Məhkəmə qərarları › İş №2(103)-589/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-589/2025

07.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-589/2025 07.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X10 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(011)-3940/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 303 saylı 04 nnoyabr 2010-cu ildə bağlanmış müqaviləyə əlavə olaraq icraçı "xxxx" MMC ilə payçı İddiaçı arasında 30 dekabr 2012-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili payçıya verməyi, payçı isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)-5394/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı X4 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı yaşayış sahəsindən çıxarılmasına dair iddiasının rədd olunması barədə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 fevral 2019 il tarixli 2(011)-348/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə ləğv edilmiş, iddia qismən təmin olunaraq cavabdeh X2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı yaşayış sahəsindən çıxarılması və mənzilin ona təhvil verilməsi, ailə üzvlərinin syiahısı dəqiq göstərilmədiyindən, yəni, tələb qeyri – müəyyən olduğundan ailə üzvlərinin mənzildən çıxarılması hissəsində iddianın rədd olunması qət edilmişdir.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli 2(102)-6580/2019 saylı qərarı ilə X2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)-5394/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2023-cü il tarixli, 2(103)-5394/2019 nömrəli qərardadına əsasən icra məmurunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)-5394/2019 saylı qətnaməsinə izah verilməsindən imtina olunmuşdur.

5. İcraçı "xxxx" MMC ilə payçı X7 arasında bağlanmış 38 nömrəli 02 dekabr 2012-ci il tarixli müqavilənin surətindən görünür ki, icraçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş 12 mərtəbəli yaşayış evinin 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan mənzil bir pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür.

6. Nikahın bağlanması haqqında şəhadətnamənin görünür ki, X7 ilə Cavabdeh arasında 06 mart 2003-cü il tarixdə nikah bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, 2935 A, ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan bir otaqlı, 68 saylı mənzildən çıxarılmaları və cavabdeh tərəfindən mübahisəli mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC ona Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı mənzili satmışdır. Qeyd olunan mənzil vətəndaş X2 istifadəsində olduğu və onun tərəfindən könüllü boşaldılmadığı üçün iddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinə yaşayış sahəsindən çıxarılma barədə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 fevral 2019 il tarixli 2(011)-348/2019 saylı qətnaməsi ilə onun cavabdeh X5 qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57.47 kv.metr olan 1 otaqlı yaşayış sahəsindən çıxarılması və mənzilin ona təhvil verilməsi barədə iddia tələbi rədd olunmuşdur. Qətnamədən razı qalmadığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasina apellyasiya şikayəti vermiş, Bakı şəhəri Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)-5394/2019 saylı qənaməsi ilə onun apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(011)- 348/2019 saylı qətnaməsi ləğv olunması iddia tələbinin qismən təmin olunaraq cavabdeh X2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan 1 otaqlı yaşayış sahəsindən çıxarılması və mənzilin ona təhvil verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən razı qalmayan cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14 fevral 2019-cu il tarixli 2(011)- 348/2019 saylı qətnaməsi qanuni qüvvəsini almış və 05 noyabr 2019-cu il tarixdə icraya göndərilmişdir. Artıq bir neçə ildir ki, qeyd olunan qətnamə məhkəmə icraçıları tərəfindən icra oluna bilmir. Bunun da əsas səbəbi X2 həyat yoldaşı Cavabdeh mübahisəli mənzilə qanunsuz daxil olması və oradan çıxmamasıdır. Ona görə də iddiaçı bu günə kimi mülkiyyətində olan mənzilindən istifadə edə bilmir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X8 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)-5394/2019 saylı icra vərəqinin hansı qaydada icra olunması barədə izah verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2023-cü il tarixli 2(103)-5394/2019 saylı qərardadı ilə ərizə təmin edilməmiş və qərardadda göstərilmişdir ki, əgər mübahisəli mənzildə başqa şəxslər yaşayırsa həmin şəxslərə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(011)- 3940/2023 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.

10. Qətnamə onunla əsaslandırlmışdır ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmış halların yenidən araşdırılmasına və sübuta ehtiyacı yoxdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mənzilin iddiaçıya məxsus olduğu müəyyən edildiyindən və iddiaçının mülkiyyət hüququna dair gözləntisi olduğundan, cavabdehin mübahisəli mənzildə yaşamağa davam etməsi iddiaçının əmlak hüquqlarını pozur.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(011)- 3940/2023 nömrəli əlavə qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “Cavabdeh ailə üzvlərinin Bakı şəhəri, Xətai Rayon, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan bir otaqlı, 68 saylı mənzildən çıxarılmaları və həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi” barədə iddia tələbləri təmin edilməməsi qət edilmişdir.

12. Əlavə qətnamə onunla əsaslandırlmışdır ki, Cavabdeh ailə üzvlərinin siyahısı dəqiq olaraq göstərilmədiyindən, yəni həmin tələb qeyri-müəyyən olduğundan cavabdehin ailə üzvlərinin mənzildən çıxarılması hissəsində iddia tələbləri təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 157–ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayəti verərək, əlavə qətnamənin ləğv olunaraq iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şikayətin dəlillərinə görə, məhkəmənin mübahisə olunun əlavə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən cavabdeh X6 ailə üzvlərinin dairəsini müəyyən etməmiş və məhkəməyə bu barədə sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, onun cavabdehin neçə övladı olması və onların adları barədə məlunatı yoxdur və olada bilməzdi. Çunki cavabdeh və onun övladları Naxçıvan Muxtar Respublikasın Culfa rayonunun Yayçı kəndində yaşayırlar. Onlar Bakı şəhərində yaşasaydılar bəlkə də onlar barəsində məlumat toplamaq olardı. Bundan başqa məhkəmə proseslərində cavabdehin nümayəndəsi və vəkili iştirak etmişdir. Hesab edirəm ki, məhkəmənin hazırlıq iclasinda obyektiv həqiqətə nail olmaq səbəbindən məhkəməyə sədrlik edən hakimin köməkliyi ilə cavabdehin ailə üzvlərinin dairəsini müəyyən etmək olardı. Qeyd olunanların araşdırılmaması və və nəticədə iddia tələbinə tam şəkildə düzgün hüquqi qiymət verilməməsı nəticəsində əlavə qətnamənin çıxarılması mənim Azərbaycan Respublikası Konstitusiyası və Mülkiməcəlləsi ilə muəyyən olunmuş mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Məhkəmə qətnamə çıxararkən işin hallarını tam, hərtərfli və obyektiv araşdırmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımışərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək və ya görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbardar edir, onların prosessual hüquqlarının həyata keşirilməsinə kömək göstərir. Məhkəmə tərəfindən işə baxılarkən qanunun bu normasının tələbləri pozulmuşdur.

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Şikayətin dəlillərinə görə, məhkəmə zəruri araşdırma aparmadan iddia tələbini formal mülahizələrlə icraata qəbul edilməsindən imtina etməklə maddi və prosessual hüquq normalarının tələbini kobud pozmuşdur. Birincisi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 may 2019-cu il tarixli 2(103)-5394/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-348/2019 saylı mülki iş üzrə qəbul etdiyi 14 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdeh X2 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A ünvanında inşa edilmiş yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 57,47 kv.metr olan bir otaqlı mənzildən çıxarılması və həmin mənzilin İddiaçı təhvil verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Beləliklə, İddiaçı cavabdeh X3 ailə üzvlərinin mənzildən çıxarılması təmin olunmamış və iddiaçı həmin hissədən kassasiya şikayəti verməmişdir. İkincisi İddiaçı mənzilə dair subyektiv hüququnun olmasını məhkəmədə sübuta yetirə bilməmiş, onun mənzilin qanuni sahibi olması təsdiqini tapmamışdır. Belə ki, İddiaçı ilə "xxxx" MMC arasında ("xxxx" MMC ilə İddiaçı arasında 303 saylı xx.xx.2010-cu ildə bağlanmış müqaviləyə əlavə) 30 dekabr 2012-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı "xxxx" MMC Bakı şəhəri, Gəncə prospekti, 29/35 “A” ünvanında 12 mərtəbəli yaşayış evinin 1-ci blok, 11-ci mərtəbəsində ümumi sahəsi 57,47 kv.metr olan, izolə olunmuş 1 otaqdan ibarət mənzili payçı İddiaçı təhvil verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin ümumi dəyəri olan 29022,35 manatı icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Halbuki, iş materillarında İddiaçı mənzilin dəyərini ödəməsini təsdiq edən sənəd və ya sübut yəni maliyyə arayışı yoxdur. İddiaçı mənzilin dəyərini ödəməsini təsdiq edən sənəd və ya sübut yəni maliyyə arayışını məhkəmələrə təqdim edə bilməmişdir. Belə ki, o, mənzilin dəyərini ödəməmiş və müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda onunla şirkət arasında mənzilin alqısatqısına dair müqavilə bağlanmamışdır. Məhkəmə isə buna düzgün qiymət verməmişdir. Üçüncüsü o X9 ilə 06 mart 2003-cü ildə rəsmi nikaha girməklə ailə qurmuş və birgə nikahdan iki övladımız anadan olmuşdur. Mübahisəli mənzili onlar 02 dekabr 2012-ci il tarixldə birgə nikah dövründə almış və bu günədək orada yaşayır. Mübahisəli mənzili əlli min manat xərcləyərək tam təmir etmişdirlər. Mübahisəli mənzilə dair onun mülkiyyət və istifadə hüquqları mövcuddur. Mənzil X5 təhvil verilmiş sonuncu mənzilə külli miqdarda vəsait xəcləyərək təmir etdirmiş və yeddi ildir ki, həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Buna baxmayaraq, məhkəmə qeyd olunanlara düzgün qiymət verməmiş, onu mənzildən çıxararkən vicdanlı sahib kimi bizə təmir və sairlə bağlı dəymiş zərərlə bağlı bir hüquqi mövqe göstərməmişdir. Halbuki, onların mənzildən çıxarılmaqları yalnız əvəzli ola bilər. Dördüncüsü hazırda İddiaçı ilə "xxxx" MMC arasında ("xxxx" MMC ilə İddiaçı arasında 303 saylı 04 noyabr 2010-cu ildə bağlanmış müqaviləyə əlavə) 30 dekabr 2012-ci il tarixli müqavilə tərəfində mübahisələdirilmişdir və hazırda Xətai rayon məhkəməsinin icraatındadır. Belə ki, həmin müqavilə daha əvvəl mübahisələndirilməmiş və məhkəmə tərəfindən onun etibarsız olmasına qiymət verilməmişdir. Nəticədə iş üzrə əsassız və ədalətsiz qətnamə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, fiziki və hüquqi şəxslərin digər hərəkətləri mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. İddiaçının apellyasiya şikayəti ilə iddia təmin olunmadığı, cavabdehin apellyasiya şikayəti ilə qətnamə iddianın təmin olunan hissələrində mübahisələndirildiyindən məhkəmə aktı şikayətlərin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. İddiaçının apellyasiya şikayətinin dəlilini o təşkil edir ki, onun cavabdehin neçə övladı olması və onların adları barədə məlumatı yoxdur və ola da bilməzdi. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ailə üzvlərinin siyahısı dəqiq olaraq göstərilmədiyindən, yəni həmin hissədə tələb qeyri-müəyyən olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, əvvəlki məhkəmə qətnaməsinə əsasən də belə bir tələb X4 münasibətdə irəli sürülsə də eyni əsasla rədd olunmuş və bununla bağlı məhkəmənin yekun aktı qanuni qüvvəyə minmişdir.

25. İddiaçının mənzil üzərində subyektiv hüququnun olmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu xüsusat əvvəlki məhkəmə apaşdırmasının predmeti olmuşdur və mənzilin iddiaçıya məxsus olması təsdiqini tapmışdır. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının subyektiv hüquqa malik olduğu təsdiq olunduğundan yenidən həmin halın sübuta yetirilməsinə zərurət yoxdur.

26. Mübahisəli mənzilə 50000 manat xərcləyərək tam təmir etdirməsi və bu halın məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddianın təmin olunması bu xüsusatdan asılı ola bilməz, cavabdehin çəkdiyi xərclərlə bağlı iddia qaldırmaq hüququ vardır.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(011)- 3940/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş və 30 dekabr 2023-cü il tarixli, 2(011)-3940/2023 nömrəli əlavə qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin və qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar