına ciddi yanaşmayaraq, xidmət etdiyi vəzifədə üzərinə düşən vəzifə təlimatına uyğun öhdəliklərini yerinə yetirmədiyi qeyd olunsa da, həmin izahatı təsdiq edən hər hansı bir məlumat xasiyyətnaməyə əlavə olunmamışdır. Lakin faktiki olaraq həmin təşkilatda işlədiyi səkkiz illik müddət ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarının icrasına ciddi yanaşaraq, xidmət etdiyi vəzifədə üzərinə düşən vəzifə təlimatına uyğun öhdəliklərini yerinə yetirdiyi üçün heç bir intizam tənbehi olmamışdır. Həmin xasiyyətnamədə qeyd olunan qeyri-obyektiv məlumatlar səbəbindən həmin dövrdə keçirilən Cavabdeh İB üzrə Şəmkir və X4 İstismarı İdarələrində vakant olan Qazın balansı və satışı şöbəsinin rəisi vakansiyaları üzrə və Şirvan və Qobustan rayonları üzrə vakant olan Təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyaları üzrə müsabiqələrdən keçsə də, xasiyyətnamədə qeyd olunan qeyri-obyektiv, qərəzli rəylərə əsasən işə qəbul olunmamışdır. Sonrakı müddətlərdə Cavabdeh İB-də mövcud olan və Dövlət Neft Şirkətinin İnsan Resursları Departamenti tərəfindən elan olunan vakansiyalara işə qəbul olunmaq üçün yenidən müraciət etmişdir. Müraciəti əsasında sənədlərinə baxış keçirilərək müraciəti qəbul olunmuş və bildiriş göndərilərək test imtahanlarına dəvət olunmuşdur. Müsabiqənin birinci mərhələsi olan test imtahanlarından yüksək nəticə toplayaraq ikinci mərhələ olan müsahibə mərhələsinə keçmişdir. Müraciəti əsasında Cavabdeh İB-i tərəfindən verilən xx xxxxxx 2017-ci il tarixli və həmin xasiyyətnamənin təkrarı olan xx xxxx 2018-ci il tarixli xasiyyətnamələrdə Cavabdeh İB-nin, Ağsu RQİİ-də işə başladığı tarixin xx xxxxxx 2015-ci il tarixində olduğu göstərilsə də, xx xxxxxx 2015-ci il tarixindən debitor borcun və qazın itkiləri hesablanmış, bir-birinə uyğun olmayan rəqəmlər yazılaraq, hesabatın hansı zaman intervalında aparıldığı qeyd olunmamış və ümumiyyətlə xasiyyətnamə düzgün əsaslandırılmamaqla qərəzli tərtib olunmuşdur. Həmin xassiyətnamədə qeyd olunan qeyri-subyektiv məlumatlar səbəbindən həmin dövrdə keçirilən Cavabdeh İB üzrə Sumqayıt QİS-də, Təbii qazın qəbulu və satışı şöbəsinin rəis müavini vakansiyasına, Ağsu RQİİ-də Ağsu xidmət sahəsi üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vakansiyasına və digər orqanlarda müsahibəyə dəvət olunmasına baxmayaraq, qərəzli, qeyri-obyektiv tərtib olunan xasiyyətnaməyə əsasən müsahibə mərhələsinə buraxılmamışdır. İşin faktiki hallarından da görünür ki, hər hansı bir intizam tənbehinin olmamasına baxmayaraq, Cavabdeh İB tərəfindən əvvəlki dövrlərdə qərəzli və heç bir sübuta əsaslanmayan xasiyyətnamələr verilməklə qəsdən imtahanlarda iştirakına maneə yaradılmış, sonrakı müraciətlərində isə ümumiyyətlə iş dövrünə aid xasiyyətnamə təqdim olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən əvvəllər verilmiş hər üç xasiyyətnamə qərəzli tərtib olunmuş və heç bir fakta və sübuta əsaslanmamışdır. İddia tələblərindən biri də həmin xasiyyətnamələrin qərəzli tərtib olunmasının araşdırılması olduğundan məhkəmə həmin tələbə heç bir münasibət bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sonuncu məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı xx xxxx 2007-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək Cavabdeh İB-nin qaz istismarı sahəsində, xx xxxxxx 2015-ci il tarixdən xx xxx 2015-ci il tarixədək isə SOCAR-ın Cavabdeh İB-nin Ağsu Regional qaz istismarı İdarəsinin Şamaxı rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində 13-cü dərəcəli xidmət rəisi vəzifəsində işləmişdir. xx xxx 2015-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. Sonradan İddiaçı xasiyyətnamənin verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş və onun bu müraciəti əsasında ayrıayrı tarixlərdə (xx.xx.2016-cı, xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixlərdə) ona xasiyyətnamə verilmişdir. Həmin xasiyyətnamələrdə İddiaçı mənfi tərəfdən xarakterizə olunmuşdur. D.V.Zaidov xasiyyətnamələrdə göstərilən məlumatlarla razılaşmayaraq, yenidən xasiyyətnamənin verilməsinə dair cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh tərəfindən həmin müraciətə əsasən yeni xasiyyətnamənin verilməsi ləngidildiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman Cavabdeh QSC tərəfindən iddiaçının barəsində yeni xasiyyətnamə tərtib edilmiş və sonuncunun həmin xasiyyətnaməni götürə bilməsi ilə bağlı yazılı qaydada xəbərdar edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən Cavabdehnə sorğu ilə müraciət olunmuş və sorğunun cavabına əsasən bildirilmişdir ki, Ağsu RQİİ-nin sabiq işçisi İddiaçı əmək müqaviləsi üzrə əmək funksiyalarını layiqincə yerinə yetirmədiyi üçün xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “a” hissəsinə əsasən töhmət verilmişdir. Bundan əlavə İddiaçı barəsində heç bir intizam tənbeh tədbiri mövcud deyildir. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlərin qanuni əsasını AR Əmək Məcəlləsinin 88.1-ci maddəsi təşkil edir. Bu maddəyə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. İş materiallarından göründüyü kimi, İddiaçı müraciəti əsasında 2016-2018-ci illər ərzində ümumilikdə üç dəfə xasiyyətnamə tərtib edilərək verilmişdir. Bununla da, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 88.1-ci maddəsinin dispozisiya şərtlərinə əməl edilmişdir. Cavabdehin həmin xasiyyətnamələrdə əks olunmuş məlumatların həqiqətə uyğun olmadığını, onun işlədiyi müddətdə barəsində heç bir intizam tənbehi tətbiq edilmədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2013-cü ildə töhmət almışdır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, mülki mühakimə icraatında sübutetmə yükü inkar edənin yox, iddia edənin üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən işin hallarını düzgün məyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də, iş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Xasiyyətnamənin qərəzli tərtib olunması barədə iddiaçının qeyd etdiyi dəlillər öz əksini tapmadığından iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, iddia tələbinin əvvəl verilmiş xasiyyətnamələrin qərəzli hesab olunmasının araşdırılmasına dair hissəsinə qətnamədə qiymət verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində «iddiaçının iddia ərizəsində göstərdiyi tələb əsassız olduğundan iddia tələbi rədd edilməlidir» qeyd etməklə, bütövlükdə iddia tələbinə, o cümlədən iddianın xasiyyətnamələrin qərəzli tərtib olunmasının araşdırılması hissəsinə qiymət vermişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(011)-1317/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar